«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»
Qapalı Səhmdar
Cəmiyyətinin
yaradılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, iqtisadiyyatda institusional islahatların davam
etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və
beynəlxalq daşımaların səmərəliliyinin
artırılması, ölkənin rəqabət qabiliyyətinin
və tranzit potensialının gücləndirilməsi məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ləğv edilsin və onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradılsın.
2. Bu sərəncamın 1-ci hissəsi ilə ləğv edilmiş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının əmlakı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə verilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu sərəncamın 1-ci hissəsi ilə yaradılmış "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini və strukturu barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 oktyabr 2013-cü il
Azərbaycan.-2013.- 23 oktyabr.- S.2.