Baş verən hadisənin
ssenari olduğuna dair rəylər var
Moskvadakı məlum olayların
qızışdırılmasında erməni barmağı
görünür
Moskva
şəhərinin Qərbi Biryulevo rayonunda Rusiya vətəndaşı
Yeqor Şerbakovun adi məişət zəminində
öldürülməsi və hadisəni törətməkdə
şübhəli bilinən, əməkçi miqrant qismində
çalışan Azərbaycan vətəndaşı Orxan
Zeynalovun həbsi ətrafında baş verən olaylara fərqli
rakurslardan yanaşılır. Məişət
zəminində baş verən ölüm hadisəsinin bu qədər
böyüdülməsi onu deməyə əsas verir ki, Rusiya
və Azərbaycan münasibətlərini pozmaqda maraqlı
olan qüvvələr bundan fürsət kimi yararlanmağa
çalışırlar.
Hər iki dövlətin siyasətçiləri,
politoloqları isə hadisədən sonra Rusiyada baş verən
olayların böyüməməsi və manipuliyasiya edilməməsi
üçün səylər göstərirlər.
Milli Məclisin
İnsan hüquqları komitəsinin sədri Rəbiyyət
Aslanova da mətbuata açıqlamasında bildirib ki, baş
verən hadisənin ssenari və siyasi texnologiya olduğuna dair
rəylər var. Bu səbəbdən də onlara həssas
yanaşmaq lazım gəlir: "Çünki hadisənin
baş verdiyi ölkədə daxili problemlərdən, siyasi
mübarizədən cəmiyyəti yayındırmaq, xalqa
problemlərin səbəbkarı kimi "gəlmələr"i
göstərmək, müxalifətin güclənməsinin
qarşısını almaq və s. məqsədlərlə
adi məişət xarakterli cinayətdən siyasi şou
düzəldilməsi başqa cür izah edilə bilməz".
Komitə sədri vurğulayıb ki, Orxan Zeynalovun qətl
törətməsini hələ məhkəmə sübut etməlidir. Bütün normal ölkələrin
qanunvericiliyində olduğu kimi, Rusiya qanunlarında da, elə
Rusiyanın qoşulduğu beynəlxalq konvensiyalarda da "təqsirsizlik
prezumpsiyası" deyilən bir müddəa var. Həmin
müddəa cinayəti məhkəmə tərəfindən
sübut edilməyən şəxsə "cinayətkar"
demək haqqı vermir. Rusiya mətbuatı və
bu ölkənin bəzi rəsmiləri indiki halda beynəlxalq
hüququn bu mühüm müddəasını ayaqlar
altına atırlar. Rəbiyyət
Aslanovanın sözlərinə görə, Orxan Zeynalovun
şübhəli şəxs kimi həbs olunması qanunidir.
Çünki ortada ölüm faktı, cinayəti
törətməkdə şübhəli bilinən şəxs
var və o, həbs edilib. Normal istintaq aparılmalı,
onun günahı sübut edilərsə, qanuni cəzasını
almalıdır! Bu aksiomdur, tamamilə normaldır! Amma görünən odur ki, bu qətlə milli rəng
vermək, faciədən şou düzəltmək kimlərəsə
lazımdır. Ən dəhşətlisi isə odur ki,
Rusiya KİV-in bu mövzuda ritorikasına Rusiyanın rəsmi
dairələri səxavətlə rəvac verir və bəlkə
də ritorikanı bir az da
alovlandırırlar. Bu ritorika isə Rusiyada
yaşayan azərbaycanlılara, bütövlükdə
qafqazlılara qarşı təhqir və təzyiqlərə
yol açır.
R.Aslanova qeyd edib ki, son dövrdə miqrantlar və cinayətkarlıq
mövzusunda olduqca ziddiyyətli və bir-birini təkzib edən
məlumatlar Rusiya mətbuatında geniş yer almaqdadır. Məsələn, Moskva
prokuroru Sergey Kudeneyev cəmi 2 həftə əvvəl deyir
ki, miqrant cinayətkarlığı 2008-ci ildə 16 min olubsa,
2012-ci ildə 8 minə düşüb, yəni iki dəfə
azalıb. Məlum hadisədən sonra isə
qeyd edir ki, bu şəhərdə hər ikinci cinayət
şəhərin qonaqları tərəfindən törədilir.
Moskvada miqrant cinayətkarlığı
2013-cü ilin birinci yarısında 60 faiz artıb.
Bütün hallarda real rəqəmlər və səmimiyyətin
olmasına şübhələr yaranır: "Azərbaycan
dövləti, siyasi hakimiyyət vətəndaşının,
soydaşına - istər fərəhli, istərsə də
üzücü məqamlarında beynəlxalq hüququn
verdiyi imkanlar çərçivəsində zəruri dəstəyini
və siyasi iradəsini hər dəfə bəyan edib,
mövqeyini ortaya qoyub. Yetər ki, baş verən
bütün məsələlər hüquq və qanun
müstəvisində həll olunsun. Bu
hadisənin gedişində də harada olmasından asılı
olmayaraq Azərbaycan dövlətinin öz vətəndaşına
sahib çıxması təbii və labüd idi. Konkret halda cinayət əməlindən söhbət
gedirsə, sivil dünyanın hüquqi qaydaları,
normaları və prinsipləri mövcuddur. "Təqsirsizlik
prezumpsiyası" deyilən təməl insan hüquqları mövcuddur. Biz orta əsrlər də yaşamırıq
ki".
Qeyd edək ki, Rusiyada baş verən məlum hadisə və
sonrakı proseslər Azərbaycanda ciddi narahatlıq
doğurmaya bilməzdi. Bir neçə gündür ki, Rusiyada
yaşayan azərbaycanlılara müxtəlif vasitələrlə
təzyiqlər göstərilməkdədir. Yeni Azərbaycan Partiyası icra katibinin müavini,
Milli Məclisin deputatı Mübariz Qurbanlı isə Rusiyaya
etiraz məktubu göndərib. Deputat Orxan
Zeynalovun həbsində qanun pozuntularının olması ilə
bağlı yazdığı məktubu Rusiya Daxili İşlər
İdarəsinə, Prokurorluğa ünvanlayıb.
Məktubda bildirib ki, Orxan Zeynalov şübhəli şəxs
qismində saxlanılarkən beynəlxalq konvensiyalar, o
cümlədən Rusiya Konstitusiyası və qanunları kobud
şəkildə pozulub. Bəzi dairələr, xüsusilə də
erməni fitnəsinə gedən Rusiya siyasətçiləri
bu hadisədən antiazərbaycan isterikası kimi istifadə
etməyə çalışırlar.
Orxan Zeynalovun Rusiyada yaşadığını və
oraya qanuni yolla getdiyini deyən Mübariz Qurbanlı bildirib ki,
soydaşımızın orada bu müddət ərzində
yaşaması qeyri-qanuni idisə, bunda günahkar Orxan Zeynalov
yox, Rusiya tərəfidir. Bundan başqa Orxan
Zeynalov istintaq altındadır. Qətlin
kimin törədib-törətmədiyi barədə yekun
sözü məhkəmə deyə bilər. Təqsirsizlik prezumpsiyası var. Bu müddəa
pozulub, onun həbsində də kobud qanun pozuntularına yol
verilib.
Bu məsələyə
münasibət bildirən Milli Məclisin deputatı Ceyhun
Osmanlı isə qeyd edib ki, Rusiyada sabitliyin pozulmasında
maraqlı olan qüvvələr var. Deputatın sözlərinə
görə, Rusiyada hər gün qətllər törədilir
və o qətlləri törədənlər arasında
ruslar, ermənilər, gürcülər və digər millətlərdən
olan var.
Ceyhun
Osmanlı hesab edir ki, bu hadisələrin arxasında
ABŞ-dakı erməni lobbisi ilə bağlantılar axtarmaq
lazımdır: "Xüsusilə Rusiyada erməni jurnalistlərin
fəaliyyət göstərdiyi media qurumlarında təbliğat
daha güclü şəkildə aparılır. Rusiya mediasına sızdırılmış ermənilər
vasitəsilə müxtəlif kampaniyalar həyata
keçirilir. Nəticə etibarilə
çoxmillətli Rusiyada millətçilik zəminində
iğtişaş yaratmağa cəhd göstərilir".
Milli Məclisin
deputatı deyib ki, vaxtı ilə sovet ittifaqını
dağıtmağa cəlb edən qüvvələr indi də
Rusiya mediasına yerləşmiş insanlar vasitəsilə bu
ölkəni çökdürməyi qarşılarına məqsəd
qoyublar: "Bu tipli hadisələrdən Rusiyanı
parçalamaq üçün istifadə edirlər. Dünyada bir çox ölkələrin təcrübəsi
sübut edir ki, belə ani hadisələr sosial medianın
vasitəsilə bütün ölkəyə yayıla bilər.
Cinayətkarın milliyyəti yoxdur. Xüsusən çoxmillətli dövlətlər
üçün milli zəmində olan məsələlərin
qabardılması çox təhlükəlidir. Bu zəncirvari reaksiya ilə yayıla bilər".
Baş
verən hadisələrlə əlaqədar Rusiyanın Azərbaycandakı
səfiri Vladimir Doroxin də danışıb. Səfir
bildirib ki, Rusiya Azərbaycanla münasibətlərinə
xüsusi qiymət verir: "Biz məhkəmənin hansı qərar
verməsindən asılı olmayaraq bu epizodun iki ölkənin
münasibətlərinə, Rusiyada işləyən və
ölkəmiz üçün xeyli vacib işlər görən
azərbaycanlılara olan isti münasibətə təsir etməməsi
üçün lazım olan hər şeyi edəcəyik".
Vladimir
Doroxin əlavə edib ki, Azərbaycan vətəndaşının
bütün hüquqları qanun çərçivəsində
təmin olunur: "Onun vəkili var, tərcüməçi
ilə təmin olunub, məhkəmənin materialları Azərbaycan
dilinə tərcümə olunur. Ancaq baş verən
hadisə ilə bağlı xeyli şərhlər, materiallar
meydana gəlib. Bir daha bəyan edirəm
ki, Rusiyanın bu məsələyə diqqətinə cinayət
törədən şəxsin milliyyəti deyil, onun rezonans
doğurması səbəb olub. Ola bilər
ki, Rusiya mətbuatında hüquqi baxımdan düzgün
olmayan məlumatlar yer alıb, lakin mən sizi əmin etmək
istəyirəm ki, Rusiyada heç bir antiazərbaycan kampaniyasından
söhbət gedə bilməz. Biz
emosiyalardan uzaq olmalıyıq. Azərbaycanda
və Rusiyada millətçilik zəminində tendensiyalara yol
verilməməsi üçün əlimizdən gələni
etməliyik".
Sonda onu da qeyd edək ki, baş verən məlum hadisələrdən
sonra Azərbaycan Orxan Zeynalova konsulluq dəstəyinin göstərilməsi
tələbi ilə Rusiya Xarici İşlər Nazirliyinə
ikinci dəfə nota verib. Notada qeyd olunub ki, səfirlik
əməkdaşları Orxan Zeynalovla görüşə
bilmirlər. Onun şəraiti ilə yaxından tanış olmaq imkanı yaradılmır.
Dünən Azərbaycanın xarici işlər nazirinin
müavini Araz Əzimov da Moskvada baş verən hadisə ilə
bağlı açıqlama verib. Nazir müavini deyib ki, məsələyə
adi cinayət işi kimi baxılarsa, qanun çərçivəsində
istintaq aparılmalıdır: "Bununla əlaqədar beynəlxalq
hüququn və qanunvericiliyin mövcud norma
və prinsiplərinə riayət olunsun. Digər
tərəfdən, mənim müşahidələrimə
görə, bu məsələ Rusiyada əsassız yerə
qızışdırıldı və ictimai qürur məsələsinə
çevrildi. Bunun nəyə gətirib
çıxaracağını və arxasında kimin
durduğunu bilmək istəyirəm".
Araz Əzimovun sözlərinə görə, Rusiya-Azərbaycan
münasibətlərinə mənfi təsir etmək istəyən
adamlar situasiyanı düzgün qiymətləndirməlidirlər
ki, bumeranq effekti ilə qarşılaşmasınlar.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 22 oktyabr.- S.4.