Azərbaycan Rusiyada
cinayət törətməkdə təqsirli bilinən
vətəndaşına lazımi
hüquqi dəstəyi verməkdədir
Rəsmi Bakı Rusiya vətəndaşını qətlə yetirməkdə təqsirli bilinən Orxan Zeynalova lazımi hüquqi dəstəyi verməkdədir. Bununla bağlı Azərbaycanın Rusiyadakı səfirliyi təlimatlandırılmışdır.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev oktyabrın 17-də keçirdiyi brifinqdə demişdir.
Bu cür hallarda hüquqi əsasın tapılmasının vacibliyini vurğulayan E.Abdullayev Azərbaycan və Rusiya arasında 1995-ci il iyunun 6-da imzalanmış və 1998-ci il avqustun 28-də qüvvəyə minmiş konsulluq məsələləri üzrə Konvensiyanın mövcudluğunu diqqətə çatdırmışdır.
Azərbaycanın Moskvadakı səfirliyinin bu məsələ ilə bağlı Rusiyanın Xarici İşlər Nazirliyinə nota təqdim etdiyini deyən E.Abdullayev demişdir ki, notada məhkəmənin qərarına qədər saxlanılan şəxsə qarşı kobud davranışın və KİV-də onun cinayətkar kimi təqdim edilməsinin təqsirsizlik prezumpsiyasına zidd olduğu bildirilmişdir. Azərbaycan səfirliyi ölən Yeqor Şerbakovun ailəsinə başsağlığı da vermişdir.
Saxlanılan Orxan Zeynalovla görüşmək üçün danışıqlar aparıldığını deyən E.Abdullayev Rusiya tərəfinə bu məsələyə dair sorğu ilə müraciət olunduğunu da diqqətə çatdırmışdır.
E.Abdullayev
məişət münaqişəsinin milli zəmində
münaqişəyə çevrilməsinin yolverilməz olduğunu
söyləmişdir. O, Azərbaycan səfirliyinin Rusiyada öldürülmüş
azərbaycanlı Ruslan Qaraxanlının
qətli ilə bağlı istintaqın gedişini
də diqqətdə saxladığını
vurğulamışdır.
Azərbaycan.-2013.- 18 oktyabr.- S.6.