Azərbaycan Respublikası Prezidenti seçkilərinin

ilkin nəticələri ilə bağlı Naxçıvan Muxtar

Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatı

 

Naxçıvan Muxtar Respublikası üzrə 7 seçki dairəsindəki 316 seçki məntəqəsində səsvermə oktyabrın 9-da səhər saat 8:00-da başlanmış və saat 19:00-da başa çatmışdır. Bütün seçki məntəqələrində səsvermə baş tutmuş hesab olunmuşdur. Səsvermə başa çatdıqdan sonra müşahidəçilərin də iştirakı təmin olunmaqla Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada səslər hesablanmış, müvafiq məlumatlar mütəmadi surətdə internet vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə ötürülmüş və seçkilərin yekunlarına dair məntəqə və dairə seçki komissiyalarının protokolları tərtib olunaraq 2013-cü il oktyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunmuşdur.

Protokolların nəticələrinə görə, yüksək seçici fəallığı ilə keçən seçkilərdə muxtar respublika üzrə səsvermə hüququ olan 266.537 seçicidən 219.786 nəfəri, yəni 82,5 faizi iştirak etmişdir. Seçki prosesi nüfuzlu qurumların müşahidəçiləri tərəfindən də izlənilmişdir. Səsvermə günü seçki hüquqlarının pozuntusu ilə əlaqədar aidiyyəti təşkilatlara heç bir şikayət daxil olmamışdır.

İlkin nəticələrə görə, Naxçıvan Muxtar Respublikası üzrə seçicilərin 90,3 faizi Yeni Azərbaycan Partiyasının namizədi Əliyev İlham Heydər oğluna səs vermişdir.

Digər namizədlərin muxtar respublika üzrə topladıqları səslərin faizləri aşağıdakı kimidir:

Həsənquliyev Qüdrət Müzəffər oğlu - 6,4 faiz

Məmmədov Sərdar Calal oğlu - 0,9 faiz

Quliyev Fərəc İbrahim oğlu - 0,8 faiz

Ağa-zadə İqbal Fehruz oğlu - 0,6 faiz

Oruc Zahid Məhərrəm oğlu - 0,5 faiz

Hacıyev Hafiz Ələmdar oğlu - 0,2 faiz

Həsənli Cəmil Poladxan oğlu - 0,1 faiz

İsmayılov İlyas Abbas oğlu - 0,1 faiz

Əlizadə Araz Məmməd Mübariz oğlu - 0,1 faiz

 

Azərbaycan.- 2013.- 13 oktyabr.- S.5.