Biz Azərbaycanda həmişə diqqət və qayğı görmüşük

 

Cəlilabad rayonunun rus icmasının sədri Lyubov Danilova: "Biz burada 200 ildən artıqdır ki, heç bir maneə ilə üzləşmədən yaşayırıq"

 

 

Azərbaycan ona pənah gətirən müxtəlif millətlərin nümayəndələrinə həmişə öz isti qoynunda yer vermişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Rusiyadan köçürülənlər tərəfindən Azərbaycanda onlarla yaşayış məskəni, o cümlədən Cəlilabad (Astraxanovka, sonradan Astraxanbazar olub) rayonu ərazisində Andreyevka, Prişib, Nikolayevka, Mixaylovka, Novoqolovka, Privolnoye, Pakrovka, Petrovka kimi qəsəbə və kəndləri salınıb. Yerli əhali onlara həmişə isti münasibət göstərmiş, xeyir-şərlərinə yaramışdır. Bu yaxınlıq zaman keçdikcə daha da möhkəmlənmiş, qohumluq müstəvisinə keçmişdir. Ruslar özlərinin milli, mənəvi, dini dəyərlərini qorumaq, davam etdirmək baxımından ötən 200 ildən çox vaxt ərzində heç bir maneə ilə üzləşməmişlər. Əksinə, istər dövlət, istərsə də yerli əhali tərəfindən onlara yaxından kömək göstərilmiş, dəstək verilmişdir.

Cəlilabad rayonunda rus icmasının sədri Lyubov İvanovna Danilova Privolnoye kəndində yaşayır. Zəhmətsevərliyi, sadəliyi, kəndin, eləcə də rayonun ictimai işlərində həmişə fəal iştirakı ilə seçilir. Elə buna görə də rayon əhalisi arasında böyük hörmətə malikdir.

Ali təhsilli müəllim olan L.Danilovanın baba və nənəsi, valideynləri, o cümlədən özüPrivolnoye kəndində doğulublar. 1980-ci ildən kənddəki "Günəş" uşaq bağçasının müdiridir. O, həmçinin kənddə yaradılmış "Rusevek" rus folklor ansamblının rəhbəridir. Kollektiv sovetlər birliyi zamanında ümumittifaq yaradıcılıq festivallarında, sonralar isə konsert, habelə baxış-müsabiqələrdə uğurlu çıxışlarına görə mükafatlara layiq görülüb. Bu sahədəki xidmətləri L.Danilovaya Azərbaycanın əməkdar mədəniyyət işçisi adını qazandırıb.

L.Danilova milli adət-ənənələrinin qorunub saxlanması üçün Cəlilabadda hər cür şəraitin olduğunu söylədi:  "Pasxa və digər bayramları hər il yüksək səviyyədə qeyd edir, yağlı kökə, blin bişirir, bir yerə toplaşıb nəğmə oxuyuruq. Bu təntənəli günləri Novruz bayramı kimi azərbaycanlılarla birlikdə keçirir, sevincimizi bölüşürük".

O, ulu öndər Heydər Əliyevi xüsusilə çox istədiyini bildirərək onu öz mənəvi atası kimi daim xatırladığını qeyd etdi: "Mən hələ uşaqlıqdan bu böyük insana rəğbət bəsləmişəm. O, hər dəfə Cəlilabada gələndə  özü bizimlə görüşə şərait yaradırdı. Mən Heydər Əliyevə böyük hörmət bəsləyirdim, ömrümün axırına qədər də onu unutmayacağam. Həmişə deyirdim, Heydər Əliyev, mənim atam yoxdur. Siz mənə ata əvəzi olmusunuz. Heydər Əliyevin andiçmə mərasimi münasibətilə qoşduğumuz çastuşka bütün dünyaya yayılmışdı, çünki bir çox ölkələrin telekanalları bunu lentə köçürmüşdü. Əvəzsiz rəhbər bizim hamımız üçün yeni yol açdı. Respublikamız onun  siyasətnin uğurlu davamı  sayəsində dünya arenasına çıxıb, nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvü olub".

L.Danilova Cəlilabadın inkişafına hələ Sovetlər birliyi zamanından, sonra da müstəqillik dövründə ümummilli liderin, indi isə onun işini uğurla davam etdirən cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğını xüsusi qeyd etdi:

- Elə buna görə də cəlilabadlılar, habelə onların ayrılmaz hissəsi olan rus icmasının üzvləri oktyabr ayının 9-da keçirilən prezident seçkilərində yenidən İlham Heydər oğlu Əliyevə səs verdilər. Mən bunları deyərkən Mehriban xanım Əliyevanın xidmətlərini də vurğulamağı özümə borc bilirəm. O, xalqın mədəniyyəti, sağlamlığı yolunda yorulmaq bilmədən çalışır, yeni metodlar arayıb-axtarır.

200 ildən artıq bu bərəkətli diyarda yaşadıqlarını söyləyən icma sədri heç vaxt din, dil, təhsil, mədəniyyət və digər məsələlərlə bağlı problemlərlə üzləşmədiklərini bildirdi.

Privolnoyenin bir çox ailələri kimi, Danilovların da övladları hazırda Rusiyada yaşayır. Oleq mühəndis, Olqa müəllim, Natalya isə texnoloqdur. Vaxtaşırı doğma Azərbaycana gəlir, valideynlərinə baş çəkirlər. Lyubov İvanovnanın dediyinə görə, vaxtilə köçüb getmiş bir çox həmkəndliləri də tez-tez doğma Privolnoyeyə gəlirlər. Onlar doğulub boya-başa çatdıqları kəndi gəzib-dolaşır, qohumların, dost-tanışların evində qonaq olur, istirahət edirlər.

Övladlarım bura gələndə Cəlilabadı tanıya bilmədilər. Onlar deyirlər ki, indi Cəlilabad Avropa kimi bir yerdir. Həddən artıq abadlaşıb, gözəl bir məkana çevrilib. Bu gün ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda yaşayan rus icmasının bütün üzvləri hərtərəfli qayğı ilə əhatə olunublar. L.Danilova rayon icra hakimiyyəti tərəfindən onlara həmişə diqqət yetirildiyini dedi. Məlum oldu ki, Privolnoye kəndinə gələn su xətti təzələnib, nasoslar dəyişdirilib, 1 saylı məktəbin dam örtüyü yenisi ilə əvəzlənib, 2 saylı məktəb təmir edilib. Kəndə fasiləsiz olaraq elektrik enerjisi verilir. Burada işsiz adam tapmaq çətindir. Əmək qabiliyyətli sakinlərin hamısı qüvvə bacarığına uyğun işlə təmin edilib.

L.Danilova onu da vurğuladı ki, bizim ata-babalarımız burada dəfn olunublar. Nənəm vəfat edəndə rayon rəhbərliyi bir yana, hətta Prezident səviyyəsində bizə diqqət göstərildi. Yerli əhali bir nəfər kimi yas mərasimində iştirak etdi, dərdimizə şərik oldu. Siz deyin, bütün bunları unutmaq olarmı?

Ermənilərin Qarabağla bağlı törətdikləri müharibə Cəlilabadda yaşayan ruslar tərəfindən nifrətlə qarşılanıb. Bu müharibə onlar üçün itkisiz ötüşməyib. L.Danilova 20 il bundan əvvəl icmanın sədri kimi nümayəndə heyətinin tərkibində Moskvada keçirilən Rusiya deputatlarının 1-ci qurultayında iştirak etmiş orada Dağlıq Qarabağ hadisələri haqqında əsl həqiqətləri qurultay iştirakçılarının diqqətinə çatdırmışdır.

Bütün bunlar ondan irəli gəlir ki, burada yaşayan ruslar özlərini azərbaycanlılardan ayrı təsəvvür etmirlər. Dediyimiz kimi, onlar vahid ailə kimi bir yerdə yaşayır, xeyir şərlərini birlikdə keçirirlər. Bunlar isə Lyubov İvanovnanın dilindən düşmür. Hər kəlməbaşı Azərbaycanda doğulub boya-başa çatdığından burada yaşadığından məmnun olduğunu təkrar-təkrar deməyi sanki özünün mənəvi borcu hesab edir:

- Mən pioner dəstə rəhbərliyindən müəllimliyə qədər yol keçmişəm. Dərs dediyim uşaqlarla fəxr edirəm. Mən xalqıma minnətdaram. "Xalqım" deyəndə Azərbaycan xalqını nəzərdə tuturam. Lakin bəzi qüvvələr, qruplaşmalar var ki, Azərbaycan və rus xalqları arasında bu dostluğu, birliyi sarsıtmağa, zəiflətməyə çalışırlar, bunun üçün dəridən-qabıqdan çıxırlar, hər cür çirkin əməllərə əl atırlar. Bu yaxınlarda Moskvada baş verən hadisəni misal göstərmək istəyirəm. Bir azərbaycanlı oğlanın timsalında böyük qalmaqal, ajiotaj yaradılıb. Cinayət sübuta yetirilməmiş, məhkəmənin qərarı olmamış belə səs-küy kimə lazımdır? Bununla, görəsən, kimin dəyirmanına su tökülür? Tutaq ki, fərd olaraq Orxan Zeynalov bir nəfər rus vətəndaşını öldürüb. Bunu Moskvada yaşayan digər azərbaycanlıların ayağına yazmaq düzdürmü? Axı hər kəs özünə, öz əməlinə cavabdehdir. Məncə, bunlar dərindən araşdırılmalı, daşın haradan atıldığı doğru-dürüst müəyyən edilməlidir. Moskvada və Rusiyanın digər şəhərlərində, vilayətlərində yaşayan, işləyən azərbaycanlılara qarşı hər cür xoşagəlməz hallar tezliklə aradan qaldırılmalıdır.

L.Danilova bu sözləri ürəyinin diktəsi ilə dedi. Baş verənlərin müvəqqəti hal olduğunu, Rusiya - Azərbaycan dostluğunun həmişə olacağına inandığını söylədi.

 

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2013.- 23 oktyabr.- S.7.