Məryəm Ələkbərlinin əlvan rənglər dünyası

 

İstedadlı gənc rəssamın əsərlərinin yeni kataloqu işıq üzü görmüşdür

 

 

Bu günlərdə Məryəm Ələkbərlinin əsərlərinin fransız və ingilis dillərində kataloqu çapdan çıxmışdır. Kataloq bu son dərəcə istedadlı gənc rəssamın çoxşaxəli, rəngarəng, gözkönül oxşayan yaradıcılığı barədə tam təsəvvür yaradır.

Məryəm 1991-ci il iyulun 4-də Bakı şəhərində anadan olmuşdur. Əvvəlcə 18 nömrəli orta məktəbdə,  daha sonra Bakının və Moskvanın müxtəlif məktəblərində oxumuşdur. Təsviri sənətə maraq onda lap uşaq yaşlarından oyanmış və  getdikcə varlığına hakim kəsilərək, onu yaradıcı düşüncə və coşqun fantaziyalarla dolu heyrətamiz sənət dünyasına çəkib aparmışdır. Real dünyanı onun problemləri və narahatlığı ilə birlikdə dərindən duyan  Məryəm qəlbinin hərarətini, onun fikrincə, çox gözəl olan, lakin ətrafdakıların yetərincə qiymətləndirə bilmədiyi reallığı bu dünyaya  bəxş etməyə, onun bütün gözəlliyini rənglərin və fırçanın dili ilə göstərməyə çalışmışdır. Onun əsərləri müxtəlif uşaq rəsm sərgilərində nümayiş etdirilmiş, xeyriyyə açıqcalarının hazırlanmasında istifadə olunmuşdur.

Məsələn, 2010-cu ilin sentyabrında Bakıdakı "Qız qalası" qalereyasında və "Art qarden" salonunda Məryəmin iki sərgisi təşkil olunmuşdur. Həmin sərgilərin ardınca onun xarici ölkələrdə bir neçə sərgisi təşkil edilmişdir: 2011-ci il mayın 4-dən iyunun 4-dək Berlində; 2011-ci il dekabrın 2-də Parisdə,  UNESCO-da sərgi,  ardınca (2011-ci il dekabrın 3-10-da, Paris) "Vivienne art galerie" qalereyasında daha bir sərgi; 2012-ci il martın 26-dan aprelin 22-dək Moskva Müasir İncəsənət Muzeyində "Novruz yeni gündür" adlı sərgi keçirilmişdir; 2012-ci il iyulun 4-10-da Moskvada "Ənənələr və müasirlik" VI Beynəlxalq İncəsənət Festivalı çərçivəsində təşkil olunmuş "Bahar ölkəsi" adlı sərgisində gənc rəssam "Vera" mükafatına layiq görülmüşdür; 2012-ci il sentyabrın 17-19-da Məryəm Ələkbərlinin əsərlərindən ibarət "Rənglərin rəqsi" adlı ekspozisiya İstanbuldakı "Dolmabağça" rəsm qalereyasında təqdim olunmuşdur; həmin ekspozisiya 2012-ci il sentyabrın 25-30-da Ankarada "Cermodern" Art-mərkəzində göstərilmişdir; 2013-cü il iyunun 22-30-da Məryəmin "Odlar yurdu" adlı sərgisi Romada, Palattso Poli Milli Qrafika Sənətləri İnstitutunda böyük müvəffəqiyyətlə keçmişdir; iyunun 26-30-da Moskvada, "Ənənələr və müasirlik" VII Beynəlxalq İncəsənət Festivalı çərçivəsində onun əsərlərindən ibarət "Rənglərin rəqsi" adlı sərgi təşkil edilmişdir. Məryəm Ələkbərlinin sərgilərinin kataloqları, habelə onun əsərlərindən ibarət 4 albom 2010-cu, 2011-ci və 2012-ci illərdə Bakı, Paris, Moskva, İstanbulAnkarada nəşr olunmuşdur.

Kataloqa ön sözdə deyilir ki, Məryəmin əsərlərindən ibarət sərgilərin təkcə siyahısı fitri istedad sahibi olan bu rəssamın yaradıcılığına, xüsusən, inklüziv təhsillə bağlı olan adamlar tərəfindən nə dərəcədə böyük maraq olduğunu təsdiq edir.

Məryəmin yaradıcılığı ilə bağlı təəssüratlarını nəşrin səhifələrində bölüşən Fransa kinoaktrisası Jülyet Binoş yazır: "Məryəmin rənglərin ahənginə öz baxışı var. Rəssam çəhrayı-qırmızı, qəhvəyi çalarlı sarı, tünd yaşıl, al qırmızı, sürmə kimi qara   rənglərlə cəsarətlə işləyir, təbiətin özü kimi parlaqharmonik bir dünya yaradır".

Rəssam sənətşünas Elizabet Ayten Berentin fikrincə, çox az insan nəyə baxırsa, onu da görür, çünki onların fikirləri başqa şeylərlə yüklənmişdir. Məryəm daha dərindən görür. Onun sadə və  saf qəlbi nəyə baxırsa, onu görməsinə imkan verir. Məryəm hər bir obyektin aurasını və işığını görür. O, kainatın rənglərini, əsrarəngiz  gözəlliyini, sadəliyini görmək üçün yetərincə dərindən baxır. Bunu necə interpretasiya etməyi isə özü həll edir. Predmet hətta boz və darıxdırıcı olsa da, onun saçdığı işıq kətan üzərində parlaq, canlı  valehedici obraz yaradır. Belə bir obrazı təsəvvürünə yalnız xeyirxah və günahsız uşaq gətirə bilər. Onun ürəyi təmizdir, ona görə də hər şeyi zərif və gözəl tonlarda görür. Məryəmin əsərlərinin çoxu işıqlıdır, parlaqdır, digərləri, ola bilsin, onun sakitrahat dünyaya qaçmaq istəyini ifadə edir. Hər birimizin qaça biləcəyi, dünyaya göstərmək üçün sakit bir şəraitdə xatirələrini canlandıra biləcəyi bir yeri olsaydı, çox gözəl olardı.

Roma Təsviri Sənət Universitetinin Müasir incəsənət kafedrasının professoru Cenni di Bert hesab edir ki, Məryəm kreativliyin və həyatın, rəssamlıq duyumununikonoqrafiya kommunikasiyalarının vəhdətinin rəmzidir. Bu, hər şeyi ehtiva edən elə bir möcüzə effektidir ki, eyni zamanda həm arzufantaziya, həm də gerçək bir dünyaya düşən Alisa kimi onu ağuşuna alır. Bu, həqiqət, sadəlik, möcüzə və kəşflər dünyasıdır. Məryəmin əsərləri ən parlaq boyalarla ifadə olunmuş məhəbbət, bəzən həsrət dolu melodiyalardır.

Rusiyalı sənədli kino rejissoru, rəsm ekspozisiyalarının kuratoru, Moskva Fotoqrafiya Evinin yaradıcısı, Multimedia Art-muzeyinin direktoru Olqa Sviblova Məryəmin yaradıcılığına dair fikrilərini bölüşərək yazır: "Dostoyevskinin "Gözəllik dünyanı xilas edəcək" sözləri, demək olar, 150 ildir aktuallığını itirmir. Məryəm Ələkbərliyə gəldikdə isə bu sözlər həm onun yaradıcılığına, həm də həyatına münasibətdə istər-istəməz yada düşür. Məryəmin albomuna baxanda, ondan ayrılmaq mümkün deyil. Albom  müəllifə və onun toxunduğu  hər şeyə xas olan qeyri-adi işıq enerjisinin konsentrasiyası ilə adamı cəzb edir. Əsərlərinin adları da son dərəcə təsirli və dəqiqdir: "Qırmızı fonda kədərli kenquru", "Tənha inək", "Qəzəbli timsah", "Şən şir"... Rəssamların böyük əksəriyyəti bu peşəni mənimsəyərək və qarşısına professional karyeraya nail olmaq məqsədi qoyaraq sənətə gəlir. Məryəm sənətin içində sənət ilə  yaşayır, onun vasitəsilə özünü tanıyır və onu dünya ilə kommunikasiyasının başlıca vasitəsinə çevirir. Bəlkə də elə buna görə onun fırça ilə demək istədikləri bu dərəcədə güclü və inandırıcıdır".

Fransa sənətşünası Tyerri Düfren deyir ki, Məryəmin rəsmlərini və mücərrəd kompozisiyalarını ilk dəfə görəndə onun nə istədiyini,   əsərləri vasitəsilə nəyi göstərməyə çalışdığını dərhal başa düşdüm. Bu, ilkin səbəbə qayıdışdır. Elə bir məqama qayıdışdır ki, burada bütün formalar yalnız işıqdan ibarətdir və buna görə də bərabərhüquqludur. İnsanlar, heyvanlar, bitkiminerallar arasında fərq yoxdur. Yalnız onların fövqündə olan qeyri-adi işıq hissi var. Forma, rəng və elementləri fərqləndirən cəhətlər sonradan bu hisslərdən doğur. Məryəm rənglərin dolğunluğu və formaların zənginliyi ilə bizim gördüklərimizi açıqlayır, üzə çıxarır. Məryəm onun  kompozisiyalar, monoxromatik üslubda çəkilmiş ədədlər və ya xalçaların zərif naxışları labirintində göstərildiyi kimi, rənglərin vəhdətini sevir. Əgər o, naxış çəkirsə, heç bir formanın digərinin hesabına üstün gəlməsinə imkan vermir.

Berlin Rəssamlıq Akademiyasının sənətşünası İnqa Şmidt Məryəmin yaradıcılığı ilə ilk tanışlığını belə xatırlayır: "İbrahim Əhrari 2010-cu ilin yayında Berlində mənə qalın kitab verdi. Bu, Bakıdan olan Məryəm adlı gənc rəssamın albomu idi. Mən onun barəsində heçbilmirdim. Kitabı vərəqlədikcə, qarşımda açılan fədakarlıq, şuxluq,  fantaziyainsan hərarəti ilə zəngin olan dünyanı daha aydın görürdüm. Heyran olmuşdum. Mən  Berlin Rəssamlıq Akademiyasında tələbələrimə effekti, niyyəti və qüsuru olmayan "dürüst rəsm əsərləri", sadəcə, bizim öz içimizdən gələn əsərlər barədə tez-tez danışıram. Bu əsərlərin insana təsiri heyrətamizdir. Məryəm rəngləri böyük məhəbbətlə qarışdıraraq,  hər bir əsərində elə bir harmoniya yaradır ki, onun təsirini qiymətləndirməmək qeyri-mümkündür. Nə çəkirsə çəksin, istər  at, istər tülkü, istərsə də şir, yaxud  hər hansı başqa heyvan olsun, onların hamısı sevgiyə layiqdir. Adama elə gəlir ki, Məryəm dünyaya başqa gözlə baxır. O,  bir çoxumuzun əsla sezə bilmədiyi gözəllikləri görməyimizə kömək edir".

Əlavə edək ki, harmoniya və məhəbbət dolu qeyri-adi yaradıcılığı ilə  həqiqi sənət xiridarlarını və estetləri  hələ çox sevindirəcək Məryəm Ələkbərlinin  işıqlı yaradıcılığı  haqqında tam təsəvvür yaradan  bu kataloq  "Şərq-Qərb" nəşriyyatında  nəfis   poliqrafik tərtibatda çap olunmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 23 oktyabr.- S.9.