Heydər Əliyev Fondu Azərbaycanı İtaliyanın regionlarında daha

 yaxından tanıtmaq üçün yeni layihənin həyata keçirilməsinə başlamışdır

 

Heydər Əliyev Fondu Azərbaycanı İtaliyanın regionlarında daha yaxından tanıtmaq üçün yeni layihənin həyata keçirilməsinə başlamışdır. Bu layihə çərçivəsində ilk tədbir Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə ölkənin mədəniyyət mərkəzi sayılan Florensiya şəhərində keçirilmişdir.

Leonardo da Vinçi, Mikelancelo, DanteQaliley - dünyanın tanıdığı bu məşhur şəxsiyyətləri birləşdirən cəhət həm də onların florensiyalı olmalarıdır. Florensiyalılar təkcə doğma şəhərlərinin zəngin tarixi keçmişi ilə deyil, bu günü ilə də fəxr edirlər.

Azərbaycanın incəsənət ustaları ölkəmizin zəngin mədəniyyətini italiyalı tamaşaçılara bir daha nümayiş etdirmişlər.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən layihənin açılışını Florensiyanın Bələdiyyə Teatrında Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov etmişdir. Səfir hər iki ölkə rəhbərlərinin ciddi səyləri nəticəsində dinamik inkişaf edən Azərbaycan-İtaliya əlaqələrinin, xüsusilə də mədəniyyət sahəsindəki  münasibətlərimizin daha da genişləndirilməsində bu layihənin müstəsna xidmətlərini vurğulamışdır. Diplomat Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində fondun ölkəmizin dünyada daha da dərindən tanıdılması istiqamətində böyük işlər həyata keçirdiyini diqqətə çatdırmışdır.

Sonra xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin maraqlı konsert proqramı nümayiş etdirilmişdir.

Orkestr Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin və başqalarının ölməz əsərlərini, sözün əsl mənasında, ifa etmişlər. Solistlərimizin də ifaları maraqla qarşılanmışdır.

Tədbirdə Florensiya şəhərinin rəhbərləri, regionun tanınmış simaları ilə yanaşı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov da iştirak etmişdir.

Florensiya Şəhər Şurasının sədri Eugenio Giani tədbirin təşkilatçılarına onlara bəxş etdikləri bu maraqlı konsert üçün minnətdarlığını bildirmişdir. O demişdir ki, gələcəkdə həyata keçiriləcək belə layihələr Azərbaycan-İtaliya, xüsusilə də Azərbaycan-Florensiya əlaqələrini daha da möhkəmləndirmək üçün imkanlar yaradacaqdır.

 

 

AzərTAc

Azərbaycan.-2013.-  22 oktyabr.- S.6.