Azərbaycanda ilk dəfə BMT Təhlükəsizlik

 Şurasının Model Konfransı keçirilir

 

Oktyabrın 21-də  Bakıdakı "Four Sesons" mehmanxanasında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Model Konfransı (Model United Nations Security Council) işinə başlamışdır.

AzərTAc xəbər verir ki,  Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiBMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə ölkəmizdə ilk dəfə reallaşdırılan beynəlxalq konfrans kibertəhlükəsizlik məsələlərinə həsr olunmuşdur. Mövzunun seçilməsində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 16 yanvar tarixli Sərəncamına əsasən  cari ilin ölkəmizdə  "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması nəzərə alınmışdır.

İki gün ərzində  BMT-nin mütəxəssisləri tərəfindən tədbir iştirakçıları üçün xüsusi təlim keçiriləcəkdir. Konfrans çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.

Konfransın açılış mərasimi BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti ilə başlamışdır.

Daha sonra Azərbaycan Respublikasının gənclər və idman naziri vəzifəsini icra edən Azad Rəhimov çıxış edərək BMT Təhlükəsizlik Şurasının Model Konfransının Bakıda keçirilməsinin gənclərimizin həyatında əlamətdar hadisə olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, informasiya-kommunikasiya texnologiyaları gündəlik həyatımızın bir hissəsini təşkil edir. Bu texnologiyalar səhiyyə və təhsil sahələrində inqilabi yeniliklərin həyata keçirilməsinə yardım edir, və həyat tərzimizi dəyişdirir və bizi inkişaf məqsədlərimizə doğru daha da yaxınlaşdırır. Bununla yanaşı,  kiberhücumlar qlobal miqyasda stabilliyi pozmaq iqtidarındadır. Bu səbəbdən konfransın mövzusu çox aktualdır və  kibertəhlükəsizlik problemləri bütün dünyada narahatlıq doğuran məsələyə çevrilməlidir.

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri vəzifəsini icra edən Əli Abbasov da çıxışında kibercinayətlərin təhlükəli tərəflərindən danışmışdır. Bildirmişdir ki, kibercinayətlər nüvə və kimyəvi silahlarla müqayisə oluna bilər. Yalniz beynəlxalq əməkdaşlıq sayəsində dünya ictimaiyyəti bu bəladan xilas ola bilər.

Əli Abbasov kibertəhlükəsizliklə bağlı BMT tərəfindən Beynəlxalq Çərçivə Konvensiyası hazırlanmasının zəruriliyini də diqqətə çatdırmışdır.

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov  da çıxışında kibertəhlükəsizlik məsələlərinə beynəlxalq səviyyədə diqqət ayrılmasını təqdirəlayiq hal hesab etmişdir. Demişdir ki, texnologiyanın inkişafı həm müsbət, həm də mənfi hallara yol açır. Nazir müavini qeyd etmişdir ki, kibertəhlükəsizlik BMT-nin əsas gündəliyinə daxil edilməmişdir. Bu, mütləq şəkildə gündəmdə olan bir məsələdir. Çünki bu gün artıq informasiya-kommunikasiya texnologiyaları  sərhəd tanımır.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev də BMT-nin bu model konfransının kibercinayətlərlə mübarizə üzrə beynəlxalq standartların inkişaf etdirilməsində real tələblər barədə məlumatlılığın artmasına töhfə verəcəyini vurğulamışdır.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek çıxış edərək model konfransın gənclərin malik olduqları xüsusiyyətlərin müsbət istiqamətdə inkişafına təsir edəcəyini bildirmişdir.

BMT baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhandavi çıxışında kibertəhlükəsizlik mövzusu üzrə BMT Təhlükəsizlik Şurası Model Konfransında iştirakından qürur duyduğunu bildirmişdir. Əhməd Əlhandavi demişdir ki, hazırda mövcud olan yüksək onlayn istifadə göstəricisi gələcəkdə daha da artacaqdır. Təəssüf ki, informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanları artdıqca kibercinayətlərdə də artım müşahidə olunur. Odur ki, BMT üzv dövlətlər arasında dialoq və əməkdaşlıq münasibətlərini inkişaf etdirməklə, təhlükəsiz informasiya-kommunikasiya texnologiyaları mühitini təmin etmək niyyətindədir.

BMT rəsmiləri konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmişlər.

BMT Təhlükəsizlik Şurasının Model Konfransı oktyabrın 25-dək davam edəcək.

 

Azərbaycan.-2013.-  22 oktyabr.- S.6.