Monako knyazı Azərbaycanın Venesiya
Biennalesindəki
pavilyonunu ziyarət etmişdir
Monakonun hakim knyazı II Alber Azərbaycanın 55-ci Venesiya Biennalesində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən pavilyonu ilə tanış olmuşdur.
Xəbər verildiyi kimi, Azərbaycanın pavilyonu bu il iyunun 1-də Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında "Ornamentlər" devizi altında açılmışdır. Pavilyonda Azərbaycanın 6 müasir rəssamı - Rəşad Ələkbərov, Fəxriyyə Məmmədova, Çingiz, Sənan Ələskərov, Bunutay Haqverdiyev, Fərid Rəsulovun müasir incəsənət nümunələri vasitəsilə milli-mədəni irsimiz təqdim edilir.
Venesiya Biennalesində 2007-ci ildən iştirak edən Azərbaycan hər dəfə fərqli ekspozisiyaları ilə tamaşaçıların marağına səbəb olur. Azərbaycanın builki pavilyonu isə 88 iştirakçı ölkə arasında ilk beşlikdə yer alaraq möhtəşəm pavilyonlar sırasına daxil edilmişdir.
AzərTAc xəbər verir ki, Monakonun knyazı II Alber "Ornamentlər" devizi altında təqdim edilən pavilyonun Azərbaycanın tarixi və mədəni irsi barədə zəngin təəssürat yaratdığını qeyd edərək bu cür sərgilərin ölkələrin tanıdılması baxımından önəmli rol oynadığını bildirmişdir. Venesiya Biennalesində milli pavilyonlar sırasında yeganə olaraq Azərbaycan sərgisini ziyarət edən knyaz II Alber taxta lövhələrdən hazırlanmış "Ornament" instalyasiyasının, burada Şərq və Qərbin simvollarının dili ilə müxtəlif xalqların mədəniyyətlərinin oxşarlıqlarının və həm də özünəməxsusluqlarının vurğulanmasının tamaşaçıda yaddaqalan təəssürat yaratdığını söyləmişdir.
Monako knyazı Azərbaycanın artıq qədim tarixi ilə yanaşı, müasir incəsənəti ilə də dünyada tanındığını diqqətə çatdırmış və müxtəlif xalqların bir-birinə daha da yaxınlaşması üçün bu cür layihələrin önəmli olduğunu qeyd etmişdir. II Alber gələcəkdə Azərbaycan mədəniyyətinin Monakoda da tanıdılmasına xidmət edən layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirmişdir.
Azərbaycanın
55-ci Venesiya Biennalesindəki milli pavilyonu noyabrın 24-dək
davam edəcəkdir.
Azərbaycan.-2013.-18 oktyabr.-S.10.