Dünyanın ən nüfuzlu beyin mərkəzləri
Prezident İlham Əliyevi Azərbaycanda
xalqın yeganə inam və etimad
ünvanı olduğunu bəyan edirlər
Qərəzli
mövqelər Azərbaycan həqiqətlərinə kölgə
sala bilməyəcək
Avropa ilə Asiyanın həm coğrafi, həm də siyasi-iqtisadi baxımdan qovuşduğu məkanda yerləşən, mühüm geostrateji və geoiqtisadi mövqeyə malik olan Azərbaycan Respublikasının beynəlxalq aləmdə rolu və əhəmiyyəti getdikcə artmaqdadır. Ölkəmizin regional lider olaraq siyasi və iqtisadi potensialı, inkişaf istiqamətləri və tempi, dövlətçilik prinsipləri, beynəlxalq münasibətlər sistemində yeri, qlobal və regional sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində tutduğu mövqe, onun Avropaya, islam və türk dünyasına inteqrasiya imkanları, ictimai, siyasi və mədəni həyatının bütün sahələrində əldə etdiyi nailiyyətlər bu gün təkcə aparıcı dövlətlərin, beynəlxalq qurumların deyil, bir sıra nüfuzlu beyin mərkəzlərinin də tədqiqat və müzakirə mövzularındandır.
98 ölkədən və 48 beynəlxalq təşkilatdan gəlmiş 1500-ə yaxın müşahidəçi seçkilərin şəffaf, obyektiv və sabitlik şəraitində keçdiyini bəyan etdi
Təsadüfi deyildir ki, bu il oktyabr ayının 9-da keçirilmiş Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində dünyanın bir çox analitik qurumu, ayrı-ayrı siyasi ekspertlər ümumxalq kampaniyasının ehtimal olunan nəticələri və ölkənin gələcək inkişaf istiqamətləri haqqında təhlili materiallarla çıxış etmiş, öz proqnozlarını vermişlər. Maraq doğuran məqamlardan biri də budur ki, onların Azərbaycana, ölkənin gələcək siyasi kursuna dair proqnoz və ehtimallarının böyük hissəsi öz təsdiqini tapmışdır. Əgər bu uğur bir tərəfdən təhlilçilərin peşəkarlığının nəticəsidirsə, digər tərəfdən Azərbaycan Respublikasının, Azərbaycan xalqının demokratikləşmə yolunda, xarici və daxili siyasət kursunda tutduğu ardıcıllığın, sabitliyin bariz nümunəsidir.
Azərbaycanın artmaqda olan siyasi-iqtisadi imkanlarını şərtləndirən başlıca amillərdən biri onun heç bir qlobal güc mərkəzindən asılı olmayan müstəqil siyasət yürütməsi, dövlətin siyasi iradəsi və xalqla hakimiyyətin sarsılmaz birliyi sayəsində əldə edilən ictimai-siyasi sabitlikdir. O da yaxşı məlumdur ki, Azərbaycan Respublikasının güclənməsi, regional və beynəlxalq səviyyələrdə həlledici söz və qətiyyətli mövqe sahibi olması, xalqımızın maraqlarına cavab verən, dövlət müstəqilliyimizin qorunmasına xidmət edən balanslaşdırılmış siyasət yürütməsi bəzi fövqəldövlətlərin geosiyasi və geoiqtisadi mənafelər çərçivəsinə sığmır və bu səbəbdən ölkəmiz təzyiq cəhdləri ilə də üzləşməkdədir. Lakin müasir Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki köməksiz, zəif, əhalisi ümidsiz, qarşıdurmalara məruz qalan ölkə deyildir. Bu gün Azərbaycanla yüksək tonda, təkəbbürlə danışmaq, onu hansısa şərtlər qarşısında qoymaq mümkün deyildir!
Oktyabr ayının 9-da Azərbaycan xalqı özünün tarixi seçimini etmiş, hazırkı dövlət başçısı İlham Əliyevə etimad göstərərək onu növbəti dəfə respublika prezidenti seçmişdir. Dünyanın 98 ölkəsindən və 48 beynəlxalq təşkilatdan gəlmiş 1500-ə yaxın müşahidəçi, eləcə də Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının və digər qurumların müşahidə missiyaları Azərbaycanda prezident seçkilərinin gedişini və nəticələrini müsbət dəyərləndirmiş, ümumxalq səsverməsinin şəffaf, obyektiv və sabitlik şəraitində keçdiyini bəyan etmişlər.
ATƏT-in qurumlarından ikili yanaşma: həm ədalətli münasibət, həm qərəzli mövqe
Məsələn, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin müşahidə missiyalarının birgə təşkil etdikləri mətbuat konfransında AŞ PA-nın nümayəndə heyətinin rəhbəri Robert Volter aydın şəkildə bildirmişdir: "Biz heç bir ciddi seçki pozuntusu müşahidə etməmişik. Hətta səslərin sayılması zamanı da məntəqələrdə olmuşuq. Gördüyümüz odur ki, İlham Əliyev səs çoxluğu ilə yenidən prezident seçilmişdir".
Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri Pino Arlakki isə seçki prosesinə münasibətini belə ifadə etmişdir: "Biz Azərbaycana dərs keçməyə, demokratik inkişafın dərinliyini müəyyənləşdirməyə gəlməmişik. Əksinə, demokratiyaya doğru səyləri dəyərləndirmək istəyirik. Biz Azərbaycan xalqını seçki günü dinc seçki kampaniyası keçirməsi münasibəti ilə təbrik edirik. Azad, ədalətli və şəffaf seçki prosesi gedib. Biz seçki məntəqələri ətrafında heç bir hədə-qorxu hallarına rast gəlmədik".
Daha sonra ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara da ölkəmizdəki prezident seçkilərini demokratiyaya doğru istiqamətlənən əhəmiyyətli addım olduğunu xüsusi vurğulamışdır.
ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Dorris Barnet də ümumxalq səsverməsinin normal, şəffaf və demokratik prinsiplərə uyğun keçdiyini söyləmişdir.
Lakin gözlənildiyinin əksinə olaraq ATƏT-in digər qurumu - Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ABŞ Dövlət Departamenti tamamilə fərqli, ilk baxışdan "anlaşılmaz rəy" təsiri bağışlayan, əslində isə başqa məqsədlərə xidmət edən ədalətsiz mövqe tutaraq, Azərbaycan xalqının seçiminə açıq hörmətsizliklə yanaşmış, prezident seçkilərinin gedişinə və nəticələrinə münasibətdə qeyri-obyektivlik nümayiş etdirmişlər. Bu tandemin verdiyi bəyanatların təhlili açıq şəkildə göstərdi ki, bir-biri ilə siyasi və maliyyə telləri ilə bağlı olan hər iki təşkilat Azərbaycanda prezident seçkilərində ümidlərini tamamilə fərqli nəticəyə bağlamış, lakin onların proqnozları özünü doğrultmamışdır. Eyni zamanda, həmin qərəzli münasibətin arxasında "siyasi məqsədəuyğunluğun" - geosiyasi məsələlərdə Azərbaycan dövlətinin siyasi iradəsinə təzyiq göstərmək planlarının da dayanması heç kəsdə şübhə doğurmur.
Yəni, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu özünün fəaliyyət prinsiplərini kobud şəkildə pozaraq "inqilab ixracatçısı" kimi mənfi imicini daha da möhkəmləndirmiş, ABŞ Dövlət Departamenti isə "demokratiya", "insan hüquqları və azadlıqları" anlayışlarını siyasi manipulyasiya alətinə çevirməklə öz nüfuzuna ciddi zərbə vurmuşdur. Hədəf isə Azərbaycandakı ictimai-siyasi sabitlik və dövlətin siyasi iradəsi olmuşdur. Odur ki, ölkəmizdə keçirilmiş prezident seçkilərinə münasibətdə ABŞ Dövlət Departamentinin nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyalarının nəticələrinə deyil, bir sıra dövlətlərdə, o cümlədən Rusiyada, Ukraynada, Qırğızıstanda, İrlandiyada vətəndaş qarşıdurmalarını "layihələşdirən" qurum kimi mənfi imic qazanan təsisata - ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna istinad etməsi tamamilə başa düşüləndir. Bununla belə, karvan öz yolu ilə getməkdədir...
Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi: "Prezident İlham Əliyevin
hərtərəfli inkişaf strategiyası parçalanmış və qeyri-mütəşəkkil müxalifət üzərində onun üstünlüyünü təmin edir"
İndi isə siyasi və siyasiləşdirilmiş mərkəzlərin Azərbaycana münasibətdə ikili standartlara söykənən və məlum məqsədlərə xidmət edən qərəzli fikirlərini bir kənara qoyub dünyanın ciddi, nüfuzlu beyin mərkəzlərinin ölkəmiz haqqında analitik rəyləri və Azərbaycanda prezident seçkiləri haqqında proqnozları ilə tanış olaq. Onu da xüsusi vurğulayım ki, bu materiallar seçkilərdən xeyli əvvəl hazırlanmış və yayılmışdır.
Məsələn, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının analitik təsisatı olan Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzinin bu ilin sentyabr ayının əvvəllərində yaydığı analitik hesabatda Azərbaycanın son on il ərzində keçdiyi ictimai-siyasi, sosial-iqtisadi inkişafı əhatəli təhlil olunmuş, ölkənin gələcək inkişaf istiqamətləri ilə bağlı proqnoz və dəyərləndirmələr verilmişdir. "Azərbaycanın regional lider kimi yüksəlişi: İnkişaf və davamlılıq" adlanan həmin sənəd müəlliflərinin ümumi qənaətinə əsasən son iyirmi il, xüsusilə, 2003-2013-cü illəri əhatə edən dövr ərzində ölkədə siyasi, iqtisadi və sosial sahələrdə əldə edilmiş uğurlar qarşıdakı prezident seçkilərinin mümkün nəticələri barədə şanslı ehtimallar irəli sürməyə imkan verir. Təhlilçilərin proqnozlarına görə "Prezident İlham Əliyev tərəfindən həyata keçirilən və gələcəyə hesablanan hərtərəfli inkişaf strategiyası parçalanmış və qeyri-mütəşəkkil müxalifət üzərində onun üstünlüyünü təmin edir. Bütün bunlara əsaslanaraq, Azərbaycanda qarşıdakı illərdə də mövcud siyasi stabillik və iqtisadi inkişaf xəttinin davam etdiriləcəyini söyləmək olar".
Mərkəz təhlilçilərinin Azərbaycanda prezident seçkilərinə təqribən bir ay qalmış verdikləri bu proqnoz subyektiv fikirlərə deyil, əsas etibarı ilə beynəlxalq qurumların sosial-iqtisadi dəyərləndirmələrinə, beynəlxalq təsisatların analitik materiallarına söykənmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında özünün inkişaf tempinə, rəqabət qabiliyyətinə, yoxsulluğun aradan qaldırılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş fəaliyyətinə, ümummilli gəlirin adambaşına düşən payının artımına və digər parametrlərə görə çox irəlidədir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının İnsan inkişafı indeksinə əsasən 2005-2011-ci illər ərzində ölkə 25 pillə irəliləyərək, insan inkişafı üzrə yüksək göstəricilərə malik dövlətlər qrupuna qoşulmuşdur. Bundan başqa, Dünya İqtisadi Forumunun qlobal rəqabət qabiliyyəti üzrə 2013-2014-cü illərin reytinqinə əsasən Azərbaycan 39-cu pillədə öz mövqeyini möhkəmləndirmişdir. Hesabatda Azərbaycanın artan beynəlxalq nüfuzuna misal olaraq onun bir çox nüfuzlu təşkilatda təmsil edilməsi, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş ilk post-sovet dövləti kimi tarixə düşməsi də xüsusi vurğulanır.
Beynəlxalq Qara Dəniz Araşdırmaları Mərkəzi onu da xatırladır ki, 2008-2009-cu illərdə baş vermiş qlobal maliyyə böhranı bir sıra ölkələri ciddi iqtisadi çətinliklər qarşısında qoysa da, Azərbaycan nəinki müsbət iqtisadi inkişaf tempini qoruyub saxlaya bilmiş, üstəlik, həmin mürəkkəb dövrdə yuxarı orta gəlirli ölkələr sırasına qoşulmuşdur. Sənəddə bildirilir: "Ciddi iqtisadi və siyasi böhrana məruz qalan bir sıra post-sovet ölkələri bu çətinlikləri aradan qaldırmaq üçün yenidən Rusiyanın qanadı altına daxil olmaq dilemması ilə üzləşmişlər. Lakin Azərbaycan regional və beynəlxalq səviyyədə davamlı və müstəqil inkişafın uğurlu nümunəsini göstərmiş, regionda öz mövqelərini gücləndirmişdir".
Hesabatda Azərbaycan Respublikasının Neft Strategiyası, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" nəticəsində ölkənin maliyyə imkanlarının sürətlə artmasına, neft gəlirlərinin səmərəli idarə edilməsi məsələsinə də toxunulmuş və bunun sayəsində Azərbaycanın daxili transformasiya dövrünə qədəm qoyması, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, dövlət quruculuğu prosesinin sürətlənməsi, gələcək uğurlu inkişafın möhkəm təməlinin qoyulması qeyd olunmuşdur. Bildirilir ki, ölkədə informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqinə, informasiya cəmiyyətinin formalaşdırılmasına da diqqət artırılmışdır. Təsadüfi deyil ki, 2013-cü il Azərbaycanda "İnformasiya və kommunikasiya texnologiyaları ili" elan edilmiş, elə həmin il Azərbaycan ilk süni peykini Yer orbitinə çıxarmışdır. O da vurğulanır ki, Azərbaycan özünün əlverişli coğrafi mövqeyi sayəsində hazırda Avropa ilə Asiya arasında mühüm nəqliyyat və ticarət dəhlizinə çevrilməkdədir. Bu istiqamətdə bir sıra qlobal əhəmiyyətli layihələr reallaşdırılmış, ölkənin nəqliyyat infrastrukturunun yenidən qurulmasına və inkişafına, eləcə də müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə dair uğurlu dövlət siyasəti həyata keçirilmişdir. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq dəniz limanının tikintisi və Heydər Əliyev adına Bakı Beynəlxalq hava limanının genişləndirilməsi kimi strateji əhəmiyyətli layihələrin icrası buna bariz nümunələrdəndir.
Litvadakı
"Ronald Regan House" Tədqiqat Mərkəzi: "Azərbaycan
regionun
ən
sabit və uğurlu ölkəsinə çevrilib"
Litvadakı "Ronald Regan House" Tədqiqat Mərkəzinin
direktoru Yustas Sireykanın "Cənubi Qafqaz 2008-2013-cü illər. Gürcüstan,
Ermənistan və Azərbaycanda iqtisadi və siyasi
inkişaf" adlı hesabatı bu ilin sentyabr ayında mərkəzin
rəsmi veb-səhifəsində yayılaraq mütəxəssislərin
ciddi marağına səbəb olmuşdur. Müəllif
hər üç Cənubi Qafqaz dövlətində son
beş il ərzində iqtisadi, siyasi və sosial vəziyyəti,
onların yürütdüyü xarici və daxili siyasəti
təhlil prizmasından keçirmiş, bu ölkələrdə
cərəyan edən proseslərin regionun ümumi
inkişafına, inteqrasiyaya təsiretmə imkanlarını
araşdırmış, Azərbaycanda həyata keçirilən
siyasi, iqtisadi və sosial strategiyanın kreativliyini, real və
perspektivliyini, ən nəhayət, davamlı olmasını
önə çəkmişdir. Sənədin
Azərbaycana dair bölməsində bildirilir ki, "Azərbaycan
neft gəlirlərindən səmərəli şəkildə
istifadə etməklə iqtisadi inkişafını davam
etdirir. Ölkədə bir milyondan çox
qaçqın və məcburi köçkünün
olmasına baxmayaraq, əhalinin yaşayış səviyyəsi
xeyli yüksəlmişdir... Azərbaycan hökumətinin
sürətli iqtisadi inkişafı uğurla ölkədə
yoxsulluğun azaldılmasına yönəltməsi nəticəsində
2001-ci ildə 49%-ə çatan yoxsulluq səviyyəsi təqribən
on il sonra - 2012-ci ildə cəmi 6%-ə
enmişdir". Hesabata əsasən, Azərbaycan
öz resurslarından düzgün istifadə etməklə
müstəqil xarici siyasət yeritməkdədir. Müəllif
vurğulayır: "Ölkənin siyasi və iqtisadi
strategiyası 1993-cü ildə - Heydər Əliyevin hakimiyyətə
gəlişi ilə formalaşmış və hazırda
inkişaf etməkdədir. Azərbaycandakı
bu il baş tutacaq seçkilərdə İlham Əliyevin
yenidən prezident seçilməsi şübhə
doğurmur".
Müəllifin fikrincə, Heydər Əliyev Azərbaycanda
hakimiyyətə gəlişi ilə Rusiya, İran, Türkiyə
və ABŞ kimi dövlətlərlə münasibətləri
balanslaşdırmağa və ölkənin iqtisadi
inkişafını hədəf götürən siyasət həyata
keçirilməyə başlamışdır. Uğurlu
enerji strategiyası bu siyasətin
reallaşdırılmasında mühüm rol
oynamışdır. Lakin Gürcüstan və
Ermənistanla müqayisədə onun Rusiya ilə münasibətləri
kifayət qədər fərqlidir və rəsmi Bakı bu
ölkə ilə bərabərtərəfli və bərabərhüquqlu
əlaqələrin qurulmasının tərəfdarıdır.
O da məlumdur ki, rəsmi Moskva Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində birtərəfli
mövqe tutmuş, Yerevanın işğalçılıq
siyasətini dəstəkləməklə yanaşı, bu
gün onun təhlükəsizliyinin qarantı rolunu
oynamaqdadır.
Yustas Sireyka Cənubi Qafqaz dövlətlərinin iqtisadi
durumuna da toxunmuşdur. Ermənistan iqtisadiyyatından bəhs edən "Ermənistan:
Borc və pul köçürmələrinə söykənən
iqtisadiyyat" başlıqlı bölmədə ölkənin
üzləşdiyi sosial-iqtisadi problemləri qabardaraq bildirir
ki, yaranmış böhranı xarici borclar hesabına aradan
qaldırmaq istəyən Yerevanın bu niyyəti əbəs
olmuşdur. Əksinə, gözlənildiyi kimi
böyük miqdarda xarici borcların toplanmasına gətirib
çıxarmışdır. Ermənistanın
Türkiyəyə qarşı irəli sürdüyü
iddialar və Azərbaycan Respublikası ərazilərini
işğal etməsi üzündən iqtisadi təcrid vəziyyətində
qaldığını vurğulayan təhlilçi onun bir
dövlət olaraq Rusiyanın yardımlarından, işsizlik
üzündən miqrasiya etmiş ermənilərin göndərdiyi
vəsaitlərdən asılı vəziyyətə
düşdüyünü bildirir. 2009-cu
ildə baş vermiş maliyyə və iqtisadi böhran nəticəsində
ölkənin ümumdaxili məhsulu 14% azalmışdır.
Özünütəcrid vəziyyətinə
düşən Ermənistan bu gün Rusiya ilə daha da
yaxınlaşmaq məcburiyyətindədir. Azərbaycana gəldikdə isə "Qərbə
istiqamətlənmiş enerji ixrac strategiyası və
balanslaşdırılmış xarici siyasət Azərbaycanı
regionun ən sabit və uğurlu ölkəsinə
çevirmişdir". Y.Sireyka əlavə edir: "Rəsmi
Yerevan sülhün əldə edilməsi və Azərbaycan
torpaqlarının geri qaytarılması istiqamətində
heç bir təşəbbüs göstərməmişdir.
Ermənistanın iqtisadi çətinlikləri
daha çox siyasi məsələlərin nəticəsidir.
Türkiyə və Azərbaycanla münasibətlərini
korlayan ölkə iqtisadi təhdidlərə tam
açıqdır və Rusiyanın yardımlarına
möhtacdır. Azərbaycan isə gələcəkdə
də regionun iqtisadi lideri rolunu oynamaqda davam edəcəkdir".
Polşanın
Beynəlxalq Vətəndaş Cəmiyyəti İnstitutu:
"Azərbaycanda əhəmiyyətli iqtisadi inkişaf
baş verib"
Polşada yerləşən nüfuzlu Beynəlxalq Vətəndaş
Cəmiyyəti İnstitutu Avropa məkanına inteqrasiya
prosesi, beynəlxalq əməkdaşlığın
inkişafı, vətəndaş cəmiyyəti
ideyasının təbliği, iqtisadi tərəqqi və
sahibkarlıq fəaliyyətinin dəstəklənməsi
üzrə ixtisaslaşdırılmış ictimai birlikdir. Qurumun direktoru Mateuş Komorovskinin
rəhbərlik etdiyi ekspert qrupunun hazırladığı
növbəti hesabat da Azərbaycanın son on il
ərzində uğurlu inkişaf dinamikasına və ölkədə
prezident seçkiləri ərəfəsində
yaranmış sosial-iqtisadi vəziyyətə həsr
olunmuşdur. Ekspertlərin ümumi qənaətinə
əsasən, "mövcud iqtisadi və sosial inkişaf
İlham Əliyevin növbəti dəfə dəstəklənməsinə
və prezident seçilməsinə imkan yaratmaqla
yanaşı, ölkənin inkişaf tempinin
davamlılığına təminat verməkdədir".
Sənəddə qeyd olunur ki, 2013-cü ilin oktyabr
ayının 18-də Azərbaycan öz müstəqilliyinin
22-ci ildönümünü qeyd edəcəkdir. Ötən iyirmi iki il ərzində ölkə əhəmiyyətli
inkişaf yolu keçmiş, iqtisadi və sosial sahədə
nailiyyətlər əldə olunmuşdur. Bundan
başqa, beynəlxalq aləmdə Azərbaycanın
mövqeyinin artması onun sosial-iqtisadi inkişafına da əhəmiyyətli
təsirini göstərir. Bu ölkə
beynəlxalq arenada fəal siyasət aparan dövlətlərdən
biridir. Dövlətlər və təşkilatlarla
əlaqələrin müxtəlif səviyyələrdə
qurulmasını və möhkəmləndirilməsini daim
diqqət mərkəzində saxlayır. Azərbaycanın
beynəlxalq münasibətlərdə əhəmiyyətini
yüksəldən amillər sırasında ölkənin
regionda əsas sabitlik elementi rolunu oynaması, müsbət
imici, əhəmiyyətli coğrafi mövqeyi, Rusiyanın təsirlərindən
asılı olmaması və təbii resurslarla zənginliyi də
vardır. Bu ölkə BMT, UNESCO, UNİCEF, ATƏT,
Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf
Bankı, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,
Müstəqil Dövlətlər Birliyi və digər
nüfuzlu qurumların üzvüdür. Eyni zamanda,
Dünya Ticarət Təşkilatına üzvlük
haqqında danışıqlar aparır və Avropa Birliyi ilə
hərtərəfli əlaqələr qurur.
Azərbaycanda həyata keçirilən islahatların
sosial istiqamətindən bəhs edən Mateuş Komorovski
vurğulayır ki, ölkədə vətəndaşlara xidmətin
səviyyəsini yüksəltmək istiqamətində
atılan önəmli addımlardan biri də 2012-ci ildə
ölkə prezidentinin dəstəyi ilə ASAN Xidmət Mərkəzinin
yaradılması olmuşdur. Belə ki "Mərkəzin
əsas vəzifəsi Azərbaycan vətəndaşlarının
və ölkədəki sahibkarlıq fəaliyyətinin dövlət
tərəfindən dəstəklənməsidir. Bu təşəbbüs
xüsusi innovasiya xarakterlidir və digər ölkələr
üçün də yaxşı nümunə ola bilər. Qurum vətəndaşlara
şirkətlərin yaradılması, professional resurslardan
istifadə, əhaliyə göstərilən sosial və
iqtisadi dəstək barədə məlumat almaq
üçün səmərəli vasitə rolunu
oynayır".
Sənəddə
o da bildirilir ki, Azərbaycan iqtisadiyyatı təbii resurslardan
düzgün istifadəyə əsaslanır və Azərbaycanın
ümumi neft ehtiyatı təqribən 1,6-1,9
milyard tona bərabərdir. Bu isə neft sektorunu
ölkə iqtisadiyyatının dominant sahəsinə
çevirmişdir. 2004-cü ildə qəbul
edilmiş Neft və qaz gəlirlərindən istifadə edilməsinə
dair uzunmüddətli strategiya ölkədə xam neft və təbii
qazın satışından əldə edilən vəsaitin
düzgün istifadəsini təmin edən əsas sənəddir.
Strategiyaya əsasən əldə edilən gəlirlər
ölkədə infrastrukturun hərtərəfli inkişaf
etdirilməsinə, regionların inkişafına və ölkədə
yoxsulluğun azaldılmasına yönəldilir. Eyni zamanda, müxtəlif sosial-iqtisadi islahat
proqramlarının reallaşdırılması da təbii sərvətlərin
istismarından əldə edilən gəlirlərə əsaslanır.
Hesabatda bildirilir ki, "Son on il ərzində əhalinin
sosial müdafiəsinə xərclənmiş vəsaitin həcmi
doqquz dəfə artmış, təhsil, idman, tibb və mədəniyyət
sahəsində fəaliyyət göstərən müəssisələr
dəfələrlə çoxalmış, yoxsulluğun səviyyəsi
aşağı düşmüşdür. Sosial və iqtisadi islahatlar nəticəsində
2003-cü ildən sonra Azərbaycandakı makroiqtisadi vəziyyət
daha da yaxşılaşmışdır. Ölkənin
əsas iqtisadi göstəriciləri onu deməyə əsas
verir ki, ötən müddət ərzində Azərbaycanda əhəmiyyətli
iqtisadi inkişaf baş vermişdir".
Polşalı ekspertlər Azərbaycandakı
sosial-iqtisadi inkişafı təhlil edərkən 2008-2015-ci
illərdə əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramının
üstün cəhətlərini xüsusi
vurğulamışlar. Onların fikrincə, bu və digər
proqramlar bir sıra dövlətlərin analoji sənədlərindən
fərqlənir və üstündür. Azərbaycanın
bu sahədə yürütdüyü siyasət islahat paketlərinin
sinxronlaşdırılması prosesi ilə seçilir.
Bundan başqa, "İstənilən iqtisadi
qanunvericilik aktının həyata keçirilməsi
zamanı yerli amillər, xarici dövlətlərin müvafiq
təcrübəsi nəzərə alınır və bu da
Azərbaycanın müasir siyasi modelinin mühüm
xüsusiyyətidir".
Ukraynanın
Vətəndaş Cəmiyyəti Problemləri üzrə
Araşdırmalar Mərkəzi: "Ölkə vətəndaşları
İlham Əliyevə alternativ görmürlər"
MDB məkanında
olan digər siyasi-iqtisadi təhlil qurumu - Ukraynanın Vətəndaş
Cəmiyyəti Problemləri üzrə Araşdırmalar Mərkəzi
yerli Tətbiqi Siyasət İnstitutu ilə birlikdə Cənubi
Qafqaz dövlətlərinin inkişaf modelləri və Azərbaycandakı
seçkiqabağı vəziyyət haqqında
hesabatlarını hazırlamışdır. Sentyabr
ayının sonunda mərkəzin internet səhifəsində
açıqlanan "Azərbaycan: sistemli modernləşdirmə
və siyasi seçim" və Cənub Qafqaz dövlətlərindəki
iqtisadi-siyasi vəziyyətdən bəhs edən "Demokratik
tranzit: Cənubi Qafqaz dövlətlərinin inkişaf modelləri"
adlı hesabatların ayrı-ayrı məqamları oxucularda
maraq doğurmaya bilməz.
Məsələn, birinci sənəddə qeyd edilir ki,
"Azərbaycan növbəti prezident seçkiləri
dövrünə qədəm qoyur. 2003-cü və 2008-ci
illər prezident seçkilərindən fərqli olaraq, bu
seçkilər ölkənin transformasiyasını müəyyən
edir. Azərbaycanda demokratik inkişafın
yeni mərhələsi başlayır və siyasi sistemin təkamülü
ölkənin qarşısında duran
çağırışlara adekvat cavabıdır. Azərbaycandakı iqtisadi və siyasi modernləşdirmə
təcrübəsinin unikallığı ondan ibarətdir ki,
qonşularından fərqli olaraq, bu ölkə qısa
müddət ərzində sürətli iqtisadi inkişafa, əhalinin
gəlirləri və həyat səviyyəsinə görə
regional liderə çevrilməsinə imkan verən model
yarada bilmişdir".
Hesabatda deyilir ki, ölkədə siyasi və iqtisadi
islahatlara Heydər Əliyevin təşəbbüsü ilə
başlanılmış, İlham Əliyev prezident olaraq onları
uğurla davam etdirmişdir. Beləliklə,
mövcud siyasi strategiyanın davamlılığı təmin
olunmuşdur. Azərbaycan öz
qonşularından daha əvvəl hüquqi sisteminin modernləşdirilməsinə
başlamış, demokratik hüquq və azadlıqların
genişləndirilməsi üçün qanunvericilik
bazası yaratmışdır. Sürətli
iqtisadi inkişaf Azərbaycanın iqtisadi modelinin daha da təkmilləşdirilməsində
təməl rolunu oynamışdır. Onun əsas
prinsipləri isə "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında öz əksini
tapmışdır. Buraya ölkənin neft-qaz sektorunun rəqabət
qabiliyyətinin saxlanılması və daha da inkişaf
etdirilməsi, "Yeni sənayeləşmə" prosesi və
innovativ iqtisadiyyatın inkişaf etdirilməsi, maliyyə sahəsində
islahatların davam etdirilməsi, kənd təsərrüfatı
məhsulları istehsalının stimullaşdırılması,
biznes mühitinin yaxşılaşdırılması, özəl
sektorun dövlət tərəfindən dəstəklənməsi,
xarici sərmayələr üçün "açıq
qapı" siyasətinin tətbiqi, insan kapitalının
gücləndirilməsi və s. vəzifələr daxildir.
Ekspertlərin rəyinə əsasən, İlham
Əliyevin ötən prezidentlik dövrü iqtisadi yüksəliş
mərhələsi kimi yadda qalmışdır. Seçki
hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının
böyük hissəsi qarşıdakı prezident seçkilərində
onun namizədliyini dəstəkləyəcəkdir. Digər tərəfdən, Azərbaycanda müxalifət
parçalanmış vəziyyətdədir. Müxalifət
partiyaları nəinki indiyədək prezident seçkilərində
real vahid namizədlə çıxış edə bilməmiş,
hətta parlament seçkilərində də bir-birinə
qarşı mübarizə aparmalı olmuşlar:
"Müxalifət düşərgəsi yaxşı dərk
edir ki, onun zəifliyi ilk növbədə siyasi liderlərinin
"köhnəlməsində" və partiya funksionerləri
sırasında yeni simaların yetişməməsindədir. Yeni siyasi kadrların cəlb edilməsi isə təkcə
müxalifət partiyalarının hazırkı siyasi sistemdə
rolunun azalmasına görə deyil, həm də bu, onların
liderlərinin iddialarının parçalanmaya səbəb
olması üzündən xeyli çətinləşir.
Azərbaycan müxalifətinin kiçik
partiyalara bölünməsi partiya liderlərinin siyasi sistemdə
öz rollarını real mövqedən yüksək görmələrinin
nəticəsidir".
Azərbaycanda seçkiqabağı vəziyyəti təhlil edən ukraynalı mütəxəssislər prezident seçkilərində İlham Əliyevin qələbəsinə əmindirlər. Qeyd edirlər ki, "İlham Əliyev sosial-iqtisadi sahədə bir sıra innovativ proqramlara müəlliflik etmiş və ölkənin modernləşdirilməsi məqsədilə yeni qaydalar tətbiq etməklə müxalifətin təşəbbüslərini qabaqlamışdır. Müxalifət isə prezidentin irəli sürdüyü proqramlardan daim geridə qalmış və bu, onların manevr imkanlarını azaltmışdır". Ekspertlər hesab edirlər ki, qarşıdakı prezident seçkilərində İlham Əliyevin labüd qələbəsi təkcə müxalifət sıralarında ciddi dəyişikliklərə səbəb olmayacaqdır. Eyni zamanda, yeni iqtisadi və siyasi islahatların başlanmasına təkan verən prezident komandasının yenilənməsi ilə nəticələnəcəkdir. Hesabatda o da deyilir ki, İlham Əliyevin üçüncü müddətə namizədliyinin irəli sürülməsinə baxmayaraq, Azərbaycanda "seçici yorğunluğu" hiss olunmur və ölkə vətəndaşları indiki dövlət başçısına alternativ görmürlər. Hətta onun opponentləri də bu faktı etiraf etmək məcburiyyətindədirlər.
(Ardı var)
Fərhad
MƏMMƏDOV,
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru
Azərbaycan.-2013.-18 oktyabr.-S.9.