Dövlət müstəqilliyimizin təminatçısı
70 il sovet imperiyasının tərkibində yaşamaq məcburiyyətində qalmış Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən bu niyyətini yalnız ötən əsrin sonlarına doğru gerçəkləşdirmək imkanı qazanmışdır. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil elan etmişdir. Həmin aktda, həmçinin Azərbaycan xalqının idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun sürmək hüququ təsbit olunmuşdur.
"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdı. Konstitusiya Aktında hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyini elan etməsinə baxmayaraq, respublikanın müstəqilliyi deklarativ xarakter daşıyırdı. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz müstəqilliyin bu səciyyəvi cəhəti üzündən meydana çıxmışdı. De-yure müstəqilliyini bəyan etmiş Azərbaycanın de-fakto müstəqil dövlət kimi yaşamasında və müstəqil siyasət yeritməsində ciddi problemlər mövcud idi.
Hakimiyyətə "8 xarici dövlətin dəstəyi ilə gəldiyini" bəyan edən AXC-Müsavat cütlüyünün naşı və yarıtmaz fəaliyyəti nəticəsində ölkədə vəziyyət mürəkkəbləşmişdi. Hüquq-mühafizə orqanlarının üzərlərinə düşən qanuni vəzifələri həyata keçirə bilməmələri ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətə düşməsi, siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən məmur özbaşınalığı və dövlətin ozamankı rəhbərinə tabe olmamaları nəticəsində hakimiyyət böhranının dərinləşməsi, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərlə baş qaldırması ölkədə gərgin vəziyyət yaratmışdı.
Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də müdrik rəhbərin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bu obyektiv reallıqlarla şərtlənirdi. Xalq başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə, alternativsiz lider məhz Heydər Əliyevdir! Həmin dövrdə xalqın ulu öndərə olan böyük sevgi və inamını dolayısı ilə etiraf etmək məcburiyyətində qalan AXC-Müsavat cütlüyünün Heydər Əliyevi acizanə şəkildə Bakıya dəvət etməsi də məhz bu reallıqla şərtlənirdi.
Ümummilli liderin 1993-cü il iyunun 9-da xalqın təkidli tələbinə səs verərək Bakıya qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü, qanunsuz silahlı dəstələrin geniş fəaliyyəti, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərimizin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycanın süqutunu arzuladığı, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi, Azərbaycanın dövlət müstəqilliyinin real təhlükə qarşısında olduğu bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişərək normal məcraya salmaq böyük siyasi bacarıq və müdriklik tələb edirdi. Ulu öndər müstəqilliyi kövrək, mövcudluğu isə real təhlükə qarşısında olan Azərbaycan dövlətini bir çox daxili və xarici qəsdlərdən qorudu. Bir sıra xarici dövlətlərin maliyyə dəstəyi, diktəsi, habelə planlaşdırması ilə hazırlanıb həyata keçirilən qəsdlərin qarşısı qətiyyətlə alındı.
Heydər Əliyev Azərbaycan ərazilərini hakimiyyətin yurisdiksiyasına qaytardı və bu ərazilərdə qondarma dövlətlər və "nüfuz dairə"ləri yaratmış qüvvələri tam zərərsizləşdirdi. Bununla da Azərbaycan xalqı vətəndaş müharibəsindən və dövlətimiz isə siyasi xəritədən silinmək təhlükəsindən xilas oldu. Bugünkü prizmadan bir daha aydın görünür ki, Heydər Əliyevin qan içində çalxalanan paytaxta gəlməsinin özü bir qəhrəmanlıq nümunəsi, liderlik örnəyi idi. Başıpozuq bir ölkədə, qardaş qardaşın qanını axıtdığı bir dövlətdə ulu öndərin təhlükəsizliyinə heç kim zəmanət verə bilməzdi. Ölkəyə rəhbərlik edənlər Gəncədə böyük fəlakətlər törətdiklərinə, qanlar axıtdıqlarına baxmayaraq, günahsız olduqlarını, bu qarşıdurmaya sərəncam vermədiklərində israr edir, canlarını təhlükədən qurtarmağa, "sığortalanmağa" çalışırdılar. Belə bir vəziyyətdə Bakıya gəlmək və heç bir təhlükədən çəkinmədən Gəncəyə, hadisələrin cərəyan etdiyi bir bölgəyə səfər etməyi, hadisələrə düzgün siyasi qiymət verməyi yalnız Heydər Əliyev kimi bir şəxsiyyət bacara bilərdi!
Böyük siyasi liderlər üçün səciyyəvi cəhətlərdən biri də onların tarixi milli irs və ənənə əsasında dövlətin və xalqın bugünkü və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmələri, sabit və tarazlı iqtisadi tərəqqi üçün zəmin hazırlamalarıdır. Bu mənada 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevin qarşısında ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxarmaq, sabit və tarazlı inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirmək, bütün sahələrdə modernləşməni həyata keçirmək kimi taleyüklü vəzifələr dayanırdı. Şübhəsiz, kommunizm ideologiyasının zehinlərdəki və sosial gerçəklikdəki yaşantılarını aradan qaldırmaq, sürətlə yeni ictimai-iqtisadi münasibətlər sisteminə keçmək, cəmiyyət həyatının müxtəlif sahələrində demokratikləşməyə nail olmaq, yeni mərhələnin tələblərinə uyğun mükəmməl hüquqi baza formalaşdırmaq, qanunun aliliyini bütün səviyyələrdə təmin etmək ardıcıl və davamlı səylər göstərilməsini tələb edirdi. Ulu öndər müdrik siyasi addımları ilə ilk gündən sübuta yetirdi ki, demokratiya heç də hüdudsuz azadlıq deyil, qanunların aliliyinə söykənən siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır.
Ulu öndər ilk gündən milli qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması, cəmiyyət həyatı üçün faydalı olan bir sıra yeni qanunların qəbulunu da diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyildir ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Respublikası Ali Sovetinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizmi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi, hərbi əməliyyatların şiddətləndiyi bir zamanda Heydər Əliyev parlamentdə ilk növbədə müdafiə sisteminin hüquqi bazasının təkmilləşdirilməsinə, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanmasını və qəbulunu vacib saymışdır. Cəmi 4 ay müddətində 120-dək qanun və qərarın qəbulu ulu öndərin parlamentin spikeri kimi səmərəli fəaliyyətini bir daha təsdiqləyir. 1993-cü il oktyabrın 10-da xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsini də təmin etmişdir.
Azərbaycanda demokratikləşmə və modernləşmənin ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən biri də dünya təsərrüfat sisteminə və ümumilikdə Avratlantik məkana sürətli inteqrasiyanın təmin edilməsi olmuşdur. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq təkcə siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açmış, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmi artmış, iqtisadi modernləşmə və siyasi liberallaşma üçün əlverişli zəmin formalaşmışdır. Azərbaycan cəmi 20 il müddətində inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində böyük uğurlar əldə etmişdir. Demokratiyanın davamlı milli inkişaf baxımından qaçılmazlığı və müstəsna əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən də birmənalı qəbul olunmuşdur.
Son 10 ildə ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur.
Azərbaycan Prezidentinin fəaliyyətinin təhlili göstərir ki, ötən illərdə konturları hələ böyük strateq Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirmişdir. 9 oktyabr prezident seçkilərinin nəticələri də göstərdi ki, Azərbaycan xalqı düzgün seçim etməyi bacarır. Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 10 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır.
Elnur HACALIYEV,
Azərbaycan.-2013.-18 oktyabr.-S.1.