«Azərbaycan Respublikası Mülki
Aviasiyasının 75 illiyi (1938-2013)»
Azərbaycan
Respublikasının yubiley medalının təsviri
Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli
721-IVQD
nömrəli qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Medalın ümumi təsviri
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) naxışvurma üsulu ilə mis-sink xəlitəsindən tökülmüş, diametri 40 mm olan dairəvi lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində burulmuş qaytan formasında dekorativ elementlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində səkkizguşəli ulduzun daxilində "75" rəqəmləri həkk edilir.
2.2. Dekorativ cilalama və səkkizguşəli ulduz qızıl suyuna, dairə və "75" rəqəmləri isə gümüş suyuna çəkilir. Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfində burulmuş qaytan formasında dekorativ elementlə əhatələnmiş dairə əks olunur. Dairənin mərkəzi hissəsində təyyarə təsviri, onun ətrafında yuxarı qövs boyunca "Mülki aviasiyanın inkişafına verdiyi töhfəyə görə" sözləri həkk edilir. Dairənin aşağı hissəsində səkkizguşəli ulduz təsvir olunur.
3.2. Dekorativ cilalama, təyyarə və səkkizguşəli ulduz qızıl suyuna, dairə və dairədə olan sözlər isə gümüş suyuna çəkilir. Dekorativ cilalama, dairədə olan yazılar və təsvirlər qabarıqdır.
Maddə 4. Medalın elementləri
4.1. Medal 30 mm x 47 mm ölçülü düzbucaqlı metal lövhənin aşağı hissəsinə bərkidilmiş 32 mm x 2 mm ölçülü təbəqəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhəyə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli üfüqi zolaqlara bölünmüş dairəvi xara lentdən üz çəkilir. Lövhənin ön tərəfindəki qırmızı zolağın ortasında ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir edilir.
4.2. Lövhənin ön tərəfində mavi rəngli zolağın yuxarı hissəsinə eni 2 mm olan təbəqə bərkidilir. Lövhənin arxa tərəfində mavi rəngli zolağın yuxarı hissəsinə paltarın yaxasına taxılmaq üçün element bərkidilir. Lövhənin yuxarı və aşağı hissələrindəki təbəqələrin arasında məsafə 45 mm-dir.
"Azərbaycan Respublikası
Mülki Aviasiyasının
75 illiyi
(1938-2013)"
YUBİLEY MEDALI
Azərbaycan.-2013.- 23 oktyabr.- S. 2.