Azərbaycan Prezidentinin əfv sərəncamı azadlığa buraxılan xarici

 ölkə vətəndaşlarının ailələrində də rəğbətlə qarşılanmışdır

 

Daim humanizm prinsiplərinə sadiq qalan, ölkədə təkmil demokratik institutların yaradılmasını təmin edən, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində önəmli addımlar atan Prezident İlham Əliyevin müsəlman dünyasında ən müqəddəs gün hesab edilən Qurban bayramı ərəfəsində "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" imzaladığı 14 oktyabr 2013-cü il tarixli sərəncamı minlərlə ailəyə sevinc, xoş ovqat bəxş etmişdir.

Qurban bayramı günü yüksək təşkilatçılıqla icra olunan bu humanist sərəncam bir daha göstərdi ki, ölkəmizdə insan amilinə diqqət dövlət siyasətinin əsas parametrlərindəndir. Əfv olunanlar arasında xarici ölkə vətəndaşları da var. Ölkə başçısının Azərbaycanın cəzaçəkmə müəssisələrində məhbus həyatı yaşayan xarici ölkə vətəndaşlarına bu humanist addımının təşəkkür dolu sorağı bu gün Afrikadan, Vyetnamdan, Hindistandan, Əfqanıstandan və digər xarici ölkələrdən gəlir.

Müqəddəs Qurban bayramı günü Azərbaycanı dolaşan bu əfv xəbərinin sevincini nəinki bizim ölkənin vətəndaşlarının, eləcə də vaxtından əvvəl azadlığa buraxılan xarici ölkə vətəndaşlarının - 1982-ci ildə anadan olmuş, Nigeriya Federativ Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2008-ci il 22 fevral tarixli hökmü ilə məhkum edilmiş İqboqadi Feleks Ovo, 1979-cu ildə anadan olmuş, Banqladeş Xalq Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 29 aprel tarixli hökmü ilə məhkum edilmiş MD.Jueeal Bhuyan Abdur Rzak, 1982-ci ildə anadan olmuş, Özbəkistan Respublikasının vətəndaşı, Quba Rayon Məhkəməsinin 2012-ci il 17 may tarixli hökmü ilə məhkum edilmiş Turğunov Saidjon Şokirjanoviç, 1976-cı ildə anadan olmuş, İran Respublikasının vətəndaşı, Beyləqan Rayon Məhkəməsinin 2012-ci il 24 iyun tarixli hökmü ilə məhkum edilmiş Rəis Giqlu Əli Əhməd oğlu, 1975-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Sabunçu Rayon Məhkəməsinin 2009-cu il 14 aprel tarixli hökmü ilə məhkum edilmiş Ramazanov Vüqar Ziyəddin oğlu və digərlərinin də ailələrinin, qohumlarının, dost-tanışlarının sevincinə səbəb olmuşdur.

Azadlığa buraxılan xarici ölkə vətəndaşları ilə söhbətlərimizdə məlum oldu ki, onlar etdikləri səhvin layiqli cəzasını alıblar. Məhkumluq müddətində onlar heç bir ayrı-seçkiliklə, narahat hallarla üzləşməyiblər. Əksinə, uzaq ölkədən yanlarına gələn olmasa da, onlara göstərilən sosialtibbi xidmətdən yüksək səviyyədə yararlanıblar. Olduqları cəzaçəkmə müəssisəsinin zabit heyətindən və məhbus yoldaşlarından qanun çərçivəsində isti münasibət və qayğı görüblər.

Söhbət zamanı hamının diqqətini çəkən, Azərbaycan dilində o qədər də yaxşı danışa bilməyən, amma fikirlərini çox təmkinlə ifadə edən qaradərili gənc - Nigeriya Federativ Respublikasının vətəndaşı İqboqadi Feleks Ovo dedi:

- Mən Azərbaycana gələndə gənc idim. İdman sahəsində öz uğurlarımı və karyeramı genişləndirmək üçün Bakıda yaxşı şəraitdə çalışırdım. Banqladeşə gedib-gələndə yaxın bildiyim dostlarımın təsiri altına düşdüm. Özüm də bilmədən saxta dollar əməliyyatının iştirakçısına çevrildim. Sadəlövhlüyüm və səhvim ucbatından 5 il 6 aydır ki, məhbusluq həyatı yaşayırdım. Bu müddətdə Nigeriyadan mənim yanıma gələn olmayıb. Amma burada Azərbaycan xalqının necə xeyirxah və ədalətli olduğunun min dəfələrlə şahidiyəm. Məhbus yoldaşlarımın yaxşılıqları hesabına heç vaxt korluq çəkmədim.

O insanlara ömrü boyu minnətdar olacağam. Gecə yarısı televiziyadan eşidəndə ki Azərbaycan Prezidenti əfv sərəncamı imzalayıb, sabah xeyli məhbus azadlığa buraxılacaq və onların sırasında mən də varam, sevincimdən gecəni yata bilmədim. İndiinana bilmirəm ki, mən azadlıqdayam. Buna görə ilk növbədə o sərəncamı imzalayan Prezidentə minnətdaram. Mən inanıram ki, haqqın-ədalətin və beynəlxalq qanunların tərəfində olan Azərbaycan xalqının Qarabağ problemihaqq yolu ilə həll olunacaqdır. Mən dustaqlıqda olanda hər gün dua edirdimbundan sonra da edəcəyəm ki, qoy o torpaqlar erməni işğalından azad olunsun.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən istər yerli vətəndaş olsun, istər xarici, insan hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayıb. Bu sahədə islahatların uğurla davam etdirilməsi məqsədilə Prezident İlham Əliyev 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nı təsdiq etmişdir. Sənəddə qeyd edildiyi kimi, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğuinsan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycanda demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində səmərəli müdafiə mexanizmləri formalaşdırılmışdır. Azərbaycanda ildə bir neçə dəfə ölkə başçısının sərəncamı ilə həyata keçirilən əfv insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirən əsas amillərdəndir.

Orta Asiyadan, Öbəkistan Respublikasından Şokirjan Turğunov redaksiyamıza ünvanladığı müraciətində bildirir: "Müsəlman dünyasının ən əziz bayramı olan Qurban bayramı günü Bakıdan xoş xəbər aldım. Azərbaycanda, Quba Rayon Məhkəməsinin 2012-ci il 16 mart tarixli hökmü ilə məhkum edilmiş oğlum Saidjon Turğunov ölkə Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə cəzasının qalan çəkilməmiş hissəsindən azad edilib. Bayram günü ailəmiz, qohumlarımız, qapı-qonşularımız, oğlumun yaşıdları ikiqat bayram sevinci yaşadılar. Bizlərə bu sevinci bəxş edən Azərbaycan Prezidentinə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm".

Prezident İlham Əliyevin istər Azərbaycan vətəndaşlarının, istərsə də bu ölkədə yaşayan, təhsil alan, işləyən və ya hər hansı səhvi ucbatından məhkum olunan insanların hüquq və azadlıqlarının təminatçısı olması, uğurlu humanizm siyasəti bu günlər yaxın və uzaq xarici ölkələri də dolaşmaqdadır. Bu xoş xəbəri dünyanın insan hüquqları ilə bağlı nüfuzlu beynəlxalq təşkilatlarının rəsmi sənədlərindən və xarıci olkələrdən redaksiyamıza daxil olan müraciət və teleqramlardan da aydın görmək olar.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2013.- 23 oktyabr.- S.7.