Milli ayrı-seçkilik, ksenofobiyadiskriminasiya məqsədyönlü

 şəkildə stimullaşdırılanda müəyyən fəsadlar yaranır

 

Hər bir ölkənin xarici siyasət kursunda əsas prioritetlərdən biri yaxın qonşularla, xüsusən həmsərhəd dövlətlərlə əlaqələrin normal məcrada inkişaf etdirilməsidir. Bu baxımdan sərhəd qonşusu olan Azərbaycan və Rusiya arasındakı münasibətlərin hazırkı səviyyəsinin qarşılıqlı olaraq daha da yüksəldilməsi, dostluq və əməkdaşlıq tellərinin qorunub saxlanılması hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bu, ilk növbədə hər iki dövlətin və onların xalqlarının milli maraqlarına uyğundur. Digər tərəfdən hər iki ölkə həm də strateji tərəfdaşdır.

Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdə mühüm rol oynayan əsas amillərdən biri Azərbaycanda çoxsaylı rusların, Rusiyada isə azərbaycanlıların hələ ötən əsrlərdən başlayaraq yaşamaları, cəmiyyət həyatının müxtəlif sahələrinə inteqrasiya etmələridir. Çoxsaylı konfessiyaların olduğu Azərbaycanda digər millətlərin və dinlərin nümayəndələrinə, o cümlədən ruslara istər sovet illərində, istərsə də müstəqilliyimizi bərpa etdikdən sonra tolerant münasibət göstərilmiş, heç bir milli ayrı-seçkiliyə yol verilməmişdir. Çağdaş dövrümüzdə tolerantlığın Azərbaycan nümunəsi təsdiq edir ki, yalnız millidini tolerantlıq, xalqlar arasında balanslı, ölçülüb-biçilmiş siyasət müvəffəqiyyət qazana bilər.

Rusiya çoxmillətli dövlətdir, orada uzun əsrlərdir çoxsaylı xalqların nümayəndələri birlikdə yaşayır və çalışırlar. Bu ölkədə təkcə müsəlmanların sayı milyonlarla ölçülür. Bu baxımdan tolerant dəyərlərə üstünlük verilməsi Rusiya üçün daha da mühüm əhəmiyyət kəsb edir. Lakin bu günlərdə Moskva şəhərinin Qərbi Biryulevo rayonunda Rusiya Federasiyasının vətəndaşı Yeqor Şerbakovun adi məişət zəminində öldürülməsi və hadisəni törətməkdə şübhəli bilinən, Moskvada əməkçi miqrant qismində çalışan Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbsi ətrafında baş verən proseslər göstərir ki, Rusiya cəmiyyətində ksenofobiya, millidini ayrı-seçkilik kimi zərərli meyillər getdikcə güclənməkdədir.

Əlbəttə, hər kəs törətdiyi cinayətə görə layiq olduğu cəzasını almalıdır. Cinayət törətməkdə təqsirləndirilən hər bir şəxs isə onun təqsiri qanuna müvafiq olaraq sübuta yetirilməyənə qədər günahsız hesab olunur. Lakin Orxan Zeynalovun həbsi zamanı dünya BMT-ninAvropa Şurasının insan hüquqlarına dair əsas beynəlxalq hüquqi aktlarının, o cümlədən də Mülkisiyasi hüquqlar haqqında Beynəlxalq Paktın, Avropa İnsan Hüquqları Konvensiyasının, işgəncə əleyhinə BMT və Avropa Şurası konvensiyalarının ciddi şəkildə pozulduğuna şahidlik etdi. Bu beynəlxalq sənədlərə qoşulan Rusiya üzərinə müvafiq öhdəliklər götürmüşdürbu ölkədə heç kəs işgəncəyə və ya qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzaya məruz qala bilməz.

Ona görə cinayəti hələ təsdiq olunmamış bir şəxsə və xüsusən də xarici ölkə vətəndaşına qarşı zorakı hərəkətlərin edilməsi, ümumiyyətlə, heç bir hüquqiinsani çərçivəyə sığmır. Orxan Zeynalovun həbsi zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nümayişkaranə şəkildə ona qarşı qanunazidd, zorakı, ləyaqəti alçaldan hərəkətlərin edilməsi, bunun lentə alınaraq internetdə yerləşdirilməsi həm də diskriminasiyanın bariz təzahürüdür. Halbuki beynəlxalq və milli hüquqa əsasən hər hansı əlamətə, o cümlədən milli mənsubiyyətinə görə diskriminasiya qadağan edilir. Orxan Zeynalovun həbsi zamanı baş verənlər isə təsdiq edir ki, çoxmillətli Rusiya cəmiyyətində milli ayrı-seçkilik, ksenofobiyadiskriminasiya məqsədyönlü şəkildə stimullaşdırılır.

Digər tərəfdən, məişət zəminində baş vermiş qətldən sonra məsələyə aidiyyəti olmayan çoxsaylı miqrantın saxlanılması, onların incidilməsi, yaranmış vəziyyətin süni şəkildə şişirdilməsi halları baş verir ki, bu da çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətində milli ayrı-seçkiliyə, ksenofobiyaya, irqçilik meyillərinə xidmət edir, diskriminasiya xarakteri daşıyır və yeni qanun pozuntularına yol açır. Rusiya paytaxtı Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən meyvə-tərəvəz bazasının fəaliyyəti ilə heç bir bağlılığı olmayan bu hadisə nəticəsində orada çalışan  miqrantlarla kobud rəftar edilməsi, ləyaqətlərinin alçaldılması, mülkiyyətinin talan və məhv edilməsi, yerlərinin əllərindən alınması Rusiya qanunvericiliyinin, həmçinin MDB çərçivəsində bağlanmış və Rusiyanın da iştirakçısı olduğu əvvəldə qeyd olunan əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqi statusu haqqında Konvensiyanın tələblərinin kobud pozuntusudur.

Rusiya böyük dövlətdir, Moskva da kiçik şəhər deyil. Bu ölkədə hər gün minlərlə cinayət hadisəsi baş verir, qətllər törədilir. Hər il ilk qar yağanda evlərindən qovulanya əyyaşlıq ucbatından küçələrdə qalan onlarla rus "bomj" dünyasını dəyişir. Bu gün dünyada insan alverinin qurbanları arasında ruslar üstünlük təşkil edir. Amma bunlar Rusiya cəmiyyətində heç bir qıcıq yaratmır, milli heysiyyatlarına təsir etmir. Hər gün Rusiyanın müxtəlif şəhərlərindən azərbaycanlıların, taciklərin və ya özbəklərin öldürülməsi xəbərini eşidirik. Amma rus hüquq-mühafizə orqanları bu cinayətlərin açılmasında Orxan Zeynalovun həbsi zamanı nümayiş etdirdikləri canfəşanlığı göstərmirlər.

Deməli, ortada başqa məsələ var. Moskvanın Qərbi Biryulevo rayonunda çoxsaylı azərbaycanlıların çalışdığı meyvə-tərəvəz bazasının tələm-tələsik bağlanması bu barədə müəyyən ehtimallar irəli sürməyə əsas verir. Söhbət gəlirli biznes sahələrini ələ almaqdan gedir. Görünür ki, Moskvada digər millətlərin nümayəndələrinin biznesdəki gəlirlərinin başqa ciblərə yönləndirilməsi ilə bağlı plan işə düşüb. Amma belə bir plan varsa, onu milli ayrı-seçkilik və ksenofobiya bəhanəsi ilə həyata keçirmək yaxşı heç nə vəd etmir. Çünki pul qazanmağı bacaran başqa bir sahədə pulunu qazanacaq. Moskvada əvvəllər bağlanan iri ticarət mərkəzlərinin nümunəsində bunu gördük. Ona görə itirən yalnız sadə ruslar olacaq.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 19 oktyabr.- S.6.