Ölkənin ərzaq təhlükəsizliyinin təminatı dövlətin iqtisadi siyasətinin əsasıdır

 

Hər bir Azərbaycan vətəndaşının yüksək keyfiyyətli ərzaq məhsulları ilə etibarlı təminatı, bu sahədə makroiqtisadi sabitliyə əsaslanan daha yüksək və davamlı inkişafın əldə olunması, ölkə üçün zəruri həcmdə ərzaq ehtiyatının yaradılması və onun müasir tələblər səviyyəsində idarə edilməsi dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir.

Hələ 2001-ci ildə ulu öndərin sərəncamı ilə təsdiq edilən "Azərbaycanda Ərzaq Təhlükəsizliyi Proqramı" və həmin Proqram çərçivəsində həyata keçirilən geniş tədbirlər kompleksi əhalinin gündəlik tələbatının özəyi olan kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının əhəmiyyətli dərəcədə artmasına güclü təkan verdi. "Azərbaycan Respublikasında kiçikorta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı"(2002-2005-ci illər üçün), "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişafı  üzrə Dövlət Proqramı" (2003-2005-ci illər üçün), "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008-ci illər üçün) və digər tarixi sənədlərdə qarşıya qoyulmuş təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi sahəsində atılan uğurlu addımlar da əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasına yardımçı oldu. Lakin hadisələrin gedişi göstərdi ki, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatını yalnız yerli istehsal hesabına ödəmək o qədər də asan məsələ deyil.  Çünki vaxtilə öz bərəkətli torpaqlarının bol məhsulu ilə respublikamızın iqtisadi potensialının artmasında mühüm rol oynayan 7 rayonumuz və bütünlükdə Dağlıq Qarabağ uzun illərdir ki, düşmən tapdağındadır. Bu hesabla əkinə yararlı torpaqlarımız  azalıb, əhali Ermənistandan və işğal olunmuş digər ərazilərimizdən didərgin salınmış soydaşlarımız hesabına artıb. Həmçinin onları yerləşdirmək ücün on min hektarlarla əkinə yararlı sahələrdə qaçqın şəhərcikləri salınıb, fərdi evlər tikilib, qeyri kənd-təsərrüfatı obyektləri inşa edilib, min hektarlarla sahə uzun illər nəzarətsiz qaldığından erroziyaya uğrayıb.

Ölkə rəhbərinin 2008-cil il mayın 1-i tarixli sərəncamına  uyğun olaraq təsdiqlənmiş "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Proqramı" çox mühüm bir məsələyə-2008-2015-ci illər ərzində daxili ərzaq bazarının idxaldan asılılığının maksimum dərəcədə azaldılmasına, ölkədə güclü ərzaq ehtiyatının yaradılmasına  xidmət edir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən inamlauğurla həyata keçirilməsi nəticəsində ölkəmiz həyatın bütün sahələrində böyük nailiyyətlər qazanmış, iqtisadiyyatın neft sektoru ilə birlikdə, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunmuşdur. Prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin təminatına yönəlmiş məqsədyönlü siyasəti sayəsində hazırda ölkəmiz bir çox sahələrdə daxili tələbatın təmin edilməsi istiqamətində böyük uğurlara imza atmışdır. Bu gün ət, süd məhsulları, bitki yağları, şəkər və digər ərzaq məhsullarına olan tələbatın 95 faizini Azərbaycan özü ödəyir. Respublika Prezidenti İlham Əliyev ölkənin taxıla olan tələbatını da tam yerli istehsal hesabına ödəməyi təxirəsalınmaz vəzifə kimi qarşıya qoymuşdur. Hazırda taxılçılığın inkişaf etdirilməsi üçün böyük fermer təsərrüfatlarının yaradılması istiqamətində mühüm işlər görülməkdədir. Beynəlxalq mütəxəssislərin fikrincə, Azərbaycanda ərzaq təhlükəsizliyi göstəriciləri ötən 10 il ərzində xeyli yaxşılaşmışdır. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf  Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur. Dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri kimi məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun meydanının daha da genişləndirilməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi əsas götürülür. Dövlət tərəfindən ayrılan kreditlər və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də özəl sektorun inkişafına çox böyük dəstəkdir.      

Son illərdə dünyanın bir çox ölkələri iqtisadi böhran bataqlığında çırpındığı halda, Azərbaycan nəinki makroiqtisadi sabitliyi qoruyub saxlayıb, həm də iqtisadi artıma görə dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Təkcə bir faktı qeyd edək ki, Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrə düzgün əməl edilməsi nəticəsində bu il sahələrdən 2 milyon 900 min tona yaxın, yəni 2012-ci ildəkindən 100 min ton çox dənli və dənli-paxlalı məhsul əldə olunub ki, bunun da 65 faizdən çoxunu, yəni 1 milyon 880 min tonunu buğda təşkil edir. Belə ki, əgər 2003-cü ildə adambaşına düşən taxılın həcmi 246 kiloqram idisə, artıq bu rəqəm 292 kiloqrama qalxıb. Adambaşına kartof, bostan-tərəvəz bitkiləri, şəkər çuğunduru və heyvandarlıq məhsulları sahəsində də böyük uğurlara imza atılıb. Əhalinin ərzaq məhsulları ilə təminatına dair dövlət proqramının icrasının uğurla davam etdirilməsi sayəsində kənd təsərrüfatı sahəsində 5,8 faiz artıma nail olunub.    

Hazırda Azərbaycanın 8641,5 min hektar ümumi torpaq fondu var ki, onun da yalnız 55 faizi kənd təsərrüfatına yararlıdır. Həmin sahələrin də cəmi 16,6 faizi suvarılan torpaqlardır. Ölkənin su ehtiyatı məhduddur. Cünki yüz min hektarlarla əkinə yararlı torpaqlarımız kimi, coşğun dağ çaylarımızın, büllur şəlalələrimizin, bulaqlarımızın döyük bir hissəsi hələ də işğal zonasındadır. Yerüstü su ehtiyatlarımızın yalnız 10 milyard kubmetri, yəni, cəmi 30 faizi ölkəmizin ərazisində, qalan 70 faizi isə qonşu ölkələrin ərazisindədir. Yeraltı su ehtıyatlarına gəldikdə isə onların yalnız üçdə birindən istifadə olunur. Halbuki su ilə torpağın ünsiyyətindən yaranır məhsuldarlıq, bolluq, firavanlıq. Son illərdə Azərbaycanda torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinə yararlı torpaqların genişləndirilməsi məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində xeyli məqsədyönlü tədbirlər həyata keçirilib. Təkcə 2005-2012-ci illərdə respublikamızın 34 şəhər və rayonunun 407 yaşayış məntəqəsində 721 subartezian quyusu qazılıb. Öz qoynunda 400 min nəfərdən artıq əhalini birləşdirən 221 kənddə sakinləri ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə modul tipli su təmizləyici qurğular quraşdırılıb. 609 min hektarda kompleks meliorasiya işləri aparılıb. 727 min hektar sahə açıq, örtülüşaquli drenaj şəbəkələri ilə təmin edilib. Suvarılan sahələrdə 52,6 min kilometr uzunluğunda suvarma kanalları inşa edilib. 31,9 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri çəkilib və onların üzərində 125 min hidrotexniki qurğu və 1046 nasos stansiyası tikilib. Əkin sahələrini və yaşayış məntəqələrini çay daşqınlarından və sel sularından qorumaq üçün 206 kilometr uzunluğunda daş-beton, 1676 kilometr uzunluğunda torpaq bəndlər yaradılıb. Bu sahədə görülən bütün işlər proqram əsasında həyata keçirilir, problemlər vaxtaşırı araşdırılıb təhlil edilir, həlli yolları müəyyənləşdirilir, maliyyə resursları, texniki imkanları nəzərdən keçirilir, işə peşəkar kadrların cəlb olunması sahəsində əməli işlər görülür.

 Bu il sentyabrın 28-də Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü Su Anbarı, 25 meqovatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan Su Kanalının açılış mərasimi oldu. Həmin layihə çərçivəsində Azərbaycan-Rusiya sərhədində yerləşən, Samur çayı üzərindəki Baş HidroqovşaqSamur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi əsaslı təmir edilib. Həmçinin ən müasir standartlara cavab verən Xanarx kanalı, Baş Sudurulducu Qurğu və 188 kilometr uzunluğunda təsərrüfatlararası beton kanallar inşa olunub. Vəlvələçay-Taxtakörpü Su Anbarının üzərində quraşdırılan 57 mükəmməl hidrotexniki qurğunun köməyilə Samur çayından götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə sahəsi 8,71 kvadrat kilometr olan Taxtakörpü Su Anbarına ötürülür. Bu, şimal bölgəsi rayonlarında 150 min hektardan artıq torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq və 31 min hektar sahədə yenu suvarılan torpaqların istismarına imkan yaradacaq. Ümumiyyətlə Taxtakörpü və Şəmkirçay Su Anbarlarının istismara verilməsi nəticəsində daha 200 min hektar torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq və ilk növbədə 50 min hektar, qarşıdakı illərdə isə daha 150 min hektar torpağın əkin dövriyyəsinə daxil edilməsinə imkan yaradacaq.

Son illərdə respublikamızda pilot layihələr də uğurla icra edilməkdədir. Beyləqan və Ağcabədi rayonlarında 5 min hektardan artıq yeni əkin sahəsinin dövriyyəyə buraxılması dediklərimizin əyani sübutudur. Hazırda Cəlilabad, Şamaxı və Hacıqabul rayonlarında da pilot taxılçılıq təsərrüfatlarının yaradılması sahəsində zəruri işlər görülməkdədir. Mütəxəssislərin fikrincə əgər yeni əkin sahələrində aqrotexniki qaydalara düzgün əməl olunsa hər hektardan azı 55 sentner taxıl əldə etmək mümkün olacaq ki, bu da indiyədək əldə olunmuş göstəricilərdən 2 dəfə çoxdur. Hazırda respublikamızda kənd təsərrüfatının daha yüksək inkişafı üçün kompleks tədbirlər görülməkdədir. Yeni texnikalar alınır, aqroservislər yaradılır, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə yanacaq və gübrələr verilir.

Yeri gəlmişkən qeyd edək ki, son illərdə sahibkarlara verilən güzəştli kreditlərin həcmi də xeyli artıb. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit verilib ki, bunun da 68 faizi aqrar sektorun inkişafına yönəlib. Ötən il fond tərəfindən maliyyələşdirilmiş 94 istehsalemal müəssisəsi  də artıq öz fəaliyyətini uğurla davam etdirməkdədir.

Dövlət proqramında qarşıya qoyulmuş vəzifələrin vaxtında və layiqincə yerinə yetirilməsi respublikamızda torpağın hər qarışından düzgün və səmərəli istifadə etməyə, hər hektarın məhsuldarlığını xeyli artırmağa, kənd təsərrüfatı sahəsində daha yüksək nailiyyətlər əldə etməyə, əhalinin məşğulluq səviyyəsini yüksəltməyə və bütövlükdə ərzaq təhlükəsizliyini tam təmin etməklə bərabər, Azərbaycanın digər ölkələrə taxıl ixrac edən bir dövlətə çevrilməsinə imkan yaradacaq.    

 

 

 

 Zeynal VƏFA,

Azərbaycan.-2013.- 23 oktyabr.- S.8.