Klassik ənənəni yaşadan alim
1976-cı ildə birinci dəfə Ədəbiyyat İnstitutuna gələndə oranın cavan alimləri Elçin, Aybəniz Vəkilova, Nəzakət Qafqazlı sayılırdı. Onlarla mənim aramda isə yaş fərqi çox idi. Lakın təkliyim çox sürmədi. Bakı Dövlət Universitetində məndən üc kurs aşağı oxumuş bir nəsil - Şirindil Alışanov, Teymur Kərimli, Vilayət Quliyev və başqaları kənd müəllimliyi təyinatından birtəhər qırılıb akademiyaya ayaq açdılar. İki-üç il sonra Nazif Qəhrəmanlı və Nadir Cabbarov ədəbi mühitə gəldi. Amma Şirindillə Teymur mənim ədəbi nəsildaşım və dostum oldular. Həyatımız da Azərbaycan ədəbiyyatına, Ədəbiyyat İnstitutuna bağlandı.
Bir müddətdən sonra mən "Ədəbiyyat qəzeti"ndə tənqid şöbəsində işə düzəldim və bu cavan ədiblər oraya da gəlməyə başladılar. Mən həm də onların əlyazmalarını ilk oxuyanlardan biri oldum. O zaman mətbuatın misilsiz nüfuzu vardı. Yazıçılar İttifaqının təzə rəhbərliyi, xüsusilə Elçin ora katib seçiləndən sonra gənclərin ədəbi prosesə gəlişinə böyük qayğı göstərirdi.
Gənclərdən çap olunmağa ən az maraq göstərən Teymur Kərimli idi. Bu həm də onun şəxsiyyəti ilə bağlı idi. Qeyri-adi zəhmətkeş olan Teymur çox təvazökar, elmə və əmələ fitri bir ironiya ilə baxan adam idi. Sonralar mən onun bütün qardaşlarını, ailəsini tanıdım. Zəhmətkeşlik qədim Ordubadın Nurgüd kəndindən olan bu çoxuşaqlı ailənin hamısında var idi. Onlar əsl əkinçi balası idilər, əkinçi işgüzarlığı da onların qanında idi.
Dostlarının əksəriyyətindən fərqli olaraq, Teymur müasir ədəbiyyatla dərindən maraqlanmadı. O, başqa yol seçmişdi: namizədliyini və doktorluq dissertasiyalarını Nizamidən yazdı. Zəhmətkeşlik onun yaradıcı yolunu da açmışdı: tələbəlik illərində fars və ingilis dillərini öyrənmişdi. Yetkinlik illərində isə Teymur Kərimli Füzuli ilə məşğul olmağa başladı. İndi hər nədən danışsa, bu barədə Füzulidən bir beyt əzbər deyəcək...
Sonralar aydın oldu ki, Teymurun seçimi daha
uğurlu idi. O, klassik
filologiya yolunu tutmuşdu. Bu, Azərbaycan ədəbiyyatının
nüvəsinə gedən yol idi. Divan ədəbiyyatı
dövrünün bu iki nəhəngi ədəbiyyatımızın
min illik tarixinin qoşa sütunları idi. Bu ədəbiyyatda hər şey onların ətrafında
yaranmışdı.
Nizamişünaslıqda
Teymur Kərimlinin öz yolu var. Bu yolun əsas hədəfi
Nizamini Azərbaycan xalqına bağlayan tellərdir. Elə buna görə tarixiliklə əlaqədar
problemlər onun həm namizədlik, həm də doktorluq
işlərində mərkəzi yer tutdu, bu məsələ
Nizami yaradıcılığının tarixi
ünvanını, mədəni-ədəbi zəminini
aydınlatmaq kimi çətin bir problemə aiddir.
Nizamidə islam ənənəsi də,
yunan kitablarının izi də, Sasani dövrünə bağlılıq
da, XII əsr Gəncə mühiti də vardır. Bunları
aydınlatmaq orta əsr tarixinə, yunan və müsəlman
kitabçılığına elə bir bələdlik istəyir
ki, Nizaminin mədəni köklərindən danışanda tələsik
nəticələr deməyəsən. Bu,
ədəbiyyatçılıq qədər də
tarixçilik, alimlik qədər də insan həssaslığı
tələb edir. Çünki Nizami həm
də insan müdrikliyinin möcüzəsi idi.
İstedadlı alim müstəqillik dövründə
Nizami haqqında ilk sanballı işi ortaya qoydu. Böyük
klassiki sovet dövrünün ifratlarından təmizləmək,
klassik irsə sırf elmi şəkildə yanaşmaq
missiyası onun üzərinə düşdü.
Özü demiş, şairi "hər cür ateistləşdirmədən, inqilabiləşdirmədən"
təmizləmək, insan simasını, ədəbi fərdiyyətini
dəqiqləşdirmək lazım idi. Teymur Kərimlinin
"Nizami və tarixilik" monoqrafiyası bu yöndə
mötəbər söz, klassik irsə doğru mövqelərdən
yanaşmaq nümunəsi oldu. Həm də
alimin əsərinə bir çox məqamlarda polemik bir
xüsusiyyət bəxş etdi.
Teymur Kərimli nəinki
Nizaminin dini görüşlərini təhriflərdən təmizlədi,
hətta irəli gedərək şairin əsl dini, mifoloji təsəvvürlərini
özəlliyi ilə ortaya qoymağa nail oldu. XII
əsrdə insanların dünyagörüşü, sosial ədalət
və mənəvi yetkinlik haqqında təsəvvürləri
zəmanənin aparıcı dini cərəyanları ilə
bağlı idi. Bunu doğru qiymətləndirən alim
xüsusilə şairin islama, onun dövrü
üçün mütərəqqi cəhətlərinə,
ədalət və insaf ehkamına əsərində geniş
yer verdi. Nizaminin dinlə
bağlı olan mənəvi ideallarını
araşdırıb üzə çıxardı. Məhz bu idealların nəcibliyi, sadə insana məhəbbətlə
dolu olması Nizamiyə qarşı əsrlərlə davam edən
sevginin səbəbi idi.
Əsərdə təkcə islamla yox, zərdüştilik,
musəvilik, xristianlıqla bağlı olan bır sıra qədim
hədis və miflər təhlil süzgəcindən
keçirilir.
Nizami sanki dövrünün bütün
humanist, nəcib dini ehkamlarının sintezi idi, onların
bütün işiqlı şirəsini özünə
çəkmişdi. Alim bu mürəkkəbliyi
duyur və əsərində səbirlə çözələyir,
Nizaminin mənəvi dünyasının cizgiləri səviyyəsində
təqdim edirdi.
Dahi şairin poemalarında pozitiv ideal
axtarışları, sosial ədalət istəyi bu gün də
onun oxucularını təəccübləndirir. Sadə insana
sərhədsiz məhəbbət, onu əhatə edən
mühitdə layiqli sosial şərait olmasını arzulamaq
Nizamidə çox güclüdür. Şair
bu baxımdan orta əsrin epik ədəbiyyatında müstəsna
yer tutur. Bu idealın
araşdırılması, şairin
yaradıcılığı boyu əsərdən-əsərə
yetkinləşməsi Teymur Kərimlini maraqlandıran əsas
problemlərdən biri idi. Həmin problem monoqrafiyada bir tərəfdən
islam peyğəmbərinin şəxsiyyətinin
bədii əksində, o biri tərəfdən isə pozitiv və
ideal hökmdar obrazlarının təkamülündə izlənmişdir.
Alim Nizamiyə öz müasiri kimi
yanaşır, onun simasını, işıqlı şəxsiyyətini
və arzularını aydınlatmağa
çalışır. Əsərdə
bioqrafik araşdırıcılıq üsullarından
geniş istifadə edilir.
Bu baxımdan "Xəmsə"də hökmdar surətlərinin
təkamülü" fəsli yeni elmi müşahidələrlə
zəngin idi, şairin əxlaqi ideallarını konkret faktlar əsasında
açıb göstərirdi. Bu yöndəki
araşdırmaların hamısı müəllifin tarixi
faktlara və mənbələrə gözəl bələdliyi
fonunda aparılırdı, ortaya qoyulan elmi zəhmət heyrət
doğururdu. Alim tarixi mənbələrin
öyrənilməsinə iyirmi ilə qədər
ömür sərf etmişdi, sonda da bunun elmi bəhrəsi
uğurla ortaya gəldi.
Alim monoqrafiya boyu Nizaminin bədii sözünün ən
incə çalarlarına da həssaslıqla
yanaşırdı, çünki Nizami sözünün
qüdrəti həm də burada idi. Məhz fikir çalarlarının
dəqiqliyinə enmək, onları üzə
çıxarmaq istəyi alimi gah fars
orijinalından, gah da dəqiq filoloji tərcümələrdən
istifadə etməyə sövq edirdi. Yeri gəldikcə
bu tərcümələrdə də öz təshihlərini
aparır, məna dəqiqləşmələrinə gedib
çıxırdı.
Teymur Kərimli
indiki fars dili ilə Nizamidəki
farscanı qarışdırmağın əleyhinədir. Onun bu dahi şair barədə tədqiqatları həm
də Nizami dilinin özəllikləri üzərində
araşdırma kimi indiyə qədər davam edir. Teymur
Kərimli bu şairə münasibətdə Azərbaycan
nizamişünaslığının böyük ənənələrinə,
tariximizə münasibətdə Məmməd Əmin Rəsulzadənin,
Ziya Bünyadovun, Rüstəm Əliyevin, Həmid
Araslının yolunu davam edirmiş və zənginləşdirmişdir.
Bu böyük zəhmətin bəhrəsi kimi 2002-ci ildə Teymur Kərimlinin
ən fundamental kitabı "Nizami və tarixilik" adı
ilə işıq üzü gördü. Həmin
kitab alimlərimizin böyük qiymətlərini
almışdır. Hesab edirəm ki, Teymur
Kərimli məhz nizamişünaslıq sahəsində
fundamental işlərinə görə 2007-ci ildə Azərbaycan
Elmlər Akademiyasına müxbir üzv seçildi. Bu, onun elmi tədqiqatlarına verilmiş yüksək
qiymət idi.
Alimin "Görünməyən
Füzuli" (2003) monoqrafiyası isə
füzulişünaslığa yeni nəfəs gətirən
bir əsər oldu. Eyni zamanda "Nizami və
tarixilik" monoqrafiyasından da Nizami-Füzuli
tutuşdurmaları qırmızı xətt kimi keçirdi.
Lakin alimin elmi əsərlərinin
siyahısına diqqət edəndə aydın
görünür ki, o hələ "Yeddi gözəl"
üzərində tədqiqat apardığı dövrlərdən
Füzuli irsi ilə maraqlanır, bu barədə qiymətli məqalələr
yazırdı. "Çağdaş
füzulişünaslığa bir nəzər",
"Füzuli irsinin tədqiqi problemləri",
"Füzuli qəzəllərində təcnis",
"Füzuli "Leyli və Məcnun"unda tarixilik",
"Füzuli Azərbaycan şeir məktəbinin yeni mərhələsidir"
kimi məqalələr yazmışdır.
Teymur Kərimli
həm də Füzulinin latın
qrafikası ilə 1988 və 1995-ci illərdə
çıxan ikicildliyinin tərtibçisi və redaktoru
olmuşdur. Bunun nə qədər çətin və məsuliyyətli
iş olduğunu söyləməyə ehtiyac yoxdur. Füzuli mətnləri, onların səhihliyi bizim
filoloji mühitdə daim müzakirə edilən bir məsələdir.
Redaktə zamanı bunları nəzərə
almaq, təklifləri tutuşdurmaq, gərək olduqca əlyazmalara
qayıtmaq böyük əmək, zəhmət tələb
edir. Lakin Teymur Kərimli bu zəhmətdən
həm də böyük zövq alır, zəhmətli
ömrünün günləri mənalanırdı. Çünki onun Füzuli ilə bağlı hər
bir araşdırması həm də Füzuliyə, onun
söz möcüzəsinə misilsiz bir məhəbbətlə
aşılanmışdır.
Teymur Kərimlinin kitabının ardınca Füzuli
haqqında bir neçə yeni nəşrlər
çıxdı, dissertasiyalar müdafiə olundu. Füzuliyə
böyük bir maraq və qayıdış ortaya gəldi.
Çünki sovet dönəmində onun da
haqqında deyilmiş ifratların təmizlənməsi, elmi
dövriyyədən çıxması labüd idi.
Sufizmə, bütün islam mədəniyyətinə
birtərəfli münasibətə son qoyulmalı idi. Teymur Kərimlinin sözügedən kitabı elmi
fikrə düzgün yöndə təkan olmuşdu.
Əsl ədəbiyyatşünas kimi o, Füzulinin mətnlərini
tədqiq edir, Azərbaycan elmi fikrinin,
füzulişünaslığın möhkəm özülü
mövqeyində durur. Düşünürəm
ki, bu mövqedə olmaq azdır. Gənc
elmi qüvvələri doğru istiqamətə yönəltmək,
sxolastik molla füzulişünaslığına, İrandan gətirilən
yalançı etiqadçılığa, hətta kitab
füzulişünaslığına qarşı mübarizə
ruhu yaratmaq da Teymur müəllimin öhdəsinə
düşür.
Teymur Kərimlinin klassik ədəbiyyatın tədrisi
sahəsində də xidmətləri vardır. O, orta məktəblər
üçün ədəbiyyat dərsliklərində klassik
ədəbiyyata dair əsas məqalələrin müəllifidir.
Burada alim müstəqillik dövrünün
elmi tələblərinə xüsusi əhəmiyyət
verir.
Teymurun
"Nizami əsərlərində türk xarakteri", "Həqiqətüs-süəda",
"Hüseyn Cavid yaradıcılığında Şərq
və Qərb", "Heydər Əliyev və klassik ədəbiyyat",
"Şərqin qapısından dünyaya" kimi monoqrafiya
və məqalələri Azərbaycan ədəbiyyatşünaslığının
gözəl nümunələridir və T.Kərimlini ölkəmizdən
kənarda tanıtmaqdadır. O,
ədəbiyyatımızı rus və fars
dillərində təbliğ etmək, onun beynəlxalq əlaqələrini
genişləndirmək üçün çox iş
görür, elmi məclislərdə iştirak edir. Kazan, Dərbənd,
Təbriz, Ankara, Budapeşt, İstanbul, Milan, Dehli, Hələb,
Dəməşq, Urmiyya şəhərləri bunların bəlkə
də az bir qismidir.
Teymur Kərimlinin elmi fəaliyyəti sabit olaraq Ədəbiyyat
İnstitutu ilə bağlıdır. O, burada əvvəlcə aspirant,
sonra elmi işçi, baş elmi işçi, Orta əsrlər
ədəbiyyatı şöbəsinin müdiri, nəhayət
elmi işlər üzrə direktor müavininə qədər
yüksəlmişdir. İnstitutun və AMEA nəşriyyatının
buraxdığı onlarca kitabın elmi redaktorudur. Onun Elmlər Akademiyası nəşriyyatında
iyirmi ilə yaxın redaktorluq işi ayrıca tədqiqat
mövzusudur. Bunların sırasında
"Füyuzat" və "Molla Nəsrəddin"
jurnallarının latına transliterasiya
olunmuş cildləri xüsusi qeyd olunmalıdır.
Teymur Kərimli universal
qələmi olan bir ədəbiyyatçıdır.
"Akademik Akif Əlizadə" (2004), "Akademik Əhməd
Mahmudov" (2013) kitabları buna misal ola
bilər. İlk təhsilini kimya təmayüllü
məktəbdə alması onun elmi fəaliyyətində də
xüsusi izlər qoyub. Bunlardan əlavə,
Teymurun əruz və heca vəznlərində şeirlər
yazan gözəl bir şair olduğunu da qeyd etməliyik.
O, elmə könül verməsəydi, mütləq sevilən
bir şair olardı. Onun klassik şeir ruhunda
oynaq həcvləri də vardır. Alimin poetik əsərləri
2010-cu ildə "Hicran ömrü" adlı ayrıca kitabda buraxılıb.
Teymur Kərimli elmdə, həyatda təvazökar bir
adamdır. Onu Məmməd Cəfər-Yaşar Qarayev əxlaq
məktəbinin davamçısı saymaq olar. Alimin dilindən kiminsə haqqında bir söz
eşitməmişəm. Elmdən isə
həmişə zarafatla, iddiasız danışır. Amma uğurlar onu həmişə tapır. Təvazökarlıqdan başqa onun
dözümlü bir insan olduğunu da qeyd etmək
lazımdır. Payına düşən
sınaqlara, xüsusilə məktəb skamyasından bir yerdə
olduğu həyat yoldaşını itirməsi onun
üçün ağır sınaq oldu. Hərdən
dostları dönük çıxdı. Amma
Teymur Kərimli bütün vəziyyətlərdə elmə,
qələmə, zəhmətə sığınır.
Öz təmənnasız elmi xidmətlərini
davam etdirir. Yetirmələri ilə
çalışır. Altmış
yaşına gümrah, nikbin, yazıb-yaratmaq enerjisi ilə
dolu gəlib çıxıb.
Rəhim
ƏLİYEV,
filologiya elmləri
doktoru
Azərbaycan.-2013.- 23 oktyabr.- S.10.