Əmək və əhalinin sosial müdafiəsi naziri

 Mingəçevirdə vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edərək onların problemlərinin həllinə köməklik göstərirlər.

AzərTAc xəbər verir ki, növbəti vətəndaş qəbulu oktyabrın 18-də əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun iştirakı ilə Mingəçevir şəhərində keçirilmişdir.

Qəbulda Mingəçevir, Gəncə, Naftalan şəhərlərinin, Goranboy, Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarının sakinlərinin, ümumilikdə, 70 nəfərə yaxın vətəndaşın "Açıq qapı" şəraitində müraciətləri dinlənilmişdir.

Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılmışdır. Bir sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunmuşdur.

 Nazir Füzuli Ələkbərov müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə tapşırıqlar vermişdir. Bununla yanaşı, fəal sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunmuşdur. Onların fəal sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınmışdır.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.

2013-cü ilin ötən dövründə əmək və əhalinin sosial müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə, ümumilikdə, 18 dəfə qəbul həyata keçirilmiş, 780 nəfərdən çox vətəndaş qəbul edilərək müraciətləri araşdırılmışdır.

 

Azərbaycan.-2013.- 19 oktyabr.- S.6.