«YARAT!» Müasir İncəsənət Məkanının «YAY!» Qalereyasında rəssam Əli Həsənovun «Vise-Versa» mövzusunda fərdi sərgisi açılmışdır

 

"YARAT!" Müasir İncəsənət Məkanının "YAY!" Qalereyasında rəssam Əli Həsənovun "Vise-Versa" mövzusunda fərdi sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, sərgi noyabrın 10-dək davam edəcəkdir. "Vise-Versa" (latın dilindən tərcümədə "tərsinə") - kəlləmayallaq çevrilmiş dünyadır...E Bu, çevrilmələr aləmi və idrak oyununun məhsuludur...E Bu, reallığın daha çox məşhur Möcüzələr ölkəsini xatırladan şən və bir qədər divanə olan üzüdür. Çünki bu ölkənin sakinlərini düşüncə və duyğuları adi insan məntiqi ilə ölçülə bilməyən əcaib adamlar təşkil edir.

Bu cür personajlardan biri ötən əsrin 90-cı illərinin ortalarında Əli Həsənovun performansının qəhrəmanı Keelcoushe olmuşdur. Bu personaj qara transformer plaşında gəzən, var gücü ilə onu bürüyən kəndirlərdən azad olmağa çalışan və məğlubedilməz superqəhrəmanlara oxşar xüsusiyyətlərə malikdir. Onun müəllifi Azərbaycanda performans təşəbbüslərinin təməlini qoyanlardan olmuşdur.

 Əli Həsənov bu gün yalnız təcrübəçi-rəssam, Azərbaycan performans sənətinin özülündə dayananlardan biri, "PG large used project" layihəsinin müəllifi və ideya təşəbbüskarı deyil, elə Əli Həsənovun özü kimi qeyri-adi və kompromissiz videoişlər yaradan rejissordur.

Bununla yanaşı, o, artıq 18 ildir ki, Azərbaycan, Rusiya, Gürcüstan, Fransa, Norveç, Yunanıstan, İtaliya və başqa ölkələrdə nümayiş etdirilən qrafika və rəsm əsərləri yaradır. Rəssam 52-ci Venesiya Biennalesində Azərbaycanı təmsil etmişdir. 2013-cü ilin yazında isə onun "Sahiblər" antiqlobalist instalyasiyası artıq "YARAT!" qeyri-kommersiya təşkilatının beynəlxalq "Love Me, Love Me Not" (Sev məni, Sevmə məni) layihəsinin tərkibində 55-ci Venesiya Biennalesində təqdim olunmuşdur.

Bu gün Əli Həsənovun peşəkar fəallığı iki şəhərdə - Moskva və Bakıda cəmləşmişdir. Rəssam kino, musiqi dili ilə onun üçün əhəmiyyətli olan mövzulardan söhbət açır və yaxud mürəkkəb və bəzən, hətta, təhlükəli performanslar zamanı öz bədənini incəsənət obyektinə çevirir. Ötkəm, nəfis-təhrikedici, hətta təcrübəli seyrçini belə anında əhatəsinə almağı bacaran üslubu onun daimi zirvəsi olaraq qalır.

"Vise-Versa" sərgisi bizi rəssamın yaradıcılığının yalnız bir hissəsi ilə tanış edir.

Ağ-qara qammada ifadə edilmiş 10 qrafika işini, eyni zamanda, həm dəzgah qrafikası, həm də konseptual rəssamlığa aid etmək olar. Bu rəsmlərdəki süjet sadəliyi, mövzunun ifadə mürəkkəbliyi və ən xırda detalların belə tam təfərrüatlarının əlavə edilməsi ilə təzad təşkil edir. Müəllifin özü bildirir ki, onun üçün yaradıcılıq prosesi meditasiyaya oxşardır.

Rəssam bilərəkdən öz rəsmlərinin personajları ətrafında böyük həcmdə boş məkan (boş sahə) yaradır və bəzən kompozisiyanın ənənəvi qaydalarını pozaraq sanki çoxlu sayda tərkib hissələrinə səpələnən rəsm süjetinə baş vurmaq istəyini yaradan qeyri-standart tərtibata üz tutur. Maraqlıdır ki, bu cür yanaşma yalnız indiki seriya üçün xarakterik olub, onu əvvəlki qrafika işlərindən kəskin şəkildə fərqləndirir. Misal olaraq, "Valentia" seriyasında rəsm, sanki ona ayrılmış çərçivələrdən "sıxışdırılıb çıxarılır" kimi təəssürat bağışlayır.

Rəssam tərəfindən yaradılan bütün personajlar özünəməxsus xarakter və xüsusi poetik ruha malikdir. Komikslərin əllə çəkilmiş qəhrəmanlarını xatırladan bu personajlar çoxsifətli, sarkastik, sadəlövh və eyni zamanda, istehzalıdırlar. Onlar öz şüurlarında əməlli-başlı qarışıqlıq yarada bilərlər. Onlardan hər biri özü ilə seyrçinin nəzərini və fantaziyasını alıb apararaq açıla bilən, sonra isə dolaşaraq bizim təxəyyülümüzü yenidən azdıran nazik bir sapa bənzəyir. Bu aldadıcı, sadəlövh personajlar, məzəli yarıuşaq - yarıheyvanlar və başqa planetlərdən gələn həşəratlar bizi - rəssamın bizimözü ilə bacarıqla apardığı intellektual oyunun bir hissəsi olan sirlərini "oxumağa", açmağa dəvət edən gözəl çevrilmələr olaraq qalır.

 

Azərbaycan.-2013.-  22 oktyabr.- S.7.