Amerikadan olan müşahidəçilər qrupu Azərbaycanda prezident

 seçkilərinin monitorinqinin nəticələri barədə hesabatı

«The Huffington Post» qəzetinə təqdim etmişdir

 

Amerikada çıxan populyar "The Huffington Post" qəzetinin ispandilli versiyasında ABŞ-ın sabiq konqresmeni Solomon Ortisin "Azərbaycanda prezident seçkilərində müşahidəçilər missiyasının hesabatı" adlı məqaləsi dərc edilmişdir.

S.Ortis bu məqalədə Azərbaycanda prezident seçkilərində müşahidəçi qismində iştirak etmiş amerikalı müşahidəçilər qrupunun işi barədə söhbət açır. 48 nəfərdən ibarət müşahidəçilər qrupuna ABŞ Konqresinin keçmiş üzvləri, jurnalistlər, biznesmenlər, siyasi məsləhətçilər və digər görkəmli xadimlər daxil idi.

Amerikalı müşahidəçilər qrupu 2013-cü ildə Azərbaycanda prezident seçkilərini müşahidə etmək üçün Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu adlanan qeyri-hökumət təşkilatı tərəfindən dəvət olunmuşdu. Hesabatın müəllifi yazır ki, Azərbaycanın hakimiyyət orqanları müşahidəçilər qrupunun işinə, seçki məntəqələrinin seçimidaxil olmaqla tam sərbəstlik vermişdir. Amerikalı müşahidəçilər qrupunun üzvləri Bakı şəhərində və Azərbaycanın rayonlarında 200-dən çox seçki məntəqəsində olmuş, seçki prosesini müşahidə və təhlil etmişlər.

S.Ortis vurğulayır ki, müşahidəçilər seçicilərin yüksək fəallıq nümayiş etdirməsini, şəxsiyyət vəsiqələrindən lazımi qaydada istifadə olunmasını qeyd etmişlər. Bu, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsini təsdiq edir. Xəstə və fiziki vəziyyətinə görə seçki məntəqələrinə gedə bilməyən seçicilərə öz evlərində müşahidəçilərin nəzarəti altında səs verməsinə imkan yaradılmışdır.

Müəllif yazır: "Bizim qrupdakı jurnalistlərin seçkiləri sərbəst müşahidə etmək və hesabat hazırlamaq imkanı olmuşdur. 1000-dən çox seçki məntəqəsində internet şəbəkəsinə qoşulmuş veb-kameralar olması bu seçkilərin gedişini dünyanın istənilən yerindən müşahidə etməyə imkan verirdi".

Məqalə müəllifi qeyd edir ki, Azərbaycanda bundan əvvəlki prezident seçkilərindən keçən 5 il ərzində seçki prosesi vətəndaş cəmiyyəti təşkilatlarının təkliflərinə uyğun olaraq təkmilləşdirilmiş, Azərbaycan beynəlxalq standartlara uyğun, ədalətli və şəffaf seçkilər keçirilməsi üçün böyük səy göstərmişdir. Azərbaycan 5 il bundan əvvəl də Avropa Şurasının Venesiya Komitəsinin tövsiyələrini nəzərə almış, sonradan Azərbaycan Parlamenti respublikanın Seçki Məcəlləsinə müvafiq dəyişikliklər etmişdir. Qərb ölkələrində müasir praktikaya uyğun olaraq yığıncaqlar azadlığı haqqında qanunlar qəbul edilmişdir.

S.Ortis yazır ki, oktyabrın 9-da müşahidə missiyasının gedişində müşahidəçilər qrupu seçki prosedurunun qanuna uyğun olmasını, müxtəlif siyasi partiyalardanbütün şəhərlərdə fəaliyyət göstərən müşahidə missiyalarının iştirakını, habelə exit-poll keçirilməsini qeydə almışdır. Amerikalı müşahidəçilər qrupu seçki məntəqələrində hər hansı ciddi pozuntu qeydə almamışdır. Qrup seçki prosesinin şəffaflığını və qərəzsizliyin ümidverici səviyyədə olmasını yəqin etmişdir.

Konqresmen Solomon Ortis 20 ilə yaxındır ki, konqresdə Texas ştatının 27-ci seçki dairəsini təmsil etmişdir. O, ABŞ Silahlı Qüvvələri Komitəsinin Dəniz və Ekspedisiya Qoşunları üzrə Yardımçı Komitəsinin üzvü, ABŞ Konqresinin nəqliyyat və infrastruktur üzrə komitəsinin üzvü olmuşdur. Bir neçə il bundan əvvəl S.Ortis ABŞ Konqresinin Silahlı Qüvvələr Komitəsinin hazırlıq məsələləri üzrə yardımçı komitəsinin sədri olmuşdur.

Xatırladaq ki, gündəlik "The Huffington Post" qəzetinin oxucularının sayı 2,3 milyon nəfərə yaxındır. Hazırda ölkə əhalisinin 17 faizini təşkil edən ispandilli əhalisinin sayının get-gedə artması ilə əlaqədar bu qəzet ispan dilində çıxır.

 

 

Yusif BABANLI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

Azərbaycan.-2013.- 23 oktyabr.- S.4.