Azərbaycan - tolerant və demokratik müsəlman ölkəsi
Oktyabrın 15-də ABŞ-ın nüfuzlu, Vaşinqtonun siyasi dairələrində
populyar olan "The
Hill" qəzeti "Caspian Group
Holdings" şirkətinin prezidenti, politoloq Rob Sobhaninin "Azərbaycan
- tolerant və demokratik
müsəlman ölkəsi"
sərlövhəli məqaləsini
dərc etmişdir.
Müəllif yazır ki, oktyabrın 9-da Azərbaycanda
keçirilmiş prezident
seçkiləri "Qərb
müşahidəçilərinin tanış tənqidinə"
tuş gəlmişdir,
lakin eyni zamanda, ABŞ-ın siyasi tədqiqatçısı
Artur Finkelstaynın səs verdikdən sonra məntəqələri
tərk edən seçicilər arasında
apardığı sorğuya
əsasən, Prezident
İlham Əliyev səslərin 82,7 faizini qazanmışdır. Prezident
İlham Əliyevin rəhbərliyi
zamanı Azərbaycanın
qazandığı uğurları
təhlil edən R.Sobhani bildirir ki, ümumi daxili məhsulun artımı ildə orta hesabla 10 faiz təşkil etmişdir ki, bu da sabit
iqtisadi artım və iş yerlərinin yaradılması
üçün stimul
olmuşdur.
Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin rəhbərliyi
dövründə Azərbaycanın
əldə etdiyi uğurlar arasında dini tolerantlıq ənənələrinin qorunub
saxlanması xüsusi
yer tutmuşdur. Hökumət Bakıda iri sinaqoqların tikintisi üçün resurslar ayırmışdır. Müəllifin fikrincə, Azərbaycan xalqı İlham Əliyevə həm də ona görə
səs vermişdir ki, o, Vaşinqton ilə və beynəlxalq arenadakı digər iri siyasi oyunçularla yaxşı əlaqələr
saxlayır. Bakı və
Vaşinqton üçün
nailiyyətlərdən və
məqsədlərdən biri
Xəzər dənizindən
enerji resurslarının
Avropa bazarlarına və daha uzağa
fasiləsiz ötürülməsidir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iri beynəlxalq tədbirlərin
keçirilməsi ilə
Azərbaycanın mədəniyyətini,
musiqisini, tarixini və irsini uğurla təbliğ edirlər. R.Sobhani yazır ki, Prezident İlham Əliyev növbəti rəhbərliyi müddətində
həlli vacib olan iki əsas
vəzifə müəyyənləşdirmişdir:
korrupsiya ilə mübarizə və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması.
Sonda
R.Sobhani Prezident Barak Obamanı Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması prosesinin təməlinin
qoyulması üçün Prezident İlham Əliyevi
Vaşinqtona dəvət etməyə
çağırmışdır. Müəllif
onu da qeyd
etmişdir ki, Prezident İlham Əliyevin yenidən dövlət
başçısı seçilməsi Xəzər dənizindən
neft və qazın Qərb bazarlarına
ixracında Azərbaycanın etibarlı tərəfdaş kimi uzunmüddətli
rolunu təmin edir, eləcə
də müsəlman dünyası üçün
dövlətin yüksək səviyyədə idarə olunmasının
nümunəsidir.
Azərbaycan.-2013.- 18 oktyabr.- S.13.