Azərbaycanın ən şanlı tarixi

 

İndi yeni tarix yazılır - müstəqillik tarixi. Bu, xalqımızın həyatında bütün dövrlərdə ən şanlı tarixdir. Əsrlər boyu heç vaxt Azərbaycan xalqı bu qədər rahat yaşamamışdır, Azərbaycan dövləti möhkəm olmamışdır. Bu müstəqillik həqiqi müstəqillikdir. Bunu bilməliyik - biz də, gənc nəsil də bilməlidir. Bunu biz qorumalıyıq, möhkəmləndirməliyik. Hər bir şəhərin inkişafı, hər bir kəndin abadlaşdırılması, eyni zamanda, müstəqillik binamıza möhkəm bir daş, möhkəm bir təməldir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Azərbaycanın əsrlərlə ölçülən böyük dövlətçilik tarixi vardır. Amma birmənalı olaraq demək olar ki, Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmamışdır və xalqı indiki qədər yaxşı yaşamamışdır. Azərbaycan günü-gündən inkişaf edir, paytaxt Bakı işıqlı yolları, yaşıl parkları, göydələn binaları ilə Avropa şəhərlərinə meydan oxuyur, şəhərlər, qəsəbələr abadlaşır, bölgələrin infrastrukturu dəyişir, müasirləşir, paytaxtla bölgələrin inkişafı arasındakı fərq aradan qalxır, ucqar kəndlərə də rahat yollar, su, qaz kəmərləri çəkilir. Eyni zamanda, dövlətimizin dünyada nüfuzu artır, Azərbaycan regional və qlobal əhəmiyyətli beynəlxalq layihələrin icra edildiyi, beynəlxalq məsələlərin müzakirə edildiyi, dünyada sözü eşidildiyi bir məkana çevrilir. Bu gün birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun özünü doğrultduğu ölkə daxilində və xaricində hamı tərəfindən qəbul və etiraf olunur. Keçən qısa müddətdə - on il ərzində ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə olunan böyük uğurların əsas səbəbi, heç şübhəsiz ki, Prezidentimizin öz fəaliyyətini elmi əsaslara söykənən möhkəm bir təməl üzərində qurması, Heydər Əliyev siyasi kursunu yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla davam etdirməsidir.

Düşünürəm ki, burada Heydər Əliyev siyasi kursunun mahiyyəti və fəlsəfəsi haqqında bir-iki kəlmə demək yerinə düşərdi. İlk növbədə, qeyd etmək lazımdır ki, Heydər Əliyev dünya şöhrətli şəxsiyyət, zəmanəmizin görkəmli siyasətçisi olsa da, təpədən dırnağa qədər Azərbaycana, xalqa bağlı bir insan idi, azərbaycanlı olması ilə fəxr edirdi, bütün dünyada Azərbaycanı təmsil və təbliğ edirdi. Odur ki, Azərbaycanın milli maraqlarının qarantı olan milli dövlətçiliyinin möhkəmləndirilməsi və milli dövlətçiliyinin qarantı olan müstəqilliyinin əbədiləşdirilməsi onun siyasətinin əsasını təşkil edirdi. Heydər Əliyev təcrübəli dövlət xadimi, dövlət idarəçiliyinin mahir bilicisi olaraq inqilabçı deyildi, təkamülçü idi, dövlət quruculuğunda "şok terapiyası"nın yox, mütərəqqi demokratik islahatların ardıcıl həyata keçirilməsinin tərəfdarı idi. Deməli, onun siyasi kursu da mahiyyət etibarilə islahatçıdır, təkamülə əsaslanır, islahatlarla həyata keçirilməlidir. Heydər Əliyev dərin fəlsəfi təfəkkürə malik siyasi lider kimi öz fəaliyyətində, dövlət idarəçiliyində iqtisadiyyatı bazis, siyasəti üstqurum hesab edən dialektik məntiqə söykənirdi. Ümummilli liderin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" aforizmi də məhz bu mətləbdən xəbər verirdi, güclü dövlətin, güclü siyasətin ancaq güclü iqtisadiyyat üzərində qurula biləcəyini bəyan edirdi.

Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiləşdirilməsinə yönəlmiş fenomenal siyasi kursu ölkədə ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı təmin etməklə yanaşı, xalqımızın xoşbəxt gələcəyinə ünvanlanmışdı. Ümummilli lider çox gözəl başa düşürdü ki, əgər gələcək haqqında düşünməsən, xalqın gələcəyi olmayacaq. Gələcəyə ünvanlanmış siyasi kursun isə siyasi varisliyə, yəni, bu kursu davam etdirəcək siyasi liderə və həyata keçirəcək siyasi komandaya ehtiyacı var. Odur ki, Heydər Əliyev fenomenal qabiliyyətə malik böyük siyasətçi, millətinin dahi lideri kimi Azərbaycanın gələcəyini fikirləşərək özündən sonra siyasi kursu davam etdirəcək vahid siyasi komandanın və müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdı: " İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir, dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu gün bütün xalqımız şahiddir ki, Prezident İlham Əliyev bu ümidləri yüksək səviyyədə doğruldur, ulu öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr onun layiqli davamçısı tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Möhtərəm Prezident Azərbaycanın inkişaf perspektivlərini ilk növbədə sabitlik və tərəqqidə, qanunun aliliyində,  insan haqlarının təminində, iqtisadi, siyasi islahatların paralel həyata keçirilməsində, ölkəmizin dünyaya ardıcıl inteqrasiya etməsində görür.

Müasir dünya təcrübəsi göstərir ki, iqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki daxili siyasətdə - hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, eləcə də xarici siyasətdə - yaxın və uzaq dövlətlərlə, beynəlxalq aləmlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması sahəsində hansısa ciddi uğurundan danışmaq mümkün deyildir. Prezident İlham Əliyev də müdrik və praqmatik bir siyasətçi kimi bu fikri dəstəkləyir: "Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir... O ölkələr dünyada özünə layiq yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir." Mövcud dünya reallıqlarını düzgün dəyərləndirən və öz siyasətində daim onları nəzərə alan möhtərəm İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını və demokratik islahatlar prosesini bir-birindən təcrid olunmuş şəkildə götürmədən, hər iki xətti respublikanın tərəqqisinin, hüquqi-demokratik dövlət quruculuğu prosesinin iki paralel qanadı kimi əsaslandırmışdır.

Prezident İlham Əliyev 2008-ci il oktyabrın 24-də keçirilmiş təntənəli andiçmə mərasimində demişdi ki, iqtisadi və siyasi islahatların paralelliyi prinsipi Azərbaycanın demokratikləşməsi və iqtisadiyyatın liberallaşdırılması prosesinin fundamental əsasını təşkil edir: "Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq. Əgər bu iqtisadi təməl olmasa, siyasi islahatları aparmaq o qədər də asan olmayacaqdır. Əgər demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların tam əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir. O ölkələrin tam əksəriyyəti dünyada inkişaf etmiş ölkələr kimi tanınır. Bizim də məqsədimiz bundan ibarətdir, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil olmalıdır və daxil olacaqdır".

Azərbaycan ötən on il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək milli dövlətçiliyini inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnmiş, liberal prinsiplərə əsaslanan unikal iqtisadi inkişaf modelini yaratmışdır. Respublikada ayrı-ayrı sahələrin inkişafı üzrə nəzəri və təcrübi cəhətdən əsaslandırılmış dövlət proqramlarının qəbul olunması və həyata keçirilməsini nəzərdə tutan bu model qısa müddətdə bütün sahələrdə davamlı inkişafı təmin etmiş, ölkənin iqtisadi və sosial həyatında möhtəşəm nailiyyətlər əldə edilmişdir. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının müvəffəqiyyətlə icra edilməsi ölkəmizin hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bu modelin davamı kimi, Azərbaycanın gələcək inkişafının mühüm hədəf və istiqamətlərini müəyyənləşdirən və 2020-ci ilədək dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrası xalqımızın və dövlətimizin taleyi üçün mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2012-ci ilin dekabrında təsdiqlədiyi bu sənədi, faktiki olaraq, davamlı inkişafın yol xəritəsi hesab etmək olar. Bu konsepsiya hərtərəfli, dayanıqlı iqtisadi inkişafın və maddi rifahın təmin olunması kimi ali məqsədlərə nail olunması üçün ciddi elmi əsaslara söykənən yeni layihələrin həyata keçirilməsini, yeni texnologiyaların tətbiqini nəzərdə tutur və qısa müddətdə reallaşdırılmaqla, inkişaf prosesinin daha uzunmüddətli dövrü əhatə etməsini şərtləndirir. Onun həyata keçirilməsi qarşıdan gələn illər ərzində Azərbaycan iqtisadiyyatının rəqabətlilik qabiliyyətinin daha da artırılmasına, regionların sosial-iqtisadi inkişafına, yeni dövrün tələblərinə cavab verən insan kapitalının yaradılmasına, dövlət idarəetmə sistemində zəruri islahatların aparılmasına və digər aktual məsələlərin həllinə imkan verəcəkdir.

Məlum olduğu kimi, Heydər Əliyevin yeni neft strategiyası ölkəmizin iqtisadi potensialını yüksəltməklə onu qlobal enerji təhlükəsizliyi məsələlərində fəal təşəbbüskara və iştirakçıya çevirmiş, Bakı - Tbilisi - Ceyhan neft, Bakı - Tbilisi -Ərzurum qaz kəmərlərinin və digər beynəlxalq enerji layihələrinin reallaşdırılması regiondakı iqtisadi, siyasi mənzərəni əsaslı şəkildə dəyişmiş, Azərbaycanın dünyaya inteqrasiya prosesini sürətləndirmişdir. Bu strategiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan enerji ehtiyatlarının hasilatı və nəqli üzrə rəqabətə davamlı ölkəyə çevrilmiş, ümumilikdə ölkədə 214 milyon ton neft, 24 milyard kubmetr qaz ixrac edilmişdir. Son on ildə Azərbaycanın neft strategiyasında prioritet istiqamətlərdən biri məhz neft və qaz ehtiyatlarının müxtəlif marşrutlarla dünya bazarına çıxarılması olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu müddət ərzində nəzərdə tutduğu ixrac layihələrini uğurla reallaşdıra, məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü tanıtdıra bilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, bu gün dünyanın qlobal iqtisadi-siyasi maraq dairəsinə çevrilən Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın neft strategiyasının yeni mərhələsi kimi ölkəmizin iqtisadi qüdrətini daha da artırmaq, inteqrasiya imkanlarını genişləndirməklə yanaşı, bütün region üçün siyasi əhəmiyyətə malikdir və sabitliyin, inkişafın, təhlükəsizliyin təminatçısına çevrilmişdir. Bu qlobal layihənin reallaşdırılması Azərbaycana enerji ehtiyatlarının nəqlini şaxələndirmək və gələcəkdə hər hansı bir istiqamətdən asılılıqdan qurtulmaq kimi siyasi-iqtisadi imkanlar qazandıracaqdır. Cənub Qaz Dəhlizinin iqtisadi və siyasi əhəmiyyəti həm də ondadır ki, bu layihə Avropa ölkələrinin "mavi yanacaqla" təminatını siyasi-iqtisadi təzyiqlərdən, bir marşrutdan asılılıqdan azad edəcək, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Avropanın enerji təhlükəsizliyinə xidmət edəcəkdir. Heç kimə sirr deyil ki, müəyyən qüvvələrin güclü təzyiqlərinə baxmayaraq, məhz Azərbaycan dövlətinin, onun Prezidentinin qətiyyəti, milli maraqlardan çıxış etməsi sayəsində Şərq - Qərb istiqamətli neft-qaz nəql marşrutları reallaşdırılmış, ölkəmizin Avropanın enerji təchizatı üçün əhəmiyyəti artmışdır.

Müasir dünyada maddi-iqtisadi potensialın hər bir dövlətin gücünü və xalqın rifahını şərtləndirən başlıca amil qismində çıxış etdiyini ilk gündən düzgün qiymətləndirən dövlət başçımız davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə effektiv xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafına çalışmış və ölkəmiz bu sahədə dünyada analoqu olmayan uğurlar qazanmışdır. Regionların sosial-iqtisadi inkişafına xidmət edən mühüm dövlət proqramları, fərman və sərəncamlar uğurla icra edilmiş, həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması istiqamətində konkret addımlar atılmışdır. 2008 - 2009-cu illərin dünya iqtisadiyyatı, hətta inkişaf etmiş Qərb ölkələri üçün son dərəcə ağır, sarsıdıcı böhranla müşayiət olunduğunu nəzərə aldıqda, Azərbaycanın bu ağır prosesdən maksimum az itki ilə çıxması, milli valyutanın stabil qalması, üstəlik, ümumi daxili məhsulun artımı sahəsində mühüm nailiyyətlərin əldə olunması haqlı olaraq, Prezident İlham Əliyevin "iqtisadi fenomeni" adlandırılır.

Bu gün Azərbaycan Prezidentinin siyasi kursunun xalq tərəfindən birmənalı dəstəklənməsini təmin edən əsas amillərdən biri respublikamızın ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdir. 2003 - 2013-cü illər ərzində Azərbaycanın dövlət büdcəsinin həcmi 19 dəfə artaraq 25 milyard dollara çatmış, strateji valyuta ehtiyatlarının həcmi 48 milyard dolları ötmüşdür. Son on ildə ölkədə 1,2 milyon yeni iş yerinin açılması sayəsində işsizliyin səviyyəsi 5 faizə enmişdir. Əhalinin sosial müdafiəsinə və təminatına yönəldilən dövlət vəsaitinin həcmi 9 dəfə artmış, yoxsulluğun səviyyəsi 45 faizdən 6 faizə düşmüşdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə vətəndaşlara sovet dövründən qalmış əmanətlərə görə kompensasiyalar ədalətli şəkildə və qısa müddətdə verilmişdir. Ötən müddətdə Azərbaycanda bir sıra mühüm infrastruktur layihələri reallaşdırılmış, o cümlədən ölkənin müxtəlif regionlarında 5 beynəlxalq hava limanı, 4 avtovağzal kompleksi, Bakıda 4 yeni metro stansiyası tikilib istifadəyə verilmişdir. Dünya İqtisadi Forumunun hesablamalarına görə, ölkəmizin rəqabət qabiliyyətlilik reytinqində yeri möhkəmlənmişdir. Belə ki Azərbaycan cəmi 1 ilə 7 pillə irəliləyərək "Qlobal Rəqabətlilik 2013-2014 Hesabatı"nda 46-cı yerdən 39-cu yerə gəlmişdir.

Bu gün sivil dünyada baş verən bütün mütərəqqi proseslər - demokratikləşmə, qloballaşma, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi  və s. bir məqsədə, insanın azad və firavan yaşamasına xidmət edir. Prezident İlham Əliyev dünyada baş verən bu mütərəqqi dəyişiklikləri diqqətlə izləyir, ölkənin milli maraqlarını innovasion-strateji müstəvidə on illər öncədən görməsi ona ölkəmizin inkişafına, xalqımızın rifahına uyğun olan innovasiyaları və texnologiyaları vaxtında Azərbaycana gətirməyə və həyata keçirməyə imkan verir. Bu nöqteyi-nəzərdən müasir dünyanın əsas tələblərindən biri də iqtisadi potensialın insan kapitalına çevrilməsidir, yəni, iqtisadi potensialın bütünlüklə insana xidmət etməsidir. Bəli, məhz bu proses insanın azad və firavan yaşamasını, varlı dövlət - varlı vətəndaş tezisinin reallaşdırılmasını şərtləndirir. Hazırda Azərbaycanda da iqtisadi potensialın insan kapitalına çevrilməsi qarşıda duran əsas prioritetlərdən biri elan edilmişdir. İnsan kapitalı geniş anlayışdır, burada söhbət fiziki cəhətdən sağlam, intellektual cəhətdən kamil, milli-mənəvi dəyərlərə sadiq insanın yetişdirilməsindən gedir. Prezident İlham Əliyev də bu fikirdədir: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Gənc nəslin sağlam, savadlı yetişməsini təmin etməliyik. Bu siyasət Azərbaycanın gələcəyinə xidmət edir." Ulularımız da deyir ki, sağlam bədəndə sağlam ruh olar. Yalnız sağlam bədənli, sağlam ruhlu insanın yüksək səviyyədə təhsil alması və  sözün əsl mənasında, vətəndaş olması, milli-mənəvi dəyərləri yaşatması mümkündür. Azərbaycan Prezidenti də öz fəaliyyətində məhz bu tezislərdən çıxış edir, ölkədə təhsilin, səhiyyənin və idmanın inkişafına mühüm əhəmiyyət verir.

Ölkəmizdə bu sahədə görülən işlər də Prezident İlham Əliyevin sözü ilə əməlinin həmişəki kimi üst-üstə düşdüyündən xəbər verir. Belə ki son on ildə təhsilə yönəldilən xərclərin həcmi 7 dəfə çoxalmış, təhsil sisteminin maddi-texniki bazası, faktiki olaraq,  yenidən qurulmuşdur. Respublikada 1100 ümumtəhsil məktəbi, 100 məktəbəqədər təhsil müəssisəsi tikilmiş, ölkə məktəblərinin kompyuterləşdirilməsi faktiki olaraq başa çatdırılmışdır. Məlum olduğu kimi, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi ilə yaxşı bir ənənənin əsası qoyulmuşdu. Ulu öndər ölkəmizin müstəqillik illərində də xaricdə ali təhsil alan gənclərə xüsusi diqqət göstərirdi. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ölkəmizin peşəkar mütəxəssis potensialının gücləndirilməsi istiqamətində ən vacib addımlardan biridir.

Əhalinin sağlamlığı da dövlət başçısının daimi diqqət mərkəzindədir, on ildə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin həcmi on dəfədən çox yüksəlmişdir. Həmin müddətdə Azərbaycanda 15 müalicə-diaqnostika və bərpa mərkəzi, 93 xəstəxana, 119 ambulatoriya-poliklinika müəssisəsi tikilib istifadəyə verilmişdir. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında, gənc nəslin fiziki sağlamlığının möhkəmləndirilməsi istiqamətində də böyük irəliləyişlərə nail olunmuşdur. İndiyədək Azərbaycanın müxtəlif bölgələrində mövcud idman qurğularının sayı 10 minə çatdırılmış, bütövlükdə 38 olimpiya idman kompleksi, 5 stadion, 12 şahmat məktəbi tikilib gənclərin ixtiyarına verilmişdir. Nəticədə, Azərbaycan idmançıları mötəbər beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək idman şərəfini ləyaqətlə qorumuş, 735 medalla Vətənə qayıtmışlar.

Əlamətdar haldır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və yüngül sənayenin hesabına deyil, xeyli dərəcədə müasir informasiya texnologiyalarının tətbiqi sayəsində həyata keçirilir. Son illərdə elm və təhsil sahələrinin kompyuterləşməsi, yeni kommunikasiya sistemlərinə keçid, rabitə və informasiya texnologiyalarının modernləşməsi istiqamətində də böyük uğurlar əldə edilmişdir. Bütün bunlar Azərbaycanın ancaq öz təbii sərvətlərinə yönəldilmiş iqtisadi siyasət aparmadığını və elmtutumlu sahələrin inkişafına üstünlük verdiyini göstərir. Ölkəmizdə kosmik sənayenin təməlinin qoyulması da Prezident İlham Əliyevin elmə göstərdiyi qayğının, ölkəmizin sürətli inkişafının göstəricisidir. Bu ilin fevral ayının 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki Yer orbitinə çıxarılmışdır. 2014-cü ildə Yer səthini müşahidə peykinin, 2016-cı ildə isə ikinci telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur.

Prezident İlham Əliyev 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli mərasimdəki çıxışında demişdir: "Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir." Qeyd etmək lazımdır ki, dövlət başçısının son dövrlərdə dəfələrlə elm və təhsil məsələlərinə toxunması və bu sahələrin dövlət siyasətində prioritetliyini vurğulaması təsadüfi deyildir. İqtisadi sahədə keçid mərhələsinin başa çatması ölkənin iqtisadi qüdrətindən xəbər verir, elm və təhsilin də inkişaf etdirilməsinə və müasir səviyyəyə gətirilməsinə fürsət və imkan verir. Odur ki, Azərbaycanda insan kapitalının davamlı inkişafına, peşəkar kadr potensialının hazırlanmasına, elmin və mədəniyyətin yüksəlişinə də dövlətin diqqəti və qayğısı xeyli artırılmışdır. Eyni zamanda, neqativ hallara, korrupsiya, məmur özbaşınalığına qarşı əsası ulu öndərimiz tərəfindən qoyulmuş sistemli mübarizə möhtərəm Prezidentin nəzarəti altında qətiyyətlə davam etdirilir, iqtisadiyyatın inkişafında, hüquqi dövlətin qurulmasında öz müsbət nəticələrini verir və ictimai rəydə yüksək qiymətləndirilir.

İqtisadi inkişafla paralel olaraq, respublikamızda demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar uğurla davam etdirilir. Respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə demokratik normaların ictimai şüurda möhkəmlənməsinə və qəbul edilməsinə daha real imkanlar yaranmışdır və bu sahələrdə ardıcıl və əsaslı işlər gedir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin daxili siyasətinin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsini təmin edən mühüm amillərdən biri də son on ildə ölkədə ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsi olmuşdur. Dövlət başçımız əsası ulu öndərimiz tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış nailiyyətləri siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, faktiki olaraq, dönməz etmişdir. Bu dövrdə həmçinin məhkəmə-hüquq və ədliyyə sisteminin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq-azadlıqlarının qorunması mexanizmlərinin müasirləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafı uğurla təmin edilmişdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi effektiv xarici siyasət Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursunun varisliyini təmin etməklə yanaşı, praqmatik mahiyyəti, müasir dünyanın geosiyasi gerçəkliklərinə cavab verməsi ilə əlamətdar olmuşdur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın bu illər ərzində bəzi güclərin təsiri altında onların geosiyasi və geoiqtisadi orbitinə cəlb edilməməsinə və forpostuna çevrilməməsinə görə biz İlham Əliyevin müdrik və müstəqil  xarici siyasətinə minnətdarıq. Müasir dövrdə qloballaşma elə bir səviyyəyə çatmışdır ki, ölkənin idarə olunması təkcə daxili məsələlərin həlli ilə yekunlaşmır. Bizdən asılı olmayan, qlobal səciyyə daşıyan, bütün bəşəriyyəti narahat edən proseslər hər bir ölkəyə təsir göstərir. Bu səbəbdən də müasir dövrdə yerli hadisələrə regional, regional hadisələrə beynəlxalq maraqlar çərçivəsində baxmağı bacaran, yerli problemləri də beynəlxalq məsələlər kontekstində, mövcud maraqları nəzərə almaqla həll edə bilən, İlham Əliyev tipli, mütərəqqi düşüncəli liderlərə ehtiyac böyükdür. Bu nöqteyi-nəzərdən Azərbaycanın bəxti sözün əsl mənasında, gətirmişdir. Müasir dünyanın reallıqlarını nəzərə alan Prezident İlham Əliyev Azərbaycanın əlverişli geosiyasi mövqeyindən, tranzit imkanlarından, fövqəldövlətlərin maraq dairəsində olmasından maksimum bəhrələnməklə, hər bir konkret zaman, məkan və şərait çərçivəsində milli maraqlara uyğun xarici siyasət hədəflərini müəyyənləşdirir. Dövlət başçısı beynəlxalq hüquq prinsiplərindən çıxış edərək qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridir, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya verərək ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük verir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa, ümumilikdə dünya üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da artmış, sivil dünyaya inteqrasiya prosesi sürətlənmişdir.

Dünyanın müxtəlif dövlət və hökumət başçılarının rəhbərlik etdiyi nümayəndə heyətləri ardıcıl olaraq respublikamıza səfərlər edir, paytaxtımızda hər həftə yüksək səviyyəli görüşlər, beynəlxalq səviyyəli tədbirlər keçirilir. Səbəblər və niyyətlər təbii ki, müxtəlifdir. Birinci səbəb şübhəsiz ki, Heydər Əliyevin neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, nəticədə Azərbaycanın müasir dövrün zəngin neft ölkəsi və tranzit qovşağı kimi mühüm əhəmiyyət kəsb etməsidir. Amma burada Azərbaycan Prezidentinin müstəqil siyasət yeritməsi, kiçik Azərbaycanın maraqlarını böyük dünya dövlətlərinin maraqları ilə uzlaşdıra bilməsi, nəinki respublikada, bütün regionda söz sahibi olması da mühüm əhəmiyyət daşıyır. Məhz buna görə də Azərbaycan hazırda regionda həyata keçirilən beynəlxalq layihələrin yalnız fəal iştirakçısı deyil, həm də əsas təşkilatçısıdır. Yuxarıda deyildiyi kimi, qabaqcıl ölkələrin maliyyə böhranından əziyyət çəkdiyi 2008 - 2010-cu illərdə gənc dövlət olan və xarici təcavüzə məruz qalan Azərbaycanın öz iqtisadi inkişaf sürətinə görə lider olması bütün dünyada "iqtisadi fenomen" hesab edilir və təcrübəsi öyrənilir. Təbii ki, dünya ölkələrinin diqqətini Azərbaycana cəlb edən əsas səbəblərdən biri də budur.

Eyni zamanda, qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc-yanaşı yaşadığı və tolerantlığın hökm sürdüyü Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsi üçün əvəzsiz məkana çevrilmişdir. Respublikamız artıq onlarla irimiqyaslı beynəlxalq tədbirə ev sahibliyi etmişdir, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildən bir Azərbaycanda keçirilir. Mədəniyyət, səhiyyə və təhsil sahəsində gördüyü böyük işlərlə artıq bütün dünyada tanınan Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə də respublikamızda bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər keçirilmişdir.

Azərbaycanın müasir diplomatik uğurlarından biri, şübhəsiz ki, 2011-ci il oktyabrın 25-də Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv seçilməsidir. Azərbaycan kəskin rəqabət şəraitində BMT üzvü olan 196 ölkədən 155-in səsini toplayaraq BMT TŞ-yə üzv seçilmişdir. Azərbaycan yalnız öz problemlərini dilə gətirmək, regional problemlərə münasibət bildirmək üçün mühüm bir tribuna deyil, planetar əhəmiyyətli məsələlərin həllində iştirak etmək, ümumilikdə türk dünyasının maraqlarını müdafiə etmək üçün real imkan qazanmışdır. Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqına müraciət etmiş və ölkənin müstəqilliyi dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsinin doğrudan da tarixi nailiyyət olduğunu bildirmişdir: "Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü tanıdıb. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir." Bu, ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya Günəş kimi doğacaqdır" arzusunun möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilməsinin əyani göstəricisidir.

Bu gün ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası yaşayır və sürətlə inkişaf edir. Bu gün ölkə daxilində və xaricində bütün mütərəqqi qüvvələr Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətə böyük inam bəsləyir və ürəkdən dəstəkləyir. Möhtərəm İlham Əliyevin milli maraqlara sədaqəti və onları qorumaq məharəti, geostrateji düşüncə tərzi, mahir idarəçilik qabiliyyəti kimi fenomenal xüsusiyyətləri həm də onun Azərbaycan Prezidenti kimi əvəzedilməzliyinin ən mühüm göstəricisidir. 2013-cü ilin prezident seçkilərində də cənab İlham Əliyevin qələbəsi əslində, bütün xalqın qələbəsidir. Seçkinin ürəkaçan nəticələrindən göründüyü kimi, əslində, Azərbaycan xalqı Heydər Əliyev siyasətinin ən layiqli davamçısına, milli-mənəvi dəyərlərimizin ən layiqli daşıyıcısına, bu gün dünyada yeni formalaşmış siyasətçilər və dövlət xadimləri sırasında bərabəri olmayan möhtərəm İlham Əliyevə səs verməklə dövlətin, xalqın və millətin daha firavan və xoşbəxt gələcəyinə səs vermişlər.

 

 

 

Ziya YUSİF-ZADƏ,

MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant

Azərbaycan.-2013.-18 oktyabr.-S.8.