Polad BÜLBÜLOĞLU: Orxan Zeynalov ilk növbədə
konsul dəstəyi, tərcüməçi
və vəkillə təmin olunmalıdır
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvanın Biryulevo rayonunda baş vermiş hadisə ilə əlaqədar Rusiyanın "Dojd" telekanalına müsahibə vermişdir. O, Biryulevoda həlak olmuş Yeqor Şerbakovun doğmalarına və yaxınlarına başsağlığı vermişdir.
Polad Bülbüloğlu bildirmişdir ki, Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya DİN-ə təqdim etmək üçün nota hazırlamışdır. Azərbaycan tərəfi notada konsul dəstəyinin verilməsini tələb edəcəkdir. Səfir demişdir: "Onun yanına vəkillər, lazım gəlsə, tərcüməçi buraxılmalı, hər şey hüquqi müstəvidə olmalıdır". P.Bülbüloğlunun sözlərinə görə, Azərbaycan DİN-in Rusiyadakı rəsmi nümayəndəsi hadisənin araşdırılması prosesinə qoşulmuşdur. Səfir demişdir: "Biz Rusiya tərəfinə bildirdik ki, Azərbaycan tərəfi cinayətkarın yaxalanmasına hər cür kömək göstərməyə hazırdır".
P.Bülbüloğlu bildirmişdir ki, hər hansı danışıqlar, hər hansı qərarlar, "havanı yumruqlarla silkələməyə" hər hansı cəhd məhkəmə qərar çıxarana qədər tamamilə mənasızdır.
Azərbaycan səfiri Orxan Zeynalovun yaxalanması prosesini şərh edərək vurğulamışdır ki, "bu, bütün prosessual qaydalara ziddir". Səfir demişdir: "O əcnəbidir və onunla müvafiq şəkildə davranılmalıdır. İlk növbədə konsul dəstəyi, tərcüməçi və vəkil verilməlidir. Adam günahkardırsa, qanunla layiq olduğu cəzanı almalıdır".
Səfir demişdir: "Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Azərbaycan Cənubi Qafqazda çox mühüm bir ölkədir. Vladimir Putinin bu yaxınlarda Azərbaycana səfəri sübut etmişdir ki, Rusiya rəhbərliyi, Rusiya Prezidenti Azərbaycana strateji tərəfdaş kimi yanaşır və hazırda strateji münasibətlərin inkişafı üçün yeni imkanlar nəzərdə tutulmuşdur".
Səfir qeyd etmişdir ki, Rusiya çoxmillətli, çoxkonfessiyalı dövlətdir və məişət hadisələrini siyasət və isteriya dərəcəsinə qaldırmaq yolverilməzdir. Azərbaycan səfiri demişdir: "Rusiyaya miqrant axını xeyli azalmışdır. Hazırda Azərbaycanda yeni iş yerləri açılır, ölkədə işçi qüvvəsi çatışmır".
Hazırda
Azərbaycanda Şimali Qafqaz
üçün böyük investisiya layihəsinin
hazırlandığını bildirən
P.Bülbüloğlu demişdir: "Biz, bir qonşu kimi, bu
regionun infrastrukturunun inkişafına kömək etməyə
hazırıq".
Fəridə
ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2013.-18 oktyabr.-S.6.