Alma almaya, Quba cənnətə bənzər
Ölkəmizin şimal bölgəsində bayram
bayrama qovuşdu
Payızın qızıl çalarları qonan ağaclar, bayraqlarla bəzədilən yollar, meydanlar, üzlərində fərəh, gözlərində sevinc gəzdirən minlərlə insanın qoşulduğu izdiham Qubada keçirilən Alma bayramının qeyri-adi və əsrarəngiz tədbir olduğunu büruzə verirdi.
Altı hektarlıq böyük sahəni əhatə edən bayram şənliyinin bütün incəliklərini, detallarını görüb qeyd etmək üçün Heydər Əliyev parkında dalğalanan izdihamın başı üstündə qanadlanan ağ göyərçinlərin uça bildiyi hündürlüklərə yüksəlmək lazım idi. Qubada müxtəlif şənliklər demək olar ki, hər il keçirilir, lakin sonuncu bayram həm məzmununa həm də əhəmiyyətinə görə digər tədbirlərin daha kamil və daha mükəmməl variantı idi. Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin və Yay konsert zalının möhtəşəm memarlıq nümunələri kimi sıralandığı bağ nəhəng sərgi zalını xatırladırdı. Alma bayramının sonuncu seçkilərdə qalib gələn Prezident İlham Əliyevin and içmə mərasimi ilə üst-üstə düşməsi qubalıların bayram şənliyində xoş bir ovqat yaratdı, bir gündə qürur gətirən iki bayramı qoşa qeyd etdilər.
Park başdan ayağa bələdiyyələrin, bədii sənət məktəblərinin, xalçaçıların qurduqları saysız-hesabsız kiçik pavilyonlara bölünmüşdü. Quba xanımlarının hazırladığı şirnilər, almadan bişirilən xörəklər, plovdan kababa qədər müxtəlif xörəklər, qədim və müasir sənətkarlığı əks etdirən yüzlərlə eksponatlar tamaşaçıları heyran qoyurdu. Musiqiçilər, kəndirbazlar, milli geyimlərdə gənc qızlar parka düzülən rəngarəng çiçəkləri xatırladırdılar.
Bayram şənliyinə start verildi. Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüldü. Rayon icra hakimiyyətinin başçısı M. Ağayev öncə tədbirə dəvət olunan qonaqları, ictimaiyyət nümayəndələrini salamlayaraq Qubada intensiv bağçılığın əsasının ümummilli lider tərəfindən ötən əsrin 70-ci illərində qoyulduğunu qeyd etdi. 10 min hektar palmet bağları salındı, almanı emal edən zavodlar, sexlər tikildi. Almadan istehsal olunan məhsullar keçmiş ittifaqın bazarlarına çıxarıldı. Minlərlə insanın güzəranı dəyişdi, həyat şəraiti yaxşılaşdı. Hazırda Qubada 20 000 hektar intensiv bağ salınıb ki, onun da 15 min hektarı alma bağlarıdır. Hər il Qubada 100 min ton meyvə istehsal olunub yerli bazarlara və ölkə hüdudlarından kənara çıxarılır. Prezident İlham Əliyev meyvəçiliyə xüsusi qayğı göstərir. Bu sahənin inkişafı, insanların daha da firavan yaşaması üçün zəruri olan bütün tədbirlər müzakirə edilir və dövlət proqramlarında əksini tapır. İcra başçısı Azərbaycan Prezidenti İlham Əliyevin innaqurasiya mərasimi ilə Qubada alma bayramının üst-üstə düşməsini də xoş təsadüf kimi qeyd edərək bir daha qubalıları və bütün Azərbaycan xalqını təbrik etdi, qələbənin qazanılmasında qubalıların da payının olduğunu vurğuladı.
Açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin birinci müavini Aslan Aslanov və Milli Məclisin deputatı Vahid Əhmədov ürək sözlərini dedilər. Bayram şənliyi ləzgilərin, tatların, yəhudilərin və xınalıqlıların keçidi ilə davam etdi. Dünyanın qibtə ilə yanaşdığı, hörmətlə vurğuladığı unikal Azərbaycan tolerantlığını başa düşmək, onun sirrini anlamaq üçün Qubaya qonaq gəlmək yetərlidir. Tədbir təşkilatçılarının həssaslıqla yanaşdığı bu mərasim xüsusi diqqət və incəliklə hazırlanıb, təqdim edilib. Burada əsrlər boyu, azərbaycanlı, tat, ləzgi, yəhudi, xınalıqlı, qırızlı və digər millətlərin, etnik azlıqların təmsilçiləri bir ailədə qardaş kimi yaşayıblar. Dar gündə, çətində hamı bir-birinə dayaq, arxa olub. Quba xalçaları necə ilmə-ilmə bir-birinə sıx toxunaraq bənzərsiz naxışlarla vahid sənət əsərinə çevriliblərsə, eləcə də Qubada xalqlar bir-birinə qırılmaz qohumluq, qardaşlıq telləri ilə bağlanıb, tolerantlığın dünyada heç vaxt heç yerdə rast gəlinməyən unikal naxışlarını milli münasibətlərə qovuşdurublar.
Qonaq qismində Qubaya dəvət edilən Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfili Nikolay Yermolayeviç Patskeviçə "Siz həm səfir, həm də xristian dünyasının təmsilçisi kimi Azərbaycanın şimalında, paytaxtdan xeyli aralıda sosial inkişafın və tolerantlığın müsbət təzahürlərini nədə görürsünüz?" sualı ilə müraciət edirik. O cavab verir:
- 8 ildir ki, Azərbaycanda səfir vəzifəsində çalışıram. Bu müddət ərzində misilsiz inkişafın, çoxlarının qibtə etdiyi tərəqqinin şahidiyəm. Paytaxtla bölgələrin inkişafı eyni bir ritmdə paralel aparılır, bütün ölkədə harmonik quruculuğun, yüksəlişin şahidiyəm. Bu gün Azərbaycan Prezidentinin innaqurasiya mərasimi oldu, bu ciddi və ləyaqətli qələbədir. Belə islahatları həyata keçirən, ölkəni irəli aparan bir liderin siyasi rəqiblərinə qalib gəlməsi labüd idi və mən fürsətdən istifadə edərək Azərbaycan xalqını bu böyük qələbə münasibəti ilə ürəkdən təbrik edirəm. Tolerantlığa gəldikdə isə onu deyə bilərəm ki, işlədiyim illər ərzində bütün insanların gözündə dinindən, millətindən, yaşadığı yerdən asılı olmayaraq bir səmimiyyət, ünsiyyətə açıqlıq, cazibədar bir nur görmüşəm. Bilirsinizmi, Belarus da Azərbaycan kimi tolerant ölkədir, bizdə də pravoslav və katoliklərlə yanaşı başqa dinlərin təmsilçiləri dinc və dostluq şəraitində yaşayırlar. Bizi doğma və oxşar edən amillər çox zəngindir. Hər iki dövlətdə alqışa layiq bu təzahür sevinc doğurur.
Milli Məclisin deputatı Vahid Əhmədov ötən əsrin əvvəlində Azərbaycanın müstəqilliyinin ömrünün cəmi 23 ay çəkdiyini, indi isə uğurlu siyasət nəticəsində müstəqillik tariximizin 23 ilə yaxınlaşdığını bildirdi, bütün bu uğurlarda dövlət başçısının əlahiddə rolunu qeyd etdi.
Alma Qubanın rəmzidir. Bütün bayramlarda da alma üstün tutulur və süfrələrin bəzəyi olur. Buradan həmişə alma maşınları karvanla keçib. Bu gün 20-dən artıq maşından ibarət karvan daha uzun idi. Hər maşına bir alma növü yığılmışdı və Azərbaycan şairi Ramiz Qusarçaylının şeirləri ilə bəzədilmişdi. Onlardan ən gözəli isə misri almasına həsr edilmişdi:
"Sözün dövrü, əsri var,
Səsin də öz qəsri var,
Sazın, sözün başında
Bir ilahi "misri" var".
Biz bayram izdihamına qarışıb qonşu rayonların icra başçıları, xarici səfirliklərin, Quba ziyalılarının və rayon ictimaiyyətinin təmsilçiləri ilə birlikdə gözəl bir bayramın seyrçilərinə çevrilirik. Yaşı 90-nı haqlayan Şıxvəli Qasımovun sözlərini xatırlayırıq: "Qafqaz dağının ətəklərində yetişdirilən almalar Rusiya bazarına Çin, Bolqarıstan, Polşa, Ukrayna və Moldovadan çıxarılan meyvələrdən həm ekoloji saflığına, həm mikroelementlərlə zənginliyinə, həm də müalicəvi xassələrinə görə xeyli üstündür. Alma illər boyu evimizin ruzisi, bərəkəti olub. İllərlə yetişdirmişik, bəhrəsini görmüşük. Mən özüm də o zaman SSRİ-nin 50 illiyi adını daşıyan sovxozda işləmişəm, Hörmət Həsənov kimi məşhur bağbanlarımız var idi. Sovet hakimiyyəti qurulanda Kremlə - Leninə sovqat da göndərmişik, əvəzində o da Qubaya mətbəə hədiyyə etmişdi".
Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İndən də Gündoğandan gələn qonaq kimi bayrama münasibətini öyrənirik.
- Üçüncü dəfədir ki, Qubaya gəlirəm. Buradakı qənirsiz mənzərələr bənzərsiz gözəlliyi ilə insanı valeh edir. Dağlıq ərazilərdə bağçılığı inkişaf etdirmək o qədər də asan deyil, amma əlverişlidir. Qubalılar bu işin öhdəsindən ləyaqətlə gəlir. Quba həm də müasir şəhər kimi sürətlə inkişaf edir, dəyişir. Ötən il bu ərazidə yalnız park var idi, bircə il ərzində burada müasir memarlığın tələbləri ilə uzlaşan yeni binalar ucaldılıb. Yaşıl teatr isə məni gözəlliyi və memarlıq həlli ilə valeh etdi.
6 hektarıq sahəni əhatə edən bayram təntənəsində insan ruhunu riqqətə gətirən, sevinc bəxş edən saysız səhnələr var idi. Gözəlliyi ilə tamaşaçını valeh edən Quba xalçaları, yerli sənətkarların, rəssamların, gənc istedadların yaradıcılıq nümunələri nadir sənət inciləri kimi qonaqları heyran qoymuşdu. Eyni zamanda rayonun keçmişini və bu gününü özündə ehtiva edən kitabların, tarixi tapıntılara söykənən, arxeoloji qazıntılar zamanı əldə edilən nümunələrin, qədim sənət növlərini əks etdirən sərgilərin iştirakçılarda oyatdığı sonsuz marağı da gözdən qaçırmaq mümkün deyildi.
Quba bayram təntənəsini günün axırına kimi yaşadı. Meydanda almadan düzəldilmiş təamlar, Qubanın dadı dillərdə dastan olan şirniyyatları, xörəkləri qonaqlara pulsuz paylandı. Bayram təntənəsinə Yaşıl teatrda respublikanın tanınmış müğənnilərinin konserti ilə yekun vuruldu.
Bahadur İMANQULİYEV,
Akif ƏLİYEV,
Azərbaycan.-2013.- 22 oktyabr.- S.5.