Düşünülmüş, sürətli və davamlı inkişafın müəllifi

 

Oktyabrın 9-da keçirilmiş prezident seçkilərində xalq öz sözünü dedi. Həmin gün xalq növbəti 5 il üçün ölkənin taleyini kimə tapşıracağını müəyyənləşdirdi. Etiraf etmək lazımdır ki, hələ seçkilər ərəfəsində bütün siyasi, ictimai təşkilatlar xalqın iradəsi haqqında dəqiq məlumatlı idi. Respublikanın iqtisadi, sosial inkişafı, əhalinin mövcud rifah halı, dövlətimizin beynəlxalq aləmdə nüfuzu, seçkilərdə cənab İlham Əliyevə hansısa alternativ rəqibin qələbə çalmasına azacıq da olsa, necə deyərlər, əl yeri qoymurdu. Həmkarlar İttifaqı İlham Əliyev fenomeninin nəyə qadir olduğunu, hakimiyyətə gəlişinin məramını hələ on il əvvəl görmüş, ona inam göstərmişdi.

Bu inamın nəticəsi olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2003-cü ildə keçirilmiş II qurultayı İlham Əliyevin prezidentliyə namizədliyini təklif etdi. Təklif yekdilliklə dəstəkləndi. Onu da nəzərə çatdıraq ki, bu təklif respublikada ilk dəfə bizim təşkilatdan gəlmişdi.

Məlumat üçün deyim ki, AHİK-in III, IV qurultayları da ənənəsinə sadiq qalaraq növbəti prezident sçekilərində cənab İlham Əliyevin namizədliyini irəli sürmüşdü.

Bizim üçün demək xoşdur ki, inamımızda yanılmadıq. "Biz xalqın xidmətçisiyik" - deyən və bu prinsiplə də fəaliyyət göstərən İlham Əliyev, özünün də bəyan etdiyi kimi, "Heydər Əliyev siyasətinə sadiq qalaraq" milli maraqlara əsaslanan sivil bir Azərbaycan quruculuğuna start verdi. Son on ildə bu istiqamətdə gördüyü işləri dünyanın ən təcrübəli ekspertləri belə qeyri-adi istedadın, təfəkkürün, gücün məhsulu kimi qiymətləndirirlər. Məncə, İlham Əliyevin dövlət başçısı kimi uğurları, lider olaraq gücü onun demokratiyaya arxalanmasında və bu anlama yaradıcılıqla yanaşma bacarığındadır. Bu yanaşma bacarığı nədir? İlham Əliyev demokratiyanın haradansa hazır şəkildə gətirib Azərbaycanda tətbiq olunması variantını seçmədi. Yeritdiyi siyasətdən də bəlli olur ki, onun fikrincə, demokratiya tarixi təkamül və mübarizə nəticəsində təbii olaraq ərsəyə gəlməlidir. Onda demokratiya həqiqi uzunömürlü olur. Görünür, bəzi dövlətləri, beynəlxalq təşkilatları qıcıqlandıran da belə yanaşmadır, yəni Amerikanın, Avropanın "belindən gələn" demokratiya modelinin kor-koranə Azərbaycanda tətbiq edilməməsidir.

Ölkəmizdə gedən prosesləri izləyən və bu proseslərə vicdanla yanaşan hər bir xarici, daxili siyasətçi etiraf edir ki, Azərbaycan cəmiyyətində demokratiyanın təməl prinsipləri mövcuddur və yaradıcılıqla inkişaf etdirilməkdədir. Aşkarlıq, şəffaflıq, söz, mətbuat, etiqad azadlıqları Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş və dövlətimizin fəaliyyətinin prioritet cəhətlərindən biri kimi vətəndaşların həyatında inikasını tapmaqdadır. Azərbaycanda mətbuat siyasi baxımdan çox geniş politraya malikdir.

Nəinki hər bir siyasi partiya, hətta istənilən şəxs çox asanlıqla mətbu orqanının açaöz sosial, iqtisadi, siyasi baxışlarını ictimaiyyətlə sərbəst bölüşə bilər. Hazırda fəaliyyət göstərən və get-gedə sayı artan qeyri-hökumət təşkilatları da belə bir azad ifadə imkanına sahibdir. Dövlətimiz siyasi baxışına görə fərq qoymadan hər il Prezident Administrasiyası nəzdində yaradılmış mətbuata, QHT-lərə dəstək fondları hesabından maliyyə yardımları göstərməklə, demoktarik təməllərə sadiq qaldığını nümayiş etdirir.

Dövlətin sükanı arxasında duran şəxs kimi İlham Əliyevin ən böyük nailiyyətlərindən biri demokratiyanın verdiyi azadlıqlardan cəmiyyətin bütün təbəqələrinin bəhrələnməsi, siyasi əqidəsindən asılı olmayaraq, hər bir qurumun onun bərabərhüquqlu, hərəkətverici qüvvəsinə çevrilməsidir.

Vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan həmkarlar ittifaqlarının üzərinə düşən missiyasını layiqincə yerinə yetirməsi, ictimai nəzarəti ədalətlə, cəsarətlə, effektiv həyata keçirməsi ilk növbədə, şəxsən cənab Prezidentin keşiyində durduğu demokratiyanın töhfəsidir. Azərbaycan Həmkarlar İttifaqları artıq ölkənin aparıcı ictimai təşkilatına çevrilmişdir. Dünya həmkarlar hərəkatında sayılıb-seçilən təşkilatlar səviyyəsinə yüksəlmişdir. Təşkilatımızın beynəlxalq aləmdə, cəmiyyətimizdə nüfuzunun artmasında, etiraf edim ki, cənab İlham Əliyevin xidməti müstəsna əhəmiyyət kəsb edir. Qurultaylarımıza təbrik məktubları göndərir, həmin məktublarda təşkilatımızın 5 illik fəaliyyətini qiymətləndirir. Növbəti hesabat ili üçün fəaliyyət istiqamətləri barədə tövsiyələrini verir. Ali Məclisimizə, keçirdiyimiz beynəlxalq tədbirlərə dəvət olunmuş təşkilatların nümayəndə heyətlərini qəbul edir. Ölkənin ictimai, sosial həyatında fəallıq göstərən Həmkarlar İttifaqı işçiləri də hörmətli Prezidentimizin diqqətindən kənarda qalmır. Son on ildə yüzlərlə həmkarlar ittifaqı liderinə, fəalına cənab İlham Əliyevin sərəncamı ilə dövlətin fəxri adları verilmiş, onlar ordenmedallarla təltif edilmişlər.

Hörmətli Prezidentimiz 9 oktyabr seçkilərindən sonra xalqa müraciətində qeyd etmişdi ki, bu gün bölgədə gedən proseslərə bizim təsir imkanlarımız genişdir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs - istər siyasi, istər iqtisadi mümkün deyil. Təbii ki, təsir imkanlarının əsasında Azərbaycanın iqtisadi, siyasi və hərbi gücü durur. İlham Əliyevin rəhbərliyi altında formalaşdırılmış iqtisadi siyasət nəticəsində Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin strategiyasının ən dəyərli nümunələrindən olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismarından əldə olunan vəsaitləri cənab İlham Əliyev təkcə iqtisadi problemlərin həllinə yönəltməklə kifayətlənmir. Bu strateji amillərdən siyasi məqsədlər üçün də məharətlə bəhrələnir. Dağlıq Qarabağ münaqişəsinin uğurlu sonluqla başa çatdırılmasına nail olmaq üçün enerji ehtiyatlarımızın verə biləcəyi imkanlardan maksimum yararlanmağa səy göstərir.

Mən bir məsələni də yeri gəlmişkən diqqətə çatdırmağı vacib sayıram ki, cənab İlham Əliyev doğma xalqı ilə olduğu kimi, beynəlxalq partnyorlarla da münasibətlərdə dəqiqlik, məsuliyyət və saflıq prinsiplərini rəhbər tutur. Dövlətimiz imzaladığı bütün müqavilələrə vaxtında və yüksək keyfiyyətlə əməl edir. Buna görədir ki, Avropa, digər qitələrin dövlətləri Azərbaycana ciddi partnyor kimi baxırlar.

İlham Əliyevin rəhbərliyi altında baş verən fasiləsiz iqtisadi yüksəliş xalqda öz gələcəyinə nikbinlik, böyük ümidlər yaradıb. İqtisadiyyatımızın nailiyyətləri ildən-ilə artır. Neftdən əldə olunan gəlirlərin sərmayə kimi qeyri-neft sektorunun inkişafına qoyulması İlham Əliyevin iqtisadi siyasətinin xarakterik xüsusiyyətlərindəndir.

Ötən son on il bu siyasətin nə dərəcədə doğru olduğunu konkret rəqəmlərlə də sübuta yetirdi. Ümumi daxili məhsulun orta illik artımı 13 faiz təşkil edir. Qeyri-neft sektorunda isə bu göstərici 15 faizi ötmüşdür.

İqtisadi uğurlar əhalinin sosial rifahının yaxşılaşmasına da müsbət təsirini göstərmişdir. Orta aylıq əməkhaqqı 6,3, pensiyalar isə 6,4 dəfə yüksəlmişdir.

İlham Əliyevin hakimiyyəti illərində 1 milyondan çox yeni yeri açılmışdır. Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,6 faizə qədər azaldılmışdır.

İlham Əliyev Azərbaycan dövlətçilik tarixinə adını həm də qurucu bir Prezident kimi yazmışdır. On il müddətində ölkəmiz, demək olar ki, yenidən qurulmuşdur. Paytaxtımız sənaye şəhərindən dünyanın ən gözəl şəhərləri ilə rəqabət apara biləcək meqopolisə çevrilmişdir. Abadlıqdan söz düşmüşkən, mən çox mühüm bir məsələni xüsusi qeyd etmək istəyirəm.

İlham Əliyevin quruculuq siyasəti ilk növbədə, insanların rahatlığı və fəaliyyət potensialının təmin edilməsi ilə bağlıdır. Cənab Prezident bölgə-paytaxt fərqlərinin ən azı azaldılmasını hədəf götürüb. Yəni məqsəd odur ki, bölgə əhalisi doğma məkanında paytaxtda mövcud olan bütün şəhər atributlarına malik olsun. Bu da bölgələrimizdən paytaxta olan axının qarşısının alınması istiqamətində ən uğurlu təşəbbüs hesab edilir. Mən həmkarlar ittifaqı lideri kimi tez-tez rayonlarda, şəhərlərdə oluram. Sıravi insanlarla apardığım söhbətlərdə də etiraf olunur ki, indi əksinədir. Bir çox cavanlarımız paytaxtdan, digər ölkələrdən öz rayonlarına, şəhərlərinə qayıdıblar. Bölgələrdə kifayət qədər yerləri yaradılıb. Ən müasir səhiyyə ocaqları sakinlərə mükəmməl tibbi xidmət göstərir. Təhsil müəssisələri günün tələbləri səviyyəsində tikilib istifadəyə verilib. Universitetlər, məktəblər mükəmməl təhsil almaq üçün tələb olunan bütün vasitələrə malikdir.

Bölgələrdə gedən quruculuq işlərinə cənab İlham Əliyev şəxsən nəzarət edir. Hazırda dünyanın heç bir ölkəsində cənab İlham Əliyev qədər ölkə ərazisinə səfər edən ikinci bir Prezident yoxdur! Özünün dediyi kimi, dövlət başçısı olaraq şəffaf siyasət yeridir. Xalqı dövlətin, hökumətin fəaliyyəti barədə müntəzəm məlumatlandırır. İlham Əliyev təkcə müşavirələrdə, rəsmi dövlət tədbirlərində deyil, bölgələrdə, sıravi insanlarla görüşündə də hesabat verir. Həmçinin vətəndaşlarının həyat tərzini, çətinliklərini, dövlətin siyasətinə münasibətlərini, ölkənin bu gününü, gələcəyini necə görmək istədiklərini onların öz dillərindən eşitməyi daha mühüm sayır.

İlham Əliyev bu günü quran, sabahı düşünən Prezidentdir.

O, Azərbaycanın gələcəyinin daha gözəl olması arzusu ilə yaşayır. Gələcəyi isə təhsildə və gənc nəslin təlim-tərbiyəsində görür. Onun təşəbbüsü ilə ölkənin ortaali məktəblərində dünyanın qabaqcıl təcrübəsinə əsaslanan islahatlar həyata keçirilmişdir.

Dövlət hesabına minlərlə gəncin inkişaf etmiş ölkələrin ali məktəblərinə göndərilməsi təşəbbüsü də İlham Əliyevə məxsusdur.

Azərbaycan gəncliyi Prezidentinin qayğısını həmişə üzərində hiss etmiş, onu layiqincə qiymətləndirmişdir. İlham Əliyevin hakimiyyəti illərində yetişmiş, formalaşmış  gənclik artıq üçüncü seçkidir ki, yekdilliklə bu böyuk şəxsiyyətin namizədliyini dəstəkləyir. İlham Əliyevə olan sevgisini gənclər təkcə seçki günündə deyil, 9 oktyabr axşamı, ilkin nəticə məlum olan kimi küçələrə çıxıb qələbəni bayram etmələri ilə büruzə verdilər.

İlham Əliyev təkcə gənclərin deyil, bütün Azərbaycan xalqının rəğbətini qazanmış siyasi liderdir. Seçkilər də göstərdi ki, xalq öz Prezidenti ilə birlikdədir. Bunu 9 oktyabr seçkilərində xalq verdiyi səslə də sübut etdi. Hörmətli dövlət başçısının, özünündediyi kimi, bu seçkilərdə böyük səsçoxluğu ilə ona göstərilən etimad həm görülən işlərə verilən qiymətdən, həm də Azərbaycanın gələcək inkişafı ilə bağlı olan xalq tərəfindən ifadə edilən niyyətdir, tələbdir. Həmkarlar ittifaqları liderlərinin də fəal iştirak etdikləri seçki kampaniyasında seçicilər İlham Əliyevin əvəzsiz lider olduğunu qeyd etməklə Azərbaycanın gələcəyini onsuz təsəvvür etmədiklərini söyləyirdilər. İlham Əliyevin ölkə daxilində, beynəlxalq səviyyədə qazandığı nailiyyətləri onun fenomen bir şəxsiyyət olduğu ilə izah edirdilər.

Xalq yaxın gələcəkdə məhz İlham Əliyevin yeritdiyi müdrik siyasət nəticəsində Dağlıq Qarabağın da geri qaytarılacağına inanır. Artıq Ermənistan, necə deyərlər, küncə sıxışdırılmışdır. Beynəlxalq aləmdə nüfuzu olmayan bir ölkədir. İlham Əliyevin səyləri ona gətirib çıxarıb ki, Ermənistan iqtisadiyyatı çökmək üzrədir. Kənardan gələn yardımlar hesabına yaşayır. Bu ölkənin gələcəyi qaranlıqdır. Azərbaycan isə mütəmadi inkişafdadır. Hörmətli Prezidentimizin uğurlu xarici siyasəti ölkəmizi BMT-nin Təhlükəsizlik Şurasının üzvü zirvəsinə qədər ucaltdı. Bu gün ən nüfuzlu mədəniyyət, idman yarışlarına ev sahibliyi etmək Azərbaycana etibar olunur.

Seçkilərdə mütləq üstünlüklə qalib gələn İlham Əliyevin bir lider olaraq Azərbaycanı inkişafın daha möhtəşəm zirvələrinə aparacağına şübhə yoxdur. O, növbəti 5 ildə də Azərbaycanın milli maraqlarını müdafiə, xalqın rifahını təmin edəcəkdir.

Bu yolda Azərbaycan xalqı, xalqın 1,6 milyon nümayəndəsini birləşdirən həmkarlar ittifaqı onunla birlikdə olacaqdır.

 

 

Səttar MEHBALIYEV,

AHİK-in sədri, Milli Məclisin deputatı

Azərbaycan.-2013.-18 oktyabr.-S.7.