Son on ildə qazanılmış
uğurlar Azərbaycanın
gələcək
inkişafı üçün yeni imkanlar
yaratmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin andiçmə
mərasimində nitqi
- Hörmətli xanımlar və cənablar.
İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, Prezident vəzifəsinə seçmiş doğma Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm.
Dünən Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilirdi. Hesab edirəm ki, prezident seçkiləri, seçkilərin nəticələri dövlət müstəqilliyinə xalq tərəfindən verilən növbəti qiymətdir. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir.
On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi.
Əminəm, Azərbaycan xalqında qəti
inam vardır ki, Azərbaycan bundan sonra da yalnız və
yalnız inkişaf yolu ilə gedəcəkdir. Çünki son on ilin tarixi bunu deməyə
əsas verir. On ildə Azərbaycanda sabitlik
qorundu. Biz Müstəqillik
Gününü qeyd edərkən bir daha müstəqilliyimizin
ilk illərinə qayıdırıq və görürük
ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə
bilməz.
Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illəri
çox ağır keçmişdir, Azərbaycan
böyük fəlakətlərlə üzləşmişdir. Demək olar
ki, gənc müstəqil dövlət uçurum kənarında
idi. Heydər Əliyev siyasəti, onun qətiyyəti,
xalqın ona olan inamı bu ağır vəziyyətdən
xalqımızı, dövlətimizi çıxara
bilmişdir və ondan sonra Azərbaycan inkişaf yoluna qədəm
qoymuşdur.
Ona
görə sabitliyin qorunması son on il ərzində
prioritet məsələ kimi daim gündəlikdə idi. Sabitliyin qorunmasında, əlbəttə ki, dövlət
siyasəti xüsusi rol oynayır, eyni zamanda, xalqla iqtidar
arasındakı birlik bax bu sabitliyin təmin edilməsində əsas
rol oynamışdır.
Biz Azərbaycanı bütün risklərdən, təhlükələrdən
qoruya bildik.
Son on il ərzində bölgədə və
dünyada baş vermiş hadisələr bizim
hamımızın yaxşı xatirindədir. Qanlı
toqquşmalar, müharibələr, inqilablar, siyasi, iqtisadi,
maliyyə böhranları - bütün bunlar bizim ətrafımızda
baş verən hadisələr idi. Biz
öz siyasətimizlə, qətiyyətimizlə Azərbaycan
xalqını və Azərbaycan dövlətini bu bəlalardan
qoruya, müdafiə edə bilmişik. Beləliklə,
son on il ərzində də Azərbaycan
xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik
şəraitində yaşamışdır.
Təhlükəsizlik, sabitlik olmadan heç bir
inkişafdan söhbət gedə bilməzdi. Ona görə son on il ərzində bütün istiqamətlər
üzrə aparılan islahatlar, irəli
sürülmüş təşəbbüslər ölkəmizi
daha da gücləndirmişdir və beləliklə, Azərbaycanın
inamlı inkişaf dinamikası saxlanılmışdır.
Bu on ildə Azərbaycanda ictimai-siyasi proseslər
müsbət istiqamətdə getmişdir. Azərbaycan
demokratiya yolu ilə uğurla addımlamışdır və
seçkilərin nəticələri, seçki prosesinin
yüksək səviyyədə keçməsi
demokratiyanın təntənəsidir. Azərbaycanda
bütün azadlıqlar təmin edilmişdir. Siyasi azadlıqlar, söz azadlığı, mətbuat
azadlığı, sərbəst toplaşmaq
azadlığı, vicdan azadlığı təmin edilmişdir.
Azərbaycanda bütün demokratik proseslər
müsbət istiqamətdə getmişdir. Son on il ərzində iqtisadi uğurlarla bərabər,
siyasi islahatların aparılması da ölkəmizin
uğurlu inkişafını şərtləndirmişdir.
Azərbaycanda
son on il ərzində dinlərarası,
millətlərarası münasibətlər artıq dünya
üçün bir örnək olmuşdur. Azərbaycanda
keçirilən çoxsaylı beynəlxalq tədbirlər,
forumlar, konfranslar Azərbaycanı dünyada tolerantlıq məkanı,
dözümlülük, multikulturalizm mərkəzi kimi təqdim
etmişdir. Bu, bizim həyat tərzimizdir,
eyni zamanda, bizim siyasətimizdir. Artıq Azərbaycanın
bu sahədəki təcrübəsi öyrənilir. Bu gün Azərbaycan dünya miqyasında bu istiqamətdə
aparılan siyasətlə seçilən, fərqlənən
ölkələrdən biridir. Bir sözlə,
demokratiya, insan hüquqları, hüquqi dövlət
quruculuğu ilə bağlı bütün addımlar ölkəmizi
daha da gücləndirmiş və dinamik inkişafa imkan
vermişdir.
Son on il ərzində bizim beynəlxalq əlaqələrimiz
böyük dərəcədə güclənmişdir,
genişləndirilmişdir. Azərbaycan son on il
ərzində 39 ölkədə səfirlik açmışdır
və hazırda səfirliklərin sayı 57-yə
çatmışdır. On ildə 28 ölkə
Azərbaycanda öz səfirliyini açmış və beləliklə,
Azərbaycanda xarici ölkələrin səfirliklərinin
sayı 53-ə çatmışdır. Beynəlxalq
təşkilatlarla münasibətlərdə Azərbaycan
öz prinsipial mövqeyini daim müdafiə edir və qoruyur.
Biz on ildə bir neçə mötəbər
beynəlxalq təşkilatın üzvü olmuşuq və
bu təşkilatlarda öz maraqlarımızı müdafiə
edirik.
Eyni
zamanda, ikitərəfli formatda aparılan xarici siyasət uğurlu olmuşdur.
Bizim dostlarımızın sayı artır.
Azərbaycan ilə əməkdaşlıq etmək
istəyənlərin sayı artır. Azərbaycan
dünyada öz prinsipial mövqeyi ilə seçilir. Azərbaycan etibarlı tərəfdaş kimi tanınır.
Bizim sözümüzün imzamız qədər
qüvvəsi vardır. Nəzərə
alsaq ki, bizə qarşı həm dünya erməniliyi, eyni
zamanda, Azərbaycanın uğurlarını qəbul etmək
istəməyən, bunu həzm edə bilməyən qüvvələr
daim kampaniya aparır, bu inamı qazanmaq o qədər də
asan məsələ deyildi.
Ancaq bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz
və xarici siyasətimizin əməkdaşlıq üzərində
qurulması bizə böyük dostlar düşərgəsi
qazandıra bilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan BMT Təhlükəsizlik
Şurasına 155 ölkənin dəstəyi ilə üzv
seçilmişdir. Bu, bizim böyük
siyasi, diplomatik qələbəmizdir, müstəqil Azərbaycanın
böyük uğurudur. Hazırda Azərbaycan BMT Təhlükəsizlik
Şurasında sədrlik edir və son iki il
ərzində biz bu təşkilatda öz prinsipial
mövqeyimizlə, ədalətli addımlarımızla və
beynəlxalq hüquqa olan hörmətimizlə daha da
böyük nüfuz qazana bilmişik.
Xarici siyasətlə bağlı təşəbbüslərimiz,
eyni zamanda, bizim iqtisadi imkanlarımızı da artırır. Çünki
hazırda Azərbaycanın iqtisadi inkişafı, o cümlədən
xaricə qoyulan investisiyaları ilə də bağlı
olacaqdır. Belə olan halda dünyada nə qədər
çox dostlarımız olsa, bizim iqtisadi
inkişafımız o qədər də uğurlu
olacaqdır.
Xarici siyasətimizin prioriteti təbii ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Əfsuslar
olsun ki, bu illər ərzində münaqişə həllini
tapmamışdır. Bunun başlıca səbəbi
Ermənistanın riyakar siyasətidir, qeyri-konstruktiv
mövqeyidir və əfsuslar olsun ki, beynəlxalq birliyin, bu məsələ
ilə bilavasitə məşğul olan tərəflərin
biganəliyidir. Beynəlxalq hüquq
normaları 20 ildən artıqdır ki, kobudcasına pozulur.
BMT Təhlükəsizlik Şurasının
dörd qətnaməsi icra edilmir, işğalçı
ölkəyə təzyiq göstərilmir. Belə olan halda, əlbəttə ki, bizim birtərəfli
qaydada aparılan diplomatik səylərimiz uğur gətirə
bilməzdi.
Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Bütün
dünya Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır. Azərbaycanın
mövqeyi birmənalıdır, ədalət, tarixi həqiqət
üzərində qurulubdur. Bizim əzəli
torpağımız olan Dağlıq Qarabağ bu gün siyasi
və hüquqi cəhətdən də Azərbaycanın
ayrılmaz hissəsidir. Ərazi
bütövlüyü məsələlərində heç
bir güzəştdən söhbət gedə bilməz.
Heç vaxt Azərbaycan öz ərazisində
ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan
verməyəcək, icazə verməyəcəkdir. Bizim birmənalı mövqeyimiz bir daha demək istəyirəm
ki, tarixi ədalətə və beynəlxalq hüquq
normalarına söykənir. Eyni zamanda, son 10 il ərzində münaqişənin həlli
üçün atılan addımlar, beynəlxalq təşkilatlarda
qəbul edilmiş qərarlar təbii ki, bizim mövqeyimizi
daha da möhkəmləndirir. Son 10 il ərzində bir
neçə mötəbər təşkilat Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı ədaləti
əks etdirən qətnamələr
qəbul etmişdir. Onların arasında
İslam Əməkdaşlıq Təşkilatı, Avropa
Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı və
digər təşkilatlar vardır. Hesab
edirəm ki, bizim bu istiqamətdə səylərimiz davam
etdiriləcəkdir. Çünki bir halda,
bilavasitə bu qətnamələr münaqişənin həllinə
gətirib çıxarmır, eyni zamanda, biz hüquqi
bazamızı daha da möhkəmləndirməliyik. Artıq bu qətnamələr və
sadaladığım bu təşkilatlarda cəmləşən
ölkələr dünya birliyinin mütləq əksəriyyətini
təşkil edir. Beləliklə, dünya
birliyinin mütləq əksəriyyətinin mövqeyi birmənalıdır.
Azərbaycanın ərazi
bütövlüyü heç bir şübhə doğurmur
və bu münaqişə yalnız ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Biz bundan sonra da
siyasi və diplomatik səylərimizi artıracağıq,
bundan sonra da Ermənistanı təcrid edilmiş vəziyyətdə
saxlayacağıq. Öz siyasi və
regional təşəbbüslərimizlə, iqtisadi təşəbbüslərlə
daha da böyük təzyiq göstərməliyik. Eyni zamanda, bizim bu məsələ ilə
bağlı diplomatiyamız bundan sonra da hücum
diplomatiyası olacaqdır. Çünki
haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir.
Mən heç şübhə etmirəm ki, Azərbaycan
öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Bununla bərabər, Azərbaycan nə qədər
güclü olarsa, bu məsələ bir o qədər də
tez öz həllini tapar. Bu məqsədlə Azərbaycanda
həm iqtisadi islahatlar, eyni zamanda, ordu quruculuğu son 10 il ərzində böyük templərlə
aparılmışdır.
Hərbi büdcəmiz 20 dəfədən çox
artmışdır. Azərbaycan Ordusu bu gün dünya
miqyasında güclü ordular sırasındadır. Son
on il ərzində alınmış
silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan
arasındakı hərbi balansı artıq pozmuşdur. Bizim üstünlüyümüz dəfələrlə
ölçülür. Eyni zamanda, Azərbaycanda son 10 il ərzində əvvəlki illərdə
olmamış hərbi sənaye kompleksi
yaradılmışdır. Bu gün onlarla zavod
fəaliyyət göstərir, 750 adda hərbi təyinatlı
məhsul istehsal edilir. Beləliklə, biz
həm yeni istehsalat sahələri yaradırıq, eyni zamanda,
xarici silah bazarlarından
asılılığımızı azaldırıq. Hesab edirəm ki, növbəti illərdə biz ordu
quruculuğu istiqamətində daha da böyük addımlar
atacağıq, ordumuzu daha da gücləndirəcəyik.
Əminəm ki, bu amillər, diplomatik səylər
və ümid edirəm ki, böyük dövlətlərin bu
məsələyə münasibəti problemin həllinə gətirib
çıxaracaqdır. Bir daha demək istəyirəm,
məndə zərrə qədər şübhə yoxdur ki,
Azərbaycan öz ərazi bütövlüyünü bərpa
edəcəkdir. Məsələ ondadır
ki, biz bunu tezliklə həll etmək istəyirik. Əlbəttə
ki, bu məsələ beynəlxalq hüququn norma
və prinsipləri üzərində öz həllini
tapmalıdır.
Daha da güclü orduya malik olmaq üçün, əlbəttə
ki, Azərbaycanda bundan sonra da iqtisadi islahatlar davam etdiriləcəkdir. İqtisadi inkişaf templərinə
görə son 10 il ərzində Azərbaycan
qədər inkişaf edən ikinci ölkə
olmamışdır. Əminəm ki, son on il
ərzində əldə edilmiş nailiyyətlərimiz beynəlxalq
ekspertlər tərəfindən ciddi şəkildə təhlil
ediləcəkdir. On ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə
artmışdır. Əgər ilk illərdə
bu artım daha çox neft amili sayəsində olmuşdusa,
hazırda qeyri-neft sektorunun inkişafı bu artımı təmin
edir və gələcəkdə də təmin edəcəkdir.
Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni
iş yeri açılmışdır ki, onlardan 900 mini daimi
iş yeridir. İşsizlik kimi ciddi problemin
böyük hissəsi, demək olar ki, həllini
tapmışdır. İşsizliyin səviyyəsi
təxminən 5 faiz civarındadır. Ancaq
elə etməliyik ki, biz növbəti illərdə
işsizliyi tamamilə aradan götürək. İki regional beşillik proqram icra edilmişdir.
Bölgələr abadlaşdı, canlandı.
Bölgələrdə infrastruktur
yaradıldı və regional proqramların icrası nəticəsində
bölgələrlə paytaxt arasında fərq azaldı.
Son on il ərzində ölkə iqtisadiyyatına 150
milyard dollar sərmayə qoyulmuşdur və bu sərmayənin
təxminən yarısı xarici sərmayədir. Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycan
xarici investorlar üçün cəlbedici ölkə olaraq
qalır. Eyni zamanda, yerli investisiyalar da artır. Əlbəttə ki, yerli investisiyaların strukturunda
daxili sərmayə üstünlük təşkil edir. Ancaq yerli özəl sektor da bu işlərə fəal
qoşulubdur. Azərbaycanda gözəl
investisiya iqlimi vardır. Azərbaycanda
çox uğurlu iqtisadi inkişaf müşahidə olunur.
Son on il ərzində yoxsulluqla bağlı tədbirlərimiz
gözəl nəticələrə gətirib
çıxarmışdır. On il ərzində Azərbaycanda
yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalmışdır. Bu, əlbəttə ki, iqtisadi islahatların
uğurlu olmasından xəbər verir. Eyni
zamanda, Azərbaycan sosial dövlət kimi öz sözünü
demişdir. Çünki köklü
iqtisadi islahatlar bir çox hallarda sosial problemlərlə
müşahidə olunur. Ölkə
iqtisadiyyatı arta, ancaq vətəndaşların sosial durumu
pisləşə bilər. Biz Azərbaycanda
bunun tam əksini görürük. Azərbaycanda
güclü və ciddi iqtisadi islahatlar
düşünülmüş sosial siyasətlə
tamamlanır. Sosial məsələlərin
həlli üçün böyük vəsait ayrılır.
Son 10 il ərzində orta maaş 5,6 dəfə,
orta pensiya 9,2 dəfə artmışdır. Sosial
infrastrukturun yaradılması üçün böyük vəsait
səfərbər edilmişdir. Son 10 il ərzində Azərbaycanda
2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi
tikilmişdir, tarixi abidələrimiz bərpa edilmişdir. Bir sözlə, sosial siyasət bundan sonrakı illərdə
də prioritet olaraq qalacaq, iqtisadi sahədə uğurlar əminəm
ki, bundan sonra da davam edəcəkdir. Bizim
xarici dövlət borcumuz çox aşağı səviyyədədir
- təxminən ümumi daxili məhsulun 7-8 faizini təşkil
edir. Dünya miqyasında bu, ən
yaxşı göstəricilərdən biridir.
Azərbaycan investisiya qoyuluşu üçün
çox gözəl ölkəyə çevrilibdir və
növbəti illərdə investisiya qoyuluşu davam edəcəkdir. Biz son on il
ərzində valyuta ehtiyatlarımızı bir neçə dəfə
artıra bilmişik. Baxmayaraq ki, biz, eyni zamanda,
böyük infrastruktur layihələrinə Dövlət Neft
Fondundan vəsait götürürük, hazırda Azərbaycanın
valyuta ehtiyatları 50 milyard dollara yaxındır. Bu, onu göstərir ki, iqtisadi və sosial siyasət
bir-birini tamamlayır. Eyni zamanda, bizim
iqtisadi siyasətimiz güclü zəmin üzərində
qurulub. Biz xarici borcdan asılı deyilik.
Baxmayaraq ki, bəlkə bu gün Azərbaycana
borc vermək üçün təşkilatlar növbəyə
düzülürlər, buna ehtiyac yoxdur. Biz
hər şeyi düşünülmüş şəkildə
edirik, iqtisadi siyasətimizi elə aparırıq ki, bu siyasət
dayanıqlı inkişafa xidmət göstərsin.
İldən-ilə artan valyuta ehtiyatlarımız,
açılan yeni iş yerləri, sosial müdafiə məsələlərinin
həlli bizim müstəqilliyimizin nə qədər
güclü olmasını göstərir.
Biz öz gücümüzə arxalanırıq, Azərbaycan
xalqının istedadına, zəhmətinə güvənirik. Ona görə
Azərbaycan dünya miqyasında hətta böhranlı illərdə
uğurla inkişaf etmişdir. Bəziləri
xüsusilə əvvəlki illərdə bizim
uğurlarımızı neft amili ilə bağlamaq istəyirdilər.
Amma hazırda həyat və bizim nəticələr
göstərir ki, əgər neft amilinin əvvəllər
rolu olubsa, indi bu rol o qədər də böyük deyildir.
Əsas uğurlarımızın səbəbi
düşünülmüş siyasətdədir. Burada müstəqil
xarici siyasət öz rolunu oynayır. Cəsarətli
siyasətimiz uğurlarımızı şərtləndirə
bilib. Bütün beynəlxalq
aparıcı qurumlar iqtisadi inkişafla bağlı Azərbaycanı
nümunəvi ölkə kimi qiymətləndirir və öz
reytinqlərində yüksək yerlərə layiq
görürlər. Dünyanın
aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə
görə Azərbaycanı 39-cu yerə layiq görüb.
Bu, Azərbaycanda iqtisadi sahədə aparılan
ciddi islahatların nəticəsidir. Bu islahatlar
davam etdiriləcəkdir. Azərbaycan
dünya iqtisadiyyatının bir parçasıdır, eyni
zamanda, biz öz daxili bazarımızı qoruyuruq və
qoruyacağıq. Biz daxili istehsalçılara daha da əlverişli
şərait yaradırıq və yaradacağıq.
Son on il ərzində sahibkarlığın inkişafı
ilə bağlı böyük addımlar
atılmışdır. On ildə bir milyard
manat dəyərində güzəştli kreditlər
verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna
yönəldilmişdir və iş yerlərinin
açılması, yerli istehsalın artırılması,
idxaldan asılılığın azaldılması məqsədləri
güdülürdü. Belə olan halda
sahibkarlığın inkişafının, orta təbəqənin
yaradılmasının, yoxsulluğun azaldılmasının -
bütün bu məsələlərin təməlində
bizim düşünülmüş iqtisadi siyasətimiz və
siyasi xəttimiz dayanır.
Sənayeləşmə ilə bağlı məsələlər
öz həllini tapmışdır. Beləliklə, ölkə
iqtisadiyyatının şaxələndirilməsi istiqamətində
hesab edirəm ki, on il ərzində
çox böyük addımlar atılmışdır və
bu siyasət davam etdiriləcəkdir. Son on il
ərzində Azərbaycan bizim üçün yeni olan sahələrə
investisiya qoymağa başlamışdır. Azərbaycan
kosmik dövlətlərin sırasına daxil edilmişdir.
Bəlkə on il bundan əvvəl bu barədə
danışmağa belə heç kimin fikri yox idi. Ancaq bu gün bu reallıq onu göstərir ki, siyasi
iradə, peşəkar kadrlar və düzgün iqtisadi siyasət
olan yerdə istənilən məsələ öz həllini
tapa bilər.
Bu gün bizim peykimiz - "Azərspace-1" artıq Azərbaycanı
kosmik dövlət kimi dünyada tanıtdırır. Kosmik sənayenin
inkişafı sürətlə gedəcəkdir. Dövlət, əlbəttə ki, öz
sözünü deyir və deyəcəkdir. Burada dövlət vəsaiti əsas rol oynayır.
Enerji
siyasətimizdə son 10 il ərzində
tarixi hadisələr baş vermişdir. Ulu
öndər Heydər Əliyevin neft strategiyası bu gün
tam şəkildə reallaşıbdır. Bu strategiyanın davamı üçün yeni təşəbbüslər
irəli sürülübdür. Bakı-Tbilisi-Ceyhan
neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri
2006-2007-ci illərdə istifadəyə verilmişdir. Beləliklə, ilk dəfə olaraq Xəzər dənizinin
neft-qaz ehtiyatları dünya bazarları ilə birləşmişdir.
Dəhliz yaradılmışdır ki, bu dəhlizdən
indi biz və qonşularımız istifadə edir. O dəhliz
ki, onun üzərində strateji əhəmiyyətə malik
olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi icra edilir. Bu layihənin də təşəbbüskarı Azərbaycan
olmuşdur. Əsas maliyyə
yükünü də Azərbaycan öz üzərinə
götürmüşdür. Ona görə
enerji siyasətimizlə bağlı olan təşəbbüslər
və reallaşan layihələr çoxdan regional çərçivələrdən
çıxıb və bu gün Azərbaycan qlobal enerji
bazarında çox etibarlı, ciddi ölkə kimi
tanınır. Bizim qərarlarımız,
Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində
həlledici rol oynayır. Biz bunu bilirik.
Bu reallığı öz siyasətimizlə, cəsarətli
addımlarımızla və müstəqil siyasətlə
biz yaratmışıq. İki neft və
qaz kəmərinin tikintisi, demək olar ki, bölgədə
yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə
düzəlişlərin edilməsi məsələləri də
Azərbaycanda həll olunur.
Son illər ərzində Azərbaycanda yeni qaz
yataqları kəşf edilmişdir. Bu yataqların kəşfi
artıq Azərbaycanı dünya miqyasında böyük qaz
ölkəsi kimi təqdim edir. Bizim təsdiq
edilmiş qaz ehtiyatlarımız təxminən üç
trilyon kubmetrə bərabərdir. Azərbaycan bu sahədə
bundan sonra ən azı 100 il ciddi
oyunçu kimi öz rolunu oynayacaq, ölkəmizin siyasi və
iqtisadi maraqlarını təmin edəcəkdir.
Keçən
il və bu il neft-qaz strategiyamızın
reallaşması üçün də iki önəmli hadisə
baş vermişdir. Keçən il TANAP
layihəsinə, bu il isə Trans-Adriatik boru kəməri layihəsinə
start verildi. Bunlar dünya miqyaslı, strateji əhəmiyyətə
malik olan layihələrdir. Bu layihələrin
təşəbbüskarı Azərbaycandır. Bu layihələrin icrası üçün Azərbaycan
həlledici sözə malikdir. Bizim təşəbbüslərimiz
və ardıcıl siyasət, müstəqil siyasət bax, bu
reallıqları yaradır. Bu reallıqlar
Azərbaycan dövlətinə və xalqına onilliklər
bundan sonra da xidmət edəcək, bizim iqtisadi müstəqilliyimizi
təmin edəcəkdir. İqtisadi
müstəqillik olmadan siyasi müstəqillikdən söhbət
belə gedə bilməz. Biz ətrafda
baş verən hadisələrə baxırıq, izləyirik,
dünyada baş verən hadisələrə biganə
qalmırıq. Görürük, o ölkələrdə
ki, iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj
obyektinə çevrilir, o ölkələrə təzyiqlər
göstərilir və o təzyiqlər nəticə verir.
O ölkələr, demək olar ki, xahiş edən ölkələr
sırasındadır. Azərbaycan heç kimdən
heç nə xahiş etməmişdir, etmir və etməyəcəkdir.
Biz müstəqil siyasət aparırıq.
Müstəqil siyasətin təməlində
iqtisadi müstəqillikdir. İqtisadi
müstəqilliyin yaradılması mənim üçün
Prezident kimi ən vacib məsələlərdən biri idi.
Çünki mən 10 il bundan əvvəl
çox yaxşı başa düşürdüm ki, əgər
biz buna nail olmasaq, Azərbaycan gələcəkdə
böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq
heç kimə sirr deyildir. Bu barədə
daha danışmağa da dəyməz. Çünki
bu, bir aksiomadır.
Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz
olmasaydı, bizə hansı qərarları qəbul etdirərdilər. İqtisadi
müstəqillik, güclü ordu potensialı, cəsarətli,
birmənalı siyasət, milli maraqlarımızın
qorunması - bu amillər bizi problemlərdən qoruya bildi.
Azərbaycanın gələcəkdə
uğurlu inkişafı üçün bütün bu amillər
daha da güclənməlidir. Biz bunu edəcəyik.
Növbəti beş ildə mən
Prezident kimi bunu təmin edəcəyəm. Əlbəttə,
bu gün neft strategiyasının icrası nəticəsində
beynəlxalq, regional əməkdaşlıq da yeni bir formada
özünü göstərməkdədir. Regional və beynəlxalq əməkdaşlıqda
Azərbaycan, bir daha demək istəyirəm ki, bundan sonra da
etibarlı tərəfdaş kimi öz rolunu oynayacaqdır.
Bir daha qeyd etmək istəyirəm ki, bizim xarici
siyasətimizlə bağlı bütün təşəbbüslər
əməkdaşlıq, dostluq üzərində qurulubdur.
Bir-birinin işinə qarışmamaq, bir-birinə
hörmət etmək, bu, həm beynəlxalq hüquq
normalarına uyğundur, eyni zamanda, normal insani davranışa
da uyğun olan siyasətdir.
Son on il ərzində sənayenin inkişafı ilə
bağlı önəmli hadisələr baş vermişdir. Artıq ağır sənayenin inkişafı ilə
bağlı böyük layihələr icra edilmişdir.
Növbəti illərdə əminəm ki, bu
istiqamət prioritet olacaqdır. Çünki
Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, demoqrafik
göstəricilərdə də özünü büruzə
verir. Bunu mən böyük sevinc hissi ilə qeyd etmək
istəyirəm ki, Azərbaycanda son on il ərzində
əhali artmışdır. On il əvvəl əhalimiz 8,3 milyon idi. Hazırda 9,4
milyondur. On ildə əhali bir milyon yüz min
artmışdır. Demoqrafiya
özlüyündə gələcəkdə böyük rol
oynayacaqdır. Demoqrafik inkişaf, eyni
zamanda, güclü iqtisadiyyatla tamamlanmalıdır. Çünki demoqrafik inkişaf o halda müsbət
amildir ki, iqtisadiyyat buna imkan verir. Biz bəzi
ölkələrin problemlərini bilirik. Bəzi
ölkələrdə demoqrafik tənəzzül
müşahidə olunur və o ölkələr xüsusi
proqramlar tətbiq edirlər. Bəzi
ölkələrdə isə demoqrafik inkişaf o qədər
sürətlidir ki, ölkə iqtisadiyyatı buna
dözmür. Ona görə bizim
iqtisadiyyatımız və xüsusilə növbəti illərdə
kənd təsərrüfatı və ağır sənaye ilə
bağlı olan təşəbbüslərimiz, o cümlədən
demoqrafik amil də hesablanmalıdır. Bizim
iqtisadi imkanlarımız əhalinin artımını daim
üstələməlidir.
Son on il ərzində Azərbaycanda böyük
enerji potensialı yaradılmışdır. On dörd elektrik
stansiyası yaradılmışdır ki, əgər o stansiyalar tikilməsəydi,
hazırda Azərbaycanda bu qədər müəssisə fəaliyyət
göstərə bilməzdi. Deyə bilərəm
ki, bizim ümumi generasiya gücümüz hazırda altı
min meqavat səviyyəsindədir. Onun təxminən 45
faizi son on il ərzində
yaradılmışdır. Bu gün Azərbaycan
xarici bazarlara elektrik enerjisini ixrac edir. On il
bundan əvvəl idxal edirdi. Bu gün biz təbii
qazı ixrac edirik. On il bundan əvvəl
idxal edirdik və demək olar ki, böyük problemlər
yaranmışdı. Yəni bu on il ərzində
energetika sektorunda bütövlükdə böyük nailiyyətlər
əldə edilmişdir və əminəm ki, növbəti
illərdə bu müsbət meyillər davam edəcək,
çünki bizim konkret proqramımız, planlarımız vardır.
İqtisadiyyatın hər bir sahəsinin inkişafı
ilə bağlı olan bu proqramlar əminəm ki, icra ediləcəkdir. Mən növbəti beş il ərzində ölkə
qarşısında duran vəzifələrlə bağlı
dəfələrlə ictimaiyyətə öz fikirlərimi
çatdırmışam. Bir daha qeyd etmək istəyirəm
ki, növbəti beş il ərzində
biz ölkəmizin uğurlu inkişaf tempini
saxlamalıyıq, artırmalıyıq.
Əsas prioritet məsələ, əlbəttə ki, ərazi
bütövlüyümüzün bərpasıdır. Bu, ən
başlıca vəzifədir, bizim üçün ən
ağrılı problemdir. Biz hamımız
çalışmalıyıq ki, növbəti illərdə
bu məsələni beynəlxalq hüququn ədalətli norma və prinsipləri üzərində həll
edək.
İqtisadi gücümüz bizim tərəfimizdədir. Haqq-ədalət,
tarixi həqiqət bizim mövqeyimizi müdafiə edir.
Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən
10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə
çoxdur, əhali isə beş dəfə
artıqdır. Biz növbəti beş il ərzində
bu münaqişənin həlli üçün öz
ardıcıl siyasətimizi davam etdirəcəyik. İlk növbədə, dövlət siyasəti
aparılacaqdır. İctimai qurumlar da bu
işlərdə çox böyük fəallıq göstərirlər.
Xocalı soyqırımını
soyqırımı kimi dünyada tanıtdırmaq
üçün artıq gözəl imkanlar vardır. Bir neçə ölkə Xocalı
soyqırımını soyqırımı kimi
tanıyıb. Bu proses davam etməlidir.
Ermənistanı bütün regional layihələrdən
təcrid etməliyik, etmişik, edəcəyik. Maksimum
çalışmalıyıq ki, Ermənistan iqtisadiyyatı bundan da
ağır vəziyyətə düşsün, orada
depopulyasiya bundan da yüksək
templərlə davam etsin. Beləliklə, biz
münaqişənin həlli üçün bütün əsas
şərtləri təmin etməliyik. Son illərin təcrübəsi
onu göstərir
ki, biz düzgün yoldayıq və Ermənistan məcbur olub
açıq şəkildə etiraf edir ki, öz təhlükəsizliyini
özü təmin edə bilmir. Əslində, etiraf edir ki, Azərbaycandan,
güclü Azərbaycan
dövlətindən qorxur, Azərbaycan qarşısında
acizdir. Ermənilər tərəfindən son 20 il ərzində yaradılan mif ki, erməni
ordusu güclü ordudur, erməni iqtisadiyyatı güclü
iqtisadiyyatdır, bu mif tamamilə dağıdılıb, bu
mifdən əsər-əlamət qalmayıb. Bu gün
güclü Azərbaycan dövləti Ermənistan rəhbərliyinə
də ciddi mesaj göndərir: siz öz xalqınızın gələcəyini,
Ermənistanın müstəqil ölkə kimi
yaşamasını düşünürsünüzsə,
düzgün addım atın. Sizə aid olmayan
torpaqlardan çıxın və biz ədaləti bərpa
etməliyik. Münaqişənin həlli,
bir daha demək istəyirəm ki, prioritet məsələdir.
Bu məsələ tam şəkildə öz həllini
tapmalıdır. Hər hansı bir
yarımçıq variant müvəqqəti variant kimi
yalnız qəbul edilə bilər. Münaqişənin
tam şəkildə həll edilməsi, əminəm ki,
olacaqdır və ilk növbədə, əlbəttə, erməni
işğalçı qüvvələri işğal
edilmiş torpaqlardan çıxarılmalıdır. Ondan sonrakı mərhələlərdə azərbaycanlılar
Dağlıq Qarabağa qayıtmalıdırlar. Şuşada, Xankəndidə Azərbaycan
bayrağı qaldırılmalıdır və əminəm
ki, belə də olacaqdır. Mən qeyd
etmək istəyirəm ki, strateji hədəf kimi azərbaycanlılar
bütün tarixi torpaqlara qayıtmalıdırlar. Mən əminəm ki, biz buna nail olacağıq.
Əlbəttə ki, bu strateji hədəf vaxt
aparacaqdır. Ancaq bizim cəmiyyətimiz,
gənc nəsil, bütün vətənpərvər insanlar
bu amalla yaşamalıdır ki, biz tarixi ədaləti bərpa
edək.
Digər prioritetlər haqqında bir neçə kəlmə
demək istərdim. Xarici siyasətimiz davam etdiriləcəkdir.
Azərbaycan bundan sonra da prinsipial mövqe
nümayiş etdirəcək və üzv olduğumuz təşkilatlarda,
beynəlxalq təşkilatlarda öz mövqeyimizi müdafiə
edəcəyik. Əməkdaşlıq
etdiyimiz təşkilatlarla münasibətləri bundan sonra da
ancaq bərabərhüquqlu, bir-birinin işinə
qarışmamaq və qarşılıqlı hörmət əsasında
quracağıq. Çalışacağıq
ki, dünyada dostlarımızın sayı çoxalsın və
bu məqsədlərə nail olmaq üçün iqtisadi
amillərdən də istifadə etməliyik. Bu gün dünyada xarici investorlar üçün
şərait yaradılır, onlar dəvət edilirlər və
bir çox ölkələr istəyirlər öz iqtisadi vəziyyətlərini
xarici investisiyalar hesabına yaxşılaşdırsınlar.
Bizim isə iqtisadi siyasətimiz, əksinə,
xarici bazarlara investisiya qoymaqdan ibarətdir. Çünki biz gələcəkdə daxili
investisiyaları o qədər də artıra bilməyəcəyik.
İqtisadi qanunlar da buna imkan verməyəcəkdir.
Ona görə iqtisadi amildən istifadə edib dünyada daha
çox dost qazanmaq xarici siyasətlə bağlı prioritet məsələlərdən
biridir.
İqtisadi sahədə şaxələndirmə siyasəti
aparılır, aparılacaqdır. Çalışmalıyıq ki,
növbəti on il ərzində qeyri-neft
iqtisadiyyatımız iki dəfə artsın. Bu hədəf
artıq bir il bundan əvvəl
qarşıya qoyulmuşdur. Hesab edirəm ki,
buna nail olmaq üçün kifayət qədər imkanlar
vardır. Bu ilin göstəriciləri bunu
deməyə əsas verir. Bu il
qeyri-neft sektorumuz on faizdən çox artmışdır.
Əgər biz hər il qeyri-neft sektorumuzu
on faizdən çox artıra bilsək, o hədəfə
çatacağıq.
Əlbəttə ki, bu faizlər, bu rəqəmlər
mütləq hədəf deyildir. Əsas məsələ ondan ibarətdir
ki, biz bu hədəflərə çatsaq, Azərbaycan
iqtisadiyyatı daha da güclənəcək və
dayanıqlığını daha da möhkəmləndirəcək,
neft amilindən asılılığını daha da azaldacaq
və iş yerlərinin açılmasına daha da
yaxşı imkanlar yaradılacaqdır.
Sosial siyasətlə bağlı bizim mövqeyimiz hesab edirəm ki, məlumdur. Son 10 ilin təcrübəsi deməyə əsas verir ki, cəmiyyətdə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur, olmayacaqdır. Yoxsulluğun azaldılması, yoxsulluq şəraitində yaşayanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və digər sosial proqramlar icra ediləcək, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Hələ ki, buna böyük ehtiyac vardır.
Sənayeləşmə ilə bağlı bizim siyasətimiz əminəm ki, növbəti illərdə daha da böyük nəticələrə gətirib çıxaracaqdır. Ağır sənayenin inkişafı üçün gözəl imkanlar vardır. Artıq texnoparklar, sənaye zonaları yaradılır. Dövlət, əlbəttə ki, burada aparıcı rolunu ilkin mərhələdə oynamalıdır, oynayacaqdır. Özəl sektor da bu işlərə qoşulur. Azərbaycanda istehsal oluna biləcək bütün məhsullar Azərbaycanda istehsal olunmalıdır.
Ərzaq təhlükəsizliyi tam şəkildə təmin edilməlidir. Biz son 10 il ərzində bu istiqamətdə böyük nailiyyətlərə imza atdıq. Bu gün bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Biz növbəti 5 il ərzində elə etməliyik ki, əsas ərzaq məhsulları 100 faiz Azərbaycanda istehsal olunsun. Bunu etmək üçün imkan da, konkret təkliflər də vardır və vəsait də nəzərdə tutulacaqdır.
Kənd təsərrüfatı ilə bağlı tədbirlər bundan sonra da aparılacaqdır. Böyük suvarma layihələri icra edilir və beləliklə, fermerlər üçün daha da gözəl şərait yaradılacaqdır.
İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində siyasətimiz davam etdiriləcəkdir. Bu texnologiyalar həm ölkə iqtisadiyyatını inkişaf etdirir, eyni zamanda, məmur-vətəndaş münasibətlərini normal səviyyədə tənzimləyir və tənzimləməlidir. Bu məsələlərə də xüsusi diqqət göstərilməlidir. Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır.
Növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır və bu istiqamətdə dövlət siyasəti birmənalıdır. Çox güclü siyasi iradə var ki, bu xoşagəlməz hallar Azərbaycandan götürülsün. Burada həm inzibati tədbirlər, cəza tədbirləri və sistem xarakterli islahatlar əminəm ki, növbəti 5 il ərzində bu sahədə daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır. Böyük ümidlərim, əlbəttə ki, elektron xidmətlərədir. "Elektron hökumət" layihəsi icra edilir, elektron xidmətlərin sayı artmalıdır. "ASAN xidmət"in qısa müddət ərzində böyük rəğbət qazanması bu əminliyi daha da artırır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır. Dövlət öz siyasətini aparacaqdır, ancaq, eyni zamanda, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır, vətəndaşlar biganə qalmamalıdırlar və bütün xoşagəlməz hallar haqqında məlumatlar vaxtında dövlət orqanlarına çatdırılmalıdır.
Enerji siyasətimizlə bağlı bizim növbəti illərdə çox böyük planlarımız vardır. Mən qeyd etdim ki, "Əsrin kontraktı"nın imzalanmasından sonra son 19 il ərzində Heydər Əliyev neft strategiyası icra edilir. Son on il ərzində bu, daha çox qaz amilində özünü göstəribdir. Növbəti beş il ərzində biz strateji layihələri icra etməliyik. Bu layihələr dünya miqyaslı layihələrdir. Ancaq mən əvvəlki çıxışlarda qeyd etdiyim kimi, Azərbaycan burada aparıcı rol oynayır. Onların arasında TANAP layihəsi və Trans-Adriatik boru kəməri layihəsi xüsusi yer tutur. Bu layihələr böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda, bu layihələrin icrası çox geniş beynəlxalq əməkdaşlıq tələb edir. Hazırda bu layihələrdə iştirak edən bütün ölkələrlə Azərbaycanın çox gözəl münasibətləri vardır, işgüzar, bir-birinə hörmət əsasında münasibətlər qurulubdur. Bu iki layihəni biz növbəti beş il ərzində icra etməliyik. Bu, o qədər də asan məsələ deyildir. Ancaq bu günə qədər atılmış addımlar, cəsarətli və düşünülmüş siyasətimiz, əminəm ki, bu layihələrin icrasında da bizə kömək göstərəcəkdir. Bu layihələrin icrası Azərbaycanı bundan sonra onilliklər ərzində çox önəmli beynəlxalq oyunçuya çevirəcəkdir.
Hazırda bizimlə hesablaşırlar. Bizim sözümüz böyük məna daşıyır. Bakıda qəbul edilmiş qərarlar bir çox hallarda enerji siyasətinin istiqamətlərini müəyyən edir. Biz bu iki layihəni icra etsək, - əminəm ki, biz buna nail olacağıq, - onda bizim çəkimiz daha da artacaqdır. Çəkimiz artdıqca, əlbəttə ki, imkanlarımız da genişlənəcək və bundan sonra heç kimin ağlına gəlməyəcək ki, hansısa məsələdə Azərbaycanı kənara qoyub öz problemlərini həll etmək mümkün olsun. Heç kimin ağlına bundan sonra gəlməyəcək ki, Azərbaycanı hansısa layihədən təcrid etmək mümkün olacaqdır. Bu gün Azərbaycanın birmənalı siyasəti - cəsarətli siyasət, xalqın iradəsinə əsaslanmış siyasət, milli maraqlar üzərində qurulmuş siyasət bizə imkan verir ki, ölkəmizin gələcəyi ilə bağlı sözümüzü böyük nikbinliklə deyək.
Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, "xalq", "millət" anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimiz müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir.
Son illərin təcrübəsi, eyni zamanda, müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir. Ancaq müstəqil Azərbaycan bu uğurlara nail ola bilmişdir. Ancaq taleyimiz öz əlimizdə olan zaman biz bu nailiyyətlərə çata bilmişik. Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək.
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın Azərbaycan!
AzərTAc
Azərbaycan.-2013.- 20 oktyabr.- S.2,3.