Azərbaycanın energetika sistemi dünya
standartları səviyyəsində yenidən qurulur
"Bakıelektrikşəbəkə"
ASC paytaxtın və ətraf qəsəbələrin elektrik
enerjisi ilə təchizatının
yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər görür
Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf ölkə həyatının bütün sahələrində, o cümlədən elektrik enerjisi təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına əlverişli şərait yaratmışdır. Yaradılma tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan müstəqil Azərbaycanın energetika sistemi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda təsdiq olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır. "Bakıelektrikşəbəkə"nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxt və ətraf ərazilərin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülməyə başlanılmışdır. Bu sahədə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində paytaxtın dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchizatı təmin olunmuş, şəbəkədə itkilər minimuma endirilmiş, ötürücü güclər artırılmış, qəza açılmaları aradan qaldırılmışdır.
Bu sahənin inkişaf etdirilməsində ölkənin enerji sisteminin 10 illik dövr üçün inkişaf istiqamətlərini müəyyən edən "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" strateji sənəddir. Məhz həmin proqram çərçivəsində həyata keçirilən tədbirlər respublikanın yanacaq-enerji kompleksini bütünlüklə, o cümlədən Bakı şəhəri üzrə elektrik paylayıcı şəbəkənin dinamik inkişafının əsasını qoymuşdur.
Həmin Dövlət Proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramları enerji sisteminin yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsində çox mühüm stimul olmuşdur. Məhz həmin proqramların yerinə yetirilməsi bütün ölkədə olduğu kimi Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkişafına daha da təkan vermiş, xüsusən də yol təsərrüfatının və nəqliyyatın işinin yaxşılaşdırılmasına, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin yüksəlməsinə səbəb olmuşdur. Həmin proqramların tələblərinin yerinə yetirlməsi nəticəsində Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkşafına nail olunmuş və həmin proqramlar yol təsərrüfatının və kommunal xidmətlərin işinin yaxşılaşdırılmasına təkan vermişdir.
Qeyd olunan dövlət proqramlarının icrası ilə əlaqədar "Bakıelektrikşəbəkə" ASC tərəfindən paytaxt və ətraf qəsəbələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, abonentlərə yüksək səviyyəli xidmət göstərilməsi, elektrik şəbəkəsinin dünya standartlarına uyğun yenidən qurulması istiqamətində geniş miqyaslı yenidənqurma işləri həyata keçirilir.
Məqsədi
istehlakçıları fasiləsiz və keyfiyyətli
elektrik enerjisi ilə təmin etmək olan
"Bakıelektrikşəbəkə" ASC elektrik
enerjisinin təchizatı sahəsində
ixtisaslaşmış, zəngin təcrübəyə malik
bir müəssisə olmaqla uzun tarixi inkişaf yolu
keçmişdir. Təəssüf hissi ilə
qeyd olunmalıdır ki, müstəqilliyin əldə
olunduğu ilk illərdə, o cümlədən şəbəkənin
xarici sərmayədarın idarəçiliyinə verildiyi
dövrlərdə paytaxtın paylayıcı şəbəkəsinin
maddi-texniki bazasının yeniləşməsinə, şəbəkə
infrastrukturunun yenidənqurulmasına və genişləndirilməsinə
əsaslı vəsait yatırılmaması paytaxtın
elektrik şəbəkələrini ağır duruma
salmışdı.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yaranmış
vəziyyəti nəzərə alaraq şəbəkənin
fəaliyyətini yenidən qurmaq, istehlakçıların
elektrik enerjisi ilə təminatını
yaxşılaşdırmaq və enerji haqlarının
yığımında mövcud olan ağır vəziyyəti
aradan qaldırmaq məqsədi ilə "Bakıelektrikşəbəkə"
ASC-nin fəaliyyətinin yenidən bərpa edilməsinə
dair 10.08.2006-cı il tarixli sərəncam imzaladı.
Elektrik təchizatında yaranmış ağır böhranın aradan qaldırılmasına yönələn sərəncamdan irəli gələn vəzifələrin həlli məqsədi ilə "Bakıelektrikşəbəkə" ASC tərəfindən İnvestisiya Proqramı hazırlandı. Bununla da, şəhərin elektrik enerjisinə olan tələbatın tam təmin olunması üçün bütövlükdə paytaxtın elektrik şəbəkələrinin yenidən qurulması, yeni güc mərkəzlərinin yaradılması, yeni texnologiyaların tətbiqi yolu ilə şəbəkələrin modernləşdirilməsi və xidmət personalının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə ciddi kadr islahatlarının həyata keçirilməsi kimi irimiqyaslı tədbirləri əhatə edən işlərə başlandı.
Bu gün əminliklə demək olar ki, göstərilən dövlət qayğısı nəticəsində "Bakıelektrikşəbəkə" keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Görülən tədbirlər sayəsində paytaxtda dairəvi təchizat sistemi yaradılmış və bu sistemin tətbiq olunması paylayıcı və ötürücü şəbəkələrin dayanıqlığını artırmışdır. Bununla əlaqədar İnvestisiya Proqramında sistemə daxil olan 110 kV-luq yarımstansiyaların tikintisi prioritet yer tutur. Qeyd olunan sxem gələcəkdə paytaxtın elektrik enerjisinə olan tələbatın tam ödənilməsinə zəmanət verəcəkdir.
Sentyabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kV-luq 204 nömrəli yarımstansiyanın açılışında iştrak etmişdir. Yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Bu yarımstansiya Heydər Əliyev adına Neft Emalı Zavodunu və digər sənaye obyektlərini elektrik enerjisi ilə təchiz etmək üçün 1980-ci ildə inşa edilmişdi. Ötən müddət ərzində yarımstansiyadakı avadanlıq istismar müddətini başa vurmuşdu. Yarımstansiya müasir tələblərə cavab vermirdi. Son illər respublikada, o cümlədən Bakı şəhərində həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf, ətraf ərazilərdə inşa edilən gimnastika kompleksinin, olimpiya stadionunun, olimpiya şəhərciyinin, müxtəlif yol infrastrukturunun, Heydər Əliyev prospekti boyu inşa edilən yeni obyektlərin istifadəyə verilməsi dayanıqlı, fasiləsiz elektrik enerjisinə olan tələbatı artırmışdı. Bu məqsədlə 110/6 kV-luq köhnə yarımstansiyanın əvəzinə müasir, qapalı tipli 110/35/6 kV-luq yeni yarımstansiya tikilib istismara verilmişdir. Yuxarıda adı çəkilən obyektləri və çoxsaylı yaşayış binalarını elektrik enerjisi ilə təchiz etmək üçün 110/35/6 kV-luq 204 nömrəli yarımstansiyadan qidalanan 3 yeni 35/6 kV-luq "Koroğlu", 208 və 217 nömrəli yarımstansiyalar da inşa edilmişdir. Bu yarımstansiyalar qapalı tipli olmaqla, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizəsi sistemi quraşdırılmaqla SCADA sisteminə qoşulmuşdur.
Əgər əvvəllər
köhnə yarımstansiya açıq tipli paylayıcı
qurğusu və yardımçı binaları ilə birlikdə
5 min kvadratmetrdən artıq ərazini əhatə edirdisə,
əsaslı yenidənqurma işlərindən sonra yeni
qapalı tipli yarımstansiya 1800 kvadratmetrdən artıq ərazidə
yerləşdirilmişdir. Ümumi sahəsi 3200 kvadratmetrə
yaxın olan yarımstansiyanın binası zirzəmisi ilə
birlikdə üç mərtəbədən ibarətdir.
Yarımstansiyanın zirzəmisində müxtəlif gərginlikli kabellər yerləşdirilmişdir. Birinci mərtəbədə Dispetçer İdarəetmə Mərkəzi, 35 və 6 kV-luq qapalı paylayıcı qurğular, reaktorlar, transformator bölmələri, əməkdaşlar üçün iş otaqları, mətbəx və digər yardımçı otaqlar var. Yarımstansiyanın ikinci mərtəbəsində 110 kV-luq elektrik avadanlıqları quraşdırılmışdır. Yarımstansiya havalandırma və yanğına qarşı xəbərdarlıq sistemləri ilə təmin olunmuşdur.
Ümumiyyətlə "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyətə başladığı 2006-cı ildən indiyədək şəbəkədə güc artımı 90 faizə çatmışdır. İstismara verilən yarımstansiyalar texniki baxımdan ən müasir avadanlıqla və idarəetmə sistemi ilə təmin olunmuşdur.
Yarımstansiyanın açılış mərasimində
Prezident İlham Əliyev dedi: "Bir neçə
il əvvəl mənim göstərişimlə Bakı
Elektrik Şəbəkəsi dövlətə
qaytarıldı. İdarəetmə artıq dövlət nəzarətinə
keçdi və yeni inkişaf dövrü başlandı.
Dövlət büdcəsində hər il şəbəkənin
inkişafına kapital qoyuluşu nəzərdə
tutulur. Bunun nəticəsində bu gün Bakıda elektrik təsərrüfatı
ən yüksək səviyyədədir. Burada ən yüksək
standartların tələblərinə cavab verən
avadanlıqlar quraşdırılmışdır. Sevindirici
hal ondan ibarətdir ki, burada quraşdırılan avadanlığın
böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Yəni,
dövlət tərəfindən qoyulan investisiyalar özəl
sektorun inkişafına da təkan vermişdir. Beləliklə,
biznes mühiti yaradılmış imkanlardan istifadə edilir.
Bildiyiniz kimi, növbəti illər üçün Azərbaycanda
istehlak edilən bütün mallar ölkəmizdə istehsal
olunacaqdır, istər ərzaq məhsulları olsun, istər
tikinti materialları, yaxud da ki, müasir avadanlıq. Bu istiqamətdə
aparılan işlər əlbəttə ki,
hamımızı çox sevindirir. Son on il ərzində Azərbaycanda
2800 meqavata qədər yeni enerji gücü
yaradılmışdır, 14 elektrik stansiyası
tikilmişdir. Demək olar ki, bizim mövcud olan enerji
potensialımızın 50 faizi son on ildə
yaradılmışdır. Əlbəttə, belə
olan halda həm Bakıda, həm də bölgələrdə
şəbəkələrin inkişafı xüsusi əhəmiyyət
daşıyır. İndi mənə məlumat
verildi ki, hələ 12 stansiyanın təmirinə ehtiyac
vardır, eyni zamanda bölgələrdə. Əminəm ki, gələcəkdə yeni
stansiyaların tikintisinə ehtiyac olacaqdır. Çünki Azərbaycanın inkişafı o qədər
güclüdür ki, 5-10 ildən sonra indiki güclər bizə
kifayət etməyəcək. Mən
çox şadam ki, Bakı Elektrik Şəbəkəsi
uğurla fəaliyyət göstərir. Eyni
zamanda qeyd etməliyəm ki, şəbəkənin tam şəkildə
dövlətə qayıtması barədə vaxtilə qəbul
etdiyim qərar öz səmərəsini verməkdədir.
Siz - şəbəkənin əməkdaşları
bunu bilirsiniz, bu fərqi görürsünüz. Görürsünüz ki, strateji obyekt dövlətin
əlində olanda burada nəzarət də, investisiya da,
inkişaf da olacaqdır".
Yuxarıda qeyd olunan yarımstansiya
"Bakıelektrikşəbəkə" ASC tərəfindən
tikilən yeganə yarımstansiya deyil. Cari ilin əvvəlində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
"Bakıelektrikşəbəkə" Açıq Səhmdar
Cəmiyyətinin paytaxtın Nərimanov rayonundakı 110/35/6
kilovoltluq yarımstansiyanın açılışında
iştirak etmiş, həmçinin videokonfrans vasitəsilə
Nəsimi rayonundakı 117 nömrəli, Suraxanı
rayonundakı "Hövsan", Binəqədi rayonundakı
207 nömrəli, Səbail rayonunun Bibiheybət qəsəbəsindəki
102 və 118 nömrəli 35 kilovoltluq yarımstansiyaların,
eləcə də Xəzər, Suraxanı, Sabunçu,
Qaradağ, Yasamal rayonları idarələrinin inzibati
binalarının və nəzarət departamentinin ofisinin
açılış mərasimləri olmuşdur.
Dövlət başçısının iştiraki ilə
Nərimanov rayonundakı 110/35/6 kilovoltluq yarımstansiyanın
açılışı olmuşdur. Bu
yarımstansiya 1974-cü ildə Nərimanov rayonundakı sənaye
müəssisələrini, o cümlədən Bakı məişət
kondisionerləri zavodunu elektrik enerjisi ilə təchiz etmək
üçün tikilib istismara verilmişdir.
Ötən müddətdə tamamilə köhnələn
həmin energetika qurğusunun yerində perspektiv inkişaf nəzərə
alınmaqla ən müasir standartlara cavab verən yeni
yarımstansiya inşa olunmuşdur. Açıq
paylayıcı qurğu və yardımçı binaları
ilə birlikdə əvvəlki yarımstansiya 16 min kvadratmetrdən
çox sahədə yerləşirdisə, qapalı tipli yeni
yarımstansiyanın yerləşdiyi ərazi bundan 7 dəfə
azdır. Bu yeni energetika qurğusunun
qoyuluş gücü 100 meqavoltamperdir. Son
illərdə tikilən digər yarımstansiyalarda olduğu
kimi, bu qurğunun binası da konstruktiv həlli və
memarlıq görünüşü ilə diqqəti çəkir,
şəhərin ümumi görünüşünə əlavə
çalarlar qatır. Ətrafda
böyük bir ərazidə abadlıq və
yaşıllaşdırma işləri
aparılmışdır.
Yarımstansiyanın girişində ulu öndər Heydər
Əliyevin barelyefi qoyulmuş, burada ümummilli liderin və
Prezident İlham Əliyevin ölkənin elektroenergetika
sisteminin, həmçinin paytaxtın ötürücü və
paylayıcı şəbəkəsinin inkişafı
üçün həyata keçirdikləri kompleks tədbirlərə
dair fotoguşə yaradılmışdır.
Prezident
İlham Əliyev yarımstansiyanın dispetçer idarəetmə
mərkəzi ilə tanış
olmuşdu. Qeyd edilmişdi ki, bu müasir mərkəz fiber-optik
kabel vasitəsilə "Bakıelektrikşəbəkə"nin Mərkəzi Dispetçer Xidmətinə -
SCADA sisteminə qoşulmuşdur. Yarımstansiya
"Xırdalan" və "Müşfiq"
yarımstansiyaları arasındakı dairəvi sxemin tərkib
hissəsi olmaqla yanaşı, "Nizami"
yarımstansiyası ilə əlaqələndirilmişdir.
Yeni yarımstansiya 2-ci 110 kilovoltluq dairəvi təchizat
sxeminin yaradılmasında baza rolunu oynamaqla Heydər Əliyev
adına neftayırma zavodunun, həmçinin
bir sıra digər mühüm sənaye obyektlərinin enerji
təchizatının etibarlılığını
artırır. Avtomatik açılmalar və
güc çatışmazlığı zamanı bu
yarımstansiya dövriyyəyə qoşula bilər. Həmin
energetika qurğusu Heydər Əliyev Mərkəzi, Heydər
Əliyev prospekti, Dövlət Neft Fondu, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati
binası, yeni inşa edilən Gimnastika Federasiyası, Nəqliyyatın
İntellektual İdarəetmə Mərkəzi və digər
mühüm obyektləri elektrik enerjisi ilə təchiz edir.
Bütovlükdə,
təsdiq edilmiş İnvestisiya Proqramına uyğun olaraq
"Müşfiq"- "Bayıl",
"Xırdalan"-203 hava xətləri əsaslı təmir
edilmiş, 227, 203, 215 saylı yarımstansiyalar yenidən
qurulmuş, dairəvi sistemə daxil olan müasir tipli 110/35/10
kV-luq 2x50 MVA gücündə "Liman" və 110/35/6
kV-luq 2x40 MVA gücündə "İçərişəhər",
110/20/6 kV-luq 2x40 MVA gücündə "Yeni Bayıl"
yarımstansiyaları inşa edilmişdir.
Bakı
şəhərinin elektrik şəbəkəsinin müasir
avadanlıq və yeni texnologiyanın tətbiqi ilə yenidənqurulmasını,
şəhərsalmanın günbəgün geniş vüsət
aldığı paytaxtda yeni güc mərkəzlərinin
yaradılmasını nəzərdə tutan İnvestisiya
Proqramı çərçivəsində həyata
keçirilən tədbirlər ölkə
başçısının gündəlik nəzarətində
olmuş, dövlət əhəmiyyətli vəzifələrin
uğurla həyata keçirilməsi və şəbəkənin
maddi-texniki bazasının gücləndirilməsi dövlət
başçısı tərəfindən daima dəstəklənmişdir.
Ölkə
Prezidentinin 10.08.2006-cı il tarixli sərəncamı ilə fəaliyyəti
bərpa olunan səhmdar cəmiyyət tərəfindən
keçən dövr ərzində 23 ədəd müasir
tipli 110 kV-luq və 61 ədəd 35 kV-luq yeni yarımstansiyalar
inşa edilmiş, 2000-dək Transformator Məntəqəsi
(TM) və Komplektləşmiş Transformator Məntəqəsi
(KTM) tikilmiş və əsaslı təmir olunmuş, 16 min
km-dən artıq elektrik veriliş xətləri çəkilmişdir.
Həmçinin, 1748,4 km uzunluğunda 110 və 35 kV-luq kabel xətti
çəkilmişdir, 3210,1 km uzunluğunda 10 kV-luq və
4020,7 km uzunluğunda 0,4 kV-luq elektrik verliş xətti çəkilib
təhvil verilmiş, 11153,4 km uzunluğunda hava xəttləri
müasir tipli özünüdaşıyan izolyasiyalı
naqillərlə (ÖİN) yenidən qurulmuşdur. Hazırda 110 kV-luq və 35 kV-luq yarımstansiyalarda
yenidənqurma, təmir-bərpa işləri davam etdirilir.
Həyata keçirilən tədbirlər nəticəsində
şəbəkənin qoyuluş gücü 3048 MVA-dan 5816,4 MVA-dək artmışdır və
2006-cı illə müqayisədə 90 faiz
çoxalmışdır.
Görülən tədbirlər nəticəsində
şəbəkə üzrə texniki itkilərin səviyyəsi
8 faizə qədər azaldılmışdır, ifrat yüklənmə
halları tamamilə aradan qaldırılmışdır.
Şəbəkədə aparılan əsaslı yenidənqurma
işləri və uçot sisteminin müasir texnologiyalar əsasında
təkmilləşdirilməsi nəticəsində enerji
haqqının yığımında əsaslı
dönüş yaranmış və hazırda səhmdar cəmiyyət
üzrə bu göstərici 93%-dən yuxarıdır.
Uçot sisteminin müasir texnologiyalar əsasında
yenidən qurulması işləri bu gün də davam
etdirilir. Hazırda Nəsimi rayonu ərazisində ən
müasir uçot sistemi olan "sms smart"
sayğaclarının quraşdırılması işləri
müvəffəqiyyətlə aparılır. Həmin sayğacların üstünlüyü
ondan ibarətdir ki, bu ölçü cihazları vasitəsi
ilə hər bir istehlakçı istifadə etdiyi elektrik
enerjisinin sərfiyyatına şəxsən özü nəzarət
edir, kommunal xidmətlə bağlı aylıq ailə
büdcəsini əvvəlcədən planlaşdıra bilir
və ən əsası bu sayğacların tətbiqi ilə
kənar müdaxilə hallarının qarşısı demək
olar ki, tam alınır.
"Dövlət
orqanlarının elektron xidmətlər göstərilməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin
23.05.2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar
olaraq "Bakıelektrikşəbəkə" ASC-nin rəsmi
internet saytında abonentlərə göstərilməsi nəzərdə
tutulan xidmətlərin növləri, habelə müəssisənin
struktur rəhbərlərinin "əlaqə
telefonları", "elektron müraciət", "Qaynar Xətt",
"qəbul günləri", "enerji haqqının
elektron ödənişi", "borcun öyrənilməsi"
və s. başlıqlı səhifələr fəaliyyətdədir.
Həmin səhifələrə daxil olan abonentlərin
müraciətləri ətraflı araşdırılaraq ən
qısa müddətdə cavablandırılır.
Göstərilən xidmətlərin səviyyəsinin daha da
artırılması məqsədi ilə yaxın günlərdə
şəbəkəyə qoşulma, sayğac dəyişmə,
texniki şərtin alınması, borcun
araşdırılması və s. məsələlər
üzrə abonentlərə elektron xidmətlərin göstərilməsinin
həyata keçirilməsi nəzərdə tutulur.
"Bakıelektrikşəbəkə"
ASC sistemində "199 Qəza Xidməti" və "Qaynar
Xətt" fəaliyyət göstərir ki, bu xidmətlər
vasitəsilə istehlakçılar 24 saat ərzində
onları maraqlandıran suallara cavab ala bilir, enerji təchizatı ilə bağlı texniki məsələlərin
operativ həllinin şahidi olurlar. Göstərilən
xidmətlərin operativ icrası üçün aidiyyəti
qurumlar zəruri texniki və rabitə avadanlıqları,
müasir texnoloji vasitələrlə təchiz edilmiş, əməkdaşları
xüsusi treyninqlərdən keçmiş mütəxəssislərdən
ibarətdir. Operativ xidmətlərin təşkili və
bütün informasiyaların mərkəzləşdirilməsi
məlumatların struktur bölmələr üzrə operativ
çatdırılmasına imkan yaradır ki, bu da öz
növbəsində şəbəkənin normal iş rejimində
saxlanılmasına və nəticədə abonentlərin
fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına imkan
yaradır.
Hazırda SCADA sisteminə 26 yarımstansiya
qoşulmuşdur, əlavə 10 yarımstansiyanın bu sistemə
qoşulması üçün avadanlıq
quraşdırılır və kabellər çəkilir. Yaxın gələcəkdə
bütün 110 və 35 kV-luq yarımstansiyalar SCADA sisteminin tərkib
hissəsi olaraq uzaq məsafədən operativ idarə
olunacaqlar. Bütün qeyd olunan işlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
daimi diqqət və qayğısı nəticəsində həyata
keçirilmişdir və istehlakçıların keyfiyyətli
elektrik enerjisi ilə təchizatında mühüm dövlət
təminatıdır.
Memarı ulu öndər Heydər Əliyev olan Azərbaycan
onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi
altında uğurlu addımlarla parlaq gələcəyə
doğru inamla irəliləyir.
Fürsətdən istifadə edib möhtərəm Prezidenti yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə çoxsaylı kollektivimiz adından ürəkdən təbrik edir, cansağlığı, gərgin və şərəfli işində uğurlar arzulayıram.
Hər birimiz, o cümlədən ölkə energetikləri həmişə olduğu kimi bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəlməsi naminə ümummilli lider Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışacağıq.
Heydər
Əliyev zəkasının nuru hələ neçə-neçə
əsrlər boyu Azərbaycan xalqının yolunu
işıqlandıracaq və daha böyük qələbələrə
ruhlandıracaqdır.
Baba RZAYEV,
"Bakıelektrikşəbəkə"
ASC-nın İdarə Heyətinin sədri
Azərbaycan.-2013.- 19 oktyabr.- S.4.