HALAL QƏLƏBƏ
Azərbaycan tarixində ən demokratik, ən azad, ən şəffaf seçkilər keçirildi
"Növbəti illərdə biz
bütün bu istiqamətlər - iqtisadi islahatlar, sosial siyasət,
enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə
gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da
güclü dövlət quracağıq ki, bu dövlətdə
hər bir vətəndaş özünü rahat hiss etsin,
sülh, əmin-amanlıq şəraitində
yaşasın".
İlham
ƏLİYEV
Seçki öncəsi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin ətrafinda İsa Qəmbəri, Əli Kərimlini, İsgəndər Həmidovu və bu qəbildən olan qeyrilərini gördüm. Xəyal məni 1991-1992-ci illərə apardı. İlahi, necə də müdhiş bir dövr idi. Azərbaycan yarpağı solmuş bir ağaca, rəngi-rufu avazımış xəstəyə bənzəyirdi. Gecə saat 3-dək jmıxdan bişirilən çörək növbəsində dayandığım günlər yadıma düşdü.
Dənizkənarı
parkın sönük, kimsəsiz, insana qəm-qüssə gətirən
qaranlığa qərq olmuş siması yada düşdü.
Sən demə, adamsız cənnət də
cəhənnəmə dönərmiş. O vaxt insanların
bulvara, xiyabanlara çıxması mümkün deyildi.
Heç kəs qorxusundan qaş qaralandan sonra çölə-bayıra
çıxa bilmirdi. İnsanları küçələrdə
soyurdular, qarət edirdilər. Dövlət adamlarının
(Müsavat-Xalq Cəbhəsi cütlüyü) televiziya
ekranlarında tərbiyəsiz, azğın hərəkətləri,
tamaşaçıları bezdirən çıxışları
yada düşür...
Hər
gün Bakıya və rayonlara çəbhə bölgəsindən
gələn onlarla şəhid əsgərin tabutları, yas
içində ağlar qalan anaların fəryadı yadıma
düşür...
Azərbaycan batmaqda olan bir gəmini
xatırladırdı. Kompası itmiş bu sükansız gəmi
ucsuz-bucaqsız dəryada azmışdı. Bu gəminin sərnişinləri nicat yolu
axtarırdılar.
Şükürlər
olsun ki, bu gəminin cəsur kapitanı tapıldı. İndi
deyirik: Heydər Əliyev, Sənin ruhun şad olsun, məzarın
nurla dolsun! Azərbaycan xalqı Sənə əbədi
borcludur. Borc dedim, Sənin öz xalqın
qarşısında, bütün varlığınla sevdiyin
Azərbaycan qarşısında SON borcun yada düşdü.
Sən son dəqiqələrində belə xalqını, vətənini
unutmadın! Sən dahilər dahisi idin.
Filosofların böyük müəllimi Konfutsi demişdir ki,
"dahilər ölümqabağı çox mühüm
işlər haqqında düşünürlər". Sənin
üçün mühüm şey canından çox istədiyin
müstəqil Azərbaycanın gələcək taleyi idi, Azərbaycan
xalqı idi. Sən onu naşı əllərə
tapşıra bilməzdin! Sənə
"baba" deyən bu millətin müdrik sözə
ehtiyacı vardı. Sənin 1 oktyabr
2003-cü ildə uzaq Klivlənddən doğma Azərbaycana
ünvanladığın ritorikadan uzaq müraciət - vəsiyyət
doğma xalqın tərəfindən hərarətlə
qarşılandı. Bəli, xalq öz Milli Liderinin - Sənin
son müraciətini vəsiyyət kimi qəbul edib, ona əməl
etməyi özünə borc bildi. Sənin ciyərparan-ürəkparan
İlham Əliyev prezident seçildi... Xalq bir həqiqəti
anladı ki, borc bildiyi bu əməl Azərbaycanın müstəqilliyinin
əbədiliyinə, iqtisadi tərəqqisinə,
demokratiyanın dönməzliyinə xidmət edəcək! Bəli,
Azərbaycan dövlətinin müqəddəs rəmzlərinin
ən etibarlı keşikçisi ancaq İlham Əliyev ola bilərdi və oldu da...
Ulu
öndər, ruhun şad olsun! 9 oktyabr 2013-də doğma
xalqın ayağa qalxıb yenə ONU prezident
kürsüsünə seçdi!..
Dəyişməz
seçim
2013-cü ilin 9 oktyabr seçkiləri də
məhz bu reallığın təntənəsi olaraq
müdrik və qədirbilən xalqımızın öz
taleyinə biganə qalmamasının, gələcək naminə
dürüst seçim etməsinin, ən layiqli namizədə
səs verməsinin əyani təsdiqi kimi tarixiləşmişdir. Danılmaz reallıqdır ki, vətəndaşların
ölkəyə layiqli rəhbər seçmək haqqı
xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməlində
dayanır. Azərbaycan xalqı son
seçkilərdə daxili inamına söykənərək
ölkəni əlahiddə inkişaf yoluna
çıxarmış siyasətə səs verməklə
ağı qaradan seçməyi bacardığını,
ölkənin taleyinə biganə olmadığını
göstərmişdir. Bu tarixi seçim həm
də belə bir həqiqətin cəmiyyətdə obyektiv dərkidir
ki, Azərbaycanın gələcək tərəqqisi,
davamlı inkişafı məhz mövcud siyasi kursun
davamlılığının təminatından
asılıdır.
Gələcək barədə xoş arzu
və düşüncələr insanları daha yaxşı
çalışaraq daxili güc və imkanlarını,
potensialını səfərbər etməyə sövq edir. Təbiidir, insan sabahını bugünündən
daha firavan, güvənli görmək istəyir və bu nəcib
niyyət onun fəaliyyətində stimulverici amilə
çevrilir. Bu fikri tarixən insan toplumunu
vahid ərazi hüdudlarında birləşdirərək sivil
birgəyaşayışı təmin edən ayrı-ayrı
dövlətlərə də şamil etmək olar. İstisnasız olaraq hər bir cəmiyyətin
yüksək rifahı və tərəqqisi ilk növbədə
dövlətin siyasi sisteminin xarakterindən, inkişaf
strategiyasının mahiyyətindən, milli potensialın
düzgün realizə edilməsindən asılıdır.
Sabahını düşünərək
qarşıya qoyduğu hədəflərə doğru əzmlə
irəliləyən insan nə qədər əzmkar və
nikbin təsir bağışlayırsa, gələcəyi
üçün bugündən daha etibarlı, möhkəm təməl
formalaşdıran, vətəndaşları üçün
layiqli həyat tərzi formalaşdırmağa
çalışan dövlət bir o qədər qüdrətli
və istiqrarlı görünür.
Ölkə vətəndaşları son
seçkilərdə cənab İlham Əliyevin şəxsində
məhz inkişaf etmiş Azərbaycana, onun davamlı
uğurlarına, güvənli gələcəyinə - bir
sözlə, sabitlik, inkişaf və rifaha səs vermişlər. Beləliklə,
seçicilərin 84,59 faizinin səsini
qazanmış cənab İlham Əliyevin ölkəni daha
böyük uğurlara aparacaq alternativsiz lider olduğu bir daha
yəqinləşmişdir. Şübhəsiz, bu yüksək
etimad, ilk növbədə, hələ 2003-cü ilin
oktyabrında "Mən hər bir azərbaycanlının
prezidenti olacağam" deməklə səlahiyyətlərinin
icrasına başlamış cənab
İlham Əliyevin ötən 10 ildə
Azərbaycanı dinamik inkişaf yoluna çıxarması ilə
şərtlənmiş, tərəqqi kursunun vətəndaşlar
tərəfindən dəstəklənməsinin təcəssümü
olmuşdur.
Əslində, 2013-cü ilin prezident
seçkiləri tamam fərqli bir inkişaf mərhələsinə
təsadüf edirdi. Elə bir mərhələyə
ki, mövcud həyat reallıqları fonunda kiminsə səhv
etməsi, yanılması tamamən istisna idi. Seçim anında vətəndaşın
mövqeyinə təsir edəcək, onu tərəddüdlə
üzləşdirəcək hansısa mühüm amil, yaxud
da ciddi siyasi qüvvə gözə dəymirdi. Müdrik xalqımız iddiası ilə imkanları
heç zaman uzlaşmayan ifrat radikal qüvvələrin məğlubiyyətlərini
qabaqcadan göz önünə alaraq seçki prosesinə
qara yaxmaq, reallığı təhrif etmək cəhdlərinə
məhəl belə qoymadı. İndiyə
qədər bütün seçki mübarizələrində
məğlubiyyətə düçar olaraq sonradan seçki
prosesinin demokratikliyinə əsassız yerə şübhə
yaratmağa çalışan bu nihilist, inkarçı
qüvvələrin 1 illik uğursuz hakimiyyəti dövrü
də unudulmamışdı. Bəli, xaos
və anarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və
mənəvi böhran dövrü kimi səciyyələnən
1992-1993-cü illərin doğurduğu neqativ assosiasiya son 20
ildə bütün seçkilərin nəticələrinə
öz təsirini göstərmişdir. Azərbaycan vətəndaşları
kimin kim olduğunu bildikləri
üçün bütün seçkilərdə daxildən
gələn istəklə alternativ görmədiyi siyasi kursun
qələbəsinə səs vermişlər.
9 oktyabr seçkilərinin ilkin nəticələri ilə
bağlı xalqa müraciət etmiş Prezident İlham
Əliyevin dediyi kimi, insanlar öz iradələrini bir daha
ortaya qoymuşlar: "Mənə böyük etimad göstərmiş,
yenidən prezident vəzifəsinə seçmiş doğma
xalqıma minnətdaram. Azərbaycan
xalqını əmin etmək istəyirəm ki, bundan sonra da
doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm,
daim Azərbaycanın dövlət maraqlarını müdafiə
edəcəyəm. Azərbaycan xalqı bu
seçkilərdə azad, şəffaf şəkildə
öz iradəsini ortaya qoydu. Azərbaycanda
keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir.
Azərbaycanda bütün azadlıqlar
mövcuddur. Azərbaycan demokratik dövlət
kimi bundan sonra da uğurla inkişaf edəcəkdir".
Heydər Əliyev siyasi kursunun təntənəsi
Cəmiyyətdəki çoxluğun mənafeyinə
cavab verən praqmatik və realist siyasət yürüdən
Prezident İlham Əliyevin son seçkilərdəki möhtəşəm
qələbəsini şərtləndirən əsas amillərdən
biri dövlət başçısının son 10 ildə məhz
Heydər Əliyev siyasi kursuna istinad etməsi, ulu öndərin
ideyalarını bütün sahələrdə gerçəkləşdirməsi,
zənginləşdirməsidir. Başqa sözlə,
Azərbaycan seçicisinin dəyişməz mövqeyini həm
də dövlətin və xalqın maraqları şərtləndirmişdir.
Siyasi varisliyin təmini əsrlər boyu
formalaşmış dövlətçilik irsinin qorunması
və inkişaf etdirilməsi anlamında, əslində, hər
bir ölkə üçün aktualdır. Söhbət ölkənin və xalqın sabit,
dinamik inkişafının təkamül yolu ilə davam
etdirilməsindən gedir. Azərbaycanda
müstəqil dövlətçilik ənənələri
formalaşdırmış ulu öndər Heydər Əliyev
müəllifi olduğu siyasi strategiyanın
davamlılığını təmin etmiş, parlaq zəkası
hesabına respublikamızın gələcək
uğurlarına təminat yaratmışdır. Azərbaycanın
bu gün bölgədə həyata keçirilən qlobal
enerji və kommunikasiya layihələrinin təminatçısına
çevrilməsi, ümumi daxili məhsulun artım tempinə
görə dünyanın lider dövlətləri
sırasına yüksəlməsi, ölkədə sosial
problemlərin həlli - işsizliyin, yoxsulluğun aradan
qaldırılması, infrastrukturun bütün sahələrdə
yeniləşdirilməsi istiqamətində atılan
addımlar ölkə vətəndaşlarını öz
seçimində daha qətiyyətli, prinsipial olmağa
sövq etmişdir. Bununla yanaşı, ölkə
vətəndaşlarının firavan, azad
yaşayışı, insan hüquq və
azadlıqlarının təmin olunması, demokratikləşmə
istiqamətində atılan addımlar mövcud siyasi kursa real
alternativin olmadığını bir daha təsdiqləmişdir.
Xalqın son seçimi həm də
növbəti illərdə Prezident İlham Əliyevin Azərbaycanın
tərəqqi və inkişafına, uğurlu gələcəyinə
daha çox töhfələr verəcəyinə olan dərin
və səmimi inamdan qaynaqlanır. Ölkə vətəndaşları
Heydər Əliyev siyasi kursunu yeganə nicat və istinadgah mənbəyi
seçdikləri kimi, qarşıdakı beş
ildə də məhz Azərbaycanın taleyini ulu öndərin
layiqli davamçısı - Azərbaycan Prezidenti cənab
İlham Əliyevə etibar etmişlər.
Hakimiyyətə iddia edən istənilən
siyasi lider dövlətçiliyi hər cür qəsdlərdən
qorumaq, milli maraqları təmin etmək, ekstremal situasiyalarda
optimal qərar vermək bacarığına malik
olmalıdır. 2003-cü ilin 15-16 oktyabr,
2005-ci ilin noyabr hadisələri zamanı müşahidə
olunan kataklizmlər, hakimiyyətin zorakı yolla ələ
keçirilməsinə yönəlmiş iğtişaş cəhdlərinin
uğursuz nəticəsi sübut etdi ki, Azərbaycanda
mövcud olan ictimai-siyasi sabitlik real təminatlara söykənir.
Hər hansı radikallıq cəmiyyətimiz
üçün təhlükə doğura, Azərbaycanın
müstəqilliyinə xələl gətirə, demokratik
inkişaf proseslərinin qarşısını ala bilməz.
Elə bu səbəbdən də cənab
İlham Əliyevin dövlətə rəhbərliyinin ilk
ayları daha çox humanist çalarlarla yadda
qalmışdır. Vaxtilə dövlətçiliyimizə
qarşı ağır cinayətlər törədən və
bir neçə illik cəza müddəti dövründə
öz səhvindən səmimi peşmançılıq
keçirən insanlar azadlığa buraxılmış, o
cümlədən siyasi iğtişaşların təşkilatçıları
və fəal iştirakçıları qısa müddətdən
sonra azad edilmişlər. Daxili siyasətdə
liberalizm elementləri qabarıq şəkildə nəzərə
çarpmağa başlamış, siyasi qüvvələr
arasında dialoqa meyil güclənmişdir.
Siyasətdə praqmatizm, iqtisadiyyatda liberallıq
Cənab İlham Əliyevin
yürütdüyü siyasətin dəstəklənməsi
həm də onun nəzəriyyəçidən daha çox
praktik olması ilə şərtlənir. O, inkişafa
xidmət edən mütərəqqi fikir və
ideyalarını ictimai rəyə hesablanmış hansısa
populist bəyanatlar üzərində deyil, reallıqda təsdiqini
tapmış müddəalar üzərində qurur.
Auditoriyanın xarakterindən asılı
olmayaraq, Azərbaycan Prezidenti insanlarla bütün ünsiyyət
anlarında müstəqil dövlətimizin
qarşısında dayanan yeni planlar, perspektivlər
haqqında fikir və düşüncələrini aydın
şəkildə, həm də elmi əsaslarla
çatdırır. Cənab İlham Əliyev
hər cür pafosdan, populizmdən uzaq olan, praqmatik, realist təfəkkürlü
liderdir. Ölkə
başçısının elə bir vədi yoxdur ki, ötən
10 ildə bəyanat səviyyəsində
reallaşmamış qalsın. Əksinə, cəmi 10
ildə həyata keçirilən islahatların - real
miqyasına, əhəmiyyətinə görə - ən
azından onilliklər ərzində gerçəkləşdirilməsi mümkünlüyü
inkarolunmaz reallıqdır.
Tarixən formalaşmış elmi nəzəriyyələr
göstərir ki, praktikada qazanılmış uğurlu nəticələrin
elmi cəhətdən izahı inkişafın sabit səciyyə
daşıması baxımından son dərəcə
vacibdir. Konkret elmi postulatlara, nəzəri
konstruksiyalara əsaslanmayan inkişafın uzunmüddətli və
səmərəli olması qeyri-mümkündür. Bu
baxımdan son illər müstəqil Azərbaycanın
özünəməxsus inkişaf xüsusiyyətlərinin,
milli inkişaf modelinin öyrənilməsi istiqamətində
təşəbbüslərin artması da tamamilə təbiidir:
respublikamız iqtisadi sahədə keçid
dövrünü başa vurmuş, ötən illərdə
milli iqtisadiyyatın inkişafı üçün yeni
qanunlar qəbul olunmuş, özəlləşdirmə
prosesi, vergi, torpaq islahatı başa çatmışdır.
İnfrastrukturun yeniləşdirilməsi keyfiyyətcə yeni
mərhələyə adlamış, güclü
yanacaq-energetika, neft sənayesi formalaşmış,
sahibkarlığın milli inkişafda rolu artmış, sosial
problemlərin böyük qismi həllini tapmış,
respublikamızın dünya iqtisadi-təsərrüfat
sisteminə uğurlu inteqrasiyası təmin olunmuş, Azərbaycan
nəinki özü, bölgə dövlətləri
üçün də etibarlı enerji təhlükəsizliyi
sistemi yaratmışdır.
Seçkilərin ilkin nəticələri ilə
bağlı xalqa müraciətində cənab İlham
Əliyev demişdir: "Azərbaycan xalqı bu seçkilərdə
son on il ərzində görülən işlərə
öz yüksək qiymətini vermişdir. On il
ərzində dövlətçiliyimizin əsasları
möhkəmləndi. Bu gün Azərbaycan
dövləti güclü, müstəqil siyasət aparan bir
dövlətdir. Bizim güclü ideoloji əsaslarımız
vardır. Azərbaycançılıq məfkurəsi
bizim ideoloji dayağımızdır".
Cənab İlham Əliyevin qazandığı möhtəşəm
qələbənin bir mühüm səbəbi də var:
dövlət başçısı insan və şəxsiyyət
amilini ucaltmaqla hər bir vətəndaşın
maraqlarının dövlət üçün üstün
olduğunu nümayiş etdirmişdir. Dövlət
başçısının hər iki prezidentlik
dövrünün böyük uğurlarından biri də Azərbaycan
kəndinə şəhər simasının gətirilməsi
olmuş, cənubdan şimala, şərqdən qərbə
çoxsaylı yaşayış məntəqələrində
yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə
cavab verən yeni məktəblər, səhiyyə
ocaqları, körpülər, yollar tikilmişdir. Hətta
sovet dövründə də "mavi yanacaq" üzü
görməyən Yardımlıya, Lerikə təbii qaz
çəkilmiş, Qubanın ucqar dağ kəndi
Xınalığa yol çəkilmiş, daha bir fantastik layihənin
- strateji əhəmiyyətli Quba-Şamaxı yolunun
inşasına start verilmişdir. Bütün
bunlar regionlarda mənəvi ab-havanın
yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan
insanının dövlətə, onun rəhbərinə
etimadını, sevgisini və rəğbətini daha da
artırır.
Prezident İlham Əliyevin lider kimi
böyüklüyü və qüdrəti onun gələcək
barədə kifayət qədər aydın, realist, nikbin
baxışlara malik olmasıdır. "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının təsdiqlənməsində məqsəd
də respublika iqtisadiyyatındakı pozitiv meyilləri daha da
sürətləndirmək və mövcud potensialı
davamlı inkişaf naminə tam səfərbər etməkdir.
Xalqa müraciətində möhtərəm İlham
Əliyev Azərbaycanın gələcəyi ilə
bağlı məsələlərə də toxunmuş,
qarşıdakı 5 ildə yürüdüləcək siyasətin
ümumi konturlarını açıqlamışdır:
"Növbəti illərlə bağlı bizim siyasətimiz
açıqdır, aydındır. Mən dəfələrlə
müxtəlif tədbirlərdə Azərbaycanın gələcəyi
ilə bağlı öz fikirlərimi xalqla
bölüşmüşəm. Görülən
işlər haqqında xalqa daim hesabat verirəm. Bu gün də bildirmək istəyirəm ki, Azərbaycan
bundan sonra da inamlı inkişaf yolu ilə gedəcəkdir.
Azərbaycan beynəlxalq müstəvidə
öz yerini möhkəmləndirəcəkdir və
bütün beynəlxalq təşəbbüslər Azərbaycan
xalqının maraqlarını müdafiə edəcəkdir".
Diplomatiyada hücum taktikası
Prezident İlham Əliyevin seçkilərdəki
qələbəsini təmin edən mühüm səbəblərdən
biri də uğurlu xarici siyasətdir. Daxili və
xarici siyasətdə varislik ənənələrinin
qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl
prinsiplərinin dəyişməz qalması Azərbaycanın
hazırkı çoxşaxəli uğurlarını təmin
edən amillər sırasında xüsusi vurğulana bilər.
rmənistanın dünya miqyasında təcavüzkar
dövlət kimi tanınmasına nail olmaq, Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək, dünya siyasətini
istiqamətləndirən iri dövlətlərlə
qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirmək, beynəlxalq ictimaiyyətdə
respublikamızda həyata keçirilən mütərəqqi
ruhlu iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür
yaratmaq, xaricdə güclü diaspor və lobbi
formalaşdırmaq dövlət başçısı
İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri
sırasında xüsusi vurğulana bilər.
Azərbaycan Prezidenti bu və digər məqsədləri
ən qısa zamanda reallaşdırmaq, xarici siyasətin
ardıcıllığını və çevikliyini təmin
etmək üçün ilk növbədə diplomatik korpusun
fəaliyyətinin yeni dövrün tələblərinə
uyğunlaşdırılmasını təmin etməyə
çalışmışdır. Cənab
İlham Əliyevin 2004, 2006, 2008 və 2012-ci illərdə Azərbaycanın
diplomatik korpus rəhbərlərinin - səfirlərin
iştirakı ilə keçirdiyi geniş müşavirələr
də məhz xarici siyasət sahəsində vəzifələrin
bir daha nəzərdən keçirilməsi, diplomatik fəaliyyətin
dünyanın müasir reallıqları və tələblərə
uyğun qurulması məqsədindən irəli gəlmişdir.
Rəsmi Bakı tarazlı xarici siyasətlə
regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə
deyil, sivil əməkdaşlıq, qarşılıqlı
inam mühitinin yaranmasına, Rusiya, ABŞ, İran və
Avropa dövlətlərinin regionda toqquşan
maraqlarının optimal şəkildə
uzlaşdırılmasına
çalışmışdır. Nəticədə
İran və Rusiya kimi iri qonşu dövlətlərlə
ikitərəfli əlaqələrdə bir vaxtlar
çeşidli problemlərə rəvac vermiş psixoloji gərginlik
mərhələsi çoxdan geridə qalmış,
çoxşaxəli əməkdaşlıq münasibətləri
daha da möhkəmləndirilmişdir. İstənilən
siyasi gərginliyin beynəlxalq hüquq prinsipləri əsasında,
diplomatik danışıqlar və qarşılıqlı
anlaşma şəraitində aradan qaldırılması zərurətini
diqqətə çəkən rəsmi Bakı Azərbaycanın
geosiyasi rəqabət meydanına çevrilməsinə,
hansısa dövlətə hərbü güc tətbiqində
platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman
yol verməyəcəyini qətiyyətlə bəyan
etmiş, bunu əməli fəaliyyəti ilə sübuta
yetirmişdir.
Hələ 2008-ci ilin avqustunda Rusiya ilə
Gürcüstan arasında müşahidə olunan hərbi
toqquşma Azərbaycanın regionda yeritdiyi siyasətin
düzgünlüyünü və milli maraqlara əsaslandığını
bir daha təsdiqləmişdir. Respublikamız
çevik siyasət yeritməklə 2008-ci ilin avqustunda regionda
müşahidə olunan hərbi, iqtisadi və siyasi
böhranı dəf etmiş, eyni zamanda sabitləşdirici
mövqeyindən maksimum səmərəli şəkildə
yararlanmışdır.
Uzun illər regionda siyasi arbitr rolunda
çıxış etməyə iddialı olan bəzi iddialı
dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş
kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi
Bakı ilə təzyiq və təhdid dilində
danışmağın mənasızlığını dərk
etməsi bu gün Azərbaycan diplomatiyasının ən
mühüm uğurlarından biri kimi vurğulana bilər. Ölkə iqtidarının xalqın dəstəyinə
arxalanması, hər bir məsələdə milli
maraqları önə çəkməsi sayəsində Azərbaycanın
xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə
qarşı yönələn istənilən təhdidə
çevik müqaviməti təmin edir.
Son illərin bir sıra hadisələri
deməyə əsas verir ki, cənab İlham Əliyev istər
ABŞ və Qərb, istərsə də Rusiya və
İranla münasibətlərdə Azərbaycanın mənafeyinə
xələl gətirə biləcək bütün məqamları
çevik və adekvat reaksiya ilə aradan qaldırmağa nail
olmuşdur. Respublikamızın rəsmi Vaşinqtonun
müəyyən müddət narazılıqla
qarşıladığı Bakı-Tbilisi-Qars dəmir yolu xəttini
daxili imkanları hesabına maliyyələşdirməsi,
habelə ABŞ Dövlət Departamentinin 2007-ci ildə
Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu
şübhə altına alan hesabatına sərt reaksiya verməsi
və həmin texniki yanlışlığı qısa zamanda
aradan qaldırmağa nail olması bu sırada xüsusi
vurğulana bilər.
Enerji amilindən hansısa
üçüncü ölkəyə qarşı siyasi təzyiq
vasitəsi kimi istifadə olunması cəhdlərini yolverilməz
sayan Azərbaycan regionun iri neft və qaz
hasilatçısı olaraq iqtisadi və siyasi öhdəliklərə
şərtsiz əməl olunmasını
qarşılıqlı faydalı əməkdaşlıqda
vacib amillərdən biri kimi dəyərləndirir.
Dövlət başçısı
ölkəmizin maraqlarını uca tutmaqla yanaşı, hər
bir Azərbaycan vətəndaşının da mənafeyinin
qorunması naminə yüksək prinsipiallıq, qətiyyət
nümayiş etdirir. Azərbaycan zabiti Ramil Səfərovun
Macarıstandan beynəlxalq hüquq normalarına uyğun
şəkildə ekstradisiya olunması və əfvi cənab
İlham Əliyevin milli məsələlərə necə
böyük həssaslıqla, qətiyyətlə
yanaşdığını əminliklə söyləməyə
ciddi əsaslar yaratmışdır.
Nəhayət, Rusiyanın Azərbaycandakı
yeganə hərbi bazasının - Qəbələ RLS-in bu
ildən fəaliyyətinin dayandırılması
respublikamızın liderinin qətiyyəti və
yürütdyü uğurlu diplomatik kurs sayəsində
mümkün olmuş, bölgənin turizm potensialı
möhkəmlənmişdir.
Dövlət xalq üçündür
Prezident İlham Əliyev son 10 illik fəaliyyəti
ilə bu reallığı bir daha sübuta yetirmişdir ki,
xalq dövlət üçün yox, dövlət xalq
üçündür. Ölkə
başçısı həllini gözləyən problemlərə
obyektiv və real yanaşmaqla onların təkzib olunması və
ya ört-basdır edilməsinə yox, əməli fəaliyyətlə
aradan qaldırılmasına
çalışmışdır. Dövlət
başçısı hər zaman qazanılmış nailiyyətlərlə
yanaşı, bir sıra problemlərin mövcudluğunu da
etiraf edir, hökumət üzvlərini problemləri gizlətməməyə,
əksinə, nöqsanları hər cəhətdən
öyrənməyə, təhlil etməyə, aradan
qaldırmağa çağırır: "Hər şey
yaxşı istiqamətdə, çox sürətlə
inkişaf edir. Bəlkə gözlədiyimizdən
də sürətlə inkişaf edir. Ancaq
problemlər də həll olunmalıdır. Bizim vəzifəmiz bundan ibarətdir. Xalq bizdən bunu istəyir. Biz də
bunu təmin etməliyik və edirik".
Cənab İlham Əliyevin idarəçilik
üslubunda kadrın peşəkarlığı, vəzifə
məsuliyyəti, xalqa qüsursuz xidməti mühüm amil
kimi aktuallıq kəsb edir. Ümummilli
lider uzun illər ərzində elə bir dövlətçilik
təsisatı formalaşdırmışdır ki, müasir
dövrdə hansısa kadr öz liderinə xəyanəti,
pozucu fəaliyyəti ilə bu təsisatın fəaliyyətinə
əngəl törədə, öz çirkin məqsədlərini
həyata keçirə bilməz. Bu zaman
sistem özü onu dərhal sıralarından kənarlaşdıracaq,
onun səlahiyyətləri saf əqidəyə malik digər
şəxsə həvalə ediləcəkdir. Cənab İlham Əliyevin həyata keçirdiyi
siyasi kursa sadiqlik amili yenə də aktualdır. Bu sadiqlik anlayışı daha çox hər
hansı kadrın müasir təfəkkürə malik
olması, ona tapşırılmış sahədə vicdanla
fəaliyyət göstərməsi, xalqın problemlərinə
həssas münasibəti əsasında müəyyənləşir.
Demokratiyanın ən başlıca şərti
xalq hakimiyyətinin formalaşdırılması yolu ilə vətəndaşların
hüquq və azadlıqlarının etibarlı təminatına
maksimum şərait yaratmaqdır. Demokratiya
"Hakimiyyət xalqdan ötrü mövcuddur, xalq ona görə
mövcud deyil ki, hakimiyyətə qulluq etsin" postulatına
əsaslanır. Heydər Əliyevin strateji inkişaf
kursunu böyük əzmlə həyata keçirən cənab
İlham Əliyevin
yürütdüyü siyasətin uğurları
demokratiyanın bu başlıca şərtini Azərbaycanda da
xoş həyat reallığına çevirmiş, dövlət
öz vətəndaşının hüquq və mənafelərinin
keşiyində möhkəm dayanmışdır.
Nazirlər Kabinetinin 2013-cü ilin 9
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclası bunu bir daha təsdiqləyir. Həmin
iclasda cəmiyyətdəki bəzi neqativ hallarla bağlı
fikirlərini açıqlayan dövlət
başçısı korrupsiyaya və rüşvətxorluğa
qarşı mübarizənin daha da gücləndirilməsi zəruriliyini
də diqqətə çəkmişdir: "Korrupsiya və
rüşvətxorluğa qarşı mübarizə daha da
ciddi olmalıdır. Bu sahədə, deyə bilərəm
ki, yaxşı nəticələrimiz vardır. Bu yaxınlarda Baş prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin yeni
binasının açılışı zamanı dediyim
fikirləri bir daha qeyd etmək istəyirəm. Korrupsiya Azərbaycanda olmamalıdır. Bu sosial bəlanı biz aradan götürməliyik.
Korrupsiya sosial ədalət prinsiplərini pozur,
cəmiyyətin uğurlu inkişafını əngəlləyir.
Cəmiyyətin səyləri, dövlət
siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da
ciddi mübarizə aparırıq və aparacağıq.
Əminəm ki, növbəti illərdə Azərbaycan
bu göstəriciyə görə də dünya miqyasında
qabaqcıl yerlərdə olacaqdır. Korrupsiyaya
qarşı mübarizəni uğurla aparmaq üçün əsas
şərt siyasi iradənin mövcudluğudur və siyasi iradə
vardır".
Son illərdə elektron xidmətlərin
geniş tətbiqi cəmiyyət həyatının
bütün sahələrində şəffaflığı
və hesbatlılığı təmin etmişdir. Nəticədə Azərbaycan şəffaf idarəçilik,
vətəndaş məmnunluğunun təmini sahələrində
bir sıra uğurlar əldə etmiş, "ASAN xidmət"
mərkəzlərinin açlması vətəndaşları
narazı salan neqativ halların qarşısının
alınmasına imkan yaratmışdır. Bu xidmətin yaranması və qısa müddət ərzində
cəmiyyətdə böyük rəğbət qazanması
ölkə başçısının siyasi iradəsinin təzahürü
olmaqla yanaşı, Azərbaycanın bu sahədə
innovasiyalara nə qədər hazır olduğunu göstərmişdir.
* * *
Liderlik xüsusiyyətlərinin əksəriyyət
tərəfindən qəbul edilmək, geniş siyasi spektrin
inamını qazanmaq və elektoral dəstəyə malik olmaq
kimi politoloji bir mənanı ehtiva etdiyini nəzərə
alsaq, bu termini bütün kateqoriyalar üzrə cənab
İlham Əliyevə şamil etmək olar. Dövlət başçısı həm də
müasir dünyanın qloballaşma və yeni geosiyasi
reallıqlardan irəli gələn siyasi mənzərəsinin
əsas cizgilərinə cavab verən siyasi liderdir. Bu fakt özlüyündə ulu öndərin siyasət
və dövlət idarəçiliyi məktəbinin
alternativsizliyini bir daha aşkara çıxarır. Güclü dövləti müstəqil siyasətin,
dövlətçiliyin əbədi təminatı hesab edən
cənab İlham Əliyev xalqımızın ən
böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi
üçün daim əzmkarlıqla çalışır.
Ümumilikdə ötən dövrün
təhlili bu qənaətə gəlməyə əsas verir
ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam
etdirilməsi Azərbaycanda ictimai zərurətə
çevrilmişdir. Bu kursu layiqincə davam
etdirən dövlət başçısı cənab
İlham Əliyev hər addımında milli maraq və mənafeləri
uca tutur, ölkə vətəndaşlarının arzu və
istəyini gerçəkləşdirmək üçün
böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin ötən 10 ildəki fəaliyyətinin
əsas qayəsi xalqa və dövlətə sədaqətli
xidmət prinsipi üzərində qurulmuşdur.
Əminliklə demək olar ki, Azərbaycan xalqını
xoşbəxt gələcəyə aparan bu siyasət növbəti
beş ildə də uğurla davam etdiriləcək,
respublikamız cənab İlham Əliyevin rəhbərliyi
altında inkişaf tempini sürətləndirəcək,
qabaqcıl dövlətlər arasında layiqli yerini
tutacaqdır.
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı, yazıçı-publisist
Azərbaycan.-
2013.- 13 oktyabr.- S.3.