Xalqımız bu dəfə də səsini İlhamlı gələcəyə, firavanlığa verdi

 

Azərbaycan xalqı 9 oktyabr 2013-cü il tarixində keçirilən prezident seçkilərində növbəti 5 ilin uğurlarına imza atdı - Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyevə səs verdi. Bu seçki   həm də yüksək fəallıq şəraitində keçdi. Həmin seçicilərdən biri də mən oldum. Qəlbimin səsi ilə hərəkət etdim. O gün kütləvi şəkildə seçki məntəqələrinə axışanların arasında mədəniyyət və incəsənət xadimlərinin də diqqət çəkməsi təsadüfi deyildi. Axı Azərbaycanın inkişafına nail olan dövlət başçısının həm də  xalqımızın min illərlə formalaşdırdığı mədəni sərvətin dünya arenasında tanıdılmasında xüsusi diqqət və qayğısı olub.

Ötən əsrin doxsanıncı illərində nəinki dövlətimizin və xalqımızın sabahına ümid azalmış və hətta üzülmüşdü. Həmin illərdə mədəni sərvətimizin hərraca qoyulduğunun şahidi olduq. Ulu öndərimizin qurub-yaratdığı müstəqil dövlətimizin hərtərəfli inkişafı müstəqilliyimizin qarantına çevrilən cənab Prezident İlham Əliyevlə bağlıdır. Xalqımız məhz buna görə bu dəfə də səsini ona verdi.

Dövlət başçısının Azərbaycan mədəniyyət və incəsənətinə göstərdiyi xidmət əvəzedilməzdir. Milli mədəni abidələrimiz olan bir çox sərvətlərimiz məhz dövlət siyasəti və Heydər Əliyev Fondunun qayğısı sayəsində UNESCO-nun Mədəni irs siyahısına düşüb. Dünyanın məşhur musiqiçilərinin və istedadlı gənclərinin məharəti ölkəmizdə keçirilən beynəlxalq festivallarda üzə çıxarılır. Demək, Azərbaycan həm də dünya xalqlarına mədəni mərkəzlərdən biri kimi təqdim edilir.

Ümummilli liderin müəyyənləşdirdiyi siyasət çox yüksək səviyyədə və peşəkarcasına davam etdirilir. Bu siyasət haqq-ədalət uğrunda mübarizələrdən keçərək, xalqın inkişafına və tərəqqisinə hesablanıb. Hərtərəfli inkişafımız göz önündədir. Dünyanın hər yerindən builki seçkiləri izləməyə gələn qonaqlar və mütəxəssislər ölkəmizin qısa müddət ərzində demokratiya yolu ilə beynəlxalq aləmə inteqrasiya olunmasına heyran qaldıqlarını gizlətmədilər.

Bizə bu lazım deyilmi? Bizə hələ küçələrdə qışqır-bağır salanların boş xülyaları lazım deyil. Onların bu xalqa xəyanətinə hakimiyyətə zorla, silahla  gəldikləri bir il dözə bilmədikləri zamanda bələd olmuşuq. Azərbaycanın inkişafını görməyənlərə, yaxud özlərini görməzliyə vuranlara bu xalq həmişə yox deyib!

Xalqımız növbəti dəfə onun maraqlarını axıra kimi müdafiə etməyi bacaran liderimizin arxasınca gedərək daha böyük uğurlara imza atacaq, inşallah!

Bu da Prezidentimizin növbəti dəfə andiçmə mərasimi. Əvvəlkilərdən fərqli olaraq, Prezidentimiz bu dəfə Milli Məclisdə and içdi. Bu məkanda and içmənin isə rəmzi mənası var: xalq-hakimiyyət birliyi.

 

 

Teymur MUSTAFAYEV,

xalq artisti

Azərbaycan.-2013.- 20 oktyabr.- S.8.