Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye
Nazirliyinin yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu sərəncamın 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Əsasnaməsinin layihəsini, strukturu və işçilərin say tərkibi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 23 oktyabr.- S.2.