2013-cü il
oktyabrın 9-da keçirilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində
prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin
səlahiyyətli nümayəndəsi Mustafa
Hacılının 14 oktyabr 2013-cü il tarixli 19 saylı
müraciətinə baxılması barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 37/217
2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılı 2013-cü il oktyabrın 14-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasına dairənin əhatə etdiyi bütün seçki məntəqələrində seçkinin ləğv edilməsi barədə şikayət verildiyini və onunla əlaqədar komissiyanın qəbul etdiyi 2 saylı, 12 oktyabr 2013-cü il tarixli protokolun ləğv edilməsini və mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimata uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Salayev Mübariz Ağasala oğlu 11 oktyabr 2013-cü il tarixdə şikayət ərizəsi ilə 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasına müraciət edərək seçki dairəsinin bütün seçki məntəqələrində məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müşahidəçilərin müşahidəsi altında qanunauyğun şəkildə karbonlaşdırılmış protokol tərtib edilmədiyini, səslərin hesablanmasının fasiləsizliyi prinsipinin pozulduğunu, protokolun surətinin müşahidəçilərə verilmədiyini və eləcə də protokolun üçüncü nüsxəsinin elanlar lövhəsində asılmadığını bildirərək dairə üzrə bütün seçki məntəqələrində seçkilərin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
Şikayət ərizəsi dairə seçki komissiyasında yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq müvafiq rəy verilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Milli Şuranın seçki məntəqələrindəki məşvərətçi səs hüquqlu üzvləri və müşahidəçiləri səsvermə başa çatanadək qanun pozuntusu barədə heç bir irad bildirməmişlər. Dairə seçki komissiyasında protokolların qəbul edilməsi prosesini müşahidə etmiş ATƏT-in seçki müşahidə missiyasının nümayəndələri tərəfindən də məntəqə seçki komissiyalarının protokolları təhvil verilənədək komissiya sədrlərinin dairə seçki komissiyasına gəlib-getmələri ilə bağlı hər hansı bir faktın olması qeyd edilməmişdir. Səsvermə günü saat 20.00-dan sonra dairə seçki komissiyasında müşahidə aparmış ərizəçi Mübariz Salayev hər hansı bir məsələ ilə bağlı öz iradını bildirməmişdir. Ekspert qrupunun üzvü belə nəticəyə gəlmişdir ki, şikayətçinin müraciətdə göstərdikləri əsassızdır. Şikayətə 12 oktyabr 2013-cü ildə dairə seçki komissiyasının iclasında baxılmış və 2 saylı iclas protokolunda şikayət ərizəsində göstərilmiş faktların öz təsdiqini tapmadığı qeyd olunan 6/1 saylı protokol-qərar qəbul edilmişdir. Ekspert qrupu üzvünün rəyi və qərarın surəti şikayətçiyə təqdim edilmişdir.
Göründüyü kimi, şikayətlə bağlı dairə seçki komissiyasında müəyyən araşdırma aparılıb, iclasda müzakirə olunub və mahiyyəti üzrə protokol qaydasında qərar qəbul edilmişdir. Bu məsələdə dairə seçki komissiyası tərəfindən qərarın qəbul edilməsi, əsaslandırılması və tərtib edilməsi ilə əlaqədar prosessual pozuntuya yol verilməsi müəyyən edilmişdir. Ona görə də həmin protokol üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmadığından etibarsız hesab edilməlidir. Şikayətçinin dairə seçki komissiyasının araşdırması ilə razılaşmamasını və mahiyyəti üzrə qərar qəbul edilməsi xahişini nəzərə alaraq yeni araşdırma aparılmışdır.
Yeni araşdırılma aparılarkən seçki dairəsinin məntəqələrində müxtəlif siyasi qüvvələri təmsil edən komissiya üzvlərindən və seçki prosesini müşahidə etmiş müşahidəçilərdən izahatlar alınmış və səsvermə günü səsvermə prosesini əvvəldən axıradək izləmiş müşahidəçilər və komissiya üzvləri tərəfindən tərtib edilmiş və məntəqə seçki komissiyasının protokollarına əlavə edilmiş aktlar əldə edilmişdir. Səsvermə günü Ədalət Partiyasının təmsilçiləri olaraq 2 saylı seçki məntəqəsində müşahidə aparmış Əliyeva Arzu Rza qızı, 4 saylı seçki məntəqəsində müşahidə aparmış Fərəcova Şəhla Ələşrəf qızı, 6 saylı seçki məntəqəsində müşahidə aparmış Abdullayeva Sahibə Cabbar qızı, BAXCP təmsilçiləri olaraq 3 saylı seçki məntəqəsində müşahidə aparmış İsmayılova Cəmilə Məmmədəli qızı, 5 saylı seçki məntəqəsində müşahidə aparmış Əhmədov Elxan Əhəd oğlu, 8 saylı seçki məntəqəsində müşahidə aparmış Məhərrəmova Kifayət Məhərrəm qızı, ASDP-nin təmsilçiləri olaraq 5 saylı seçki məntəqəsində müşahidə aparmış Abbasova Minayə Əmirxan qızı, 6 saylı seçki məntəqəsində müşahidə aparmış Qurbanova Sayalı Bayram qızı, öz təşəbbüsləri ilə müşahidəçi qismində 1 saylı seçki məntəqəsində müşahidə aparmış Səlimova Nella Baba qızı, 6 saylı seçki məntəqəsində müşahidə aparmış İsmayılov Elşən Əliş oğlu, 14 saylı seçki məntəqəsində müşahidə aparmış Əsgərova Yasəmən Fətəli qızı, 16 saylı seçki məntəqəsində müşahidə aparmış Məmmədova Tünzalə Murad qızı, YAP-ın təmsilçiləri olaraq 2 saylı seçki məntəqəsində müşahidə aparmış Gülməmmədova Validə Əli qızı, 3 saylı seçki məntəqəsində müşahidə aparmış Səlimova Təranə Fazil qızı, 4 saylı seçki məntəqəsində müşahidə aparmış Məmmədov Rafiq Hüseyn oğlu və yüzdən artıq digər müşahidəçilər izahat verərək göstərmişlər ki, səsvermə günü səsvermə başlanandan səslər hesablanıb protokollar tərtib edilənə qədər seçki prosesini müşahidə etmişlər və səsvermə prosesinin qanunvericiliyin tələblərinə uyğun keçirildiyinin şahidi olmuşlar, məntəqə seçki komissiyasının üzvləri və digər seçki subyektləri tərəfindən qanun pozuntusuna yol verilməsi faktını müşahidə etməmişlər.
09 oktyabr 2013-cü ildə səsvermə prosesi başa çatdıqdan sonra bütün gün ərzində səsvermə prosesini müşahidə etmiş, müxtəlif siyasi qüvvələri təmsil edən müşahidəçilərin dairənin əhatə etdiyi 5, 6, 9, 13, 14, 15, 16 və 18 saylı məntəqə seçki komissiyalarının üzvləri ilə birgə tərtib etdikləri və protokollara əlavə edilmiş aktlardan müəyyən edilir ki, səsvermə prosesi qanunauyğun, yerli və beynəlxalq müşahidəçilərin müşahidəsi altında şəffaf keçirilərək seçki prosesini müşahidə edən bütün maraqlı subyektlərin gözü qarşısında səslər sayılaraq protokollar tərtib edilmiş, protokolun əsas nüsxəsi dairə seçki komissiyasına təhvil verilmiş, bir nüsxəsi məntəqədə elanlar lövhəsində asılmış və protokolun nüsxələri müşahidəçilərə verilmişdir.
Araşdırma ilə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasından daxil olmuş məktubda göstərilir ki, 09 oktyabr 2013-cü ildə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə günü seçki məntəqələrində səsvermənin gedişini müşahidə edən müşahidəçilərdən, eləcə də digər subyektlərdən məntəqə seçki komissiyalarına və dairə seçki komissiyasına pozuntular barədə rəsmi şikayət daxil olmamışdır.
Şikayətçi Mustafa Hacılının sübut qismində araşdırmaya təqdim etdiyi bir ədəd 09 oktyabr 2013-cü il tarixli akt seçki dairəsinin bütün məntəqələrini əhatə edərək ümumi xarakterli olmaqla iki səlahiyyətli nümayəndə tərəfindən imzalanması həmin aktın hansı seçki məntəqəsinə və faktiki olaraq kimlərin müşahidəsinə əsaslanmasını müəyyən etməyə imkan vermədiyindən, eyni zamanda Seçki Məcəlləsinin müşahidənin aparılmasının prinsiplərinə dair 41-ci maddəsinin tələblərinin pozulması ilə müşayiət edildiyindən sübut kimi qiymətləndirilməsi mümkün olmamışdır.
Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə müəyyən edilir ki, prosessual baxımdan dairə seçki komissiyasının protokolu üzrə gəlinən nəticə qanunvericiliyin tələbinə uyğun olmadığından müraciət qismən təmin edilərək protokol üzrə gəlinən nəticə etibarsız hesab edilməli, mahiyyəti üzrə hissədə isə əsassız olduğundan təmin edilməməlidir.
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.6-cı, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 41-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2 ,4, 6 və 7-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası qərara alır:
1. Prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılının 14.10.2013-cü il tarixli 19 saylı müraciəti qismən təmin edilsin.
2. 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının şikayətçi Salayev Mübariz Ağasala oğlunun müraciəti əsasında 12 oktyabr 2013-cü il tarixli, 2 saylı protokolu üzrə gəlinən nəticə qərarın tərtibi ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olmadığından etibarsız hesab edilsin.
3. Müraciət 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan təmin edilməsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16.10.2013
Azərbaycan.-2013.-
18 oktyabr.- S.14.