«Qarabağ şikəstəsi» Latviya Prezidenti

 tərəfindən «səma musiqisi» adlandırıldı

 

Milli  musiqimizin  şah əsəri sayılan "Qarabağ şikəstəsi" nəinki onun yaradıcısı olan xalqımızı, hətta  avropalıları da heyran qoyur, zövqünü oxşayır.

Təbii ki,   xalqımızın yaratdığı bütün mahnılar  Vətəndən uzaqlarda, qərib ellərdəki soydaşlarımızda daha çox kövrək hisslər yaşadır. Könülləri riqqətə gətirən, muğamsegah köklü səs sahibi, xalq artisti Mənsum İbrahimovun ifasında bu ecazkarlıq bir qədər də artır. Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kəriminin rəhbəri olduğu  "Qarabağ" muğam qrupunun iştirakı ilə oktyabr ayının 16-da Latviyanın paytaxtı Riqada  keçirilən  konsertdə də bu, bir daha özünün təsdini tapdı.

Xatırladaq ki, adı çəkilən konsert  Latviyada fəaliyyət göstərən azərbaycanlıların  "Ocaq" cəmiyyətinin sifarişi ilə keçirilib. Xalq artisti Mənsum İbrahimov təəssüratlarını  bizimlə belə bölüşdü: "Doğrudan da, xalqımıza mənsub bütün musiqilərimizin, muğam və təsniflərimizin, eləcə də  xalq  və bəstəkar mahnılarımızın dilimizi  anlamayan əcnəbiləri  də riqqətə gətirməsində  ilahi bir möcüzə var. Bunun dəfələrlə şahidi olmuşuq. Bu dəfə Latviyada rəsmi dövlət tədbirindən sonra Azərbaycan muğamının yaratdığı möcüzəyə elə özümüzheyran qalmışdıq. Azərbaycanda prezident seçkilərinin  uğurla və yüksək səviyyədə keçirilməsinin yekunları respublikamızda olduğu kimi, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də rəğbətlə qarşılandı və hər yanda bayram əhval-ruhiyyəsi yaratdı. Riqaya dəvətimiz də məhz bu siyasi kampaniyanın uğurlu sonluğunun bədii ifadəsi idi".

Tədbir Latviya  Prezidentinin azsaylı xalqlar üzrə müşaviri, həmyerlimiz Roman Əliyevin təşkilatçılığı ilə baş tutub.

Tədbirin rəsmi hissəsini Latviya Prezidenti Andris Delviş açaraq Azərbaycan xalqını bu dəfə də doğru seçim etməsi və cənab İlham Əliyevin səsçoxluğu ilə növbəti beş ilə  dövlət başçısı seçilməsi münasibəti ilə təbriklərini çatdırıb.

Tədbirin bədii hissəsində  Latviyanın dövlət başçısı "Qarabağ" (əməkdar artist Elçin Həşimov, Kamran Kərimov və Coşqun Sadıqovdan ibarət) muğam qrupunun ifasında "Qarabağ şikəstəsi"ni dinlədikdən sonra heyranlıqla: "Bu, möcüzədir - səma musiqisidir, ilahi varlıqdır" - deyə  xalqımızın musiqi zənginliyinə bir daha heyran olduğunu bildirib.

Azərbaycan Respublikasının Latviyadakı səlahiyyətli səfiri Elman Zeynalov, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi İlham Məmmədov, Latviya Musiqi Akademiyasının rektoru və başqa rəsmi nümayəndələr tədbirdə iştirak ediblər.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2013.- 23 oktyabr.- S.9.