Prezident İlham Əliyevin fəaliyyətində Dağlıq

 Qarabağ münaqişəsinin həlli prioritetdir

 

İşğal olunmuş torpaqlarımızı azad etmək üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Onda Ermənistan bizim ərazilərimizi işğal altında saxlaya bilməyəcək.

 

 İlham ƏLİYEV

 

 

2003-cü ildə prezident seçilərkən cənab İlham Əliyev respublikamızın bütün uğurlarının Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, Azərbaycan diplomatiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ümummilli liderin başladığı siyasi kursu uğurla davam etdirəcəyini bildirmişdi.

Ulu öndərin beynəlxalq səviyyədə etdiyi çıxışlarında Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olması fikri öz əksini onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik nitqlərində də tapır: "Azərbaycan heç vaxt torpağında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Azərbaycan bütün imkanlarını səfərbər edib, diplomatik, siyasi, iqtisadi, hərbi - bütün imkanlardan istifadə edib öz doğma torpaqlarını azad edəcəkdir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüş və çıxışları zamanı dəfələrlə ifadə etmişdir ki, "Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir".

Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın münaqişə ocağına çevrilməsinin bütün morfologiyası İlham Əliyev diplomatiyasının daim diqqət mərkəzində olmuşdur.

Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun, həmçinin onun ətrafında 7 rayonunun işğal edilməsi və hələ də işğal altında saxlaması Azərbaycan Respublikasının və eləcə də müasir dünyanın ən böyük narahatlıq doğuran problemlərindən biri olması şübhəsizdir.

Proseslərin ardıcıl izlənməsi göstərir ki, cənab İlham Əliyev xarici səfərlərində Heydər Əliyev siyasətini yeni formada təcəssüm etdirmişdir. Prezident İlham Əliyevin xarici siyasətinin əsasını məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi təşkil etmişdir.

Prezident İlham Əliyevin apardığı çevik diplomatik mübarizə nəticəsində təcavüzkar Ermənistan dövlətinin ən müxtəlif səviyyələrdə ifşası davam etmiş, erməni lobbisinin apardığı bədnam təbliğata qarşı səmərəli əks-hücum təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin apardığı siyasi mübarizəyə əsaslanan diplomatiya ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal görünmüş, bu, ardıcıl və sistemli fəaliyyətin həyata keçirilməsi ilə müşayiət olunmuşdur. Ermənistan Respublikasının beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan işğalçı dövlət olması faktı indi bir çox dünya dövlətləri tərəfindən qəbul edilir.

Bununla bərabər, Prezident İlham Əliyevin vurğuladığı "Azərbaycan torpaqları danışıq predmeti ola bilməz", "Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyildir və heç vaxt olmayacaqdır... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcəkdir. Yəni Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaqdır" mötəbər fikirlər tariximizin bugünkü reallığını əks etdirir.

Təsadüfi deyil ki, bunu dərindən dərk edən xalqımız yeni minilliyin ilk prezident seçkilərində çox müdrik seçim etdi: Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan İlham Əliyevə səs verdi, onu prezident seçdi. 2003-cü ildə başlanmış bu müdrik addım ikinci dəfə 2008-ci və 2013-cü illərdə də təkrar edildi. Azərbaycan xalqı yeni əsrdə yeni liderinin - qətiyyətli və müdrik Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi kursla daha böyük uğurlara doğru yol başladı.

Azərbaycan Respublikasının siyasi, iqtisadi və beynəlxalq əlaqələrinin genişlənməsi və maraqlarının təmin olunması sahəsində varisliyə sadiq qalan Prezident İlham Əliyev ölkənin seçdiyi yolun alternativsizliyini hər bir məqamda vurğulayır.

"Ən böyük xoşbəxtlik, ən böyük qiymət odur ki, xalq səni dəstəkləsin" deyərkən cənab Prezident İlham Əliyev xalqın etimadını doğrultmağı və ona arxalanmağı nəzərdə tuturdu.

İlham Əliyev ulu öndərdən irs qalan xarici və daxili siyasət kursunu yüksək xüsusiyyətlər əsasında, qabiliyyətlə, dəyanətlə həyata keçirir. Rəhbər şəxsiyyəti yüksək bilik, çevik siyasət, cəsarət, dəyanət formalaşdırırsa, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev öz yerindədir.

İlk dəfə Azərbaycan Prezidenti seçilən ərəfədə "Prezident seçilərəmsə sosial sahə və iqtisadiyyat əsas fəaliyyətim olacaq. Bu iki önəmli məsələ ilə yanaşı, erməni işğalı altında olan Yuxarı Qarabağ probleminə də önəm verəcəyəm" deyən, xalqın böyük sevgisinə arxalanan, Azərbaycan dövlətinin sükanını etibarlı əllərdə saxlayan Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bütün proseslərə ciddi nəzarət etmişdir.

Ermənistan Respublikasının BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsini,  ATƏT-in Minsk qrupunun isə bununla bağlı heç bir adekvat qərar qəbul etməməsini dəfələrlə diqqətə çatdıran Prezident İlham Əliyevin "Azərbaycan problemin heç zaman "mövcud reallıqlar" əsasında həlli variantı ilə razılaşmayacaq və torpağının bir qarışını belə heç kimə verməyəcəkdir" deməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq ictimaiyyətin tutduğu passiv müşahidəçi mövqeyinin yaranmış çıxılmaz vəziyyəti daha da gərginləşdirə biləcəyindən narahatlığını açıqdan-açığa bildirmişdir. O, ATƏT-in Minsk qrupunun və BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar qüvvələri qarşısından geri çəkildiyini aşkar şəkildə bəyan etmişdir (Azərbaycan 2003: İnkişaf strategiyasında yeni mərhələ, Bakı, 2005, 520 s., s.367).

Dövlətimizin müstəqilliyini, xalqımızın əmin-amanlığını qorumağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olan Silahlı Qüvvələrə - güclü Milli Ordumuza arxalanan Prezident İlham Əliyevin "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlamamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir" bəyanatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının etibarlı təminatıdır.

Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə artması danışıqlar prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması prosesini sürətləndirmişdir. Avropa Şurası, Avropa Birliyi, İKT kimi nüfuzlu beynəlxalq qurumların, habelə münaqişə ilə bağlı 4 qətnamə qəbul etmiş BMT-nin problemin həllində ərazi toxunulmazlığı prinsipini önə çəkməsi respublikamızın beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsindən xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin türkdilli dövlətlərin və topluluqların 2010-cu ilin sentyabrında keçirilən 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında Ermənistanın ifşası istiqamətində səylərin daha da artırılmasının vacibliyini önə çəkməsi, kəskin şəkildə ifadə etdiyi "Azərbaycan torpaqları danışıqların mövzusu ola bilməz" fikri Dağlıq Qarabağ məsələsində prinsipial mövqenin ardıcıl davam etməsindən xəbər verirdi.

Artıq çoxdandır ki, Ermənistanı himayə edən müəyyən xarici siyasi dairələr, o cümlədən erməni lobbisi Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etdiyi, beynəlxalq aləmdə inamlı siyasət yeridildiyi bir mərhələdə, müstəqil iqtisadi siyasəti olmayan, regionun iqtisadi proseslərinə qoşula bilməyən, iqtisadi tənəzzül keçirən və əhalinin kütləvi şəkildə ölkəni tərk etməsinin qarşısını ala bilməyən Ermənistan Respublikasının siyasi nüfuzu da iflasa uğramışdır.

Azərbaycan Respublikasının Prezidenti mövcud durumu təhlil edərək demişdir: "Son dövrlərin siyasi təhlili göstərir ki, Azərbaycan dövlətinin hər bir ölkə ilə imzaladığı sənəddə Azərbaycanın ərazi bütövlüyünün tanınması və dəstəklənməsi onu göstərir ki, bütün beynəlxalq ictimaiyyət, dünyanın siyasi elitası bu məsələnin Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsini mümkün sayır. ...Əgər dünya birliyi 1990-cı illərin ortalarında, - o vaxt Azərbaycan iqtisadi və siyasi cəhətdən o qədər də güclü deyildi - Dağlıq Qarabağın müstəqilliyini tanımayıbsa, bugünkü vəziyyətdə, Azərbaycanın güclü dövlət olduğu bir dövrdə heç də bunu tanımayacaqdır".

Prezident İlham Əliyev danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində razılaşmaya nail olunmamasını, bütün dünya ictimaiyyətinin və bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun bunun şahidi olmasına dair fikrini açıq bildirmişdir: "Biz öz ərazi bütövlüyümüzü heç vaxt güzəştə getməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcəkdir. Azərbaycan rəhbərliyi və Azərbaycan xalqı heç vaxt bununla razı olmayacaqdır. Beynəlxalq ictimaiyyət isə Dağlıq Qarabağın müstəqilliyini heç vaxt tanımayacaqdır. Biz danışıqları bu istiqamətdə aparırıq".

Azərbaycan Respublikası Prezidentinin "Biz uzun illər ərzində danışıqlar yolu ilə çalışırıq ki, məsələni həll edək. ...Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa ediləcəkdir" deməsi bu prosesin ölkəmizin xeyrinə irəliləməsinin perspektivliyini göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində nəinki tutduğu mövqedən çəkilməmiş, hətta hücum diplomatiyasına üstünlük vermişdir. Prezidentin diplomatlarla görüşdə dediyi "Biz müdafiədən hücuma keçməliyik" fikrinin əsas istiqaməti Ermənistan Respublikasının Dağlıq Qarabağ problemini indiki reallıqla razılaşmaqla həll etmək tezisi ilə çıxış edən antiazərbaycançı qüvvələrə qarşı yönəlmiş siyasi xətt idi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşmanı tənqid və buna son qoyulmasını tələb edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü il noyabrın 15-də Prezident sarayında Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi Per Qartonu qəbul edərkən demişdir: "...ATƏT-in Minsk qrupu uzun illərdir ki, bu məsələ ilə məşğul olur, amma əfsuslar olsun ki, heç bir nəticə əldə edilməmişdir. Hesab edirəm ki, bu münaqişənin həll olunması üçün ilk növbədə ikili standartlar siyasətinə son qoyulmalıdır, işğalçı dövlətdən işğal etdiyi torpaqlardan geri çəkilməsi tələb olunmalıdır. Sevindirici haldır ki, artıq Avropa strukturlarında bu istiqamətdə işlər aparılır və Avropa Şurasının Ermənistanı işğalçı dövlət kimi tanıması bunu əyani şəkildə göstərir.

Ümidvaram ki, digər Avropa strukturları da bu təşəbbüsə qoşulacaqlar və məsələyə öz mövqelərini birmənalı şəkildə bildirəcəklər".

Prezident İlham Əliyev 2004-cü il yanvarın 23-də "Fiqaro" qəzetinə verdiyi müsahibədə bildirdi ki, "Rusiyanın Ermənistanla müttəfiq olmasına baxmayaraq, bu məsələnin həllində mühüm rol oynayan ABŞ və Fransa da vardır. Minsk qrupuna daxil olan bu ölkələr birlikdə təzyiq göstərməlidirlər ki, Ermənistan bizim əraziləri azad etmək məcburiyyətində qalsın, ...biz Qarabağın müstəqilliyini və onun Ermənistana birləşdirilməsini heç vaxt qəbul etməyəcəyik".

Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev 2004-cü il 26-27 iyunda NATO-nun İstanbul zirvə görüşü çərçivəsində "Avratlantik İttifaqı yol ayrıcında" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında beynəlxalq qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rolu barədə demişdir: "Biz istərdik ki, yalnız ATƏT deyil, Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq təşkilatlar da məsələnin həllində fəal rol oynasınlar. Əlbəttə, ATƏT-in Minsk qrupunun məsələni həll etmək üçün mandatı vardır və biz bu mandata hörmətlə yanaşırıq. Amma düşünürəm ki, daha geniş beynəlxalq ictimaiyyətin bu yönümdə fəal rol oynamasının vaxtı çatmışdır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həllinə, sülhün əldə olunmasına kifayət qədər diqqət yetirməməsini vurğulayaraq işğal altındakı ərazilərdə transmilli cinayətkarlığın güclənməsini, bəşəriyyət üçün yeni təhlükə mənbəyinə çevrilmə təhlükəsini vurğulayır, belə bir vəziyyətdə dünya birliyinin nümayiş etdirdiyi laqeydliyin daha böyük təhlükələrə gətirəcəyindən narahatlığını bildirir.

Azərbaycan Prezidenti BMT Baş Məclisinin 59-cu sessiyasındakı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə dövlətimizin mövqeyini bir daha açıqladı: "Beynəlxalq qurumun bir çox hallarda problemə qeyri-konstruktiv münasibəti münaqişənin aradan qaldırılmasına, sülhün əldə olunmasına deyil, əksinə, Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları irəli sürməsinə, ümumilikdə regionda vəziyyətin daha da gərginləşməsinə zəmin yaradır. Belə ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunduğu gündən etibarən dünya birliyi ölkələrini Ermənistanın yeritdiyi işğalçılıq, soyqırımı və etnik təmizləmə siyasətinin qarşısını almağa, dövlətimizin beynəlxalq hüquq normalarına əsasən təsbit olunmuş hüquqlarının, məcburən daimi yaşayış yerlərini tərk etmiş vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində konstruktiv mövqe tutmağa çağırsa da, beynəlxalq qurumların fəaliyyətsizliyi üzündən heç bir nəticə alınmamışdır. Halbuki BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünün, onun dövlət sərhədlərinin pozulmasının yolverilməz olduğu açıq göstərilmişdir".

Prezident İlham Əliyev çıxışında münaqişənin hələ də həll olunmamasının əsas səbəbini açıqlayarkən beynəlxalq təşkilatların laqeydliyini açıq tənqid etmişdir: "Aydın məsələdir ki, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in və onun Minsk qrupunun problemə passiv və laqeyd münasibət göstərdiyi şəraitdə Ermənistan işğalçılıq əməllərindən və destruktiv mövqeyindən əl çəkməyəcəkdir".

2005-ci il yanvarın 3-də Prezident İlham Əliyev BMT TŞ-nin iclasındakı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması sahəsində proseslərin əlverişli istiqamətdə getməsinə nail olunduğunu və bu problemin Praqa prosesi əsasında həllində "yeni mərhələlər"in başlandığını bəyan etməklə ATƏT-in Minsk qrupunun həmsədrlərinə Avropanın 4 dövlətindən - Almaniya, İtaliya, İsveçrə və Finlandiyanın ekspert, siyasətçi və diplomatlarının da qoşulmasının münaqişənin həlli sahəsində əhəmiyyətli olduğunu göstərdi.

Çox keçmədən Strasburqda AŞ PA-nın Siyasi Komitəsində (2005-ci il yanvarın 11-də) qurumun Dağlıq Qarabağ üzrə məruzəçisi Devid Atkinsonun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin real nəticələrini obyektiv əks etdirən hesabatı dinlənildi. Hesabatda Ermənistan Respublikasının işğalçı dövlət kimi tanınması məsələsinə bir daha toxunuldu. Atkinson beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin iqtisadi inkişaf və inteqrasiya yolunda tıxac kimi duran Dağlıq Qarabağ probleminin birdəfəlik və ədalətli həlli istiqamətində beynəlxalq təşkilatlara, konkret olaraq ATƏT-in Minsk qrupuna səmərəli kömək etmək əzmində olduğunu bildirdi.

Prezident İlham Əliyevin müəyyən etdiyi xəttə əsaslanan Azərbaycan diplomatiyası ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında daha da fəallaşdı. Bu diplomatik fəallıq ardıcıl və sistemli fəaliyyətin həyata keçirilməsi ilə müşayiət olunmağa başladı. Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə məhəl qoymayan işğalçı dövlət olması faktı bir çox dünya dövlətləri tərəfindən qəbul edildi. Bu da Ermənistanın siyasi mövqelərinə ciddi zərbə vurdu. Beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı fəaliyyətini xeyli dərəcədə gücləndirdi. Dünyanın ən aparıcı beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağa başladı. BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi, İKT kimi nüfuzlu beynəlxalq qurumlar problemin ərazi toxunulmazlığı prinsipi əsasında həllinə üstünlük verdi.

2006-cı il noyabrın 8-də NATO-nun baş katibi Yaap de Hoop Sxefferin Prezident İlham Əliyevlə görüşü zamanı rəhbərlik etdiyi təşkilatın Cənubi Qafqazdakı dövlətlərin ərazi bütövlüyünü və suverenliyini tanıdığını vurğulaması aparılan uğurlu siyasətin davamını göstərdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il iyunun 25-də İstanbulda QİƏT-in 15 illiyinə həsr edilmiş zirvə görüşündəki çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunaraq demişdir: "Məsələnin həll olunmaması bölgədə gərginliyin artmasına gətirib çıxarır. Bölgədə sülh bərqərar olunmur. Müvəqqəti atəşkəs mövcuddur, o da ki, çox həssasdır. Mən düşünürəm ki, Ermənistan da başa düşməlidir ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir".

ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə 2007-ci il Madrid danışıqları Azərbaycan Respublikasının xarici siyəsətinin əyani göstəricisi və Prezident İlham Əliyevin xarici siyasətinin uğurudur.

2008-ci il martın 14-də BMT Baş Məclisində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bir daha təsdiqlənməsi də İlham Əliyevin fəal diplomatiyasının uğurlarından biridir.

Prezident İlham Əliyevin çıxışlarında işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün bütün vasitələrdən istifadə ediləcəyini, hətta hərbi yolla həll edilə biləcəyini vurğulaması təsadüfi deyil ki, bütövlükdə Azərbaycan diplomatiyası üçün uğurlu olmuşdur. Son illər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan tərəfinin fikirləri xarici dövlətlər üçün daha prioritet olmuşdur. Qondarma Dağlıq Qarabağ respublikasında keçirilmiş referendumun beynəlxalq təşkilatlar tərəfindən tanınmaması, BMT-nın Baş Assambleyasında Azərbaycan torpaqlarının işğal edilməsi faktının sənədlərdə əksini tapması, Azərbaycanın Qarabağ regionunda ermənilər tərəfindən törədilmiş yanğınlar haqqında sənədlərin ATƏT-də qəbul edilməsi və bu quruma daxil olan dövlətlərə göndərilməsi üçün qərarın qəbul edilməsi müsbət hal kimi qiymətləndirilir.

Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə artması danışıqlar prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması prosesini gücləndirir. Bir daha qeyd etmək lazımdır ki, Ermənistan bunun müqabilində münaqişənin həlli ilə bağlı siyasi arenada heç bir irəliləyişə nail olmamışdır.

Prezident İlham Əliyev "Biz erməniləri beynəlxalq müstəvidə artıq məğlub etmişik" deyərək Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinin Ermənistanın acı məğlubiyyəti olduğunu vurğulayaraq demişdir: "Qoşulmama Hərəkatında 120 ölkə artıq Azərbaycanın ərazi bütövlüyünü nəinki dəstəkləyir, münaqişənin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Bütün digər beynəlxalq təşkilatlarda bizim nüfuzumuz artır. Azərbaycan bölgədə söz sahibidir və biz nüfuzumuzdan, imkanlarımızdan bundan sonra da istifadə edəcəyik ki, Ermənistanı daha da böyük təcridə salaq. Onlar onsuz da bütün beynəlxalq layihələrdən təcrid edilib və biz bu siyasəti, əlbəttə ki, gələcəkdə də davam etdirəcəyik. Biz daha güclü olmalıyıq. Daha güclü olsaq, məsələ öz həllini tapar".

Cənab İlham Əliyev Dağlıq Qarabağ probleminin həllinin uzanmasını, status-kvonun saxlanmasını onun maraqlarına xidmət etdiyini hesab edən Yerevanın təsəvvürünün yanlış və həm də səhv  olduğunu vurğulayır. Bu, tarixdə baş verənlərə diqqətlə yanaşma, baş verən proseslərə düzgün və obyektiv münasibət, uzaqgörənliklə verilən qiymət, tariximizin və müasir siyasətimizin bugünkü simasıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin səbəblərini açıqlayan Prezident İlham Əliyev "Erməni tərəfi nizamlama prosesini hər vasitə ilə yubatmağa cəhd edir. Artıq razılaşdırılmış məsələlər yenidən Ermənistan tərəfindən müzakirə mövzusu kimi irəli sürülür. Bununla da bu prosesi sonsuzluğa qədər uzatmaq cəhdləri açıq-aydın görünür. Başlıca səbəb də bundadır" deməklə əsas maneənin nədən ibarət olduğunu vurğulayır. İkinci səbəbin beynəlxalq ictimaiyyətin özünün qəbul etdiyi beynəlxalq təşkilatların qərarlarına çox laqeyd yanaşmasından ibarət, Ermənistanın isə beynəlxalq hüquq normalarını çox kobud şəkildə pozması ilə bağlı olduğunu bildirir.

İqtisadiyyatı sabit inkişaf edən, dinamik, müasir və regional məsələlərdən əlavə dünya məsələlərində artıq müəyyən çəkiyə malik olan Azərbaycan Respublikasının beynəlxalq nüfuzu getdikcə artır. İnamla demək olar ki, respublikamız taleyüklü məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas söz sahibi olmaq imicini qazanacaq və bu münaqişənin birdəfəlik həllinə nail olacaq.

Prezident İlham Əliyev Qarabağ regionuna növbəti səfəri zamanı Bərdə ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan  Respublikasının və Ermənistan Respublikasının inkişaf səviyyəsinin müqayisəedilməzliyini diqqətə çatdırmışdır: "Mən, əlbəttə, istəyirəm ki, biz bunu qan tökülmədən edək. Ancaq biz istənilən varianta hazır olmalıyıq və hazırıq. Bu gün nəinki güclü iqtisadiyyatımız, güclü ordumuz var. Ordu potensialı da, insan potensialı da, vətənpərvərlik hissləri də çox güclüdür".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubada azərbaycanlıların soyqırımı məzarlığında nitqi zamanı ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətinin təsadüfən və birdən-birə meydana çıxmış bir aksiya olmadığını, bunun hərtərəfli şəkildə hazırlanmış, planlı surətdə həyata keçirilməsi nəzərdə tutulan mənfur siyasi xətt olduğunu diqqətə çatdırmışdır. Ermənilərin azərbaycanlılara qarşı törətdiklərini faşizmlə müqayisə edərək XX əsrin əvvəllərində baş vermiş hadisələrin özünü bir daha 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində göstərdiyini bildirmişdir. Cənab İlham Əliyev eyni zamanda müharibə və soyqırımı törətməkdən belə çəkinməyən ermənilərin əsrin ən qanlı faciəsini törətmələrini vurğulamış, dünya ictimaiyyətinin isə bu faciəyə laqeyd yanaşmasını diqqətə çəkmişdir: "1992-ci ildə Xocalı soyqırımı törədildi. Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni biz bunu "erməni soyqırımı" mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır. Ancaq nədənsə bəziləri bunu görmək istəmir, bəziləri bu günə qədər də erməniləri qurban kimi təqdim etmək istəyirlər. Əlbəttə ki, bunun səbəbi vardır" (www.preziden.az).

Bu gün dünyada baş verən ciddi məsələlərə ikili standartlarla yanaşmalar hələ də davam edir. Azərbaycan Prezidentinin ədaləti bərpa etmək üçün atdığı addıma haqsız etirazlarını bildirənlər ermənilərin törətdiyi cinayət əməllərinə göz yumurlar. Ramil Səfərovu azadlığa buraxdığına görə Azərbaycan Prezidentinin əleyhinə siyasi kampaniyalar aparırlar. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında demişdir: "...Əlbəttə ki, bu hücumların heç bir təsiri ola bilməzdi. Çünki Azərbaycan dövlətinin iradəsinə, qərarlarına heç bir qüvvə təsir edə bilməz. Biz ədaləti bərpa etmişik və bundan sonra da öz siyasətimizdən dönməyəcəyik. Ancaq nə üçün bu məsələ ilə bağlı öz səslərini ucaldanlar bu gün Ermənistanda faşistlərə qoyulan abidələri görmürlər? Nə üçün terror aktları, o cümlədən Avropa ölkələrində bu aktları törədən erməni terrorçuları sərbəst buraxılır və Ermənistana qaytarılır, orada isə onlara qəhrəman kimi münasibət göstərilir? Nə üçün bunu görmürlər? Bu ədalətsizlik nə vaxta qədər davam edəcək? Bu işğal nə vaxta qədər davam edəcək? Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız artıq 20 ilə yaxındır ki, işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Azərbaycan BMT-yə üzv olarkən vahid dövlət kimi üzv olmuşdur. Heç bir dövlət bizim ərazi bütövlüyümüzü şübhə altına almır. Nə üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir? Bütün bu suallar cavabsız qalır. Biz bu suallara cavabları bilirik. Bu məsələnin həll olunmamasının səbəblərini bilirik və bunu açıq ifadə edirik. Ancaq bu suallar havada qalmamalıdır, bu ədalətsizliyə son qoyulmalıdır".

Həqiqətin bir üzü var. Azərbaycan Prezidenti haqqın, ədalətin bərpa olunmasını istəyir və tələb edir. Azərbaycan xalqının bir el məsəlində deyildiyi kimi: düz əyrini kəsər. Bu baxımdan Prezident İlham Əliyevin dedikləri reallıqdır: "Bu gün bizim dövlət büdcəmiz Ermənistandakından təxminən 10 dəfə çoxdur. Bizim təkcə hərbi məsələlərə xərclədiyimiz vəsait Ermənistanın bütün dövlət büdcəsindən təxminən 30-50 faiz artıqdır. Yəni biz bütün başqa parametrlər üzrə böyük üstünlük əldə etmişik - iqtisadi sahədə, siyasi sahədə, dünya birliyində oynadığımız rol baxımından. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür və dünya tərəfindən böyük dəstəyə malikdir. Bu gün biz artıq fəzaya çıxmışıq. Bizim peykimiz vardır. Bizim iqtisadi inkişafımız çox sürətlidir... Bizim demoqrafik vəziyyətimiz çox müsbətdir. Artıq 9 milyon yarıma yaxın əhalimiz vardır.

Yəni bütün bu amillər bizim gücümüzü təsdiqləyir və düşünülmüş siyasətin nəticəsidir. Ermənistan isə artıq öz hərəkətləri və bəyanatları ilə açıq şəkildə etiraf edir ki,  təhlükəsizliyini öz gücünə təmin edə bilmir. Biz bunu çoxdan bilirdik. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan bütün tərəflər bunu bilir. Ancaq bu gün Ermənistan məcburdur ki, özü bunu etiraf etsin. Bizim qarşımızda nə qədər aciz, nə qədər gücsüz olduğunu, qorxu içində yaşadığını etiraf etsin. Mən bir dəfə demişəm ki, erməni xalqı bizdən qorxmamalıdır, öz rəhbərliyindən qorxmalıdır. Qaniçən, yırtıcı, quldur, cəllad rəhbərliyindən qorxmalıdır ki, bu gün onlar öz xalqına divan tuturlar, öz xalqını gülləbaran edirlər. İndiki Ermənistan rəhbərliyi nə qədər çox hakimiyyətdə qalsa, Ermənistan bir o qədər də tez tamamilə çökəcək və tarixi ədalət bərpa ediləcəkdir. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bütün amillər - güclərin nisbəti, beynəlxalq, iqtisadi-hərbi amillər bunu göstərir. Sadəcə olaraq vaxt gedir. Sadəcə olaraq biz istəyirik ki, bu, tezliklə olsun. Ancaq bu, hərtərəfli və tam şəkildə olmalıdır".

Quba şəhərində soyqırımı məzarlığındakı nitqində dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa edilməli olduğunu, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağının qaldırılmasının və gələcəkdə azərbaycanlıların bütün tarixi torpaqlarında yaşamalı olduqlarını böyük inam hissi ilə vurğulamışdır: "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək, biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq".

Beləliklə, Prezident İlham Əliyevin böyük qətiyyətlə apardığı xarici siyasət Azərbaycan Respublikasının milli maraqlarına tam cavab verməklə, respublikamızın beynəlxalq arenada imicinin daha da güclənməsinə xidmət edir. Azərbaycan Respublikasının malik olduğu iqtisadi potensial, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən kompleks islahatların nəticəsində respublikamızın sülh, əməkdaşlıq və tərəqqi mərkəzinə çevrilməsi, xalqımızın milli maraq və mənafelərini daha etibarlı səviyyədə təmin etməsi, Azərbaycanın sürətli inkişaf yolunda olması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində uğurlu nəticə əldə ediləcəyinə böyük inam yaradır.

 

 

 

Qasım HACIYEV,

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun

 "Qarabağ tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru

Azərbaycan.-2013.- 20 oktyabr.- S.9.