«New Europe» portalında «Azərbaycandakı seçkilərin

 əsl məğzi» sərlövhəli məqalə yerləşdirilmişdir

 

Avropanın nüfuzlu "New Europe" portalında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun "Azərbaycandakı seçkilərin əsl məğzi" sərlövhəli məqaləsi yerləşdirilmişdir.

AzərTAc xəbər verir ki, məqalədə 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının azad surətdə öz şüurlu seçimini və iradəsini ifadə etdiyi bildirilir.

Məqalədə deyilir: "Təəssüf ki, seçkilərdən sonra Azərbaycan ədalətsiz və qərəzli tənqidlərə məruz qalmışdır. Belə tənqidi yanaşma hətta seçkilərin rəsmi nəticələrinin açıqlanmasından əvvəl başlamışdı və bəzi media orqanlarında özünü aydın şəkildə göstərirdi".

Elnur Aslanov yazır ki, seçkilərin məğzinin təhrif edilməsi, Azərbaycan xalqının iradəsinin inkar olunması və seçki prosesində test rejimindəki mobil applikasiyaların düzgün işləməməsi kimi təsadüfən baş verən texniki nöqsanların heç bir araşdırılma aparılmadan şişirdilməsi gülünc haldır. Bütün bunlar kifayət deyilmiş kimi, bu cür texniki nöqsanlar ümumiləşdirilərək müəyyən siyasi məqsədlər üçün istifadə olunmuş və ədalətsiz şəkildə seçkilərin ümumi nəticələrinə aid edilmişdir. Xatırlatmaq lazımdır ki, Azərbaycan xalqı prezident seçkilərində ölkənin son illərdə qazandığı nailiyyətlərə və qurulması nəzərdə tutulan gələcəyə səs vermişdir. Seçicilərin səsvermədə fəal iştirakı Azərbaycan xalqının seçkilərə verdiyi önəmin daha bir göstəricisidir. Bu, bir daha göstərir ki, savadlılığın 98 faizdən çox, siyasi məlumatlılığın yüksək səviyyədə olduğu Azərbaycan kimi bir cəmiyyətdə xalq öz gələcəyinə laqeyd qala bilməz. Azərbaycan əhalisinin 66 faizi gənclərdən ibarətdir. Prezident İlham Əliyevin inamlı qələbəsi göstərir ki, o, gəncləri öz ətrafında birləşdirə bilmiş və beləliklə də, Azərbaycanın gənc nəsli ilə birlikdə yeni tarix yazmışdır. Bu da Azərbaycan kimi gənc və demokratik bir ölkə üçün rəmzi hadisədir.

Prezident Administrasiyasının rəsmisi bildirir ki, azad şəkildə səs verərək seçkilərdə fəal iştirak etməklə Azərbaycan xalqı seçkilərə qiymətini nümayiş etdirmişdir. Hər hansı seçki prosesinin azad, ədalətli, demokratikuğurlu hesab edilməsi üçün xalqın təsdiqindən başqa heç nə lazım deyildir. Seçki prosesini 100 ölkəni, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi 50 beynəlxalq qurumu təmsil edən 1300 nəfərdən ibarət qısamüddətli və uzunmüddətli müşahidə missiyasının daxil olduğu 53 min müşahidəçi izləmişdir. Həm beynəlxalq, həm də yerli müşahidəçilər seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirildiyini bəyan etmişlər. Azərbaycan, ABŞ və Fransanın beş müstəqil təşkilatının həyata keçirdiyi exit-polların nəticələri olduqca az fərqlə seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Təkcə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası seçkilərin yekunları ilə bağlı əsassız və ziddiyyətli nəticəyə gəlmişdir. ATƏT Parlament Assambleyasının nümayəndələri və ATƏT-in fəaliyyətdə olan sədrinin təyin etdiyi müşahidəçi missiyasının üzvləri hətta ATƏT/DTİHB-nin hesabatını imzalamaqdan imtina etmişlər. ATƏT/DTİHB-nin düşdüyü bu gülməli vəziyyət heç bir tənqidə davam gətirmir. Mövcud olduğu dövr ərzində ATƏT/DTİHB seçkilərin müşahidəsi ilə bağlı vahid metodologiya hazırlaya bilməmişdir. Buna görə də seçkilərlə bağlı siyasi yanaşmalara əsaslanan fərdi mühakimələri bu təşkilatın bitərəfliyini şübhə altına salır.

Məqalədə qeyd edilir ki, texniki baxımdan seçkilərin ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıq işləri görülmüşdü. Hətta internet vasitəsilə seçki prosesinin canlı izlənilməsi üçün seçki məntəqələrində veb-kameralar quraşdırılmışdı. Namizədlərin sərbəst şəkildə qeydiyyatdan keçmələri, seçkiqabağı təşviqat işləri, sərbəst toplaşmaqsöz azadlığının həyata keçirilməsi üçün lazımi addımlar atılmışdı. Bütün namizədlər İctimai Televiziyada bərabər yayım vaxtı ilə təmin olunmuşdular. İnternetsosial mediaya limitsiz çıxış imkanının mövcud olduğu bir ölkədə yayım vaxtının az olması kimi iddialar yersizdir.

Məqalədə deyilir: "Əlbəttə ki, dünyanın heç bir ölkəsində mükəmməl və ya ideal seçki prosesi baş tutmurbütün hallarda qayda pozuntuları və nöqsanlar qaçılmazdır. Ancaq araşdırma aparmadan cüzi texniki nöqsanlara əsaslanaraq tələsik nəticəyə gəlmək və bütün seçki prosesinə kölgə salmaq seçicilərə qarşı hörmətsizlikdir. Azərbaycan Mərkəzi Seçki Komissiyası seçki məntəqələrində nöqsanların baş verməsi ilə bağlı araşdırmaya başlamışdır".

Elnur Aslanov qeyd edir ki, demokratik inkişaf Azərbaycan xalqının şüurlu seçimi və dönməz yoludur. Bu seçim hər hansı şəxsi və ya təşkilatı razı salmaq üçün edilməmişdir. Bu, ilk növbədə Azərbaycan xalqının marağına xidmət edir.

Sonda müəllif yazır: "Beləliklə, gələcəyə aydın nəzər salmaqla, xalqın böyük dəstəyi və inamına malik olmaqla Azərbaycan hökuməti çiçəklənən və demokratik Azərbaycanın qurulmasında səylərini davam etdirəcəkdir".

 

Azərbaycan.-2013.-  22 oktyabr.- S.2.