Müdrik seçim
Vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməlində dayanır. Azərbaycan xalqı 9 oktyabrda prezident seçkilərində daxili inamına söykənərək cənab İlham Əliyevi yenidən prezident seçməklə siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etdi. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə dərkidir ki, Azərbaycanın dövlət müstəqilliyinin ən bariz təcəssümü Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir.
Prezident İlham Əliyev seçkilərin ilkin nəticələri ilə bağlı Azərbaycan xalqına müraciətində bu məqamlara toxunub: "Mənə böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm.
Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir. Bu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır".
Prezident İlham Əliyev ötən 10 il ərzində gördüyü genişmiqyaslı işlərlə verdiyi bütün vədlərin əməli fəaliyyətə söykəndiyini bir daha təsdiqlədi. İlk növbədə bəlli oldu ki, cənab İlham Əliyev hökumətin qarşısında hansı əsas problemlərin, vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, yüksək iş qabiliyyətli komandaya malikdir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" - şüarını irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirdi.
Mütərəqqi islahatlara meyillilik, öz siyasətini reallaşdırarkən hər bir fərdin, qrupun, ümumilikdə toplumun maraqlarını nəzərə almaq qabiliyyəti Prezident İlham Əliyevin siyasi lider obrazını şərtləndirən mühüm keyfiyyətlər sırasında xüsusi vurğulana bilər. Azərbaycan Prezidentinin ötən dövr ərzində inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası həm də onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürüdür. Dövlət başçısının 2003-cü ilin 31 oktyabrında keçirilən andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" - deməsi onun ulu öndər Heydər Əliyevin dövlətçilik irsinə sadiq olduğunu bir daha nümayiş etdirdi. Həmin mərasimdə dövlət başçısı İlham Əliyev növbəti beş il üçün özünün əsas fəaliyyət istiqamətlərini də açıqlamışdı: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah!
Azərbaycan cəmiyyətinə xas olan nikbin ictimai ovqat, yüksək seçki əhval-ruhiyyəsi xalqın öz Prezidentinə - cənab İlham Əliyevə dərin və sarsılmaz inamından qaynaqlanır. Bu inam tarixi sınaqlardan keçməklə dövlət başçısının son 10 ildəki gərgin əməyinə və bunun möhtəşəm nəticələrinə söykənir. Bu inam hər addımda müşahidə etdiyimiz bir əlahiddə amildən - Prezidentlə xalqın sarsılmaz mənəvi bağlılığından irəli gəlir və Prezident İlham Əliyevin Azərbaycanda idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirmiş "Mən hər bir azərbaycanlının prezidenti olacağam" çağırışından qaynaqlanır. Nəhayət, bu inam mayasında Heydər Əliyev sevgisi dayanan ümumxalq rəğbətindən qüdrət alır.
Müdrik xalqımız azad, şəffaf, demokratik şəraitdə keçən seçkidə qələbəyə layiq olan namizədə səs verdi. Əslində, realist seçici "Bu seçim bizə nə verə bilər" sualı üzərində düşünərək əvvəlcədən mövqeyini qətiləşdirmişdi. Azərbaycan xalqı seçkidə düzgün, prinsipial qərar verməklə bir daha bu siyasi kursun davamlılığını təmin etmiş oldu.
Ötən illərdə Azərbaycan iqtisadi, siyasi, hərbi baxımdan gücləndi, sabitlik qorundu, yüksək sosial rifaha doğru ardıcıl addımlar atıldı. Son 10 ildə Azərbaycan cəmiyyətinin sürətli inkişafı vətəndaşların düşüncə tərzində də mühüm dəyişikliklərə səbəb oldu. Elmi əsaslarla yürüdülən sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Paytaxt və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər bugünkü uğurlarmızı şərtləndirmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuşdur.
Ölkəmizin sosialyönümlü
iqtisadi siyasətinin ən parlaq
göstəricilərindən biri də
ötən on il ərzində
1 milyon 200 min yeni iş yerinin
açılması, ciddi sosial
bəla kimi özünü
göstərən işsizlik probleminin əhəmiyyətli dərəcədə
aradan qalxması, habelə yoxsulluq
həddinin 44 faizdən 6 faizə enməsidir. Bu ilin altı ayında 55 min yeni iş yeri
açılmışdır. Onlardan 45 mini
daimidir. Gənc ailələrin
mənzillə təmini
üçün ipoteka
sisteminin yaradılması,
eləcə də dövlət büdcəsindən
maliyyələşən strukturlarda
məvaciblərin mütəmadi
olaraq qaldırılması
bu istiqamətdə görülən mühüm
tədbirlər sırasındadır.
Dünya İqtisadi Forumunun
2013-2014-cü illər üzrə
"Dünya Rəqabətlilik
Hesabatı" da ölkəmizin dinamik inkişafını təsdiqləyir. Azərbaycan qlobal
rəqabət qabiliyyətlilik
indeksinə görə
7 pillə irəliləmişdir.
"Dünya Rəqabətlilik Hesabatı
2013-2014" nəşrinə əsasən Azərbaycan rəqabətlilik reytinqinə
görə 39-cu yerdə
qərarlaşmışdır.
2012-2013-cü il hesabatında isə ölkəmiz 144 ölkə
arasında 46-cı, 2011-2012-ci il hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdur. Qlobal iqtisadiyyatın böhran dövrünün yaşadığı
və yüksək rəqabət mühiti ilə səciyyələnən
bir vaxtda Azərbaycanın 7 pillə
irəliləməsi və
dünyanın 40 ən
rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına
daxil olması ölkədə aparılan
məqsədyönlü sosial-iqtisadi
inkişaf siyasətinin
əyani göstəricisi
və ölkəmizin
beynəlxalq nüfuzunun
artmasının nümunəsi
kimi qiymətləndirilə
bilər. Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə
8-ci, əmək bazarının səmərəliliyi
göstəricisinə görə
30-cu, texnoloji hazırlıq
səviyyəsinə görə
50-ci, innovasiyalara görə
isə 51-ci yerdə qərar tutub.
Konseptual
əsasları ulu öndər Heydər Əliyev tərəfindən
müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf strategiyasının son 10 ildə
uğurla davam etdirilməsi nəticəsində
qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisi artmış,
regionların tarazlı
və davamlı inkişafı təmin edilmiş, əhalinin sosial rifah halı
yüksəlmişdir. Yeni neft
strategiyasının davam
etdirilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşdırılması,
Azərbaycanı regionda
lokomotiv dövlətə
çevirən enerji layihələrinin həyata
keçirilməsi ölkəmizin
beynəlxalq aləmdə
nüfuzunu artırmışdır.
İqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəlmək iddiasını ortaya qoymuş Azərbaycan 2020-ci ilədək bütün sahələrdə sürətli modernləşmə yolu keçmək, ümumi daxili məhsulu 2 dəfəyədək artırmaq niyyətindədir. Son illərdə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilməsi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşdırılması üçün geniş imkanlar açır.
Demokratik seçkinin
əsas şərti aşkarlıq, şəffaflıq və obyektivlikdir. Bütün demokratik cəmiyyətlərdə seçicilərin
azad seçim hüququna kənar müdaxilələrin minimuma endirilməsi üçün
onların gizli səs vermək
hüquqları təmin olunmuşdur. Son
seçkilərin nəticələri bir daha göstərdi ki, Azərbaycan
cəmiyyəti ulu öndərin zəngin
dövlətçilik irsini ölkənin
iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin
edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi
qəbul edir.
Cənab Prezidentin növbəti andiçmə mərasiminin digər dövlət başçılarına da nümunə olacaq qədər sadə və səmimi olduğunu da gördük. Konstitusiya Məhkəməsinin qərarından sonra Milli Məclisə gələrək orada andiçmə mərasimini sadə şəkildə, təm-təraqdan uzaq keçirməsi prezidentimizi xalqımızın gözündə bir daha ucaltdı.
Cavanşir ABDULƏZİMOV,
"Bakısənayetikinti"
MMC-nin rəhbəri
Azərbaycan.-2013.- 20 oktyabr.- S.11.