Əli HƏSƏNOV: Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həyata

 keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-in qızışdırıcı

 mövqeyi bumeranq effekti verə bilər

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Moskvada Orxan Zeynalovun törətdiyi hadisəyə və bir neçə gündür bunun ətrafında cərəyan edən məsələlərə münasibətini bildirmişdir. Ə.Həsənov qeyd etmişdir ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, istənilən cinayət ölkə qanunvericiliyi çərçivəsində araşdırılmalı, onu törədən şəxs məsuliyyətə cəlb olunmalı və müvafiq cəzasını almalıdır.

Ancaq bu proses həmin ölkədə yaşayan, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan digər xarici vətəndaşların, hansısa xalqın nümayəndələrinin hüquqlarının, biznes fəaliyyətinin məhdudlaşdırılmasına, yerli ictimaiyyətdə onlara qarşı mənfi rəy formalaşdırılmasına təkan verməməlidir.

Dərin təəssüf hissi ilə bildirirəm ki, Moskvada bir nəfər ehtimal edilən qatilin tapılması üçün bu məsələyə aidiyyəti olmayan çoxsaylı miqrantın saxlanılması, onların incidilməsi, yaranmış vəziyyətin süni şəkildə şişirdilməsi halları baş verir ki, bu da çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətində milli ayrı-seçkiliyin, ksenofobiyanın, irqçilik meyillərinin güclənməsinə xidmət edir, diskriminasiya xarakteri daşıyır və yeni qanun pozuntularına yol açır. Xüsusilə qeyd etmək istərdim ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti, amiranə ritorikası, cinayətkar olduğu ehtimal edilən şəxsin saxlanması zamanı yol verilmiş zorakılıq, onun sonradan açıq şəkildə internetdə və KİV-də nümayiş etdirilməsi sağlam məntiq nöqteyi-nəzərindən izah oluna bilməz.

Rusiya çoxmillətli dövlətdir, orada uzun əsrlərdir çoxsaylı xalqların nümayəndələri birlikdə yaşayır və çalışırlar. Çoxmillətli ölkələrdə yalnız millidini tolerantlıq, xalqlar arasında balanslı, ölçülüb-biçilmiş siyasət müvəffəqiyyət qazana bilər. Tarixdən də bəllidir ki, bu balansın pozulması həmin ölkələrdə ciddi sarsıntılara, problemlərə səbəb olur. Buna görə də çoxmillətli cəmiyyətlərdə millətlərarası münasibətlərə yanlış siqnal effekti verən ritorikaya yer olmamalı, irqçilik, diskriminasiya, ksenofobiya kimi zərərli meyillərin qarşısı vaxtında alınmalıdır. Məsələn, Azərbaycan da Rusiya kimi çoxmillətli dövlətdir. Amma Azərbaycanda cinayətkarın millietnik mənsubiyyəti heç vaxt müzakirə mövzusu olmamışdır, millidini tolerantlığa xələl gətirə biləcək istənilən cəhdin qarşısı qətiyyətlə alınmışdır. Düşünürəm ki, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən bu hadisə ətrafında həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-in qızışdırıcı mövqeyi bumeranq effekti verə və Rusiya cəmiyyəti üçün arzuolunmaz proseslərin inkişafına şərait yarada bilər.

Digər tərəfdən, Moskva böyük meqapolisdir, orada hər gün onlarla cinayət hadisəsi baş verir. Belə olan halda konkret bir cinayət hadisəsinin xüsusi qaydada seçilməsi və onun ətrafında xoşagəlməz süni ajiotajın yaradılması və qızışdırılması olduqca düşündürücü faktdır.

Ümid edirik ki, Rusiya xalqı və hökuməti müəyyən maraqlı dairələrin belə təhlükəli təxribatlara yol verməsinin qarşısını alacaq və bu tipli milli ayrı-seçkilik meyilləri Rusiya cəmiyyətinin dərin qatlarına ayaq açmayacaqdır.

 

Azərbaycan.-2013.-18 oktyabr.-S.6.