İlham Əliyevin qələbəsi
Azərbaycan gəncliyinin qələbəsidir
Oktyabr ayının 19-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 9 oktyabr prezident seçkisinin nəticələrini rəsmən təsdiqlədikdən sonra Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin andiçmə mərasimi keçirildi. Təvazökarlığı, xalqa bağlılığı, qətiyyətliliyi ilə Azərbaycan xalqının könlünə yol tapan, onun alternativsiz liderinə çevrilən İlham Əliyev andiçmə mərasimini də təmtəraqlı şəkildə qeyd etmədi.
Prezident seçkilərində aktiv iştirak edərək Azərbaycanın uğurlu gələcəyinə səs verən ölkə gəncləri dövlət başçısının inauqurasiya mərasiminin Milli Məclisdə təşkil olunmasını müsbət qiymətləndirir, bu addımı təvazökarlıq nümunəsi kimi dəyərləndirirlər.
Prezident İlham Əliyevin mesajları güclü və qüdrətli Azərbaycanın formalaşması üçün mühüm əhəmiyyət daşıyacaq
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) sədri, siyasi elmlər namizədi Anar Tahirov qeyd edib ki, hələ seçkilərdən 5 ay öncə, may ayının 19-20-də Odessa şəhərində Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin 3-cü forumunda qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul edilmişdi. Ukraynanın 21 vilayət və şəhərindən, Azərbaycan və Avropanın 15 ölkəsindən 400 nəfər gəncin iştirak etdiyi forumda Prezident İlham Əliyevin vətənimiz naminə yürütdüyü məqsədyönlü siyasət alqışlanaraq bu siyasətin davam etdirilməsi üçün Azərbaycan gəncliyinin qarşısında duran vəzifələr müəyyənləşdirilmişdir: "Qədirbilən xalqımız da prezident seçkilərində yekdil olaraq dahi Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə yenidən səs verməklə müstəqil Azərbaycanın gələcək inkişafına etimad göstərdi".
Anar Tahirov vurğulayıb ki, bu gün ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev fəaliyyəti və verdiyi vədləri əməli işi ilə doğrultmaqla ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı olduğunu sübuta yetirmiş, milli ideyalara sadiqliyin mükəmməl nümunəsini yaratmışdır: "Bu gün böyük fəxrlə deyə bilirik ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət gənclər siyasəti Prezident İlham Əliyevin dövlət idarəçilik strategiyasının əsas prinsiplərindən birinə çevrilib. Cənab Prezident ölkəmizdə böyük intellektə malik olan gənclər ordusunun yaradılması prinsipini dövlət quruculuğu strategiyasının əsas prioritetlərindən biri hesab edir, müstəqil Azərbaycanın inkişaf etdirilməsində bu amilə daha böyük diqqət ayırır".
UAGB sədrinin sözlərinə görə, oktyabr ayının 19-da Milli Məclisdə keçirilən inauqurasiya mərasimində dövlət başçısı çox dəyərli mesajlar verdi. Prezident İlham Əliyevin mesajları millətimizin sabahı, güclü və qüdrətli Azərbaycanın formalaşması üçün mühüm əhəmiyyət daşıyacaq. İnauqurasiya mərasiminin Milli Məclisdə təşkil olunmasına gəlincə isə, Anar Tahirov qeyd edib ki, dövlət başçısı bu addımı ilə bir daha sadəliyə üstünlük verdiyini, dəbdəbəli məclislərin keçirilməsinin tərəfdarı olmadığını göstərib. Digər tərəfdən, heç bir ölkədə andiçmə mərasimi üçün xarici qonaqlarla bağlı tələb yoxdur. Mərasim seçkilərdə qalib gəlmiş şəxsin öz şəxsi istəyi ilə istənilən formatda keçirilə bilər: "Bütün dünyanın gözü qarşısında çox sadə bir şəkildə andiçmə mərasimi keçirildi və dövlət başçısı həmin gün iş başında oldu. Amma hər gün, hər həftə beynəlxalq forumlara, konfranslara ev sahibliyi edən Azərbaycanın digər böyük dövlətlərdə təşkil olunan təmtəraqlı inauqurasiya mərasimləritək tədbir keçirməyə hərtərəfli imkanları var idi. İstənilən qədər qonağı qəbul edə biləcək Bakı şəhərində möhtəşəm andiçmə mərasimi təşkil oluna bilərdi. Ancaq Prezident İlham Əliyev hər zaman olduğu kimi, dəbdəbəli, təmtəraqlı məclisdən vaz keçdi. Elə dünya azərbaycanlılarının dəyişməz seçimi olan Prezident İlham Əliyevi xalqa sevdirən də onun bu kimi xüsusiyyətləri, qətiyyətliliyi və uzaqgörənliyidir".
Ölkəni gələcəyə məhz Prezident İlham Əliyev apara biləcək
Gələcək və İnkişaf Gənclər İctimai Birliyinin sədri Amil Cavadov isə qeyd edib ki, 9 oktyabr seçkiləri bütövlükdə Azərbaycan xalqının, o cümlədən ölkə gəncliyinin qələbəsi oldu. Daim dövlət və dövlətçiliyə sadiq olan Azərbaycan gəncliyinin mütləq əksəriyyəti bir nəfər kimi haqq-ədalətə səs verib: "Seçki prosesi və təbliğat-təşviqat kampaniyası zamanı Azərbaycan seçiciləri həqiqətin kimin yanında olduğunu, ölkəni gələcəyə məhz Prezident İlham Əliyevin apara biləcəyini aydın gördü. Xalqın dəyişməz seçimi olan cənab İlham Əliyev böyük üstünlüklə seçkilərdə qalib gəldi". Amil Cavadovun sözlərinə görə, Prezident İlham Əliyevin seçkilərdə qalib elan edilməsindən sonra bəzi qüvvələr demokratik, ədalətli və tam şəffaf şəraitdə keçirilən seçkilərə qara yaxmaq üçün sifarişli bəyanatlar veriblər. Lakin verdikləri bəyanatları sonradan üzvü olduqları təşkilatların rəhbərləri təkzib edərək Azərbaycandakı seçkilərin tam qanunauyğun şəraitdə keçirildiyini deyirlər".
İctimai birliyin sədri aqressiv müxalifətin Prezidentin andiçmə mərasimi ətrafında şayiələr yaymasına da münasibət bildirib. Onun sözlərinə görə, dağıdıcı müxalifət siyasətin məğzini bilmədiyi kimi, dövlətin idarəolunma prinsiplərini də anlamır. Destruktiv müxalifətin inauqurasiya məsələlərinə münasibət bildirməsi onların dövlətçilik təfəkkürünün zəif olması ilə bağlıdır. Ən azı ona görə ki, inauqurasiya mərasimlərinin keçirilməsinin dəqiq, sistemləşdirilmiş protokolu yoxdur. Hər bir ölkə bunu özünəməxsus qaydada keçirir və yaxud bir sıra hallarda dövlət rəhbərlərinin seçimi ilə müəyyənləşir. Dövlət başçısını xarakterizə edən ən mühüm keyfiyyətlər onun təvazökarlığı, sadəliyi və mehribanlığıdir ki, bu da oktyabrın 19-da Milli Məclisdə keçirilən mərasimdə özünü qabarıq şəkildə nümayiş etdirdi.
Amil Cavadov hesab edir ki, buna görə də Prezident İlham Əliyev çox açıq şəkildə dövlət, hökumət orqanları və bütün vəzifə tutanlar, eləcə də parlament hakimiyyətində təmsil olunanlar üçün yaxşı nümunədir. Eyni zamanda, parlament mühüm hakimiyyət qoludur. Dövlət başçısının prezidentlə qanunverici orqan arasında yaxşı bir əməkdaşlıq göstərməsi çox təqdirəlayiq hadisədir. 30-dan artıq ölkədə prezidentlər məhz parlamentdə and içir. Bu prosesi belə sadələşdirməklə ölkə rəhbəri gələcək dönəmdə siyasətində hər zaman dəyişiklikləri və yenilikləri həyata keçirəcəyini göstərmiş oldu.
Azərbaycan gənclərinin mütləq əksəriyyətinin seçimi cənab İlham Əliyev idi
Gənc
fəal Hacıbəy Heydərli isə bildirib ki, Prezident
İlham Əliyevin qələbəsi sosial sifariş idi və
Azərbaycan xalqı seçki məntəqələrinə
gedərək öz siyasi iradəsini ortaya qoymuş oldu:
"Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət,
insanların sosial rifahının
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən islahatlar və yeni açılan minlərlə
iş yerinin, gənclərə göstərilən dövlət
qayğısının nəticələrinə əsaslanaraq
seçkilərdə kimin qalib gələcəyi əvvəlcədən
də bəlli idi. Azərbaycan gənclərinin mütləq
əksəriyyətinin seçimi məhz
cənab İlham Əliyev idi".
Onun sözlərinə görə, bütün bunlar təsadüfi deyildi və Prezident İlham Əliyevin ölkənin inkişafı istiqamətində həyata keçirdiyi islahatlara xalqın dəstəyinin təzahürü idi: "Seçki kampaniyasının gedişində erməni lobbisinə bağlı müxtəlif beynəlxalq dairələrin sifarişini icra edən "milli vətənpərvər"lərimiz hər vəchlə bu uğura kölgə salmağa çalışsalar da, buna nail ola bilmədilər. Onların məqsədi həm seçkilərin nəticələrini, həm də seçkilərin timsalında daxili sabitliyi pozmaq idi. Ancaq xalqın etimadını itirmiş aqressiv qüvvələr seçkidən sonra faktiki olaraq siyasi gündəmdən çıxdılar. Bu, reallıq idi. Xalqın maraqlarını arxa plana keçirən, ictimai rəylə hesablaşmayan qüvvələrin sonu elə belə də olmalı idi".
Qarşıdakı illərdə Azərbaycan xalqının daha ciddi nailiyyətlər əldə edəcəyini deyən H.Heydərli əmindir ki, bundan sonra da heç bir qüvvə ölkədə həyata keçirilən islahatlara kölgə sala bilməyəcək: "Bu gün Azərbaycanın rolu və iştirakı olmadan regionda hər hansı layihənin uğur qazanması mümkün deyil. Ölkəmiz nəinki regionun lider dövlətinə çevrilib, hətta dünya səviyyəsində önəmli ölkə statusunu qazanıb. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticəsidir. Dövlət başçısına inanan hər kəs yaxşı bilir ki, bu siyasi kurs ölkəyə daha ciddi nailiyyətlər qazandıracaq və hər bir Azərbaycan vətəndaşı bu uğurların şahidinə və iştirakçısına çevriləcək".
Prezident İlham Əliyevin andiçmə mərasiminin Milli Məclisdə təşkil olunmasına gəlincə isə, Hacıbəy Heydərli qeyd edib ki, seçkilərdə məğlub olan aqressiv müxalifət və onların havadarlarının demokratik seçkilərin nəticələrinə kölgə salmaq niyyəti puç olduğu üçün inauqurasiya mərasiminin təşkili ilə bağlı uydurmalar səsləndirməyə başlayıblar: "Antiazərbaycançı şəbəkə hər zaman ölkəmizin əleyhinə hansısa vasitələrdən istifadə etməyə can atıb. Ancaq hər dəfə istəkləri, arzuları gerçəkləşməyib. İndi də Prezidentin andiçmə mərasimi ilə bağlı sərsəm açıqlamalar verirlər. Ancaq bu insanlar anlamırlar ki, inauqurasiya mərasimi prezident seçilən şəxsin istəyi ilə istənilən formada gerçəkləşir. Bu əlamətdar hadisəni bahalı salonlarda təmtəraqla qeyd etmək, xarici dövlətlərin nümayəndələrini dəvət etmək əsas şərt deyil. Əsas şərt odur ki, daim xalqın istəklərini, gözləntilərini mərhələ ilə gerçəkləşdirib onun etimadını qazanasan. Məhz bu prinsiplə öz siyasətini davam etdirən və xalqına arxalanan Prezident İlham Əliyev bir daha təvazökarlıq nümunəsi göstərdi".
Prezident İlham Əliyev missiyasını uğurla yerinə yetirir
"Azərbaycanda olduqca şəffaf və demokratik, beynəlxalq qanunvericiliyin tələblərinə uyğun seçkilər keçirildi. Xalq böyük həvəslə seçki məntəqələrinə gedərək öz namizədinə olan yüksək dəstəyini ifadə etdi. Ölkəmizdə keçirilən prezident seçkiləri birmənalı şəkildə Azərbaycan xalqının siyasi iradəsini ortaya qoydu". Bu sözləri isə "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı söyləyib. Onun sözlərinə görə, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Prezident İlham Əliyevin qazandığı böyük qələbə gözlənilən idi və öncədən keçirilən bütün yerli və beynəlxalq sorğular bunu anons edirdi: "Cənab Prezidentin qələbəsi onun hakimiyyətdə olduğu son on ildə formalaşan strateji əsaslara - məqsədyönlü daxili və xarici siyasətə, xalqa yönəlik çoxsaylı proqramlara, nəhəng beynəlxalq layihələrə söykənir. Cənab İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan iqtisadiyyatı üç dəfə artaraq keçid dövrünü başa vurdu, dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil oldu. Neft strategiyası uğurla davam etdi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol aldı. Prezidentin məqsədyönlü xarici siyasəti nəticəsində ölkəmiz 155 dövlətin dəstəyilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi və dünya siyasətinin fəal iştirakçısına çevrildi. Ölkəmizdə 1,2 milyon yeni iş yeri açıldı. Yoxsulluğun və işsizliyin səviyyəsi dəfələrlə endirildi, çadır şəhərcikləri ləğv olundu. Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə edərək, ilk süni peykini fəzaya çıxarmaqla kosmosu fəth etmiş dövlətlər sırasına daxil oldu. Bakı şəhəri qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu, mühüm beynəlxalq tədbirlərin keçirildiyi, siyasi, iqtisadi, mədəni və idman mərkəzi statusunu qazandı". Onun fikrincə, ölkəmiz 10 il ərzində regionun lider, dünyanın isə önəmli ölkələrindən birinə çevrildi. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyev öz missiyasını uğurla yerinə yetirir. Bu mənada, heç şübhəsiz ki, ölkəsinin tərəqqisini, özünün inkişafını və rifahını arzulayan hər bir vətəndaş bu prosesin davamlı olması üçün səsini cənab İlham Əliyevə verdi: "Cənab Prezidentin bütün digər rəqiblərini böyük fərqlə üstələməsi onun Azərbaycanda reallaşdırdığı siyasətin xalq tərəfindən dəstəkləndiyinin məntiqi yekunudur".
F.Şahbazlı qeyd edib ki, Azərbaycanda istənilən formada,
təmtəraqlı
şəkildə
andiçmə mərasiminin təşkil olunması mümkün olduğu halda Prezident İlham
Əliyev bir daha çoxlarına nümunə
göstərdi.
Daha çox sadəliyə
diqqət yetirildi və əlavə xərclərə
yol verilmədən təşkil olunan andiçmə mərasimində dövlət
başçısının çıxışı həm
də ölkəmizin gələcək strateji
hədəflərinin anonsu idi: "Prezident
çıxışında Azərbaycanın
qarşısında duran əsas hədəflər
olaraq ərazi bütövlüyümüzün
bərpası, ölkəmizin bölgədə və dünyada mövqelərinin daha
da gücləndirilməsi, iqtisadi müstəqilliyimizin daha
da möhkəmləndirilməsi, sosial proqramların davam
etdirilməsi, regionların inkişafı, dövlətlərarası
münasibətlərdə dost ölkələrin
sayının daha da
artırılması kimi məsələlərə
toxundu. Hesab edirəm ki, Prezidentin
çıxışında əksini tapan
məqamların sürətlə icra
olunması Azərbaycanın daha da güclü və nüfuzlu bir ölkə
olmasını qaçılmaz edəcək".
Fərid Şahbazlının sözlərinə görə, Azərbaycan xalqının siyasi iradəsinə əsaslanan seçkilərdə Prezident İlham Əliyevin qazandığı uğur xalqın, o cümlədən ölkə gəncliyinin qələbəsidir: "Ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də Azərbaycan gəncliyinin namizədi İlham Əliyev idi. Onun qazandığı bu möhtəşəm uğur ölkə gəncliyi tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb. Hesab edirəm ki, bütün yerli və beynəlxalq dairələr Azərbaycan seçicisinin seçiminə, mövqeyinə hörmət etməli və ölkəmizdə qarşıdurma yaratmaq cəhdlərindən əl çəkməlidirlər. Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələr Azərbaycan gəncliyini önlərində görəcəklər".
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2013.- 23 oktyabr.- S.6.