NÖVBƏTİ BEŞ İLİN PRİORİTETLƏRİ

 

Dövlət başçılarının inaqurasiya - andiçmə mərasimləri istisnasız olaraq rəsmi simvolikanın, siyasi ritualların, eyni zamanda, ölkənin spesifik xüsusiyyətini  əks etdirən müxtəlif mənəvi, dini, tarixi rəmzlərin müşayiəti ilə baş tutur. Bu tədbirin ciddiliyi nə qədər dəyişməzdirsə, onun icra proseduru, keçirildiyi məkan, iştirakçı kontingenti bir o qədər fərqli və rəngarəng olur. Bəzi ölkələrdə andiçmə sanki milli bayram səviyyəsində qeyd olunaraq müxtəlif dəbdəbəli tədbirlərlə davam edir. Əksər dövlətlərdə isə bu, sadəcə, bir-iki saatlıq müddəti əhatə edən, yalnız seçilmiş Prezidentin andiçməsindən və proqram çıxışından ibarət  prosedur olur.

 

 Prezident andı

 

 

Azərbaycanın yeni seçilmiş Prezidenti də bu dəfə məhz sonuncu varianta üstünlük verdi: bəlağətdən uzaq sadəlik, təmtəraqdan kənar səmimilik, sırf işgüzarlıq dövlət başçısının səlahiyyətlərinin icrasına başlama anının əsas məziyyətləri idi. Fəqət, xüsusi təmtəraqdan və pafoslu mərasim əlamətlərindən uzaq olan bu andiçmənin məğzində dövlətin və xalqın aliliyini təcəssüm etdirən olduqca mühüm məqamlar dayanırdı.

Parlamentdə baş tutan andiçmənin rəmzi anlamı da var idi. Bu, hakimiyyətin üç qolu (icra, qanunverici və məhkəmə) arasında hüquqi bağlılığı və məsuliyyət vəhdətini mükəmməl şəkildə əks etdirirdi: mərkəzi icra hakimiyyətinin rəhbəri qanunverici orqanın - parlamentin binasında və onun üzvləri qarşısında ali məhkəmə strukturunun təmsilçilərinin iştirakı ilə and içdi!

Əslində, dünyanın 40-a yaxın ölkəsində, o cümlədən Almaniya, İtaliya, Türkiyə, Finlandiya, Braziliya, Sloveniya, Rumıniya, Latviya, Litva, Estoniya, Venesuela və digər dövlətlərdə prezidentlər, həmçinin baş nazirin əsas ali rəhbər səviyyəsində olduğu onlarla ölkədə Nazirlər kabinetlərinin rəhbərləri məhz parlamentdə and içərək fəaliyyətə başlayırlar. Bu ənənənin təməl daşı  isə 1789-cu ildə ABŞ-da qoyulub. Həmin ilin 30 aprelində C.Vaşinqton Nyu-Yorkun Federal-hollunda - Konfederasiya Konqresinin və Federasiya Məclisinin yerləşdiyi Kapitoli binasında and içmişdi. Bu ənənə 1801-ci ildə Vaşinqtonda Kapitolinin Senat blokunun qarşısında davam etdirilmiş, 1813-cü ildən bu günə qədər isə 1811-ci ildə tikilən Kapitoli binasının (Konqres və Senatın yerləşdiyi məkan) qarşısında icra olunur.

İnaqurasiya latın sözüdür, "həsr edirəm" mənasını verir. Prezident İlham Əliyev də Vətənə, xalqa və dövlətə sədaqət andını, Azərbaycana həsr etdiyi missiyasının növbəti mərhələsinin başlanğıc anını ən yüksək yerində ulu öndərin "Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır" yazılmış məkanda - parlamentdə gerçəkləşdirməklə həm yeni siyasi ənənənin əsasını qoydu, həm də bu formal prosedura rəmzi anlam gətirdi.

Prezident fəaliyyət fəlsəfəsinin - "Biz yalnız Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edirik", "Biz xalqın xidmətçisiyik", "Bizim üçün yeganə istinadgah yalnız xalqdır, onun inamı və etimadıdır" amalının dəyişməzliyini növbəti dəfə sübut etdi!

Prezident 10 il öncə elan etdiyi "əsl siyasət real iş və konkret fəaliyyətdən ibarətdir" məramına sadiqliyini göstərdi və andiçmədən sonra nə ziyafətə, nə də bayram tədbirlərinə qatıldı: birbaşa Prezident Administrasiyasına getdi, səlahiyyətlərinin icrasına başladı, həllini gözləyən problemlərin nizamlanması ilə məşğul oldu, ümumiləşdirsək isə şanlı Azərbaycan mücadiləsinin növbəti zəfər məqamlarını yazmağa davam etdi!

 

 

 

Prezidentin sözü həm də Prezidentin imzası deməkdir

 

 

Prezidentin inaqurasiya mərasimində hər kəsin - həm xalqın, həm də ümumiyyətlə, dünyanın gözlədiyi əsas an dövlət başçısının proqram çıxışında toxunacağı məqamlar idi. Azərbaycanın qarşıdakı beş il ərzində daxili, xarici, iqtisadi, sosial və digər sahələr üzrə siyasətinin əsas koordinatlarını əks etdirəcək nitqə maraq məmləkətimizdən daha çox beynəlxalq məkandan oldu. Bu da başadüşüləndir: Azərbaycanda hər kəs bilir ki, doğru yoldayıq, müstəqilliyimizin və inkişafımızın davamlı olması üçün məhz bu yolla irəliləməliyik və Prezident dövlətin, xalqın maraqlarının təmini, istiqlaliyyətimizin qorunması üçün nə gərəklidirsə, onu da edəcək!

Lakin elə Prezidentin təbirincə desək, "ətrafımızda baş verən qanlı toqquşmaların, müharibələrin, inqilabların, siyasi, iqtisadi, maliyyə böhranlarının" fonunda Azərbaycanın müstəqil siyasətini həzm etməyən, hər fürsətdə məmləkətimizə zərər vurmağa çalışan, respublikamızı da dünyanı bürüyən xaos və səfalət burulğanına salmağa cəhd edən güclərin - istər fövqəl olsun, istər forpost - diqqəti İlham Əliyevdə, onun bəyanatlarında idi. Dövlət başçısının "Bizim sözümüzün imzamız qədər qüvvəsi vardır" fikrini də məhz bu konteksdə qəbul edənlər əsla yanılmırlar.

 

Prezidentin sözü də, sözünün ahəngi də dəyişməz idi!

 

Prezident həmişəki kimi qətiyyətli idi! Xarizması və xalqından növbəti dəfə aldığı möhtəşəm dəstəyin mənəvi gücü Ona kürsüdə xüsusi əzmkarlıq verirdi.

Prezident həmişəki kimi lider görkəmində idi. O, yaratdığı Azərbaycanın iftixar icmalını verir və qarşıdakı beş ildə yaradacağı Azərbaycanın yeni inkişaf təmayüllərini elan edirdi!

Prezident həmişəki kimi səmimi idi. Sözünün və özünün - fikirlərinin və əməllərinin tam vəhdəti bu dəfə də tam aydınlığı ilə görünürdü. Sadə, anlaşılan dillə, siyasi sofistikadan və pafosdan uzaq çıxışla dünyaya yeni Azərbaycanın yeni siyasətinin mesajlarını çatdırırdı.

Prezident həmişəki kimi milli maraqları ifadə edirdi. Heç bir məkrli qüvvənin Azərbaycanda hansısa ssenari həyata keçirməsinə imkan verilməyəcəyinin, ölkəmizin müstəqil siyasətinin daha inadla və uğurla davam etdiriləcəyinin bəyanatını verirdi.

Prezident həmişəki kimi hər bir azərbaycanlının rəhbəri, dostu, himayədarı kimi danışırdı. O, Azərbaycan insanının bu dövlətin, xüsusən də öz fəaliyyətinin ən müqəddəs dəyəri olduğunu və bu yanaşmanın daha güclü Azərbaycanla daha güclü məna kəsb edəcəyini söyləyirdi.

Prezident həmişəki kimi bu çıxışında da misilsiz natiq, uğurlu islahatçı, qətiyyətli sərkərdə, müdrik siyasətçi, qabiliyyətli iqtisadçı, bacarıqlı diplomat... ən nəhayət, Azərbaycan dövlətinin və xalqının həm əsgəri, həm xidmətçisi, həm də Lideri olduğunu təsdiq etdi!

Və ən əlamətdar məqam bu idi ki, çıxış edən yalnız regionun lider dövlətinin başçısı yox, həm də hazırda BMT Təhlükəsizlik Şurasına sədrlik edən ölkənin Prezidenti idi!

 

 

Müstəqillik əsas şərtdir

 

 

Prezidentin növbəti beş il üçün elan etdiyi proqramında ilkin olaraq ötən 10 ilə nəzər salındı. Keçilən yolu, qazanılan nailiyyətləri xatırlamaq gərəkli idi: çünki görülən işlər görüləcək işlərin zəminidir!

Prezident sabahdan danışdı. Və bu, sabah, əslində, qarşıdakı beş ili yox, heç strateji inkişafın hədəflənən 2020-ci ilini də deyil, onillikləri əhatə edirdi. Bu inkişaf qaçılmazdır və onun dinamikasının daha da yüksələcəyi tam əsaslandırılıb. Tək bir şərt var: müstəqillik yolundan dönməmək!

Prezident seçkilərinin nəticələrini dövlət müstəqilliyinə xalq tərəfindən verilən qiymət kimi dəyərləndirən Prezident əsla yanılmırdı. Çünki əsas seçki mübarizəsi müxtəlif baxışları olan siyasi qütblər arasında yox, tam əksinə, Azərbaycanın mövcudluğuna, müstəqilliyinə iki ziddiyyətli baxışın arasında gedirdi. Təsadüfi deyil ki, Azərbaycanı həm Ermənistan kimi forpost etmək, həm də "inqilabların" nəticəsində dövlətçilikləri məhv olan məlum ölkələrin cərgəsinə qoşmaq öhdəliyi götürən qüvvələr müstəqilliyin tərəfdarlarına - XALQ-İLHAM ƏLİYEV birliyinə məğlub oldular!

Bu baxımdan, 2013-cü ilin prezident seçkiləri həm də müstəqillik uğrunda mübarizə kimi də dəyərləndirilə bilər!

Prezidentin "bizə qarşı həm dünya erməniliyi, eyni zamanda, Azərbaycanın uğurlarını qəbul etmək istəməyən, bunu həzm edə bilməyən qüvvələr daim kampaniya aparır" - sözləri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Açıq etiraf edək, dövlət siyasətini heç bir fövqəldövlətin maraqları ilə uzlaşdırmayan, beynəlxalq məkanın əsas oyunçuları ilə güzəşt münasibəti qurmayan, bu qüvvələrin arasındakı qovğalarda tərəfə çevrilməyən, Avropa İttifaqından Avrasiya İttifaqına qədər bütün geosiyasi güclərə "Biz yox, məhz siz öz məramınızı bizim maraqlara uyğunlaşdırmalısınız" - deyərək qətiyyət göstərən, enerji resurslarının ixrac marşrutlarını yalnız öz mənafeyinə uyğun şəkildə müəyyənləşdirən Azərbaycanın son prezident seçkilərinin nəticələri də məlum dövlətlərə və qüvvələrə sərt sillə oldu!

Geosiyasi məkanın məmləkətimizlə bağlı mənzərəsi olduqca maraqlı və qürurvericidir: hətta ən xırda ştatından, yaxud federasiya subyektindən də kiçik olan Azərbaycan dünyanı ata malı kimi bölüşdürən, parçalayan, qana susayan bu güclərə vassallıq, forpostluq etmir! Etməyəcəyini də Prezident öz çıxışında bir daha vurğuladı!

Mesaj göndərildi və şübhəsiz ki, dərhal da ünvanlara çatdı!..

 

 

 

Şuşada, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq!

 

 

Dağlıq Qarabağ münaqişəsinin həlli Prezidentin fəaliyyət prioritetidir: on ilin bu dəyişməz hədəfi artıq qarşıdakı illərdə real nəticələrini verməlidir. Dövlət başçısı buna inandığını qeyd etməklə yanaşı, əminliyini əsaslandıran şərtləri də sadaladı: güclü iqtisadiyyat, qüdrətli ordu, Azərbaycanın beynəlxalq məkanda artan nüfuzu.

Artıq beynəlxalq təşkilatlar və xarici dövlətlər, yəni dünya birliyinin mütləq əksəriyyəti ölkəmizin ərazi bütövlüyünü birmənalı tanıyırlar. Bir sözlə, Dağlıq Qarabağın "mübahisəli ərazi" olması yalnız erməni lobbisinin bəyanatlarında və "Milli Şura"nın sədri ilə namizədinin - Rüstəm İbrahimbəyovla Cəmil Həsənlinin müsahibə və araşdırmalarında qeyd olunur.

Bu istiqamətdə əldə olunan uğur təqdirəlayiqdir və Prezident artıq fəaliyyətin real müstəviyə keçiriləcəyini dedi. Prinsiplər dəyişməzdir: Azərbaycan münaqişənin sülh yolu və diplomatik danışıqlar vasitəsilə həllinə hələ ki tərəfdardır. Lakin uzanan və real nəticələr verməyən bu prosesin hərbi məcraya keçəcəyi də istisna olunmur. Azərbaycanın ərazi bütövlüyünün danışıqlar və müzakirələr predmeti olmayacağını Prezident növbəti dəfə bəyan etdi.

Prezidentin Ali Baş Komandan kimi bəyanatı isə ölkəmizin qeyri-rəsmi, amma aşkar notası idi: "Bu gün güclü Azərbaycan dövləti Ermənistan rəhbərliyinə də ciddi mesaj göndərir: siz öz xalqınızın gələcəyini, Ermənistanın müstəqil ölkə kimi yaşamasını düşünürsünüzsə, düzgün addım atın. Sizə aid olmayan torpaqlardan çıxın və biz ədaləti bərpa etməliyik".

Prezident münaqişənin həlli üçün şərtləri də açıqladı: erməni təcavüzkar qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır; sonrakı mərhələlərdə azərbaycanlılar Dağlıq Qarabağa qayıtmalıdırlar; nəticə isə Şuşada, Xankəndidə Azərbaycan Bayrağının qaldırılmasıdır! Prezident buna nail olunacağına tam əminlik ifadə etdi.

Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı 60 milyonluq xalqın mənəvi rəhbəri olduğunu da unutmadı və itirdiklərimizin yalnız Qarabağ ərazisi ilə məhdudlaşmadığını da mümkün diplomatik dillə anlatdı: strateji hədəf kimi azərbaycanlılar bütün tarixi torpaqlara qayıtmalıdırlar!

Tarixi torpaqlarımızın isə haradan başlayıb harada bitdiyini Prezident dəfələrlə vurğulayıb...E

 

 

 

İqtisadi müstəqillik bütün nailiyyətlərin zəminidir

 

 

Prezident hələ ötən il Azərbaycanın inkişaf etmiş dövlətə çevrilməsini hədəf kimi elan edib. Bu məram 20 il öncə başlanan və son 10 il ərzində yeni mərhələyə qədəm qoyan inkişaf strategiyasının real nəticəsi olmalıdır. Bu gün əldə olunan möhtəşəm iqtisadi nailiyyətlər göz önündədir: iqtisadi sahədə keçid dövrü geridə qalıb; Cənubi Qafqazda iqtisadiyyatın 80 faizi, strateji valyuta ehtiyatlarının isə 91 faizi respublikamızın payına düşür; ölkə iqtisadiyyatı 3,4 dəfə, dövlət büdcəsi 20 dəfə, strateji valyuta ehtiyatları 30 dəfə, maaşlar 6 dəfə, pensiyalar 10 dəfə, müdafiə xərcləri 20 dəfə artıb; 150 milyard dollar investisiya qoyulub; işsizlik 4,8 faizə düşüb, yoxsulluq 10 dəfə azalıb; adambaşına düşən ÜDM-in həcmi 8000 dollara yaxınlaşır...

"Əlbəttə ki, bu faizlər, bu rəqəmlər mütləq hədəf deyildir. Əsas məsələ ondan ibarətdir ki, biz bu hədəflərə çatsaq, Azərbaycan iqtisadiyyatı daha da güclənəcək və dayanıqlığını daha da möhkəmləndirəcək", - deyən Prezident bu uğurların davamlılığı və daha geniş miyqas alması üçün yürüdülən effektiv siyasətin əsas konturlarını da cızdı: qeyri-neft sektorunun 2 dəfə artımına diqqət yönəlməli; aqrar sektorun önəmi yüksəlməli; enerji potensialından səmərəli istifadə edilməli; qarşıdakı 100 il ərzində dünya bazarında ölkəmizin ciddi oyunçu olmasını təmin edəcək qaz potensialı tam öyrənilməli və TANAP, TAP layihələri uğurla yekunlaşmalı; iqtisadiyyatın bütün sahələrinin, o cümlədən özəl sektorun inkişafı ilə bağlı qəbul edilən proqramlar təkmilləşməli və onların tam icrasına nail olunmalı; yeni infrastruktur layihələri bütün Azərbaycanı əhatə etməlidir; əsas ərzaq məhsulları 100 faiz Azərbaycanda istehsal olunmalıdır və s.

Dövlət üçün iqtisadi müstəqillik ən vacib faktorlardandır. Ölkə başçısı hələ 10 il öncə bunun təmini üçün siyasət formalaşdırdığını xatırlatdı: "İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi".

 

 

 

Ermənistan tam təcrid edilməlidir

 

 

İqtisadi inkişafı Prezident sırf müstəqil siyasətin məntiqi nəticəsi kimi dəyərləndirir və bunu siyasi müstəvidə həyata keçirilən işlərə kömək edən vacib amil sayır. Söhbət həm də Ermənistanın tam təcrid edilməsindən gedir.

İşğalçı dövlət son illərdə həqiqətən də dalana dirənib. Bu ölkənin müstəqilliyi kimi büdcəsi də, iqtisadiyyatı da, dövlət əmlakları da deklorativ xarakter daşıyır. On il ərzində Azərbaycanda 1 milyon 100 min insan artımı baş veribsə, Ermənistanda 10 il ərzində 1 milyondan çox əhali xaricə üz tutub. Göründüyü kimi, ölkələrimizin iqtisadiyyatı kimi demoqrafiq durumu da tam tərsmütənasibdir. Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə beş dəfə artıqdır. "Görürük, o ölkələrdə ki  iqtisadi müstəqillik yoxdur, o ölkələr şantaj obyektinə çevrilir, o ölkələrə təzyiqlər göstərilir və o təzyiqlər nəticə verir" - Prezident bu fikrini işğalçı dövlətin düşdüyü çıxılmaz böhran fonunda şərh etdi.

Dövlət başçısının bu sözləri isə qarşıdakı dövrdə Azərbaycanın Ermənistanla bağlı yürütdüyü siyasətin əsas bəndi olacaq: "Ermənistanı bütün regional layihələrdən təcrid etməliyik, etmişik, edəcəyik. Maksimum çalışmalıyıq ki, Ermənistan iqtisadiyyatı bundan da ağır vəziyyətə düşsün, orada depopulyasiya bundan da yüksək templərlə davam etsin".

Prezident bu siyasətin münaqişənin həllinə töhfə verəcəyinə əmindir. Çünki artıq Ermənistan məcbur olub açıq şəkildə etiraf edir ki, təhlükəsizliyini təmin edə bilmir. Əslində, qizlətmir ki, güclü Azərbaycan dövlətindən qorxur, Azərbaycan qarşısında acizdir. Ermənilər tərəfindən son 20 il ərzində yaradılan "erməni ordusu güclü ordudur, erməni iqtisadiyyatı güclü iqtisadiyyatdır" mifi tamamilə dağıdılıb, bu mifdən əsər-əlamət qalmayıb.

 

 

 

Korrupsiya və rüşvətxorluğa qarşı ümumxalq mübarizəsi

 

 

Prezident ümumbəşəri problemdən danışarkən bu məqama xüsusi diqqət ayırdı. Bəli, dövlət başçısı, hüququn mübarizəsi ilə yanaşı, ictimai rəy və nəzarət amilinə də böyük önəm verir: "Dövlət öz siyasətini aparacaqdır, ancaq eyni zamanda, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır, vətəndaşlar biganə qalmamalıdırlar və bütün xoşagəlməz hallar haqqında məlumatlar vaxtında dövlət orqanlarına çatdırılmalıdır".

Korrupsiyaya qarşı mübarizə son illərdə uğurlu nəticələr verib. Bunun əsas səbəbi hakimiyyətin şəxsən Prezidentin bu mübarizədə sərgilədiyi qətiyyət və siyasi iradədir. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistemli, genişmiqyaslı və səmərəli həyata keçirilməsi təmin edilib. Dövlət idarəçiliyində şəffaflığın artırılması, ərizə və şikayətlərə baxılması işinin, həmçinin korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti institutlarının bu sahədə daha fəal olması, bu mübarizə ilə bağlı maarifləndirmə prosesinin geniş miqyas alması hakimiyyətin son illərdə əldə etdiyi real göstəricilərdir. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin  nəticəsidir ki, "Transparency International" təşkilatının "2013-cü il Qlobal Korrupsiya Barometri" adlı hesabatı Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişin olduğunu bir daha təsdiq edib. Sənədə əsasən, ölkəmizdə bütün sahələrdə korrupsiyanın səviyyəsi azalıb, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət təqdirəlayiq hesab edilib, bu sahədə əldə edilmiş nailiyyətlər vurğulanıb, həmçinin korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericiliyin bütün beynəlxalq tələblərə cavab verməsi, bu sahədə təşkilat tərəfindən əvvəl müəyyən edilmiş bütün tövsiyələrin tam icra edildiyi bildirilir.

Lakin bu nailiyyətlər yetərli deyil. Təəssüf ki, dünyanın bu sağalmaz yarasına hələ də ölkəmizdə rast gəlinir. Prezident problemin aradan qaldırılması üçün daha sərt cəza tədbirləri ilə mübarizə aparılmasının zəruriliyini qeyd etdi və "həm inzibati tədbirlər, cəza tədbirləri və sistem xarakterli islahatlar əminəm ki, növbəti 5 il ərzində bu sahədə daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır. Böyük ümidlərim, əlbəttə ki, elektron xidmətlərədir" - söylədi. Şübhəsiz ki, bu sahədə əsas istinad məhz "ASAN xidmət" olacaq. Bu unikal xidmət modeli birbaşa Prezidentin müəllifliyi ilə ərsəyə gəlib və qısa müddət ərzində fəaliyyəti ilə gözləntilərdən də artıq öz bəhrəsini verib. "ASAN xidmət" davamlı olaraq təkmilləşdirilir və bir model olaraq bütün dövlət strukturlarına örnəkdir. Prezidentin sözlərindən də belə aydın olur ki, perspektivdə əsas niyyət bütün rəsmi orqanların məhz "ASAN xidmət" formatında fəaliyyət göstərməsi olacaq.

Dövlət başçısı məmur məsuliyyəti, onun xalq qarşısında daşıdığı öhdəliklər mövzusuna bir daha toxundu: "Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır".

Prezidentin cəmiyyətə, dünyaya mesajları dolğun, hərtərəfli və əsaslandırılmış idi. Prezident heç bir vəd vermədi, görəcəyi işlərin, nəzərdə tutduğu planların qısa icmalını çatdırdı. Bu yazıda toxunmadığımız xeyli məqama da aydınlıq gətirdi. Qarşıdakı beş il ərzində bu missiyanın da uğurla həyata keçəcəyinə şahid olacağıq. Necə ki, ötən 10 il konteksində Prezident İlham Əliyevin sözünə də, əməlinə də, fəaliyyətinə də tam qiymət vermək mümkündür.

Prezident xalqına gələcəyə nikbinliklə baxmağı tövsiyə etdi. Azərbaycanın daha güclü dövlət olacağını bildirdi. Xalqın növbəti etimadının Ona yeni təşəbbüslər irəli sürməyə stimul verdiyini vurğuladı. Və sonda hər bir vətəndaşa qürur gətirən sözlərini söylədi: "Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır".

Bu nailiyyətin yeganə müəllifi məhz Prezident İlham Əliyevdir!

Heç şübhəsiz, öz taleyinin sahibi olan xalq Prezidentin rəhbərliyi altında daha güclü Azərbaycan arzusuna da çatacaq!

 

 

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2013.-  22 oktyabr.- S.3.