2013-cü
il oktyabrın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Prezidenti
seçkilərinin nəticələri barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyası Protokolunun təsdiq edilməsi
və seçkilərin nəticələrinin təsdiq
olunması üçün Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə
təqdim edilməsi
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar ¹ 38/218
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar bütün müvafiq tədbirlər vaxtında görülmüş, ilin əvvəlindən respublika üzrə seçicilər siyahısı mükəmməl şəkildə tərtib edilərək dəqiqləşdirmə üçün internet vasitəsilə ictimailəşdirilmiş, seçki komissiyalarının maddi-texniki bazası möhkəmləndirilmiş, nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə aşağı seçki komissiyalarının üzvləri, çoxsaylı digər seçki subyektləri və seçicilər üçün geniş maarifləndirmə işi aparılmış, seçkilərə start verildikdən sonra qeydə alınmış on nəfər prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlar və istisnasız bərabər şərait yaradılmış, seçkiqabağı təşviqat subyektləri yaradılmış imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə etmişlər. Ümumilikdə seçkiqabağı mühit azad, sivil və müasir tələblərə cavab verən səviyyədə olmuşdur.
Səsvermənin lazımi qaydada keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş və seçicilər yüksək fəallıq nümayiş etdirmişlər. Respublikanın işğal olunmuş əraziləri istisna olmaqla bütün coğrafiyasını əhatə edən 20%-dək məntəqələrdə (1000 seçki məntəqəsində) quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri "online" izləmə imkanları təmin olunmuş, 52.000-ə yaxın yerli müşahidəçinin, 50 nüfuzlu beynəlxalq qurumun 1295 müşahidəçisinin, habelə 102 nəfər jurnalistin təmsil olunduğu 35 nüfuzlu beynəlxalq KİV də daxil olmaqla yüzlərlə yerli KİV nümayəndələrinin iştirakı ilə azad, ədalətli, şəffaf və geniş aşkarlıq şəraitində keçirilmiş, səsvermənin ilkin nəticələri vaxtında müəyyən edilərək ictimaiyyətə çatdırılmışdır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir.
Seçkilərin nəticələrinin rəsmi qaydada müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş bütün müvafiq sənədlər aşağı seçki komissiyaları tərəfindən vaxtında Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, Mərkəzi Seçki Komissiyası tərəfindən obyektiv və hərtərəfli araşdırma aparılmış və protokol tərtib edilərək seçkilərə yekun vurulmuşdur.
Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən, prezident seçkilərinin nəticələri haqqında Protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikası Konstitusiyasının 102-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 203.1-ci və 203.5-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun.
2. Mərkəzi Seçki Komissiyasının Protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilsin.
3. Mərkəzi Seçki Komissiyasının Protokolu dərc edilsin (Protokol əlavə edilir).
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib
Arifə Muxtarova
Katib
Mikayıl Rəhimov
17.10.2013
Azərbaycan.-2013.-18 oktyabr.-S.2.