Azərbaycanın dəyişməz
seçimi: HEYDƏR ƏLİYEV
siyasi kursu -
İLHAM ƏLİYEV missiyası
"İlkin nəticələrə görə seçicilərin 3 milyon 126 min 113 nəfərinin səsini almaqla, yəni 84,54 faizlə İlham Heydər oğlu Əliyev seçki birincisidir" - 2013-cü ilin 9 oktyabr gecəsinin həyəcanına sevinc qatan bu rəsmi məlumatla Azərbaycan xalqı öz Prezidentinə növbəti etimadını bildirdiE
"Mənə böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm... Var gücümlə doğma xalqımızın rifahı, dövlətimizin möhkəmləndirilməsi üçün çalışacağam. Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq" - 2013-cü ilin 9 oktyabr gecəsi cənab İlham Əliyev yeni seçilmiş Prezident kimi xalqına ilk müraciətini etdiE
9 oktyabr - ümumxalq referendumu
Bu qələbə gözlənilən idi. Onu uzun müddət idi ki, heç kəs inkar etmirdi - nə məmləkətdə, nə ölkə xaricində.
Siyasi
təhlilçilər artıq neçə ay idi yalnız bir
məqamı qızğın müzakirə mövzusuna
çevirmişdilər: ilkin rəy sorğularında etimad
göstəricisi 80 faizdən artıq olan İlham Əliyevin
seçki qələbəsini təmin edəcək rəqəm
də buna uyğun olacaqmı?
Siyasi qeybətçilər və avantüristlər xeyli vaxt idi ancaq bir məqsəd uğrunda çarpışırdılar: necə edək ki, seçicilər məntəqələrə gəlməsinlər, nə hiylə qarışdıraq ki, "stəkanda fırtına yaratmağa" bəhanə tapaq, kimin ətəyindən yapışaq ki, bu seçkilərdən sonra bizi siyasi arxivin zibilqabından siyasi masa üzərinə çıxartsın?
Sadə xalqsa bütün bu mürəkkəb siyasi təbəddülatlardan kənarda, sadə məntiqi ilə sadə seçimini edirdi, Xeyirlə Şər arasında fərqi araşdırırdı. Özünə yüksək maaşla yeni iş yeri tapan, ailəsini istəydiyi kimi dolandıran, təsərrüfatını becərmək üçün dövlətdən yardım alan, məhsulunu satmaq üçünsə yaxşı bazar qazanan, təqaüdü yüksələn, dövlətdən sosial yardım və mənzil alan, çadır şəhərciyindən müasir evlərə köçən, kəndində, şəhərində yeni xəstəxanası, məktəbi, yolları tikilən milyonlarla insan - fəhlələr, kəndlilər, alimlər, məcburi köçkünlər, müəllimlər, həkimlər, təqaüdçülər, veteranlar, sahibkarlar... İlham Əliyevin şəxsində uğurlu gələcəyi, artan rifahı, qüdrətli dövləti, güclü xalqı seçirdilər!
Əslində, Azərbaycan vətəndaşı 9 oktyabr seçkisinə Prezident seçkisi kimi yanaşmırdı!
Bu, bir növ, yenidən keçirilən ümumxalq referendumu idi!
Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyev missiyasına xalqın növbəti etimad səsverməsi idi!
Bu, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda İlham Əliyevin fəaliyyəti sayəsində normal yaşayış, güzəran quran, daha xoş sabahına əmin olan, özünə və dövlətinə güvənən milyonların öz xilaskarlarına minnətdarlıq, inam aksiyası idi!
Bu, özünü siyasi səhnədə hərdən biruzə verən xaos, böhran kabusuna və onun daşıyıcılarına xalqın sonuncu qətiyyətli "yox"u, etirazı idi!
9 oktyabr Azərbaycanın ən məsuliyyətli seçim anı, xalqın isə müdriklik sınağı idi! Azərbaycan bu seçimdən də, bu sınaqdan da məsuliyyətlə, müdrikliklə, şərəflə çıxdı və dünyanı öz nailiyyətləri ilə heyran qoyan bir məmləkətin bəşəriyyəti öz bacarığı, qabiliyyəti ilə həmişə heyrətləndirəcək bir milləti olduğunu nümayiş etdirdi.
On ilin bir
əsrlik nailiyyət yükü
Seçimin
ilkin qalibi Prezident İlham Əliyev, bütövlükdə
qalibi isə Azərbaycan dövləti və xalqıdır!
Qələbənin mahiyyətinin, qalibiyyətin məğzinin
nə olduğu barədə uzun şərhlərə, rəqəmlərin
müqayisəsinə, riyazi təhlillərə bəlkə də
ehtiyac yoxdur.
Etiraf edək ki, sadə camaatın ümumi daxili məhsulun
artım tempinin neçə faiz olması, makroiqtisadi göstəricilərin
nə qədər yüksəlməsi kimi faktlara o qədər
də marağı yoxdur! Əsas sözdə deyilənlər
deyil, əməldə görünənlərdir! Əslində,
bu mülahizə İlham Əliyevin 10 il
öncə elan etdiyi seçki proqramının prioriteti -
"Əsl siyasət real iş və konkret fəaliyyətdən
ibarətdir" tezisi ilə öz təsdiqini tapır.
Əvvəla ondan başlayaq ki, 2003-cü ilin prezident
seçkilərinə İlham Əliyev məhz Azərbaycanı
xaosdan tərəqqiyə aparan siyasi kursun təmsilçisi
kimi qatılırdı. 9 il müddətində xarici siyasət, iqtisadiyyat, neft
sektoru, qanunvericilik fəaliyyəti, siyasət sferalarında
özünü bacarıqlı məmur, qabiliyyətli təşkilatçı,
xarizmatik lider kimi təsdiqləyən İlham Əliyevin
seçki qələbəsinin əsas təminatçısı
isə ulu öndər Heydər Əliyevin "Mən ona
özüm qədər inanıram" - yüksək dəyərini
verməsi olmuşdu. Ümummilli liderin bu qənaəti
xalqın 10 il öncə dəqiq etimad ünvanı seçməsində
səfərbəredici şərt idi və Azərbaycan vətəndaşları
da həmişə ona düzgün, müdrik yol göstərən
Heydər Əliyevin bu məsləhətini müzakirə etmədən
belə konkret seçim qərarı kimi müəyyənləşdirdilər.
Və yanılmadılar!
10 il əsrin onda biridir. 10 il
müddətində dağıdıcılıq kontekstində
hər şeyə nail olmaq olar (məsələn, 21 il öncə
cəmi bir il kifayət idi ki, qosqocaman Azərbaycanı rəzil,
bərbad, məğlub günə qoysunlar). Quruculuq,
inkişaf baxımından isə 10 ilin rəmzi timsalı orta
təhsil almaq üçün tələb olunan müddətin
cəmi bir semestrinə bərabərdir.
Ötən
on il ərzində Azərbaycan bu zaman kəsiyinin
10 misli qədərində - bir əsrlik tərəqqi,
yüksəliş yolu keçdi!
Hər günümüz dünənimizdən, hər
ayımız ötən zamandan daha uğurlu, əlamətdar
oldu. Paytaxtla ən ucqar əyalət mərkəzlərinin
arasında fərq belə qalmadı. İki
ay öncə olduğun rayonu, kəndi növbəti dəfə
tanımadın, yeni infrastruktur obyektləri, yollar,
körpülər ənənəvi rayon-əyalət təəssüratını
büsbütün yox etdi.
Kəndli torpağına qayıtdı, pərən-pərən
düşmüş ailəsini başına yığdı,
dövlətdən aldığı əvəzsiz maliyyə
yardımı ilə təsərrüfatını yenidən
qurdu, dirçəltdi, müasir texnikanı yenə də
dövlətin yardımı ilə əldə etdi. Bazar tapmaq
üçün əvvəlki dövrlərdəki kimi əldən-dildən
düşmədi, rayondakı emal müəssisələri
indi onun qapısında bir-birləri ilə qiymət
yarışına çıxdılar. Artıq kəndindəki
evini üçmərtəbəli imarətə çevirdi,
rayon mərkəzində boy-boya düzülən göydələnlərdən
isə ev aldı. Evindən
işıq, qaz, təsərrüfatından su əskik
olmadı. Övladları yeni, müasir məktəbdə
təhsil aldı, dərsliyi də yenə dövlət verdi. Daha xəstələnəndə
müalicə, müayinə üçün Bakıya
qaçmadı. Elə kəndində tikilən
xəstəxanada müalicəsini aldı, rayon mərkəzində
yeni istifadəyə verilən diaqnostika mərkəzində ən
müasir avadanlıqlarla müayinədən keçdi. Bu arada kəndlərdə işi düz getməyən
yalnız əvvəllər həmişə işsizlərin
yığışdığı kənd çayxanaları
oldu. Ancaq onlar da dünənki işsizlərin
- bugünkü fermerlərin uzunmüddətli nisyələrini
qapatmasından, ümumiyyətlə nisyə kitabının
bir qırağa atılmasından çox razı qaldılar.
Kəndli heç fərqində də deyildi ki,
bütün bunlar regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı adlı sənədin gerçəyə
çevrilən planlarıdır. O, yalnız bir şeyi bilirdi: onun əlini
çörəyə çatdıran, təknəsinə
ruzi gətirən sevimli Prezidentidir! Bütün ailəsinin rəhmət
duaları Heydər Əliyevə, alqışları isə
İlham Əliyevə oldu.
Prezident İlham Əliyevin fəaliyyətində
xüsusi prioritet təşkil edən bölgələrin
sosial-iqtisadi inkişafı strategiyası ötən əsrin
70-ci illərində Heydər Əliyevin Azərbaycan kəndinin
misilsiz inkişafına yol açan siyasətinin müasir,
modern yanaşma ilə davamı idi.
Ümidlərin
seçimindən inamın seçiminədək
İlham Əliyevin əyalətlərdəki hər evdə
yandırdığı inam, güvən işığı
bütün Azərbaycanı şölələndirdi. Hər bir fərdin
- fəhlənin, kəndlinin, alimin, daha neçə-neçə
peşə mənsubunun ölkə Prezidenti sayəsində
öz sahəsində qazandığı nailiyyətlər cəmləşərək
bütünlüklə Azərbaycanın uğur göstəricilərinə
çevrildi.
Hər kəs xeyrini gördüyü dövlətə
fərdi xeyrini verməyə çalışdı. İlham
Əliyevin insanlara aşıladığı yüksək vətəndaşlıq
hissləri və vətəndaşın dövləti
qarşısında daşıdığı öhdəliyi
aydın dərk etməsi məsuliyyəti nəticə
etibarilə xalqın öz əlinin zəhmətinə
üstünlük verməsinə gətirib
çıxartdı. İnsanlar işləməyə
alışdılar, yeni ictimai-iqtisadi formasiyada çörəyi
qazanmağın yollarını öyrəndilər. Beləliklə də hər vətəndaşın
fərdi uğuru Azərbaycanın nailiyyətlərində
ümumiləşdi.
Yüksəliş
göstəricilərinin 10 il ərzindəki
faktları bitib-tükənmir. Artım tempinə nəzər
salaq:
- ölkə
iqtisadiyyatı 3,4 dəfə artıb, 150 milyard dollar
investisiya qoyulub, xarici borc ÜDM-in cəmi 7 faizini təşkil
edir;
- dövlət büdcəsinin həcmi 20 dəfəyədək
artıb, gələn ilin əsas maliyyə sənədi isə
artıq 20 milyard manatlıq həddi də keçəcək;
- strateji valyuta ehtiyatlarının həcmi 30 dəfə
artaraq 50 milyard dollara çatıb;
- Cənubi
Qafqazda iqtisadiyyatın 80 faizi, strateji valyuta ehtiyatlarının
isə 91 faizi respublikamızın payına düşür;
- Azərbaycan
MDB məkanında iqtisadiyyatda keçid dövrünü
başa vuran ilk dövlət oldu;
- milli iqtisadiyyatın rəqabət qabiliyyəti
göstəricilərinə görə ölkəmiz 144
dövlət sırasında 39-cu yerdədir;
- sahibkarlıq subyektlərinin sayı 2,9 dəfə
çoxalıb, 3592 istehsal və xidmət müəssisəsi
yaradılıb;
- 1 milyon
200 mindən artıq iş yeri açılıb, işsizlik
4,8 faizə düşüb;
- əhalinin
sosial müdafiəsinə və təminatına yönəldilən
dövlət vəsaitinin həcmi 9 dəfə, pensiyalar 10 dəfə,
maaşlar isə 6 dəfə artıb, yoxsulluq 10 dəfə
azalaraq 6 faizdən də aşağı enib, adambaşına
düşən ÜDM-in həcmi 8000 dollara
yaxınlaşır;
- məcburi köçkünlər
üçün 166 min nəfərin məskunlaşması və
normal yaşayışı üçün 61 müasir qəsəbə
və məhəllə (bütövlükdə isə 82 qəsəbə)
salınıb;
- müdafiə xərcləri 20 dəfə
yüksəlib və Azərbaycanda indi 750 adda hərbi təyinatlı
məhsul istehsal olunur, sonuncu xarici dövlət əsgərləri
ölkədən çıxarıldı;
- 2708 məktəb,
500-ə yaxın tibb ocağı tikilib və əsaslı təmir
olunub;
- 35
olimpiya idman kompleksi istifadəyə verilib, idman
qurğularının sayı 10 minə
çatdırılıb, idmançılarımız beynəlxalq
yarışlardan 735 medalla qayıdıblar;
- 5 beynəlxalq
hava limanı, 4 avtovağzal kompleksi, 4 metropoliten stansiyası
tikilib, 10 min km-ə yaxın avtomobil yolu və 207 yeni
körpü istifadəyə verilib və s.
Bunlar çoxsaylı statistik göstəricilərin
cüzi hissəsidir. Fəqət onları sadalamağa nə
hacət?! Elə iqtisadi inkişaf
dinamikasına və islahatların tempinə görə
dünyada lider dövlətlərdən
olmağımızı da rəqəmlər timsalında təsdiqləməyə
ehtiyac görmürük. Bunlar xalqın həyatında
real təsbit olunan rifahın, güzəranın ümumiləşdirilmiş,
elmiləşdirilmiş ifadə təzahürləridir.
Fəqət
son dövrlərdə elə xüsusi qürurverici məqamlar
var ki, bunlar uzun onilliklər boyu ən möhtəşəm
nailiyyətlər sırasında xatırlanacaq:
- Azərbaycan
artıq kosmik ölkələr sırasına qoşularaq ilk
telekommunikasiya peykini Yer orbitinə çıxarıb və
növbətisinin də hazırlıqlarını yaxın
müddətdə yekunlaşdıracaq;
- Azərbaycanın
BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi
və iki müddətə quruma sədrlik etməsi ölkəmizin
dünyada artan nüfuzunun, regional gücdən beynəlxalq
aktora çevrilməsinin real göstəricisidir;
- Azərbaycan
sammitlər məkanına çevrildi, "Eurovizion"
tarixinin ən möhtəşəm müsabiqəsinə
Bakı ev sahibliyi etdi, ilk Avropa Olimpiya
Oyunlarının da məhz paytaxtımızda keçirilməsinə
qərar verildi...
Bu
kontekstdə 2003-cü ilin prezident seçkiləri ilə
2008-ci və 2013-cü illərin seçkilərinin əsas fərqini
də aydınlaşdırmış olduq:
2003-cü ilin seçkilərinə İlham Əliyev
xilaskar missiyanın və alternativsiz siyasi kursun təmsilçisi,
böyük ümidlər bəslənən namizəd kimi
gedirdi.
2008-ci ilin seçkilərinə İlham Əliyev verdiyi
vədləri artıqlaması ilə gerçəkləşdirən,
ona bəslənən ümidləri tam doğruldan, xalqın
böyük inamını qazanan, beynəlxalq imici möhkəmlənən,
Azərbaycanı bölgədə söz sahibinə
çevirən Prezident kimi qatılırdı.
2013-cü
ilin seçkilərində isə İlham Əliyev tarixin ən
güclü, ən möhtəşəm, ən inkişaf edən
Azərbaycanının şəriksiz lideri, xalqının
öz taleyini onilliklər boyu etibar etməyə hazır
olduğu rəhbər kimi iştirak edirdi!
2003-cü
ilin seçkiləri ümidlərin seçimi idi!
2008-ci
ilin seçkiləri doğrulan ümidlərin, daha xoşbəxt
gələcəyə əminliyin seçimi idi!
2013-cü
ilin seçkiləri Azərbaycanın artıq heç vaxt
öz yolundan - müstəqillik xəttindən və Heydər
Əliyev kursundan geri dönməyəcəyinə inamın
seçimi idi!
Bölgənin
demokratik liderinə qarşı birləşən şəbəkə
Prezident
seçkilərinin gedişi, prosesin bütün təzahürləri
və nəticələri bir faktı da beynəlxalq rəydə
təkzibedilməz arqumentə çevirdi: bölgənin
sosial-iqtisadi sahələrdə və geosiyasi məsələlərdə
yeganə gücü olan Azərbaycan artıq Cənubi
Qafqazın demokratikləşmə və vətəndaş cəmiyyəti
quruculuğu prosesində də alternativsiz lideridir. Bu gün
regionda Azərbaycandan demokratik ölkə, qanunun və
hüququn aliliyini tanıyan digər dövlət yoxdur! Azərbaycanın
demokratikləşmə modeli MDB və Şərqi Avropa məkanı
üçün də təkmil modeldir!
Bu,
uğurdur! Dostları sevindirən, düşmənləri və
rəqibləri antiazərbaycançı fəaliyyətə
sövq edən uğur! Sevinən dostların
xoş münasibəti sözdədir, nailiyyətləri səmimiyyətlə
bəyənirlər, təqdir edirlər. Fəqət
düşmənlər və rəqiblər sözdə
böhtan yağdırmaqla kifayətlənmirlər, onların
əsas fəaliyyəti bəd əməllərində, rəzil
planlarındadır.
Prezident
İlham Əliyev sonuncuları çox doğru olaraq bir ad
altında ümumiləşdirir: dünya erməniliyi!
Liderimizin bu yanaşmasını inkişaf etdirsək, daha iki
qrupu da Azərbaycana düşmən və rəqib
olanların cərgəsinə aid etmək olar: dünya erməniliyinin
beynəlxalq məkandakı müttəfiqləri və
dünya erməniliyinin, həmçinin onların müttəfiqlərinin
ölkəmizdəki buyruq qulları!
Birincilər
də, ikincilər də hücumdadırlar - şərlə,
böhtanla, iftira ilə! Onlardan ruhlanan sonuncular
da, Prezidentin təbirincə desək, beşinci dəstə
(tarixdə beşinci kalon kimi əks olunub) də müxtəlif
vasitələrlə destruktiv fəaliyyətini davam etdirir,
dünya erməniliyinin Azərbaycana qənim kəsilmiş dəyirmanına
su tökür.
Qafqazın güc və nüfuz rəmzinə
çevrilən dövlətimizin nailiyyətlərinin ilk və
yeganə şərtinin uğurlu siyasət - İlham
Əliyev faktoru olduğunu bilən dünya etrməniliyi və
onun ətrafı da öz şər təbliğatında əsas
ağırlığı Azərbaycanın liderinə
qarşı yönəldib. Əslində, təəccüblənməyə
lüzum da yoxdur. Erməni lobbisinin maliyyələşdirdiyi
qəzetdə çap edilən səfsəfədə, yaxud
da "yan" imzalı qərəz yığnağında
Azərbaycan və onun lideri təqdir olunmayacaqdı ki!.. Ancaq bu küfrlər radikalların
tribunası olan qəzetlərdə işıq üzü
görəndə adam təəccüblənməyə
bilmir. Prezidentə, onun siyasətinə qarşı bir ölkə
miqyasında tənqid elementi tapa bilməyənlər xaricdən
gələn böhtanı tirajlamaqla yalnız "tənqid
norması"nı ödəmirlər, həm də maliyyə
asılılıqlarında olduqları şəbəkənin
tapşırıqlarını yerinə yetirirlər. Bəyəm siyasi mübarizə belə olur?
Onlar ermənidirlər, düşməndirlər və
belə də yazmalıdırlar. Ancaq onların xislətini
daşımaq, yaymaq, yazmaq və özünü Azərbaycan
vətəndaşı hesab etmək, hələ dövlət
büdcəsindən bu şərəfsiz fəaliyyət
üçün maliyyə vəsaiti istəmək və almaq
- bax bunlar siyasi əxlaqsızlıq, rəzalətdir!
Və çox vaxt da Prezidentin səbrinə, təmkininə
heyran qalmaya bilmirsən. Xalqa təmənnasız xidmətinin,
layiqli fəaliyyətinin bir ovuc avantüristin bədxah təftişinə
məruz qalmasına soyuqqanlıqla yanaşır, bu qərəzli
fəaliyyətə qarşı çıxan, hüququn tələblərindən
istifadə etmək istəyən tərəfdarlarına birmənalı
etirazını bildirir. Öz səviyyəsini
qorumaqla bərabər LİDER həm də demokratikləşmənin
çətin və məşəqqətli yolunun
ağırlıqlarını öz şəxsində
yaşayır.
O, Heydər
Əliyevin hər mənada davamçısıdır, elə
bu məsələyə münasibətdə göstərdiyi
təmkinlə də. Prezident İlham Əliyev Azərbaycanı
xoşbəxt gələcəyə aparan müqəddəs
missiyanın - karvanın yenilməz sarvanıdır, buna
görə də el misalında deyildiyi kimi, qıraqdan gələn
hay-küyə, ulartıya əsla fikir vermir...
Azərbaycanın
demokratiya modeli "jandarma demokratiyası"na
qarşı
Beynəlxalq təşkilatlarda, xarici QHT-lərdə bu
gün antiazərbaycançı şəbəkənin təmsilçiləri
bəsdi deyənəcəndir. Onların qərəzliliyi,
bədnam tərəfkeşliyi hər addımda
özünü biruzə verir. Məsələn, Azərbaycanda
"demokratiya" axtaranlar elə bizim sərhəd
qonşularımızda seçkilərin antidemokratikliyinə
etiraz edən dinc sakinlərin qanları ilə doldurulan
"demokratiya" hovuzlarında çimirlər və bu qan
qoxusunu "azadlıq rayihəsi" sayırlar. Yaxud, məmləkətimizdə
özünü siyasətdən tam təcrid edən radikal
avantüristləri zorla ölkəmizin siyasi məkanına
dırmaşdırmaq istəyən (və uğursuzluğa
düçar olan) məlum dairələr Bakıdan tam 500 km kənarda
seçkilər ərəfəsində və sonra yüz minlərlə
insanı etiraz mitinqlərinə çıxaran, əlində
saxtakarlıqla, qanunsuzluqla bağlı konkret sənədləri
olan müxalifəti "bir ovuc qruplaşma" hesab edirlər.
Bu, əslində heç ikili standart da deyil, sadəcə
"jandarma demokratiyası"nın
bölgəmizdəki təzahürləridir.
Bu məkr və intriqa kampaniyasının önündə
isə bütün dünyada əsl demokratik təsisatlara və
insan haqlarına qənim kəsilən qurum - ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosu
dayanır.
Necə olur 9 milyonluq Azərbaycanda mitinqinə heç iki min
nəfəri də yığa bilməyən radikalları
"sivil müxalifət, xalqın fikrini ifadə edən
partiyalar" sayıb, onların himayədarına
çevrilirsən, ancaq 3 milyonluq Ermənistanda az qala 1 milyon
etirazçını meydanlara daşıyan müxalifətin
darmadağın edilməsini alqışlayırsan, prezidentliyə
namizədin güllələnməsini normal hal sayırsan?! Azərbaycanda
xalqın inamı, etimadı ilə hakimiyyətə gələn
iqtidarın seçki uğurunu şübhə altına
alırsan, ancaq işğalçı ölkədə qan
üstündə hakimiyyətə gəlib, minlərlə
insanı həbsxanaya atan və güllə sədaları
altında and içən bir marionet hakimiyyəti
"demokratiya yolunda inamla addımlaması münasibətilə"
təbrik edirsən?! Unutmayın, bu təəssübkeşliyinizin
məğzinin yaradıcısı olan İsa peyğəmbər
də, heç əllərdə dəstavuz edilən
"demokratiya" təliminin ataları - yunan-Roma mütəfəkkirləri
də bu ədalətsizliyi, ləyaqətsizliyi sizlərə
bağışlamaz!
Nə yaxşı ki, bu skeptik nihilistlərin sayı
azalıb. İndi onların sayı iki əlin barmaqları qədərdir.
Elə son proseslərdə də bütün
beynəlxalq təşkilatlar, fövqəldövlətlər,
xarici QHT-lər birmənalı olaraq 9 oktyabr seçkisini ədalətli,
şəffaf və demokratik saydılar. Lakin
düşmən - antiazərbaycançı şəbəkə
marığa yatıb, hücuma keçmək
üçün vaxt və şərait gözləyir, elə
onların ölkəmizdəki əlaltıları da.
Əslində,
sonuncular öz siyasi missiyalarını hələ 20 il öncə bitiriblər. Bu
reallığı dərk edib, siyasətdən çəkilmək
niyyətində olmayanlara xalq da bütün seçkilərdə
öz etirazçı münasibətini ifadə edib. Hər ötən seçki radikal düşərgəyə
əvvəlkindən daha artıq zərbə ilə
müşayiət olunub. Radikal düşərgədə
birləşən 30-dan artıq "dərnəyin" vahid
namizədinin aldığı səs isə cəmi 5 faiz oldu.
Elə son seçkilərdən üç
gün öncə və üç gün sonra radikalların
10-15 partiyası birlikdə paytaxtın mərkəzində
etiraz mitinqinə cəmi 1500 nəfəri toplaya bilmişdi.
Bu dəfə seçkilərdə konstruktiv müxalifət
təmsil olunurdu. Onların birlikdə topladıqları səs
10 faizi belə ötmədi. Prezident dəfələrlə
vurğulayıb ki, Azərbaycanın siyasi diskussiya
aparmağı bacaran güclü müxalifətə
ehtiyacı var. Dövlət başçısı hər
zaman bildirir ki, müxalifətin güclü olması bir
iqtidar olaraq onlarda narahatlıq yaratmır, əksinə, Prezident
İlham Əliyevin qurucusu olduğu vətəndaş cəmiyyətində,
hüquqi dövlətdə olan yeganə
çatışmazlıq məhz güclü müxalifətin
olmamasıdır.
Siyasi inhisarçılıq bu iqtidarın mahiyyətinə,
demokratik fəlsəfəsinə, fəaliyyət prinsiplərinə
yaddır.
Ancaq son seçkilər göstərdi ki, artıq proses
başlayıb - yeni nəsil müxalifətin
formalaşmasına start verilib. Bu müxalifət
inkarçılıqdan, avantürizmdən, xarici
asılılıqdan uzaq olmalı, ideya fərqliliyini, fikir
müxtəlifliyini əks etdirməli, cəmiyyətdə,
iqtidarın fəaliyyətində olan nöqsanları
diskussiyalarla, konstruktivliklə ictimaiyyətin gündəminə
çıxarmalıdır. Ən əsası,
cəmiyyətdə müxalifətə etimad
yaratmalıdır.
Seçkilərə qatılan namizədlərin ilkin nəticələr
elan olunandan dərhal sonra İlham Əliyevi qələbəsi
münasibətilə təbrik etmələri ölkəmizdə
siyasi münasibətlərin axarına bir mülayimlik gətirdi. Bu, həm də
iqtidar-müxalifət əməkdaşlığına
sonuncular tərəfindən hər zaman ənənəvi olan
maneənin aradan qalxmasına inam yaratdı. Prezidentliyə namizədlərin radikal müxalifətçiliyin
dövlətimiz üçün zərərini etiraf etmələri,
ölkədə yeni, konstruktiv müxalifətin
formalaşmasına çalışacaqlarını, siyasi əməkdaşlığa
cəhd edəcəklərini bildirmələri qarşı tərəfin
- iqtidarın razılığı ilə
qarşılandı. Göründüyü
kimi, artıq Azərbaycanda siyasi qüvvələr arasında
münasibətlər yeni, beynəlxalq standartlara cavab verən
mərhələyə qədəm qoyur.
Bəli, prezident seçkilərinin əlamətdar məqamlarından
biri də məhz köhnə təfəkkürlü
müxalifətin yenilikçi müxalifətlə əvəzlənməsi
prosesinə xalqın dəstək göstərməsi idi.
Prezidentlikdən
üstün missiya
9 oktyabrda cənab İlham Əliyev demokratik cəmiyyətə,
hüquqi dövlətə malik olan Azərbaycanda seçicilərin
maksimum etimadını qazandı. Unutmamalıyıq ki,
məmləkətimizdə müxtəlif siyasi
dünyagörüşə malik insanlar, fərqli ideologiyalara
inanan vətəndaşlar, siyasi macəraçılar, ictimai
proseslərə tam laqeyd adamlar, cəmiyyətdə öz
yerini tapa bilməyənlər və digər zümrələrin
təmsilçiləri yaşayır. Bu
müxtəlifliklər Azərbaycan demokratiyasının zənginliyidir,
Azərbaycan plüralizminin bünövrəsidir. Bu insanların arasında vətəndaş
sülhünü təmin etmək, ictimai-siyasi fərqliliyi
radikal müstəvidən konstruktiv məcraya yönəltmək
məhz Prezident İlham Əliyevin fədakar fəaliyyətinin
nəticəsidir.
Prezident
İlham Əliyev xalqa enməklə ucalmağı bacaran
Liderdir!
Ötən
10 il ərzində bu həqiqətin
danılmazlığı hər an özünü biruzə
verdi. Onu da etiraf edək ki, İlham Əliyevin hər
bir azərbaycanlının Prezidenti olmasını təmin edən
amillərdən biri də onun xeyirxahlıq, himayədarlıq
siyasətində əsas yardımçısı olan Mehriban
xanım Əliyevanın genişmiqyaslı fəaliyyətidir.
BİRİNCİ ŞƏXS-BİRİNCİ XANIM tandemi Azərbaycanda
mərhəmətin və xeyirxahlığın ən ali səviyyəsini, xalqın inam və etimad
ünvanını təşkil edir.
Hər
bir azərbaycanlının Prezidenti həm də hər bir azərbaycanlının
dostu, cəfakeşi, güvənci, qürur mənbəyidir!
Prezident İlham Əliyev yalnız 9 milyon vətəndaşının
deyil, ümumiyyətlə 60 milyonluq xalqının hər bir
üzvünün rəhbəri, lideridir. O, bunu tək şərəfli
status kimi qəbul etmir, bu, rəhbərimiz üçün həm
də xüsusi məsuliyyətdir. 60 milyon
insanın müqəddəratına cavabdeh olmaq, onların
hansı dövlətdə yaşamasından asılı
olmayaraq hər birinin taleyilə maraqlanmaq, qayğısına
qalmaq, yaşamına yardım göstərmək cənab
İlham Əliyevin əsl missiyasının prezidentlikdən də
üstün olmasına dəlalət edir.
İlham
Əliyev tarix yaradan liderdir! Onun
yaratdığı tarix möhtəşəm olduğu qədər
də bu gün tam mahiyyəti ilə açılması
mümkün olmayan uğurlu proseslərin salnaməsidir.
Buna zaman lazımdır! Vaxt ötdükcə 2003-2013-cü
illəri tariximizin intibah dövrü kimi daha dəqiq, obyektiv,
müfəssəl öyrənəcək, dəyərləndirəcəyik!
İlham Əliyev milliliyi və bəşəriliyi təcəssüm
etdirən missiyanı yürüdür. Onun
missiyası həm də Dədə Qorquddan başlanan
şanlı irsimizi, Babəkin azadlıq məramını,
Şah İsmayıl Xətainin dövlət quruculuğu fəaliyyətini,
Xalq Cümhuriyyətinin yaradıcılarının müstəqillik
fəlsəfəsini, ən nəhayət, dünyanın ən
böyük azərbaycanlısı olan Heydər
Əliyevin xilaskarlıq, qurtuluş kursunu əks etdirir.
lham Əliyev müasirliyin, modern təfəkkürün, sivil düşüncənin, demokratik tərzin, xarizmanın rəmzidir! Azərbaycan da öz rəhbərinin xarakterini mənimsəyən, dünya birliyinin azad, modern, sivil üzvü kimi özünü təsdiqləyən ölkədir.
Prezident İlham Əliyevin qazandığı qələbə əslində hər birimizin qələbəsidir! Bu zəfər bizim qarşıdakı nailiyyətlərimizin müjdəçisi, daha xoşbəxt gələcəyin, güclü və qüdrətli Azərbaycanın rəhnidir!
Prezident İlham Əliyev on il ərzində Azərbaycana halallıqla xidmət etdi və qarşıdakı beş ildə ölkəyə rəhbərlik etmək haqqını da halallıqla qazandı!
Demək, bu missiyaya, bu siyasətə, bu kursa zaval yoxdur!..
Seçimin mübarək, Azərbaycan!..
İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.-2013.- 20 oktyabr.- S.7.