Şahbuz rayonunun
Kükü kəndi müasir
yaşayış məntəqəsinə
çevrilmişdir
Məlumdur ki,
düşünülmüş sosial siyasəti güclü
iqtisadi islahatları reallaşdırmaqla həyata keçirmək
mümkündür. Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının uğurlu
icrası nəticəsində Naxçıvan Muxtar
Respublikasının Şahbuz rayonunda da yeni infrastruktur sahələri
yaradılmış, yaşayış məntəqələri
müasirləşmiş və insanların sosial rifahı
yüksəlmişdir. Rayonun kəndlərinin
müasirliyə, yeniliyə qovuşması ölkəmizdə
iqtisadi gücün real təzahürüdür. Dağlar
qoynunda yerləşən Kükü kəndi də indi təkcə
rəngarəng təbiəti, zəngin turizm potensialı ilə
deyil, həm də həyata keçirilən
genişmiqyaslı quruculuq işləri ilə diqqət
çəkir.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, oktyabrın 12-də Şahbuz rayonunun
Kükü kəndində yeni sosial obyektlər istifadəyə
verilmişdir.
Ayrınc-Qızıl
Qışlaq-Kükü
avtomobil yolu yenidən
qurulmuşdur
Muxtar respublikada yol-nəqliyyat
infrastrukturunun müasirləşdirilməsi istiqamətində
görülən işlər kənd yaşayış məntəqələrini
də əhatə etmişdir. Bu gün respublika əhəmiyyətli
yollarla bərabər, rayon və kənddaxili yollar da müasir
səviyyədə inşa edilir. Bu il Naxçıvan-Batabat
magistralı - Ayrınc-Qızıl Qışlaq-Kükü
avtomobil yolunda da yenidənqurma işləri
aparılmışdır.
Oktyabrın 12-də
avtomobil yolunun açılışı olmuşdur.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
açılış mərasimində iştirak etmişdir.
Kənd sakini Ramiz Cəlilov
muxtar respublikada aparılan quruculuq işlərinin Şahbuz
rayonunun kəndlərini də əhatə etdiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, yaşayış məntəqələrinin
müasir görkəm alması, insanların
rahatlığının təmin olunması ölkəmizdə
davam etdirilən Heydər Əliyev siyasi xəttinin nəticəsidir.
Bu inkişafı hər bir sakin
şəxsi həyatında, yaşadığı kənddə,
şəhərdə müşahidə edir. Kükü kəndinin
avtomobil yolunun yenidən qurulması isə bu istiqamətdə
görülən işlərin daha bir nümunəsidir.
Ali Məclisin Sədri
sərhəd və dağ kəndi olan Küküdə yeni
yolun istifadəyə verilməsi münasibətilə sakinləri
təbrik edərək demişdir: "Yol mədəniyyət,
rahatlıq və abadlıq deməkdir. Bu gün Kükü kəndində
müasir və rahat yol istifadəyə verilir. Kənd
yolunun yenidən qurulması Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə təsdiq olunan
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı çərçivəsində həyata
keçirilmişdir. 16 kilometr uzunluğundakı avtomobil yolu 4
minə yaxın əhalinin rahatlığını təmin
edəcək, gediş-gəliş xeyli
yaxşılaşacaqdır".
Ali Məclisin Sədri
yolun inşasında əməyi olanlara təşəkkürünü
bildirmiş, rəmzi açılışı bildirən
lenti kəsmişdir.
Məlumat
verilmişdir ki, kənd yolu əsaslı şəkildə
yenidən qurulmuş, yol yatağı genişləndirilmiş, yeni asfalt örtük
salınmışdır. Tikinti işləri aparılarkən
mühəndis-texniki tələblərə tam əməl
edilmiş, 30 selötürücü, 97
suötürücü və 9 körpü tikilmişdir.
Yolboyu yol-hərəkət
nişanları quraşdırılmış, kəndlərdə
piyadaların təhlükəsiz hərəkəti
üçün səkilər salınmışdır. Yaşayış məntəqəsində
iqtisadiyyatın inkişafı baxımından da müstəsna
əhəmiyyəti olan yolun yenidən qurulması əlverişli
iqlim şəraitinə, təbii bitki örtüyünə və
təmiz havaya malik olan Kükü kəndinin turizm
imkanlarını xeyli artıracaqdır.
Kükü kənd
tam orta məktəbi müasir
binada fəaliyyət göstərəcəkdir
Muxtar respublikada təhsil
infrastrukturunun müasirləşdirilməsi diqqət mərkəzində
saxlanılır, ən ucqar yaşayış məntəqələrində
belə yeni məktəb binaları tikilərək istifadəyə
verilir.
Oktyabrın 12-də
Kükü kənd tam orta məktəbinin yeni binası
açılmışdır.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
açılış mərasimində iştirak etmişdir.
Tədbirdə
çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin
başçısı Nürəddin Quliyev bildirmişdir ki,
bu günlərdə rayonumuzda bayram ovqatı yaşanır.
Xalqımız qələbəsini bayram edir. Rayon sakinləri
də sabitliyin, tərəqqinin və müstəqilliyin təminatçısı
olan möhtərəm Prezidentimiz İlham Əliyevə səs
verməklə Heydər Əliyev siyasi kursuna sadiq
olduqlarını bir daha nümayiş etdirdilər. Bu gün
ucqar dağ kəndində yaradılan bu möhtəşəmlik
məhz ulu öndərin quruculuq xəttinin uğurla davam
etdirilməsinin bəhrəsidir. "Heydər Əliyev
ili" olan 2013-cü ildə
rayonun 7 yaşayış məntəqəsində quruculuq
işləri aparılır. Bu işlər sayəsində
Kükü kəndində fəaliyyət göstərən
müəssisə və təşkilatlar üçün də
müasir iş şəraiti yaradılmışdır.
Nürəddin Quliyev göstərilən dövlət
qayğısının müqabilində bundan sonra daha səylə
çalışacaqlarını bildirmiş, rayon sakinləri
adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
Kükü kənd tam orta məktəbinin binasının
istifadəyə verilməsi münasibətilə kollektivi təbrik
edərək demişdir: "Bu gün ölkəmizdə
ümummilli liderimizin siyasi xəttinin uğurla davam etdirilməsi
bütün sahələrin inkişafına səbəb
olmuşdur. Həyata keçirilən tədbirlər, qəbul
olunan dövlət proqramları və onların uğurlu
icrası təhsilin inkişafına da şərait
yaratmışdır. Hələ ötən əsrin 70-ci illərindən
ölkəmizdə təhsilin inkişafını diqqət mərkəzində
saxlayan, bu sahəni himayə edən
ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Cəmiyyətin
gələcək tərəqqisi təhsilin vəziyyətindən
asılı olacaqdır".
Ali Məclisin Sədri
demişdir: "Bu gün ölkəmizdə təhsilin
inkişafı istiqamətində ardıcıl tədbirlər
görülür, təhsil ocaqları müasir tələblər
səviyyəsində yenidən qurulur. Şəhər və
rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə
də məktəblərin təminatı, təhsil
işçiləri qarşısında eyni tələblər
qoyulur".
Ali Məclisin
Sədri demişdir ki, muxtar respublikamızın ucqar dağ kəndi
olan Küküdə müasir məktəb binasının
istifadəyə verilməsi ölkəmizdə təhsilin
inkişafı sahəsində görülən işlərin
bariz nümunəsidir. Məktəbdə
elektron lövhəli siniflər, kompyuter otağı,
müasir kitabxana, yeni tədris avadanlıqları, şagirdlərin
fiziki inkişafı üçün idman zalı vardır.
Qeyd olunmuşdur ki, təhsil ocağının nailiyyətləri
qənaətləndiricidir. Ötən tədris ilində məzunlardan 11-i ali məktəbə,
biri orta ixtisas məktəbinə, biri isə Heydər
Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. Ali məktəblərə
qəbul olunan məzunlardan 3-ü 500-700 arasında bal toplayaraq
yüksək nəticə göstərmişdir. Bu, məktəb
kollektivinin əməyinin, tədrisin düzgün
qurulmasının nəticəsidir. Pedaqoji
kollektivin əməyi də dövlətimiz tərəfindən
layiqincə qiymətləndirilmiş, bir nəfər
Naxçıvan Muxtar Respublikasının "Əməkdar
müəllimi", bir nəfər isə 2012/2013-cü tədris
ilində "İlin ən yaxşı müəllimi"
adına layiq görülmüşdür.
Qazanılan
uğurlara görə kollektivə təşəkkür edən
Ali Məclisin Sədri demişdir: "Hər bir təhsil
ocağının qarşısında duran ən mühüm
vəzifə vətənpərvər və bilikli gənclər
hazırlamaqdır. Gənclərin gələcəkdə
ölkəmizin idarə olunmasında, dövlətçiliyimizin,
müstəqilliyimizin qorunmasında yaxından iştirakı
təmin olunmalıdır. Kükü kənd tam orta məktəbinin
kollektivi öz işini bu istiqamətdə qurmalı, bilikli və
vətənpərvər gənclər yetişdirməlidir".
Ali Məclisin Sədri
bu vəzifələrin yerinə yetirilməsi
üçün dövlətimiz tərəfindən
lazımi şərait yaradıldığını
bildirmiş, kollektivə tədrisdə uğurlar
arzulamışdır.
Sonra Ali Məclisin Sədri
Şahbuz rayonunun ümumtəhsil məktəblərində əla
qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna
kompyuter dəsti hədiyyə etmiş, təhsildə
qazandıqları nailiyyətlərə görə onları
təbrik etmişdir.
Rəmzi
açılışı bildirən lent kəsildikdən
sonra məktəb binasına baxış olmuşdur.
Məlumat
verilmişdir ki, 198 şagird yerlik məktəb binası 2 mərtəbəlidir.
Məktəbdə 3-ü elektron lövhəli olmaqla 11 sinif
otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi
kabinet, kompyuter və müəllimlər otaqları, kitabxana,
bufet və idman zalı vardır.
Məktəbin
kitabxana fondunda 2 min 969 latın qrafikalı dərslik və
1865 bədii ədəbiyyat olmaqla, 4 min 834 kitab vardır.
Pedaqoji kollektiv şagirdlərin kitabxanaya cəlbini diqqət mərkəzində
saxlayır, hər ay kitabxana günləri keçirilir.
Kitabxanada mütaliə saatları da
yaradılmışdır.
Ali Məclisin Sədri
birinci sinifdə təhsil alan şagirdlərin dərs prosesi
ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu il
Kükü kənd tam orta məktəbinə 13 şagird qəbul
olunmuşdur. Yeni tədris metodlarının tətbiqi
keçilən dərslərin daha ətraflı və asan mənimsənilməsinə,
şagirdlərin məntiqi təfəkkürünün
gücləndirilməsinə imkan verir.
Kompyuter
otağında 19 kompyuter quraşdırılmış və
internetə qoşulmuşdur. Həmçinin məktəbdə
elektron lövhəli siniflər yaradılmışdır. Bu
da şagirdlərin informasiya texnologiyalarının
imkanlarından və elektron dərsliklərdən istifadəsinə
imkan verir.
Hərbi kabinetdə
ilkin hərbi hazırlıq fənninin tədrisi
üçün lazımi şərait vardır. Kabinetdə
sıra, mühəndis, hərbi topoqrafiya və atəş
hazırlığını əks etdirən stendlər asılmışdır.
Kimya-biologiya və
fizika laboratoriyalarına baxış zamanı qeyd olunmuşdur
ki, məktəbdə dəqiq elmlərin tədrisinə
xüsusi diqqət yetirilir, bu fənlər üzrə müəllimlər
təkmilləşdirmə kurslarına göndərilir.
Məktəbin müəllimləri
ilə görüşən Ali Məclisin Sədri demişdir
ki, elm, təhsil cəmiyyətin inkişafında
başlıca şərtdir. Ona görə də ölkəmizdə
bu sahəyə xüsusi diqqət yetirilir, ən ucqar dağ kəndlərində
belə müasir məktəb binaları tikilir. Bu da təhsilin
keyfiyyətinin və qazanılan uğurların artmasına səbəb
olmuşdur. Kükü kənd tam orta məktəbi də
uğurlu nailiyyətlər qazanmışdır. Kollektiv bundan sonra da təhsil
uğurlarının artırılması istiqamətində səylə
çalışmalıdır.
Müəllimlər təhsilin
inkişafına göstərilən qayğıya və
yaradılan şəraitə görə minnətdarlıqlarını
bildirmişlər.
Məktəb
binasının həyətində də abadlıq işləri
aparılmış, yaşıllıq və meyvə
bağı salınmışdır.
Müasir iş şəraiti
dövlət qurumlarının
fəaliyyətini
gücləndirəcəkdir
Bu il Kükü kəndində
aparılan geniş quruculuq tədbirləri çərçivəsində
yeni kənd mərkəzi də tikilmişdir.
Oktyabrın 12-də Kükü Kənd Mərkəzinin
açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov açılış mərasimində
iştirak etmişdir.
Kükü
kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Ağababa Babayev çıxış edərək demişdir
ki, muxtar respublikada aparılan
quruculuq işlərindən ucqar dağ kəndi olan
Küküyə də pay düşmüşdür.
İnsanların rahatlığının təmin olunması
istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, kənd
sakinləri elektrik enerjisindən, təbii qazdan, rabitə əlaqəsindən
fasiləsiz istifadə edir. Əhalinin əksər hissəsi kənd
təsərrüfatı məhsullarının istehsalı ilə
məşğuldur. Bu il kənd sakinlərinə 18 min manat
kredit verilmişdir. Bütün bunlar fərdi təsərrüfatların
genişlənməsinə, bol məhsul istehsalına və
sakinlərin rifah halının yaxşılaşmasına səbəb
olmuşdur.
Ali Məclisin Sədri
Kükü kəndində kompleks abadlıq-quruculuq işlərinin
aparıldığını bildirərək demişdir: "Bu gün Kükü kəndində idarəetmə
strukturları üçün yeni kənd mərkəzi, təhsilin
səviyyəsini yüksəltmək üçün məktəb
binası, insanların sağlamlığının
qorunmasına xidmət edən həkim ambulatoriyası, sakinlərin
gündəlik tələbatını ödəyən xidmət
mərkəzi və müasir
yol istifadəyə verilir. Həyata keçirilən
bu tədbirlər ölkəmizdə bir kəndin timsalında
görülən işlərdir. Ölkəmizin bütün
yaşayış məntəqələrində bu cür tədbirlər
həyata keçirilir, yeni sosial obyektlər, inzibati binalar
istifadəyə verilir, insanların rahat
yaşayışı təmin olunur".
Qeyd olunmuşdur ki,
Kükü kəndində də əhalinin yaşayış
səviyyəsinin yüksəldilməsinə hərtərəfli
qayğı göstərilir. Kənddə
heyvandarlığın, arıçılığın,
maldarlığın və digər sahələrin
inkişafı üçün güzəştli şərtlərlə
kreditlər verilir, fərdi təsərrüfatlar genişləndirilir.
Kənd telefonlaşdırılmış, elektrik enerjisinin və
təbii qazın fasiləsiz verilişi təmin olunmuşdur.
Eyni zamanda, kənd sakinlərindən 551-i dövlətdən əməkhaqqı,
müavinət və təqaüd formasında vəsait
alır. Həyata keçirilən bu tədbirlər kənd
sakinlərinin məşğulluğunun təmin olunmasına,
onların daha sıx məskunlaşmasına səbəb
olmuşdur.
Ali Məclisin Sədri
demişdir: "Ölkəmizdə yaşayış məntəqələrinin
inkişafı, yaradılan yeni infrastruktur sahələri,
istifadəyə verilən müasir sosial obyektlər dövlət-xalq
birliyinin nəticəsidir. Bu birlik oktyabrın 9-da - ölkəmizdə
keçirilən ən mühüm siyasi tədbirlərdən biri olan
prezident seçkilərində bir daha özünü göstərdi.
Demokratik şəkildə keçirilən seçkilərdə
xalqımız ölkəmizi inkişaf və tərəqqiyə
qovuşduran siyasi xəttə səs verdi".
Ali Məclisin Sədri
seçkilərdə fəallıq göstərən,
iştirak edən muxtar respublika sakinlərinə təşəkkürünü
bildirmiş, bir daha kənd sakinlərini təbrik etmiş,
onlara firavan həyat arzulamışdır.
Rəmzi
açılışı bildirən lent kəsildikdən sonra
binaya baxış olmuşdur.
Məlumat
verilmişdir ki, binada rabitə evi, polis sahə və
baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan
Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi
dairəsi üzrə nümayəndəlik, bələdiyyə,
arxiv, mədəniyyət evi və 68 yerlik zal vardır.
Kənd kitabxanasında 5 min 629 kitab
vardır. Onlardan 1390-ı latın,
4 min 239-u isə kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır.
Baytarlıq məntəqəsində lazımi şərait
yaradılmış,
dərman vasitələri və soyuducu
qoyulmuşdur. Bildirilmişdir ki, Kükü kəndinin fərdi
təsərrüfatlarında 1620 baş iribuynuzlu, 7 min 750
baş xırdabuynuzlu, 1520 arı ailəsi və 6 min 76
baş quş saxlanılır. Həkim baytarlar
mütəmadi olaraq heyvanlar arasında müayinələr
aparır, yoluxucu xəstəliklərə qarşı
profilaktiki tədbirlər görülür.
Rabitə evində quraşdırılan 384 nömrəlik
ATS kənddə 221
abonentə xidmət göstərəcəkdir. Burada poçt məntəqəsi də
yaradılmış, gündəlik mətbuatın, eləcə
də danışıq və internet kartlarının
satışı təşkil olunmuşdur.
Binanın ikinci mərtəbəsində inzibati ərazi
dairəsi üzrə nümayəndəlik və Yeni Azərbaycan
Partiyası ərazi ilk təşkilatı üçün də
iş otaqları ayrılmışdır. Yeni
Azərbaycan Partiyası Kükü kənd ərazi ilk təşkilatının
137 üzvü vardır. Onlardan 38-i gənclər,
45-i isə qadınlardır.
Kənd mərkəzini istiliklə təmin
etmək üçün fərdi qazanxana
quraşdırılmışdır. Binanın
həyətində abadlıq işləri
aparılmış, ağac və gül kolları əkilmişdir.
Kükü kənd həkim ambulatoriyasının
yeni binası istifadəyə verilmişdir
Oktyabrın 12-də Kükü kənd həkim
ambulatoriyasının yeni binasının da
açılışı olmuşdur.
Həkim Tamleyxa Cəbiyev bildirmişdir
ki, son illər muxtar respublikamızda aparılan quruculuq tədbirləri
səhiyyə obyektlərini də əhatə etmişdir. Şəhər, rayon, qəsəbə və kəndlərdə
müasir xəstəxana binaları, həkim ambulatoriyaları
tikilərək sakinlərin istifadəsinə verilir. Ucqar dağ kəndi olan Küküdə yeni həkim
ambulatoriyasının istifadəyə verilməsi də əhaliyə
göstərilən tibbi xidmətin səviyyəsini xeyli
yüksəldəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri
Vasif Talıbov çıxış edərək demişdir:
"Dövlətimizin ən qiymətli sərvəti onun
insanlardır. Bu gün Azərbaycanda həyata
keçirilən sosial siyasətin əsasını
insanların sağlamlığının qorunması,
onların lazımi tibbi xidmətlə təmin olunması təşkil
edir. Ölkəmizin şəhərlərində,
rayon və kəndlərində müasir səhiyyə
ocaqları tikilərək istifadəyə verilir. Həyata keçirilən tədbirlər muxtar
respublikanın ucqar dağ kəndlərini də əhatə
etmiş, səhiyyə işinin yüksək səviyyədə
təşkili üçün yeni həkim ambulatoriyaları,
feldşer-mama məntəqələri tikilərək istifadəyə
verilmişdir. Kükü kəndində həkim
ambulatoriyasının istifadəyə verilməsi də bu
istiqamətdə görülən işlərin
davamıdır. Həkim ambulatoriyası əhali
sayı nəzərə alınaraq lazımi ştatlarla təmin
edilmiş, tibb ocağında müasir səhiyyə
avadanlıqları quraşdırılmışdır".
Ali Məclisin Sədri demişdir:
"Ambulatoriyaların qarşısında duran əsas vəzifələr
əhali arasında səhiyyə maarifi işinin
aparılması, gigiyena qaydalarının izah olunması, hamilə
qadınlara patronaj xidmətinin göstərilməsi və
uşaqlar arasında peyvənd işinin təşkilindən
ibarətdir. Kükü kənd həkim
ambulatoriyasında da bu vəzifələrin yerinə yetirilməsi
üçün lazımi şərait
yaradılmışdır. Ambulatoriya kənddə
yaşayan 2 minə yaxın sakinin
sağlamlığının keşiyində duracaqdır.
Ona görə də kollektiv üzərinə
düşən vəzifəni layiqincə yerinə yetirmək
üçün bilik və bacarıqlarını
artırmalı, rayon mərkəzi xəstəxanası
ambulatoriya ilə əlaqəli işləməli, tibb
işçilərinin peşə hazırlığı
kurslarında iştirakı təmin olunmalıdır".
Ali Məclisin Sədri yaradılan şəraitdən
düzgün istifadə olunacağına əminliyini
bildirmiş, kollektivə işlərində uğurlar
arzulamış, rəmzi açılışı bildirən
lenti kəsmişdir.
Məlumat verilmişdir ki, binada tibbi xidmətin
yüksək səviyyədə təşkili
üçün hər cür şərait
yaradılmışdır. Ambulatoriya
2 mərtəbədən, 11 otaqdan ibarətdir. Burada stomatoloji kabinet, palata, doğuş, peyvənd,
aptek, həkim, mama və manipulyasiya otaqları vardır.
Hazırda səhiyyə ocağında 11 tibb
işçisi çalışır.
Həkim ambulatoriyasının həyətində
də abadlıq işləri aparılmışdır.
Küküdə yeni xidmət
mərkəzi fəaliyyətə
başlamışdır
Oktyabrın 12-də Kükü kəndində
xidmət mərkəzinin açılışı
olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov rəmzi açılışı
bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Kükü kənd xidmət
mərkəzində kişi bərbərxanası,
qadın gözəllik salonu, ət satışı yeri, ərzaq
və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət
göstərir. Xidmət mərkəzinin istifadəyə
verilməsi ilə 5 nəfər işlə təmin
olunmuşdur. Mərkəzin həyətində
abadlıq işləri aparılmış,
yaşıllıqlar salınmışdır.
Mərkəzlə tanışlıqdan
sonra kənd sakinləri ilə görüşən Ali Məclisin
Sədri demişdir ki, Kükü kəndində yeni sosial
obyektlərin istifadəyə verilməsi Azərbaycan dövlətinin
inkişaf modelini özündə əks etdirir. Bu inkişaf və tərəqqi isə
ümummilli lider Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir.
Sakinlər yaradılanlardan səmərəli istifadə etməli,
ölkəmizin inkişaf və tərəqqisinə öz
töhfələrini verməlidirlər.
Kənd
ziyalısı Yunis Quliyev sakinlərin xoş arzularını
Ali Məclisin Sədrinə çatdıraraq demişdir ki,
yenilik, müasirlik həm də rahat yaşayış, firavan
həyat deməkdir. Bu gün Kükü kəndində buna
nail olunmuş, sakinlərin rifah halının yüksəldilməsi
istiqamətdə ardıcıl tədbirlər
görülmüşdür. Bunlar ölkəmizdə
ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam
etdirilməsinin nəticəsi, dövlətin kənd
yaşayış məntəqələrinin yeniləşməsinə
göstərdiyi qayğının, insanların
rahatlığı istiqamətində həyata keçirdiyi
ardıcıl tədbirlərin davamıdır.
Azərbaycan.-
2013.- 13 oktyabr.- S.6.