Dünyanın ən nüfuzlu beyin mərkəzləri Prezident İlham Əliyevi Azərbaycanda xalqın yeganə inam və etimad ünvanı olduğunu bəyan edirlər

 

Qərəzli mövqelər Azərbaycan həqiqətlərinə kölgə sala bilməyəcək

 

 

Regional siyasi-iqtisadi vəziyyətin təhlili baxımından qardaş Türkiyənin Orta Doğu Strateji Araşdırmalar Mərkəzinin

(ORSAM) "Azərbaycanda prezident seçkiləri: gözləntilər və reallıqlar" mövzusunda professor Nəsrin Sarıəhmədoğlunun hazırladığı hesabat da mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır. Azərbaycanda prezident seçkiləri ərəfəsində

ORSAM-ın internet səhifəsində yayılan materialda iqtidar partiyasının və müxalif düşərgənin məram və seçki strategiyaları təhlil olunmuş, prezident seçkilərinin mümkün nəticələri barədə proqnozlar verilmiş, həmin ümumxalq aksiyası ərəfəsində Azərbaycanın əsas xarici güc mərkəzləri ilə əlaqələrindən bəhs edilmişdir.

 

 

Türkiyənin Orta Doğu Strateji Araşdırmalar Mərkəzi: "Azərbaycandakı real siyasətdə müxalifət yoxdur"

 

 

Azərbaycanın regionda əsas söz sahibi olmasına, qlobal güclərlə münasibətlərinə toxunan N.Sarıəhmədoğlu İlham Əliyevin prezidentliyi dövründə balanslaşdırılmış siyasətin Azərbaycanın xarici siyasətində aparıcı prinsiplərindən biri olduğunu qeyd edir. Vurğulanır ki, bu dövrdə Türkiyə-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoymuş, hər iki ölkə strateji əhəmiyyət daşıyan məsələlərdə bir-birini daim dəstəkləmişlər. Hesabatda qeyd edilir ki, prezident seçkiləri yaxınlaşdıqca, ölkənin siyasi həyatında xüsusi fəallıq müşahidə edilməkdədir. Seçkidə iştirak edən siyasi qüvvələr hakimiyyətə gələcəkləri təqdirdə həyata keçirəcəkləri dəyişikliklər barədə proqramlarını açıqlayır və vədlər verirlər. Məsələn, "Yeni Azərbaycan Partiyasından olan namizəd hazırkı dövlət başçısı İlham Əliyev seçkilərə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə gedir. İqtidar qarşıdakı illər ərzində sürətli iqtisadi inkişafın davam etdiriləcəyini, ümumdaxili məhsulun bir neçə dəfə artacağını və adambaşına düşən milli gəlirin on min ABŞ dolları həddini keçəcəyini vəd edir. Əhalinin müxtəlif təbəqələrinin gəlirləri arasında fərqlərin azaldılacağı, iqtisadiyyatda qeyri-neft sektorunun inkişaf etdiriləcəyi qeyd edilir".

Sənəddə göstərilir ki, müxalifət düşərgəsinin seçkilərdə öz namizədini irəli sürməsi kifayət qədər problemli olay kimi yadda qalmışdır. Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası "İctimai Palata" adlandırılan təşkilat ətrafında birləşsələr də, vahid namizədin irəli sürülməsi məsələsində onlar arasında ciddi narazılıq yaranmışdır. Eldar Namazov müxalifət düşərgəsini "EL" hərəkatında birləşdirməyə çalışsa da, məhz Müsavat Partiyasının və AXCP-nin sərt müqaviməti nəticəsində buna nail ola bilməmişdir. Daha sonra növbəti birlik modeli kimi meydana çıxmış "Milli Şura"nın Rüstəm İbrahimbəyovu vahid namizəd elan etməsinə baxmayaraq, Müsavat Partiyası onu və E.Namazovu kəskin şəkildə tənqid atəşinə tutmuş, üstəlik, AXCP-ni və onun lideri Əli Kərimlini "saxta müxalifətçilikdə" ittiham etmişdir.

Sonradan R.İbrahimbəyovun Rusiya Federasiyası vətəndaşı olması, Azərbaycana dönmək istəməməsi və Dağlıq Qarabağla bağlı anlaşılmaz bəyanatlar verməsi birmənalı qarşılanmamış, ona ictimaiyyət arasında "milli maraqlardan uzaq düşmüş namizəd" imici qazandırmış, son nəticədə müxalifət arasında növbəti fikir ayrılığı yaratmışdır. Daha sonra kompromis variant olaraq Cəmil Həsənlinin namizədliyi "Milli Şura"da təsdiqlənmişdir. Beləliklə, müxalifət düşərgəsinin qarşılıqlı narazılıqlarını və ittihamlarını nəzərə alan müəllif "İctimai Palata"nı fəaliyyətsiz quruma çevirən Müsavat-AXCP qarşıdurmasını "Milli Şura"nın da dağılmasına aparan yol kimi dəyərləndirmişdir.

Belə ki, Nəsrin Sarıəhmədoğlu sənədin "Müxalifət və iqtidar arasındakı qüvvələr balansı və gələcək beş il" adlanan bölməsində Azərbaycan müxalifətinin daxilində gedən prosesləri onun geriləmə səbəblərini ətraflı təhlil etməklə yanaşı, qarşıdakı prezident seçkilərində onların qələbə şanslarının son dərəcə aşağı olmasını bildirmişdir. Qeyd edir ki, bu gün müxalifət düşərgəsini təmsil edən hər hansı bir partiyanın təkbaşına hakimiyyətə gəlmək potensialı yoxdur və ötən iyirmi il ərzində birləşmək və güc toplamaq istiqamətində nəzərə çarpan fəaliyyətləri də olmamışdı: "Uzun illərdir ki, müxalifətin öndə gedən rəhbərləri - İsa Qəmbər və Əli Kərimli arasındakı fikir ayrılıqları "Milli Şura"nın nüfuzunu aşağı salmaqdadır".

 Hesabatın "Seçkinin faqositi İlham Əliyevdir" başlıqlı hissəsində seçkilər ərəfəsində keçirilmiş rəy sorğularının nəticələrini təhlil edən N.Sarıəhmədoğlu hazırkı dövlət başçısı İlham Əliyevin prezidentliyə ən şanslı namizəd olduğunu diqqətə çatdırır: "İlham Əliyevin xalqın geniş dəstəyini qazandığı bir dövrdə "Milli Şura"da baş verməkdə olan proseslər müxalifət daxilində ciddi anlaşılmazlıqlar olduğunu göstərir. Bu, hər şeydən əvvəl, ideoloji anlaşılmazlıqdan, çoxlu maraqların toqquşmasından, müxalifətin xalq arasında dəstəyinin olmamasından irəli gəlir. Siyasətin ictimai düşüncəyə təsir etmək, insanların etibarını və dəstəyini qazanmaq olduğunu nəzərə alsaq, Azərbaycandakı real siyasətdə müxalifət yoxdur".

 

 Vaşinqtondakı "İkinci müdafiə xətti" Araşdırma Mərkəzi:"Azərbaycan digər müsəlman ölkələri üçün örnəkdir"

 

 

 

Vaşinqtondakı Hudson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzi dünyanın aparıcı beyin mərkəzlərindən biri kimi tanınmaqdadır. İnstitutun direktoru Riçard Veytsin "Azərbaycanın regional rolu. İran və digər bölgələr" mövzusunda apardığı hesabat xarakterli tədqiqatların nəticələri bu ilin ortalarında beynəlxalq hərbi təhlükəsizlik üzrə ixtisaslaşdırılmış "İkinci müdafiə xətti" Araşdırma Mərkəzi tərəfindən yayılmışdır.

R.Veyts hesabatında qeyd edir ki, SSRİ-nin süqutundan az sonra ABŞ-ın yaxın müttəfiqlərindən olan Azərbaycan Respublikasının geosiyasi əhəmiyyəti artmış, bu ölkə digər müsəlman ölkələri üçün dini və etnik müxtəliflik məsələlərinin uğurlu həlli nümunəsi kimi mühüm rol oynamaqdadır. Belə ki, "Özünün dünyəvi siyasəti və müxtəlif dinlərə və xalqlara pozitiv münasibəti ilə seçilən Azərbaycan olduqca səmərəli "yumşaq güc" imkanlarına yiyələnmiş, onun təcrübəsi isə digər müsəlman ölkələri üçün örnək olmuşdur".

Azərbaycanda dinin siyasətdə və cəmiyyətdə oynadığı rola toxunan müəllif bu ölkənin dünyəvi dövlət prinsiplərinə sadiq qalmasını təqdir edərək ölkədə bütün dini icmaların azad şəkildə öz ibadətləri üçün hərtərəfli şəraitin yaradılmasını xüsusi qeyd edir: "Azərbaycanda əsrlər boyu müxtəlif dinlərin və xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşamış və onlara qarşı münasibət daim fundamental bəşəri prinsiplərə və mənəvi-əxlaqi dəyərlərə əsaslanmışdır".

R.Veyts onu da vurğulayır ki, Azərbaycan qonşu İran dövləti ilə tarixi və mədəni əlaqələrə malik olsa da, rəsmi Bakı Tehranla normal münasibətlərin formalaşması üçün səylər göstərsə də, İİR bu ölkənin milli və dünyəvi siyasətinə mənfi münasibətini gizlətmir. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində İran normal olaraq özünün müsəlman qonşusuna deyil, məhz xristian Ermənistanına güclü dəstək vermişdir. Təhlilçi qeyd edir ki, Azərbaycan ABŞ-ın enerji strategiyasında və geosiyasi maraqlarında mühüm rol oynamaqdadır. Xəzər hövzəsi və Mərkəzi Asiyanın enerji resurslarının Avropa bazarlarına çıxarılması zamanı alternativ marşrut ölkəsi olan Azərbaycan enerji bazarlarında Rusiya və İran kimi ölkələrin öz ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə imkanlarını xeyli azaldır. Bundan əlavə, Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən strateji məqsədlər naminə məharətlə istifadə edərək, bir sıra qlobal layihələrin təşəbbüsçüsü və icraçısı olmuş, Qərblə Şərqi, Şimal ilə Cənubu bir-birinə iqtisadi və siyasi tellərlə bağlayan məkana çevrilmişdir. Azərbaycan bu nailiyyətlərə özünün xüsusi düşünülmüş və praqmatik siyasəti sayəsində nail olmuşdur. Maraqlı məqamlardan biri də budur ki, R.Veyts Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını pisləməklə yanaşı, ABŞ rəhbərliyinə Azərbaycanla bağlı siyasətində qəti mövqe tutmağı və ona dəstək verməyi tövsiyə etmişdir.

 

 

Berlin Azad Universitetinin Xəzər Regionu Araşdırmaları Mərkəzi: "Azərbaycan regionun ən güclü və inkişaf etmiş dövlətidir"

 

 

Berlin Azad Universitetinin Xəzər Regionu Araşdırmaları Mərkəzi də Cənubi Qafqaz dövlətlərinin son on ildə keçdiyi inkişaf yolundan bəhs edən hesabat hazırlamışdır. Mərkəzin eksperti, politoloq Mattias Dornfeldin Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi və ictimai-siyasi inkişafını müqayisə edən təhlili materialı bu il oktyabr ayının 2-də Almaniyanın nüfuzlu "Qlobal Diplomatiya" analitik portalında yayılmışdır.

M.Dornfeld vurğulayır ki, Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisinin və ona bitişik rayonların Ermənistan tərəfindən zəbt edilməsi nəticəsində işğalçı dövlət regional layihələrdən və inteqrasiya prosesindən kənarda qalmış, Cənubi Qafqazın ən kasıb ölkəsinə çevrilmişdir. Azərbaycana gəldikdə isə "Bu ölkə zəngin enerji ehtiyatları, xarici siyasət strategiyası, hökumətin planlı şəkildə həyata keçirdiyi iqtisadi islahatlar sayəsində regionun ən güclü və inkişaf etmiş dövləti olmuşdur. Halbuki SSRİ-nin süqutundan sonra ölkə daxilində baş vermiş siyasi böhran və Dağlıq Qarabağ ətrafında müharibə ilk vaxtlar Azərbaycanı Cənubi Qafqazın ən geridə qalan ölkəsinə çevirmişdir".

Müəllif sonra əlavə edir ki, Prezident İlham Əliyev düşünülmüş xarici siyasət nəticəsində müxtəlif dövlətlərin regiondakı maraqlarını Azərbaycanın mənafelərinin təminatına yönəltməyi bacarmış, ölkənin beynəlxalq əlaqələrini, enerji ixracı və nəqliyyat şəbəkəsini inkişaf etdirmiş və bununla da Rusiyanın bu sahədə inhisarçılığına son qoymuşdur. TAP və TANAP kimi layihələrin də reallaşdırılmasından sonra ilk dəfə olaraq Azərbaycan qazının əhəmiyyətli hissəsi Avropanın daxili bazarına çıxarılacaqdır. Eyni zamanda, ölkənin güclü iqtisadi təməli siyasi stabitliyin təmin olunmasını və xarici siyasət prioritetlərinin həyata keçirilməsini şərtləndirməkdədir. Cənubi Qafqazda daxili məhsuldan gələn ümumi gəlirin 80 faizi Azərbaycanın payına düşür. Zəngin təbii sərvəti və iqtisadiyyatın digər sahələrindəki potensialı ilə Azərbaycan regional iqtisadi mərkəzdir. Bu ölkə Gürcüstana ən çox kredit ayıran və investisiya qoyan dövlətdir. Belə ki, Azərbaycanın Gürcüstana qoyduğu yatırım bütövlükdə üç milyard ABŞ dolları təşkil edir.

M.Dornfeld yazır: "Azərbaycan öz gələcəyini Gömrük İttifaqına və yaranmaqda olan Avrasiya İttifaqına bağlamır. Avropa İttifaqı perspektivi də onun üçün cəlbedici görünmür. Ermənistan və Gürcüstandan fərqli olaraq, öz təbii ehtiyatlarına güvənən Azərbaycan Brüsseldən gələn maliyyə transferindən də qətiyyən asılı deyildir". Berlinli ekspertin hesabatında Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin son on ildə davamlı səkildə inkişaf etdiyi və alman şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti də vurğulanmışdır.

 

 

İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu: "İlham Əliyevin qələbəsi ilə siyasi sistemin sabitliyi təmin ediləcək və bu vəziyyət qarşıdakı on il müddətində də davam edərək ölkə iqtisadiyyatına yeni sərmayələr üçün əlverişli şərait yaradacaqdır"

 

 

 Cənubi Qafqazda son on il ərzində baş vermiş proseslər İtaliyanın ən nüfuzlu beyin mərkəzi sayılan Milan şəhərindəki Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun da diqqətindən kənarda qalmamışdır. İnstitutun sentyabr ayında yaydığı "Hərəkətdə olan on il. Cənubi Qafqaz 2003-2013-cü illərdə" adlı hesabatda ötən müddət ərzində Azərbaycan, Ermənistan və Gürcüstanda son on ildə baş vermiş siyasi proseslər və iqtisadi vəziyyəti təhlil olunmuş, regional təhlükəsizliyə qarşı yönəldilən təhdidlər araşdırılmış və qarşıdakı onillik üçün proqnozlar verilmişdir.

İnstitutun eksperti Matteo Verdanın hazırladığı sənədə əsasən, son onillik ərzində Cənubi Qafqaz ölkələri üçün ən önəmli təhlükəsizlik təhdidləri davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsidir. Münaqişə iştirakçısı olan tərəflərin arasında vasitəçilik etmək üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmış, lakin bu təşkilatın fəaliyyəti səmərəsiz olmuşdur. Mövcud status-kvonun davam etməsi dünya birliyi tərəfindən tənqid olunsa da, münaqişənin həllinə vasitəçi kimi cəlb edilmiş dövlətlər status-kvonun dəyişdirilməsi istiqamətində siyasi iradə nümayiş etdirə bilməmişlər. O da qeyd olunur ki, "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan yeganə Cənubi Qafqaz dövləti kimi Rusiyanın regionda təsir imkanlarının qorunub saxlanmasında önəmli rol oynamaqdadır. Onun Rusiya tərəfindən dəstəklənməsi və bu ölkənin hərbi bazasına ev sahibliyi etməsi hazırkı mürəkkəb geosiyasi vəziyyətdə Ermənistana yardımçı olsa da, bu ölkənin müstəqilliyini kəskin şəkildə məhdudlaşdırmışdır. Ermənistan hökuməti, əslində, bütün önəmli xarici siyasət və təhlükəsizlik sahəsindəki qərarlarını rəsmi Moskva ilə razılaşdırmalıdır. Bu isə iki dövlət arasında qeyri-bərabər münasibətlərin mahiyyətini ortaya qoyur".

 Ekspert vurğulayır ki, əvvəlki dövrlərdə olduğu kimi, son onillikdə də Azərbaycan üçün ən önəmli təhlükəsizlik məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin həllinin uzanması Azərbaycanı öz hərbi qüdrətini artırmağa vadar etmiş, hərbi məqsədlərə ümumilikdə 15 milyard ABŞ dollarından çox vəsait xərcləmişdir. Belə ki, 2011-ci ildə Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən çox olmuşdur. İtaliyalı təhlilçi Ermənistanın çətin iqtisadi vəziyyəti və regional izolyasiyada qalması onun Rusiya ilə xüsusi münasibətlərə həddindən artıq önəm verməsinə gətirib çıxarmışdır. Belə ki, Rusiyada iqtisadi çətinliklərin yaranacağı təqdirdə, Ermənistanın çox çətin vəziyyətə düşəcəyi labüddür. Matteo Verda bildirir: "Əgər Azərbaycan sürətlə inkişaf edərək ikirəqəmli illik iqtisadi artım sürətinə nail olubsa, Gürcüstan və Ermənistanda bu proses çox zəif getmişdir. 2009-cu il maliyyə böhranı zamanı Ermənistan və Gürcüstan iqtisadi geriləmə yaşasa da, Azərbaycan pozitiv inkişaf tempini qoruyub saxlamışdır".

 Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun eksperti 2013-cü ilin hər üç Cənubi Qafqaz ölkəsində seçki ili olduğu üçün xüsusi önəm daşıdığını da vurğulamışdır. Ermənistanda prezident seçkilərinin bu ilin fevral ayında keçirildiyini, Azərbaycan və Gürcüstandakı seçkilərin isə oktyabr ayında baş tutacağını qeyd edən Matteo Verda səsvermənin mümkün nəticələrinə toxunaraq bu qənaətə gəlmişdir: "Azərbaycanda keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin qələbə qazanması ehtimalı çox yüksəkdir. İlham Əliyevin 2013-cü il oktyabr seçkilərində gözlənilən qələbəsi ilə siyasi sistemin sabitliyi təmin ediləcək və bu vəziyyət qarşıdakı on il müddətində də davam edərək ölkə iqtisadiyyatına yeni sərmayələr üçün əlverişli şərait yaradacaqdır".

İtaliyalı mütəxəssis prezident seçkilərindən sonra Cənubi Qafqazda ən mürəkkəb vəziyyətin Ermənistanda yaranacağını proqnozlaşdırır. O, ağır iqtisadi və maliyyə böhranının Dağlıq Qarabağ ətrafında münaqişənin Ermənistan üçün yaratdığı çətinliklərin ölkənin siyasi sisteminə ciddi mənfi təsirlər göstərəcəyinə əmindir.

 Bununla belə, son on il Azərbaycanda daxili proseslərdə sabitliyin əldə olunması və sürətli inkişaf mərhələləri ilə yadda qalmışdır. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədəki xaosa son qoymuş, dövlət quruculuğu prosesinə başlamışdır. Daha sonra İlham Əliyev prezident seçkilərində qələbə qazanmışdır. Bu illər ərzində müxalifət partiyaları seçkilərin nəticələrinə etiraz etsələr də, heç bir ortaq strategiya ilə çıxış edə bilməmiş və Yeni Azərbaycan Partiyasına ciddi rəqib olmamışlar: "Müxalifət partiyalarının marginallaşması davam etmiş, parçalanaraq daha çox bir-birilərinə qarşı mübarizə aparmaqla məşğul olmuşdurlar. Müxalifətin 2013-cü il prezident seçkilərində ilk namizədi olmuş Rüstəm İbrahimbəyov ikili vətəndaşlığına görə prosesdə iştirak edə bilməmiş, onu əvəzləyən Cəmil Həsənlinin isə yuxarıda sadalanan səbəblər üzündən qalib gəlmək şansı yoxdur".

Ekspert İlham Əliyevin qələbə şanslarını Azərbaycanda sosial, iqtisadiyyat sahələrində aparılmış uğurlu islahatlar, ölkənin sürətli inkişaf tempi və cəmiyyət arasında artan şəxsi nüfuzu ilə əlaqələndirir.

 

 

 

Vaşinqtondakı

Amerika Universitetinin

Qara və Xəzər dənizi

Araşdırmaları Mərkəzi:

 

"Azərbaycan

Cənubi Qafqazın dominant

iqtisadi gücüdür"

 

 

 2013-cü il oktyabr ayının 2-də Vaşinqtondakı Amerika Universitetinin professoru və həmin universitetin nəzdində fəaliyyət göstərən Qara və Xəzər dənizi Araşdırmaları Mərkəzinin direktoru Mamuka Tseretelinin yaydığı "Azərbaycan və Gürcüstan: Qeyri-sabit bölgədə sabitlik naminə əməkdaşlıq" adlı hesabatı da regional siyasi, iqtisadi proseslərin təhlili baxımından maraq doğurur. Həmin hesabat nüfuzlu Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək yolu Araşdırmaları Proqramının dəstəyi ilə hazırlanmışdır.

Sənəddə bildirilir ki, strateji müttəfiqlər olan Azərbaycan və Gürcüstan təkcə ortaq sərhədlərə deyil, həmçinin birgəyaşayış ənənələrinə də malikdirlər. Regionun təhlükəsizliyi və gələcək inkişafı üçün ən ciddi təhdid isə Ermənistan və Azərbaycan arasında həll edilməmiş hərbi münaqişədir. Regiondakı üç separatçı bölgə - Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ rejiminin əraziləri BMT və digər beynəlxalq qurumlar tərəfindən Azərbaycan və Gürcüstanın ayrılmaz tərkib hissəsi kimi tanınmışdır. Həm Azərbaycan, həm də Gürcüstan Türkiyə ilə strateji münasibətlərə malikdirlər. Azərbaycan ərazisində Rusiya qoşunları olmasa da, Gürcüstanın işğal edilmiş Abxaziya və Osetiya ərazilərində 2008-ci il müharibəsindən sonra rus qoşunları mövcuddur. Eyni zamanda, Ermənistan könüllü şəkildə öz ərazisində Rusiya hərbi bazalarına yer vermiş və bu amildən öz təhlükəsizliyinin təminatı və qonşu dövlətlərə hədələyici vasitə kimi istifadə etməyə çalışır. Ermənistan silahlı birləşmələri hazırda Dağlıq Qarabağı və onun ətrafında yeddi rayonu işğal altında saxlayırlar. Qərbmeyilli siyasət yeridən Gürcüstan və Azərbaycan, o cümlədən Moldova mərkəzi hakimiyyətə tabe olmayan bölgələrə malik olduqları halda, Rusiyameyilli siyasət yürüdən Ermənistanın belə problemləri yoxdur.

Müəllifə görə, Azərbaycan və Gürcüstan Qara dənizi Xəzər dənizi ilə, Transatlantik məkanı Böyük Mərkəzi Asiya və onun zəngin resursları ilə birləşdirən bəndin strateji həlqələridir. Bu strateji bənd fəal şəkildə fəaliyyətdədir, ticarət və hərbi yüklərin bölgəyə və bölgədən quru, hava, dəniz limanları, dəmir və avtomobil yolları ilə daşınmasına imkan verir. İstər Azərbaycanın, istərsə də Gürcüstanın, tranzit roluna Avropanın iqtisadi və təhlükəsizlik məkanına inteqrasiya vasitəsi kimi yanaşılır: "Azərbaycan özünün zəngin hidrokarbon ehtiyatlarından istifadə edərək böyük beynəlxalq layihələrə imza atmışdır. Bu layihələr nəticəsində Azərbaycan əsas neft ixrac edən ölkələrdən birinə çevrilmiş və yaxın gələcəkdə bu ölkənin hasil etdiyi qaz birbaşa Avropa bazarlarına çıxarılacaqdır. Bütün bunlar Azərbaycana Cənubi Qafqazın dominant iqtisadi gücünə çevrilməsinə imkan vermişdir".

Hesabatda qeyd edilir ki, yenidən müstəqillik əldə etdikdən sonra iki ölkə arasında fəal ikitərəfli münasibətlər qurulmuş, müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən yüzdən artıq müqavilə imzalanmış, strateji əməkdaşlıq kimi xarakterizə ediləcək münasibətlər yaradılmışdır. Azərbaycan və Gürcüstan müstəqilliklərinin ilk illərində dağıdıcı iqtisadi və sosial nəticələrə gətirən münaqişələrlə üzləşmişdilər. Çox ağır ilk müstəqillik illərindən sonra Azərbaycan və Gürcüstanda böyük dövlətçilik və idarəçilik təcrübələrinə malik liderlər - Azərbaycanda Heydər Əliyev, Gürcüstanda Eduard Şevardnadze hakimiyyətə gəlmişlər. Öz ölkələrinin müstəqilliklərini və suverenliyini gücləndirmək arzuları iki lideri qarşılıqlı münasibətləri daha da dərinləşdirməyə sövq edən ən mühüm amil idi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan ekspert bildirir ki, məhz Rusiyanın birbaşa siyasi və hərbi yardımı ilə Ermənistan Azərbaycanla münaqişədə hərbi uğurlar əldə etmişdir. Müəllifə görə, Minsk qrupu çərçivəsində bütün fəaliyyətlərə baxmayaraq, Rusiya, əslində, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyildir. Belə ki, bu münaqişə Rusiya üçün bölgədə özünün hərbi, siyasi və iqtisadi varlığının davam etdirilməsi üçün vasitədir. 1994-cü ildə atəşkəs əldə olunduqdan sonra Azərbaycan Rusiya ilə açıq qarşıdurmalardan yayınaraq diqqətini və resurslarını iqtisadi inkişafa yönəltmişdir. Zaman göstərdi ki, bu, çox düzgün və praqmatik siyasət idi.

 

 

Fərhad MƏMMƏDOV,

Azərbaycan Respublikası Prezidenti yanında

 Strateji Araşdırmalar Mərkəzinin direktoru

Azərbaycan.-2013.- 19 oktyabr.- S.3.