Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Xanlıqlar

 kəndində kompleks quruculuq işləri aparılmışdır

 

Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirilməsi nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, quruculuq işləri geniş vüsət almışdır. Bu baxımdan muxtar respublikanın Şərur rayonunun kəndlərində də kompleks quruculuq işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, oktyabrın 21-də Şərur rayonunun Xanlıqlar kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

 

 

Şərur rayonunda daha bir yol-nəqliyyat infrastruktur layihəsi uğurla başa çatdırıldı

 

 

Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Müasirrahat yol sürətli sosial-iqtisadi inkişafın başlıca şərtidir. Muxtar respublikada da yol infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, kəndlərdə yeni avtomobil yolları çəkilir. Bu tədbirlərin davamı kimi oktyabrın 21-də Xanlıqlar kənd avtomobil yolu əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Kənd sakini İsmayıl Səfərov demişdir ki, Xanlıqlar kəndində aparılan quruculuq işləri yaşayış məntəqəsinin tarixinə əlamətdar hadisə kimi yazılmışdır. Kənd yolunun yenidən qurulması isə hər bir sakin tərəfindən sevinclə qarşılanıb. Çünki yol abadlıqdır, rahatlıqdır, təmizlikdir. İsmayıl Səfərov yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Ali Məclisin Sədri muxtar respublikanın kəndlərində kompleks quruculuq işləri aparılarkən yolların da yenidən qurulmasına xüsusi diqqət göstərildiyini bildirmiş, Xanlıqlar kənd avtomobil yolunun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, rəmzi açılışı bildirən lenti kəsmişdir.

Yolun texniki göstəriciləri barədə Ali Məclisin Sədrinə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, ümumi uzunluğu 4 kilometrə yaxın olan yola asfalt örtük döşənmiş, 1 körpü tikilmiş, 20 su keçidi salınmış və 600 metr uzunluğunda beton kanal çəkilmişdir. İkizolaqlı yolun hərəkət hissəsinin eni 9 metrdir. Yol hərəkət qaydalarına uyğun olaraq xətlənmiş, kəndin daxilində piyada səkiləri salınmışdır.

 

 

Kənd tam orta məktəbi yeni binada fəaliyyət göstərəcək

 

 

Oktyabrın 21-də Xanlıqlar kənd tam orta məktəbin yeni binası istifadəyə verilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Xanlıqlar kənd tam orta məktəbin direktoru Nürəddin Niftəliyev demişdir ki, muxtar respublikada aparılan tikinti-quruculuq işləri çərçivəsində məktəb binalarının inşası mühüm yer tutur. Xanlıqlar kənd tam orta məktəbi üçün müasir binanın tikilməsi də bu sahəyə göstərilən qayğının daha bir nümunəsidir. Əsaslı şəkildə yenidən qurulan məktəb müasir avadanlıqlarla təchiz olunmuşdur. Bu da kollektiv qarşısında mühüm vəzifələr qoyur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xanlıqlar kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Ümummilli lider Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində əsası qoyulan təhsil strategiyası bu gün ölkəmizdə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilin inkişafına xüsusi diqqət yetirir, ölkəmizdə yeni məktəb binaları tikilir, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilir. Həyata keçirilən tədbirlər təhsilin keyfiyyətinin yüksəlməsinə, hər il ali məktəblərə qəbul olunan məzunların sayının artmasına səbəb olmuşdur".

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinin uğurlu olduğunu bildirərək demişdir ki, ötən tədris ilində məktəbin 4 məzunu ali məktəblərə, 2-si orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Ali Məktəbə qəbul olan məzunlardan biri yüksək bal toplamışdır. Bütün bunlar isə şagird-müəllim münasibətlərinin düzgün qurulmasının, tələbkarlığın olmasının nəticəsidir. Məktəbin pedaqoji kollektivi bundan sonra da təhsil uğurlarının daha da artırılması istiqamətində səylə çalışmalıdırlar.

Ali Məclisin Sədri demişdir: "Bu gün istifadəyə verilən yeni məktəb binası Xanlıqlar kəndində uşaqların yaxşı təhsil almasına, kənddə təhsilin səviyyəsinin yüksəldilməsinə hesablanmışdırsa, gələcəkdə buranı bitirən məzunlar ölkəmizin inkişafında yaxından iştirak edərək dövlətçiliyimizin və müstəqilliyimizin qorunmasına xidmət edəcəklər. Ona görə də məktəbə ölkənin gələcəyinə xidmət edən bir sahə kimi baxılmalı, məktəb işinə, təhsilin səviyyəsinin yüksəldilməsinə daim diqqət yetirilməlidir".

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında məktəbin kollektivinə uğurlar arzulamış, rəmzi açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 396 şagird yerlikdir. Təhsil ocağında 22 sinif otağı, kimya, biologiyafizika laboratoriyaları, hərbi kabinet, 2 kompyuter otağı, 2 müəllimlər otağı, kitabxana, bufetidman zalı vardır.

Məktəb kitabxanasına yeni ədəbiyyatlar və dərsliklər verilmiş, kitab fondu zənginləşdirilmiş, kimya, biologiyafizika fənlərinin normal tədrisi üçün ayrıca laboratoriyalar yaradılmışdır.

Kompyuter otaqlarında 38 kompyuter quraşdırılmış və internetə qoşulmuşdur. Məktəbdə hər 6 şagirdə bir kompyuter düşür. Sinif otaqlarında quraşdırılan 4 elektron lövhə isə interaktiv tədrisin daha səmərəli aparılmasına şərait yaradacaqdır. Hərbi kabinetdə və idman zalında yaradılan şərait isə ilkin hərbi hazırlıq, eləcə də bədən tərbiyəsi və idman dərslərinin yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir.

Məktəbin həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

 

 

Kənd mərkəzi idarəetməni xeyli yaxşılaşdıracaq

 

 

Oktyabrın 21-də Xanlıqlarda yeni kənd mərkəzinin də açılışı olmuşdur.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İlham Mustafayev çıxış edərək demişdir ki, aparılan abadlıq-quruculuq işləri nəticəsində Xanlıqlar kəndi müasir görkəm almışdır. Kənddə mənzillərin davamlı elektrik enerjisi, təbii qazla təmin olunması insanların rahatlığına xidmət edir. Sakinlər əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurlar. Bu il kəndin torpaq mülkiyyətçilərinə 45 min manat kredit verilmişdir. Son illər aparılan meliorativ tədbirlər, yeni artezian quyularının istifadəyə verilməsi kəndin suvarma və içməli su problemini həll etmiş, torpaq sahələrinin əkilməsinə, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına səbəb olmuşdur.

Ali Məclisin Sədri çıxış edərək demişdir: "Bu gün Xanlıqlar kəndi muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına qoşulur. Kənddə müasir avtomobil yolu, məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Burada fəaliyyət göstərən təşkilatların işinin günün tələbləri səviyyəsində qurulması, kənddə elektrik, qaz və rabitə xətlərinin yenilənməsi göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Eyni zamanda görülən işlər insanların rahatlığı istiqamətində həyata keçirilən tədbirlərin davamıdır".

Ali Məclisin Sədri idarəetmə strukturları ilə bərabər, kənd sakinlərinin də tikilənləri, qurulanları lazımi səviyyədə qoruyacaqlarına, kənddə həyata keçiriləcək tədbirlərdə fəal iştirak edəcəklərinə əminliyini bildirmiş, rəmzi açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, kənd mərkəzində rabitə evi, polis sahə məntəqəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq məntəqəsi, mədəniyyət evi və 65 yerlik zal yerləşir.

Kənd kitabxanasında 8865 kitab vardır. Kitabxanaya baxış zamanı yaradılan şəraitin müqabilində səmərəli fəaliyyət göstərməyin vacibliyi qeyd olunmuş, oxucu-kitabxana əlaqələrinin yüksək səviyyədə qurulmasının əhəmiyyəti vurğulanmışdır.

Rabitə evində 256 nömrəlik yeni nəsil ATS quraşdırılmışdır. ATS Xanlıqlar və Stansiya Daşarx kəndlərində 140 abonentə xidmət göstərir.

Kənd Mərkəzində Xanlıqlar və Stansiya Daşarx kəndlərini əhatə edən polis sahə məntəqəsi üçün də lazımi şərait yaradılmış, baytarlıq məntəqəsinə soyuducu və dərman preparatları qoyulmuşdur.

Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün otağı ayrılmışdır. Ərazi ilk təşkilatının 181 üzvü vardır. Onlardan 35-i gənclər, 13-ü isə qadınlardır.

Binada fərdi qazanxana quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.

 

 

Tibbi xidmətin səviyyəsi yüksəldilmişdir

 

 

Həmin gün Xanlıqlar kənd həkim ambulatoriyasının da açılışı olmuşdur.

 

Tibb bacısı Tərifə Məmmədova həkim ambulatoriyasında yaradılan yüksək şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov həkim ambulatoriyasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə səhiyyə sahəsində mühüm tədbirlər həyata keçirilir, müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilərək istifadəyə verilir. Muxtar respublikada insanların sağlamlığının qorunması həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Bu gün muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri tikilərək istifadəyə verilir, sakinlər lazımi tibbi xidmətlə təmin olunurlar.

Ali Məclisin Sədri ambulatoriyanın kollektivinə bu vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamış, rəmzi açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 2 mərtəbəli, 12 otaqlı ambulatoriya binasında stomatoloji kabinet, palata, doğuş, peyvənd, aptek, mamamanipulyasiya otaqları vardır. Ambulatoriyaya lazımi tibbi avadanlığın qurulması kənd əhalisinə göstərilən səhiyyə xidmətinin keyfiyyətini xeyli yüksəldəcəkdir. Hazırda səhiyyə ocağında 11 tibb işçisi çalışır.

 

 

 

Yeni xidmət mərkəzi tikilmişdir

 

 

Srağagün Xanlıqlar kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəmzi açılışı bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, xidmət mərkəzi cari ildə kənddə aparılan quruculuq işləri çərçivəsində inşa edilmişdir. İki mərtəbədən ibarət olan binada ərzaq, sənaye və təsərrüfat malları mağazaları, qadın gözəllik salonu, 2 bərbərxana, dərzi və ayaqqabı təmiri emalatxanaları, ət satışı yeri vardır. Mərkəzdə 9 nəfər işlə təmin olunmuşdur.

Binada fərdi qızdırıcı quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır. Xidmət mərkəzinə baxışdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür.

Sakinlər Xanlıqlar kəndinin başdan-başa yeniləşdiyini, müasirləşdiyini bildirərək demişlər ki, bu qayğı kənd əhalisi tərəfindən böyük sevinc hissi ilə qarşılanır, onların qurub yaratmaq əzmini daha da artırır. Yaradılan şəraiti insan amilinə verilən qiymətin daha bir ifadəsi kimi dəyərləndirən sakinlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Ali Məclisin Sədri tikilənlərin və qurulanların insanların rahatlığının təmin olunmasına xidmət etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikanın kəndlərinin kompleks abadlaşması, yeni sosial obyektlərin istifadəyə verilməsi ümummilli liderin siyasi xəttinin təntənəsidir. Bu siyasi xəttin bəhrələri hər bir Azərbaycan vətəndaşının həyatında hiss olunur. Xanlıqlar kəndinə də bu qayğıdan pay düşmüş, sakinlərin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

 

*   *   *

 

Bu il Xanlıqlar kəndində digər abadlıq işləri də aparılmışdır. 1000 metr fiberoptik kabel və 6500 metr elektrik xətti çəkilmiş, 250 kilovoltamper gücündə yeni transformator quraşdırılmış, 1200 metr uzunluğunda müxtəlif diametrli qaz xətlərinin yeri dəyişdirilmişdir. Kəndin içməli və suvarma su təminatı da diqqət mərkəzində saxlanılmış, 500 metr uzunluğunda içməli su xətti təmir olunmuş, 1941-1945-ci illər müharibəsi və Azərbaycan Vətən Müharibəsi şəhidlərinin xatirəsinə abidə də ucaldılmışdır.

 

Azərbaycan.-2013.- 23 oktyabr.- S.8.