Güclü dövlətə, işıqlı gələcəyə, sürətli inkişafa səs verdik

 

Vətəninin bugününü və işıqlı sabahını

fikirləşən hər kəs İlham Əliyevə səs verdi

 

Fidan QASIMOVA,

 

"Şərəf" və "Şöhrət" ordenli xalq artisti:

 

- Dövlət müstəqilliyinin bərpasından sonra, daha dəqiq desək, son on il ərzində  Azərbaycan mədəniyyətinin dünya xalqlarının marağına səbəb olması və bəşər sivilizasiyasının bir hissəsinə çevrilməsi dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir.

Bu sahədəki inkişaf və uğurları sadalamağa ehtiyac olmasa da, yalnız bir faktı deyə bilərik ki, Bakıda II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə Azərbaycan humanitar sahədə, yəni dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması sahəsində bir mərkəz kimi öz xidmətini göstərmişdir. Bu, artıq bir ənənəyə çevrilib. Azərbaycan mədəniyyəti günlərinin uğurlu təşkili hər kəsdə xoş təəssürat oyadır. Ölkə başçısının sərəncamlarına uyğun olaraq şair və yazıçılarımızın yubileyləri geniş qeyd olunur. Ümumilikdə son dövrlər 12 görkəmli ədəbiyyat və mədəniyyət xadiminin yubileyləri ilə bağlı həm Azərbaycanda, həm də xarici ölkələrdə əlamətdar mərasimlər keçirilib. TÜRKSOY-un xətti ilə türkdilli ölkələrdə, habelə İtaliya, İran, Çin və digər dövlətlərdə maraqlı mədəni tədbirlər təşkil olunub, Romada dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb və s. Bütün bunlar mədəniyyət və incəsənət sahəsində görülən işlərin az bir qismidir. Respublikamızda "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili  xalqımızın zəngin musiqi mədəniyyətinin, eyni zamanda onun qonaqpərvərliyinin təbliğində mühüm hadisə oldu.

Hazırda ölkəmizdə daha bir siyasi kampaniyanın son akkordlarıdır. Xalqımız hamılıqla bugünümüzə və gələcəyimizə səs vermək üçün hər cür demokratik şəraitlə təmin olunmuş seçki məntəqələrinə gələrək səs verdi. Mən də öz layiqli namizədimə - İlham Əliyevə səs verdim. Əminəm ki, vətəninin bugününü və işıqlı sabahını fikirləşən hər kəs məhz İlham Əliyevə səs verdi. Xalqım  öz seçimində heç zaman yanılmayıb. Düşünürəm ki, bu dəfə də belə oldu, o, haqqa, ədalətə səs verdi!

 

Azərbaycanlı ana artıq öz seçimini edib

 

Nəzakət Teymurova,

 

xalq artisti:

 

- Azərbaycan qadını öz taleyinə biganə qalmamalıdır. Bu isə o deməkdir ki, seçkilərdə fəal olmalı, ən layiqli namizədə səs verməli və öz taleyi kimi, seçkinin də taleyini həll etməlidir. Çünki Azərbaycanda sayca çox olan qadın seçicilər həmişə seçkilərin taleyini həll edə, seçkinin nəticələrinə təsir edə biliblər. Yəqin ki, bu dəfəki prezident seçkilərindən sonra da cəsarətlə deyə biləcəyik ki, Azərbaycan Respublikasının Prezidentini məhz biz seçmişik. Azərbaycanlı ana artıq öz seçimini edib. Ona bəllidir ki, çox məsuliyyətli bir dönəmdir. Və bu dönəmdə öz ölkəsinin, xalqının, ailəsinin, övladlarının taleyini, gələcəyini kimə etibar edə bilər. Bu səbəbdən də 9 oktyabr seçkilərinin nəticələrinin məhz bu dövlətin, bu xalqın xeyrinə olacağı şübhəsizdir. Saatlarla Heydər Əliyev Fondunun musiqimizə diqqət və qayğısından danışmaq olar: Mən hər dəfə xarici ölkələrin ən mötəbər konsert salonlarında Azərbaycan musiqisini eşidəndə, Azərbaycan bayrağının dalğalandığını görəndə çox kövrəlirəm. Bu, dəyərlərimizə sayğı olmaqla yanaşı, mədəniyyətimizin dünyada təbliğidir, musiqimizin qəbul edilməsidir, dahi Üzeyir Hacıbəyovun ruhunu yaşatmaqdır. Mən bir sənət adamı kimi dövlətimin bu siyasətini dəstəkləyirəm və ona görə Prezident İlham Əliyevə səs vermişəm.

 

Sənət adamları seçkilərdə fəal iştirak etdilər

 

Aybəniz Haşımova,

 

əməkdar artist:

 

-Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında mədəniyyətimizin, musiqimizin inkişafı naminə mühüm işlər görülür. Cənab Prezidentin bu fəaliyyəti hər bir sənətkar, mədəniyyət xadimi üçün nümunə rolunu oynayır. Bu mənada biz hesab etdik ki, bir qədər diqqətdən kənarda qalmış, təbliğatı zəif aparılan, lakin özündə əsl sənəti yaşadan sənətkarlarımızın və musiqiçilərimizin təbliğatına start verməliyik. Bunun üçün ən sürətli və effektiv variant olan sosial şəbəkələrin xidmətindən istifadə etməliyik. Azərbaycanda gənclər milli musiqiyə önəm verir, onun üstünlükləri haqqında xəbərdardırlar. Əlbəttə, cavanlara yol göstərmək lazımdır. Şəxsən mən sənətə gəlməyimə görə ulu öndərə borcluyam. Arzular, istəklər, fikirlər müxtəlifdir. Mənim uşaq yaşlarımdan bir arzum var idi: xalqımın lazımlı insanı olmaq. İllər ötdü, o gün gəlib çatdı. Gəncədə ulu öndər Heydər Əliyev mənim ifa etdiyim salonda əyləşmişdi. Dünyanın ən xoşbəxt insanını axtarsaydılar, həmin an mən özümü göstərərdim. Mənim yaşıdlarımın biri də tapılmazdı ki, onu sevməsin, ona "baba" deməsin. 1979-cu ildə mənim sənət ömrümün bəxti gətirdi. Ulu öndər Heydər Əliyev məni Bakıya təhsil almağa gətirdi. Məni xalq musiqisinə verdi və dedi: Qızım, sənə bu təhsili verirəm ki, xalqına layiqli, sədaqətli xidmət edəsən.

Ömrümün sonuna qədər mənə sənət verən mənəvi atam Heydər Əliyevə, bütün xalqıma söz vermişəm: ömrümün sonunadək, necə ki ulu öndər arzulamışdı, beləcə də xalqımıza ləyaqətlə, sədaqətlə, musiqimizə layiqli bir övlad olaraq yorulmadan xidmət edəcəyəm. Bütün nailiyyətimə görə ümummilli liderimizə borcluyam. 35 ildir ki, Azərbaycana xidmət edirəm. Bugünə qədər ulu öndərin siyasi kursuna, onun siyasətinə inandığım üçün cənab İlham Əliyevə səs verdim.

 

Qarabağlıların seçimi dəyişməzdir: yalnız İlham Əliyev!

 

Bayram SƏFƏROV,

 

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri:

 

- Son 10 il ərzində Azərbaycanın inkişafı istiqamətində həyata keçirilən işlərə qısaca nəzər salsaq, bu illər ərzində böyük nailiyyətlərin qazanıldığını əminliklə söyləyə bilərik. Təbii ki, bu inkişaf siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir və ona görə də bu prosesdə dövlət başçımızın əməyi xüsusi vurğulanmalıdır. Ermənistanın təcavüzünün qurbanları olan qaçqın və məcburi köçkünlərimiz   işğal olunmuş torpaqlarımızın qaytarılması və ümumilikdə Dağlıq Qarabağla bağlı süni surətdə yaradılan münaqişənin beynəlxalq qanunlar və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində dövlət başçısının tutduğu mövqeyi və bu istiqamətdə görülən işləri yüksək dəyərləndirirlər. Məcburi köçkün həyatı yaşayan insanlar respublikamızın müxtəlif bölgələrində məskunlaşıblar. Buna baxmayaraq, onların seçkilərdə normal iştirakı, səs vermələri üçün lazımi şərait yaradılıb. Dağlıq Qarabağın azərbaycanlı əhalisi üçün iki seçki dairəsi fəaliyyət göstərir. Bunlardan biri 122 saylı Xankəndi seçki dairəsidir ki, 13 məntəqəsi və 4 min nəfərə yaxın seçicisi var. Digəri isə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsidir ki, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşir. Bu dairənin isə 76 məntəqəsi mövcuddur. 43 min nəfərə yaxın seçicisi olan bu dairənin 39 məntəqəsi Şuşa rayonuna aiddir. Ümumilikdə dairənin 18 məntəqəsi Bakı şəhərində, digərləri isə bölgələrdə yerləşir. Əminəm ki, yurd-yuva itirmiş soydaşlarımız bu gün müvafiq seçki məntəqələrinə gedib böyük ruh yüksəkliyi ilə cənab İlham Əliyevə səs veriblər.

Bizim Prezidentimizi tək soydaşlarımız deyil, Azərbaycanı istəyən bütün xalqlar sevir! Bizlər arzu edirik ki, cənab İlham Əliyev təkcə 2013-cü ildə deyil, ondan sonrakı seçkilərdə də iştirak etsin!

 

Qarabağ onunla qayıdacaq

 

İbad HÜSEYNOV,

 

"Azərbaycan Bayrağı" ordenli döyüşçü:

 

- Bütün hərbçilər kimi, mən də Ali Baş Komandanın yanındayam. Hələ oktyabrın 3-də BMM-də Prezidentə dəstək layihəsi çərçivəsində "Azərbaycan gəncliyi İlham Əliyevlə irəli" adlı konfrans keçirərək sözümüzü dedik. Mənimlə birlikdə konfransda iştirak edən insanlar ölkədəki inkişafa, yeniliyə, sabitliyə səs verəcəklərini bildirdilər. Ümummilli liderin dediyi kimi, "Şərqdə günəş kimi parlayan Azərbaycan"ın bugünkü inkişafında Prezident İlham Əliyevin rolu əvəzsizdir. Biz ona səs verməklə güclü Azərbaycana səs veririk, ümidli gələcəyə səs veririk! Əminik ki, minlərlə şəhidin qanı tökülən Qarabağımız onunla - Ali Baş Komandanla, onun qurduğu qüdrətli Azərbaycan Ordusu ilə qayıdacaq! Mən ona səs verməklə minlərlə döyüşçü kimi, tezliklə düşməndən azad edəcəyimiz Qarabağa səs verdim! Son on ildə o bunu dəfələrlə işıqlı əməlləri və xeyirxahlığı ilə təsdiq etdi. Bu səbəbdən növbəti beşillikdə də mən cənab İlham Əliyevi Prezidentimiz görmək istədim! Bu, təkcə mənim fikrim deyil, bütün qarabağlıların arzu və istəkləridir! Allahdan diləyim budur ki, cənab İlham Əliyev bu beşillikdə bizi həm də qalib Prezident kimi sevindirsin - Qələbə gününü onunla birlikdə Şuşada, Ağdamda qeyd edək!

 

İlham Əliyev MOK-a prezident seçilməsəydi, yenə də

idmanın cinayətkarlıqla eyniləşdirilməsi davam edəcəkdi

 

Elçin CƏFƏROV,

 

"Şöhrət" ordenli məşqçi, Azərbaycan

 

Güləş Federasiyasının vitse-prezidenti:

 

- Hər zamanın, dövrün öz tələbi var. Sovet dövründə idmana münasibət tam başqa idi. Ancaq  90-cı ilin əvvəllərində keçmiş SSRİ dağılandan sonra hər bir sahədə olduğu kimi, idmanda da pərakəndəlik yarandı. Bir çox adlı-sanlı idmançılar cürbəcür cinayətkar əməllərlə məşğul olmağa başladılar. Elə bu gün də o vaxt həbs olunan bir çox adlı-sanlı idmançı məhbəslərdədir. Əgər 1997-ci ildə hazırkı ölkə Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçilməsəydi, yenə də idmanın cinayətkarlıqla eyniləşdirilməsi davam edəcəkdi. İlham Əliyevin MOK prezidenti seçilməsi ilə Azərbaycanda bütövlükdə idmana və idmançılara münasibət dəyişdi. İdmançılara böyük diqqət, qayğı göstərildi və onların məişət problemləri həll olundu. Onlar cəmiyyətdəki ən hörmətli adamlara bərabər tutuldular.

Ümumiyyətlə, tale insanın öz əlindədir. Əgər idmançı rejimə, nizam-intizama tabe olmursa, onun gücü nə qədər olursa-olsun, o, çox yüksək nəticələrə nail ola bilməyəcək. İdmançının nəticə qazanması üçün dəmir nizam-intizam olmalıdır. Əgər idmançı maksimum 10 il ərzində qarşısına qoyduğu məqsədə çatmırsa, yəni dünya, Avropa və Olimpiya çempionu ola bilmirsə, deməli, o, idmanla məşğul olmayıb. Elə-belə gün keçirib. Yaxşı idmançı olmaq hələ yaxşı məşqçi olmaq demək deyil. 10 ilə yaxın müddətdə yığma komandaya məşqçilik etdim. Sağlamlığımdan tutmuş uşaqlarımın böyüməsinə kimi hər şeyi idmana qurban vermişəm. Tələbələrimdən neçəsi Avropa və dünya çempionları olub. Yetirmələrim iki olimpiya oyunlarında iştirak edib. Onlar Azərbaycana biri qızıl, ikisi gümüş olmaqla 3 medal gətiriblər. Artıq Azərbaycanı idman ölkəsi kimi qəbul ediblər. Bu da təsadüfi deyil. 2020-ci ilin Olimpiya oyunlarına əsas ev sahibliyi etməyə namizəd dövlətlərdən biri də Azərbaycandır.  Azərbaycanın artıq 40-a yaxın rayonunda olimpiya kompleksləri, şəhərimizin mərkəzində nə qədər olimpiya qurğuları var. Demək istəyirəm ki, bütün dünya bizə rəqibdir. Bu yarışlarda iştirak etmədən Azərbaycana qarşı münasibətin necə olduğunu bilməyəcəksiniz. Həm qorxurlar, çəkinirlər, həm də istəmədən hörmət edirlər. Bunların hamısını keçə-keçə özümüzü sübut edirik ki, bəli, biz də varıq. Biz bunu sübut etmək üçün artıq 53 lisenziya qazanılıb. Onun 13-ü Azərbaycan Güləş Federasiyasının payına düşür. 6-sı sərbəst güləşdə, 5-i yunan-Romada, 2-si qadın güləşində.

Bir çox idmançılarımız keçmiş SSRİ ölkələrində, Ukrayna, Belarus, Rusiya kimi ölkələrdə çıxış edirlər. Kamandar Məcidov, Vüqar Orucov Belarusa, qılıncoynadan İlqar Məmmədov isə Moskvaya getdilər. Bizim məşqçilərimiz Türkiyə, İran, ərəb ölkələri və Avropada işləyiblər. Bu gün məşqçilərimizə tələbat böyükdür. Hətta bir neçə məşqçimiz Braziliyaya dəvət alıb. Şəxsən mənə gəldikdə, dəvətlər olub, Avropa ölkələrinə, 2008-ci il Olimpiya oyunlarından sonra isə Londona dəvət ediblər. Ona görə də mən həm idmançı, həm də məşqçi kimi idmanda olan nəticələrimdən çox razıyam. İkincisi, mənə bu işi etimad göstərib bu işə cəlb edənlərə - dövlət başçısına, o vaxt bu işə gəlməyimə xeyir-dua verən Əbülfəs Qarayevə, bugünə qədər idmanın başında duranların hamısına, Güləş Federasiyasının prezidenti Fazil Məmmədova təşəkkür edirəm və səsimi idmanımızın, sağlam gəncliyin yetişməsi üçün Prezident İlham Əliyevə verirəm.

 

İnkişafın davamına səs verdim

 

Laləzar MUSTAFAYEVA,

 

xalq artisti:

 

- Əlbəttə, ölkədə  gedən  hərtərəfli inkişaf bütün sahələrdə,  iqtisadiyyatda olduğu kimi, mədəniyyətdə də özünü bariz şəkildə göstərməkdədir. Bir mədəniyyət və incəsənət xadimi olaraq bu gün məhz həmin inkişafın davamına səs verdim. Bu inkişafa nail olan   onu davam etdirən isə, şübhəsiz, möhtərəm cənab Prezidentimiz İlham Heydər oğlu Əliyevdir. Müstəqil dövlətinin bundan sonra da inkişafını istəyən, xalqını və vətənini candan sevən hər kəsin bu gün seçimi məhz son on ildə ölkəmizdə xarüqələr yaratmağa nail olan cənab İlham  Əliyevdir! Bu amalda və əqidədə olan isə, təbii ki, bütövlükdə Azərbaycan vətəndaşları ilə yanaşı, dünya azərbaycanlılarıdır.

Bir ana və həm də sənətkar kimi uşaqlarımızın, gənclərimizin taleyini çox fikirləşirəm. Bu səbəbdən də mənim üçün ən önəmli arzu xoş gələcəyin olmasıdır. On il öncə də İlham Əliyevə səs vermişdim, nəticəsini də bu cür - ürəkaçan gördüm. Bir tərəfdə yurdumuz gündən-günə gözəlləşir, şöhrəti elləri dolaşır, digər tərəfdən də gənclərimiz azad, müstəqil həyat sürürlər. Ali məktəblərə daxil olurlar, oxuyurlar, yaxşı mütəxəssis kimi yetişirlər. Seçilənlər, istedadlılar dövlət tərəfindən müxtəlif mükafatlara layiq görülür, onlara yaradılan şərait nəticəsində daha da səmərəli fəaliyyət göstərirlər. Sənət adamlarına isə xüsusi diqqət yetirilir. Azərbaycan teatrının inkişafı üçün dövlət proqramı həyata keçirilir, mədəniyyət ocaqları təmir edilərək istifadəyə verilir. Bir sözlə, bizim əl-ələ verərək mədəniyyətin çiçəklənməsi yolunda daha yaxşı çalışmağımıza ayrıca diqqət yetirilir, mənzil və həyat şəraitimiz yaxşılaşdırılır, yaradıcılıq potensialımızı genişləndirmək üçün müxtəlif tədbirlər görülür. Vaxtilə hansı şəraitdə çalışdığımızı, necə çətinliklə yaşadığımızı unutmamışıq. Şükürlər olsun ki, onlar artıq geridə qalıb. Bu gün Azərbaycan bölgədə inkişaf edən güclü dövlətlərdən biridir. Belə bir ölkədə yaşamaq, İlham Əliyev kimi qüdrətli bir dövlət başçısının rəhbərliyi altında fəaliyyət göstərmək, həqiqətən, xoşbəxtlikdir. Mən də o xoşbəxtliyə səs verdim!

 

 Ad günümdə mənim üçün ən böyük hədiyyə məhz

İlham Əliyevin prezident seçilməsi oldu

 

Ruslan ABIŞOV,

 

milli komandanın və Rusiyanın "Rubin"

 

(Kazan) klubunun futbolçusu:

 

- Bizim yeganə namizədimiz cənab İlham Əliyevin yenidən seçkilərdə uğur qazanması həm də Azərbaycan gəncliyinin qələbəsidir. Prezident İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. Müstəqil siyasət aparan, Azərbaycanı dünya birliyinin ən sayılıb-seçilən üzvü kimi tanıdan Prezident İlham Əliyevin növbəti beş ildə də dövlətə başçılıq etməsinə görə çox sevinirk.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, milli komandanın düşərgəsinə qatılmaq üçün oktyabrın 10-da vətənə qayıtmalı idim. Lakin prezident seçkilərində iştirak etmək üçün iki gün öncədən Azərbaycana döndüm. Seçkilərdə iştirak edib ailəmizlə birlikdə cənab İlham Əliyevə səs verdik. Seçkidən bir gün sonra həm də mənim ad günüm idi. Ən böyük hədiyyə isə cənab İlham Əliyevin növbəti dəfə prezident seçilməsidir. Bundan gözəl nə ola bilər axı?!

Ümumiyyətlə, Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Bu sahələrdən biri də idmandır. Şübhə yoxdur ki, idman ölkəmizdə gələcəkdə daha da inkişaf edəcək və idmançılarımız Azərbaycana yeni-yeni uğurlar qazandıracaqlar.

Bu istiqamətdə görülən işlərin yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilməsi uğurlarımızı artıracaq. Əminik ki, qüdrətli Azərbaycanımız qarşıdakı illərdə də İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və nailiyyətlərə imzasını atacaq.

 

İdman ictimaiyyətinin seçimi yalnız İlham Əliyevdir

 

Vüqar NAMAZOV,

 

ağırlıqqaldırmanın pauerliftinq növü üzrə

 

dünya və Avropa çempionu:

 

- Hələ seçki kampaniyası dövründə ölkəmizdə cərəyan edən siyasi proseslər təsdiq edirdi ki, Azərbaycan xalqının mütləq əksəriyyətinin seçkiqabağı ovqatı bütünlüklə cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənmişdi. Çünki məhz cənab İlham Əliyevin şəxsində xalqımız Azərbaycanın müasir gücünün ifadəsini görməkdədir. Bu mənada Yeni Azərbaycan Partiyasının hələ iyunun 7-də keçirilən qurultayında Prezident İlham Əliyevin növbəti müddət üçün prezidentliyə namizədliyinin irəli sürülməsi cəmiyyətin bütün təbəqələrinin, o cümlədən respublikamızın idman ictimaiyyətinin ürəyindən xəbər verdi.

Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə möhtəşəm tərəqqi yolu keçən Azərbaycan dövlətçiliyini inkişaf etdirmiş, siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirmişdir. Məhz İlham Əliyevin sayəsində dünyada sürətli iqtisadi inkişaf dinamikası nümayiş etdirən, liberal prinsiplərə əsaslanmış iqtisadi modelini yaradan Azərbaycanın bu dövrdə həm regional, həm qlobal miqyasda nüfuzu yüksəlmiş, ölkəmiz geoiqtisadi və geosiyasi oyunçuya çevrilmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır. Beləliklə, ulu öndər Heydər Əliyevin ideyaları həyata keçmişdir. Hazırda Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəxalq tədbirlər məkanına çevrilib.

Odur ki, bu seçkilərdə də xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə Heydər Əliyev ideyalarının və siyasətinin davamına səs verdi. O cümlədən, ölkəmizin idman ictimaiyyəti də hər zaman olduğu kimi, cənab İlham Əliyevə dəstəyini ifadə etdi. Hər birimiz yaxşı bilirik ki, Prezident İlham Əliyev bizim bugünümüzün, sabahımızın təminatçısıdır. Ona görə də cənab İlham Əliyevin ətrafında sıx birləşmişik. Bu, xalqın seçimidir! Xalqın seçimi isə dəyişməzdir!

 

 2016-cı ildə Braziliyada idmançılarımız yenə də böyük qələbələr qazanacaqlar

 

Mövlud MİRƏLİYEV,

 

Şəmkir Olimpiya İdman Kompleksinin direktoru, Pekin Olimpiadasının bürünc mükafatçısı:

 

- Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Regionlarda idmanın inkişafı üçün ölkə başçısı bütün şəraiti yaradır. Artıq xeyli vaxtdır Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı kimi mənə Şəmkir Olimpiya İdman Kompleksinin direktoru vəzifəsi həvalə olunub. Məni bu vəzifəyə Azərbaycan Prezidenti, elcə də Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri İlham Əliyev təyin edib.

2009-cu ildən Şəmkirdə fəaliyyətə başlayan kompleksdə rayon və zona birincilikləri keçirilir, gənclər və yeniyetmələr güləş, cüdo, boks və bir necə qeyri-olimpiya növləri ilə məşğul olurlar. Bu gün respublikamızın bütün bölgələrində olduğu kimi, Şəmkirdə də idmana böyük maraq var. Bu isə ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir. Yeniyetmələrin əksəriyyəti cüdo və güləşlə məşğul olur. Kompleksdə çoxlu həvəskar idmanın sirlərinə yiyələnir. Bu, sevindirici haldır. İdmanla məşğul olmaq həm mənəvi, həm də fiziki cəhətdən güclü olmaq deməkdir. Kompleksdə 300-dən çox idmançı idmanın müxtəlif növləri ilə həvəslə məşğul olur. Onların arasında perspektivli idmançılar da var. Burada fəaliyyət göstərən məşqçilər də səylə çalışırlar. Bu gün digər idman növləri kimi, mənə xüsusilə doğma olan cüdo da inkişaf etməkdədir. Bu idman növünə hər zaman böyük maraq var. Ölkəmizdə tanınmış cüdoçular az deyil. Onların qazandıqları nailiyyətlər idmana yeni başlayan hər bir idmançıya böyük həvəs verir.

Qarşıda idmançılarımızı böyük sınaqlar gözləyir. Ümid edirəm ki, 2016-cı ildə Braziliyada idmançılarımız yenə də böyük qələbələr qazanacaqlar. Bunun üçün ölkədə hər cür şərait var. Ən əsası, ölkə başçısının diqqəti və qayğısı var. Bunun müqabilində idmançıda dözüm, səbir, cəldlik və cəsarət olmalıdır. Bu xüsusiyyətləri özündə birləşdirən idmançı mütləq uğur qazanacaq. Bizim seçimimiz isə yalnız İlham Əliyevdir!

 

İlham Əliyev idmançıların ən böyük dəstəkçisi olduğu kimi,

biz idmançılar da daim Prezidentin yanındayıq

 

Musa ABDULLAYEV,

 

kikboksinq üzrə dünya və Avropa çempionu:

 

- Azərbaycan  Prezidenti İlham Əliyev son illər gənclərə layiq olduqları imkanlar səviyyəsində  geniş meydan verilməsinə, onların zəruri tələbat və ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirir. Cənab İlham Əliyevin diqqət yetirdiyi sahələrdən biri də, heç şübhəsiz ki,  idmandır. Sevindirici haldır ki, İlham Əliyev Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Bu gün dövlət başçısı İlham Əliyev idmançıların  ən böyük dəstəkçisi olduğu kimi, biz idmançılar da daim cənab Prezidentin yanındayıq. Ona görə də İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinə görə sevinirik və gələcəkdə bizi daha böyük uğurların gözlədiyini tam əminliklə deyə bilərik.

Dəfələrlə dünya və qitə miqyaslı turnirlərdə qələbələr qazanmışıq. Dövlət himnimiz səslənmiş, bayrağımız yüksəklərdə dalğalanmışdır. İdmançılar adından bir daha demək istərdim ki, cənab Prezident, Azərbaycan gənci, Azərbaycan əsgəri bu qələbəni Qarabağda da təmin etməyə, Ali Baş Komandanımızın "Zəfərə doğru irəli!" əmrini ləyaqətlə yerinə yetirməyə tam hazırdır.

 

Uğurlu gələcək naminə

 

 Elçin İSMAYILOV,

 

cüdo üzrə beşqat Avropa çempionu:

 

- Seçki günü ailəmizlə bir yerdə məntəqəyə gedərək Azərbaycanımızı uğurlu sabaha inamlı addımlarla aparan cənab İlham Əliyevə səs verdik. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlar göz qabağındadır. Tam əminliklə demək olar ki, Azərbaycanı hələ çox böyük yüksəlişlər gözləyir. Bu gün ölkəmizdə digər sferalarda olduğu kimi, idmanda da əldə edilən, qazanılan uğurlar ilbəil artmaqdadır.

Fəxr edirik ki, bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmayıb. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə Azərbaycanda onlarca olimpiya lisenziyalı beynəlxalq turnir, mötəbər yarış, dünya və Avropa çempionatı keçirilib. Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir. İnanırıq ki, bundan sonrakı illərdə də cənab Prezidentin rəhbərliyi altında ölkəmizi daha işıqlı və xoş, firavan həyat gözləyir.

 

Hazırladılar:

 

Bəxtiyar QARACA,

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.4.