Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanında olmuşdur

 

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olmuşlar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlət başçısı əsgərləri salamladı.

Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açıldı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçdi.

Prezident İlham Əliyev hakimiyyəti illərində xalqımızın mənəvi dəyərlərinə, dövlət rəmzlərinə böyük önəm vermişdir. Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Gününün təsis olunması bunun bariz təsdiqidir.

Dövlət Bayrağı Meydanı 2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə təntənəli surətdə açılmışdır. Bakıdakı bayraq dirəyi hündürlüyünə görə 2010-cu il mayın 29-da Ginnesin rekordlar kitabına daxil edilmişdir. İyirmi min kvadratmetr ərazisi olan meydanda ucaldılan bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın eni 35, uzunluğu 70 metrdir.

Bu gün paytaxtla yanaşı, regionlarda da müasir bayraq meydanlarının tikilməsi xalqımızın milli qürur mənbəyi - Dövlət bayrağımıza olan dərin sevgidən qaynaqlanır. Bu, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlət atributlarına olan məhəbbətini bir daha nümayiş etdirir.

Sonda xatirə şəkli çəkdirildi.   

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 20 oktyabr.- S.4.