Qurban bayramı münasibətilə
Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının birlik,
həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs
Qurban bayramı münasibətilə ürəkdən təbrik
edir, xalqımıza və Azərbaycanın
hüdudlarından kənarda yaşayan bütün
soydaşlarımıza ən səmimi
arzu və diləklərimi yetirirəm.
Qurban bayramı bəşər
sivilizasiyasının möhtəşəm səhifəsini təşkil
edən islamın bir din
kimi tamamlanmasını və mənəvi-əxlaqi
qurtuluş yolu olaraq yer üzünə
göndərilməsini özündə təcəssüm etdirir. Bu əlamətdar
gündə müsəlmanlar qurban ayinlərini
icra etməklə, xeyirxah
amallar uğrunda hər
cür fədakarlığa hazır
olmanın və uca Yaradana
yaxınlığın sevinc və fərəhini
yaşayırlar.
Hər il ölkəmizdə dövlət səviyyəsində
ümumxalq bayramı kimi
qeyd olunan Qurban mərasimləri insanlar
arasında bərabərlik və dözümlülük
ovqatını daha da
gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə
bağlılığın, humanizm və
qardaşlığın, xeyirxahlıq və mərhəmət
duyğularının təntənəsinə çevrilir.
Əziz bacı və
qardaşlarım!
Bu
mübarək bayram günlərində
xalqımızın və dövlətimizin əmin-amanlığı
naminə etdiyiniz duaların, kəsdiyiniz
qurbanların Tanrı dərgahında qəbul olunması diləyi
ilə bir daha hər
birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik,
süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr
2013-cü il
Azərbaycan.-
2013.- 13 oktyabr.- S.1.