Bakının Xətai rayonundakı 1
nömrəli çörək zavodu
istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev
açılışda iştirak etmişdir
Oktyabrın 18-də Bakının Xətai rayonu ərazisində "Gilan Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 nömrəli çörək zavodunun açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla və böyük uğurla davam etdirilməsi nəticəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf etmişdir. İqtisadiyyatın neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunmuşdur. Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş siyasəti nəticəsində hazırda ölkəmiz bir çox sahələrdə daxili tələbatın təmin edilməsi istiqamətində böyük uğurlar əldə etmişdir. Bu gün ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsullarına olan tələbatın 95 faizini Azərbaycan özü ödəyir.
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin taxıla olan tələbatını da tam yerli istehsal hesabına ödəmək vəzifəsini qarşıya qoymuşdur. Bu vəzifəyə uyğun olaraq taxılçılığın inkişaf etdirilməsi üçün böyük fermer təsərrüfatlarının yaradılması istiqamətində mühüm işlər görülür. Beynəlxalq mütəxəssislərin fikrincə, Azərbaycanda ərzaq təhlükəsizliyi göstəriciləri ötən 10 ildə xeyli yaxşılaşmışdır. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.
Qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət göstərən Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində sahibkarlıq subyektlərinin fəaliyyətinə böyük önəm verir. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri kimi məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi əsas götürülür. Dövlət tərəfindən ayrılan kreditlər və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də sahibkarlığın inkişafına çox böyük dəstəkdir.
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsasında insan amili dayanır. Bu siyasətə uyğun olaraq əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatına xüsusi önəm verilir. Heç şübhəsiz ki, bu istiqamətdə keyfiyyətli çörək və çörək məmulatı istehsalı ən əhəmiyyətli sahələrdəndir. Son illərdə ölkəmizdə digər sahələrdə olduğu kimi, çörəkbişirmə sənayesinin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu sahədə ən müasir texnologiya və avadanlıq tətbiq edilir. Müasir və qabaqcıl texnologiyaların tətbiqi çörəkbişirmə sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətin, çoxçeşidliliyin təmin olunmasına imkan yaradır. Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 108,2 milyon manat, gündəlik istehsal gücü 721 ton olan 25 çörək zavodunun tikintisinə, ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 38,1 milyon manat güzəştli kredit verilmişdir. Türkiyə, Almaniya, Çex Respublikası və digər ölkələrin müasir texnologiya və avadanlığı əsasında qurulmuş gündəlik istehsal gücü 638 tonadək olan 18 çörək zavodu artıq istifadəyə verilmişdir. Bu yaxınlarda Bakı və Sumqayıt şəhərlərində ən müasir texnologiyaların tətbiqinə əsaslanan belə iri çörək zavodlarının fəaliyyətə başlaması bu şəhərlərdə istehlakçıların 70-75 faizini yüksək keyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məmulatları ilə təmin etməyə imkan yaratmışdır.
Yeni istifadəyə verilən 1 nömrəli çörək zavodu ilə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən, ən müasir standartlar səviyyəsində qurulan müəssisənin ümumi sahəsi üç hektara yaxındır. Ümumi dəyəri 48,7 milyon manat olan layihənin həyata keçirilməsinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılmışdır. Zavodun tikintisinə 2012-ci ildə başlanmışdır. İnşaat işləri yüksək səviyyədə başa çatdırılmışdır.
Prezident İlham Əliyev çörək zavodunu işə saldı.
Respublika əhəmiyyətli belə böyük obyektlərin istifadəyə verilməsi ilk növbədə, vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində atılan vacib addımlardandır. Bu zavodun yaradılması həm də ölkədə özəl sektorun inkişafına göstərilən qayğının əyani təsdiqidir. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın ən son texnologiyası əsasında qurulmuşdur.
Bildirildi ki, müəssisədə beş çörək istehsalı xətti, qablaşdırma xətləri, xammalın daşınması və avtomatik bölgüsü olan anbar sistemləri quraşdırılmışdır. Burada 50-dək çeşiddə çörək və çörək-bulka məmulatı istehsal olunur. Gələcəkdə məhsul növlərinin artırılması planlaşdırılır. Gündəlik məhsul buraxılışı gücü 168 ton olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılmışdır. Xüsusi nəqliyyat vasitələri ilə un zavoda gətirilərək burada quraşdırılan və hər birinin tutumu 40 ton olan 7 anbara boşaldılır. Un metal detektorlardan keçdikdən sonra çəki stansiyalarına ötürülür. Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılmışdır. Reseptlərə uyğun olaraq tərkiblər xəmir çənlərinə avtomatik tökülür və mikserlə yoğurulur. Zavoddakı bütün xəmir çənləri çiplərlə təchiz olunmuşdur. Bu da işin rahat aparılmasına kömək edir. İstehsalda çəkiyə avtomatik nəzarət qaydaları tətbiq olunmuşdur. Çörəyin növündən asılı olaraq acıtma müddəti, temperatur və rütubət avtomatik müəyyən olunur. Hər növ çörəyin göstəriciləri fərqlidir. Bişirmə prosesi yüksək keyfiyyətli Avropa standartlarına uyğun sobalarda həyata keçirilir. Çörəyin bişmə prosesini sobanın üzərində yerləşən xüsusi pəncərələrdən izləmək olur. Hər bir sobanın çıxışı videosayğacla təchiz olunmuşdur. Çörək bişdikdən sonra soyutma mərhələsinə keçir. Zavodda istehsal olunan çörəklər növündən asılı olaraq, burada quraşdırılan xüsusi soyutma xətti vasitəsilə 60-180 dəqiqə ərzində soyudularaq bütöv və ya doğranmış formada qablaşdırılır. Bu da məhsulun istifadə müddətini 48 saatadək artırır. Qablaşdırılan məhsullar qutulara yığılaraq satış anbarına ötürülür. İstifadə olunan qutular avtomatik yuyularaq qurudulur və yenidən istehsal xəttinə yönəldilir.
Diqqətə çatdırıldı ki, istehsal prosesində istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirilir. Su, un, duz, şəkər, maya və digər xammal zavodda quraşdırılan xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsala buraxılır. Həmçinin istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur. Bütün bunlar da sanitar-gigiyenik normalara əməl olunmaqla yüksək keyfiyyət standartlarına cavab verən çörək və çörək-bulka məmulatlarının istehsalına şərait yaradır.
Qeyd olundu ki, çörəkbişirmə xətlərində tətbiq edilən elektron müşahidə və keyfiyyətə nəzarət sistemi istehsalın müxtəlif mərhələlərində standartlara uyğun gəlməyən çörəyin müəyyən edilməsinə və xətdən dərhal çıxarılmasına imkan verir. İstehsal olunan bütün məhsullar qablaşdırıldıqdan sonra üzərində istehsal tarixi, istifadə müddəti və istehsal olunan partiya nömrəsi qeyd edilir. Buradakı müasir texnologiyanın tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərinin aşağı olmasına səbəb olur.
Prezident İlham Əliyev "Gilan Holdinq"in müəssisələrində istehsal olunan məhsulların və 1 nömrəli zavodda hazırlanan çörək və çörək-bulka məmulatlarının nümunələrinə baxdı.
Qeyd olundu ki, müəssisənin məhsulları "nömrə 1" brendi altında satışa çıxarılacaqdır. Zavodun müasir texnologiyalar əsasında yaradılması və istehsal prosesinin müvafiq normalara uyğun aparılması ərzaq təhlükəsizliyinin və əhalinin yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsulları ilə təmin edilməsinə şərait yaradır. Zavodda istehsal olunan məhsulların Bakı şəhəri və ətraf qəsəbələrdən olan istehlakçılara çatdırılması üçün hər biri üç tonluq 30 xüsusi nəqliyyat vasitəsi alınmışdır. Burada inşa olunan inzibati bina, yeməkxana və digər yardımçı binalarda işçilər üçün hər cür şərait yaradılmışdır. Zavodda üçnövbəli iş rejimi tətbiq edilməklə, ümumilikdə 420-dək yeni iş yeri yaradılmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 19 oktyabr.- S. 1.