İnformasiya-kommunikasiya
texnologiyaları sahəsində gənc
istedadlara bacarıqlarını
göstərmək üçün şərait
yaradılır
Son illər Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı müxtəlif proqramlar qəbul edilmiş, bu sahədə mühüm islahatların həyata keçirilməsi davamlı xarakter almışdır. Hazırda Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarına prioritet sahə kimi xüsusi diqqət ayrılır və ölkəmiz sözügedən sahənin inkişafına görə regionda liderdir.
"Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" (2003-2012-ci illər)", "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", eləcə də digər normativ-hüquqi aktlar əsasında ölkəmizdə informasiya cəmiyyətinin yaradılması üçün müvafiq hüquqi baza formalaşmışdır. Ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.
2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq sərəncamında da məqsəd qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək olmuşdur. Ölkəmizin davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, "Qara qızılın intellektual qızıla çevrilməsi" tezisinə əsasən həyata keçirilən layihələr dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür.
Azərbaycanda İKT sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliğidir. Hazırda bu məqsədlə ölkəmizdə bir sıra işlər görülür, ilk növbədə intellektual gənclərin bir araya gəlməsi və yeni təşəbbüslərlə çıxış etməsi üçün imkanlar yaradılır. Öz növbəsində, aidiyyəti özəl təşkilatlar da Azərbaycanda İKT-nin inkişafına təkan vermək məqsədilə bu sahədə hər bir gəncə yaradıcı imkanlarını genişləndirə və ən cəsarətli ideyalarını gerçəkləşdirə bilməsi üçün öz köməklərini əsirgəmirlər.
Haqqında söhbət açacağımız belə gənc istedadlardan biri də 17 yaşlı Rüfət Məmmədlidir. O, Bakı şəhərinin Yasamal rayonundakı A.Hüseynzadə adına 20 saylı məktəb-liseydə təhsil alır. İnformasiya-kommunikasiya texnologiyalarına böyük maraq göstərən R.Məmmədli bu sahədə qazandığı bilik və bacarığına görə nəinki oxuduğu məktəbdə, həm də İKT sahəsində fəaliyyət göstərən təşkilatlarda da rəğbət qazana bilmişdir. Dediyinə görə, ilk dəfə hələ 10 yaşında şəxsi kompyuterinin arxasında əyləşərkən bir müddət sadəcə əylənmişdir. Lakin sonra VB.NET proqramlaşdırma dilini sərbəst şəkildə mənimsəmişdir.
Daha sonra, ilk olaraq "AzSOFT", "XazarSOFT" və "Fortune DEVs" proqramlaşdırma qruplarını yaratmış, bir neçə proqram hazırlamağa başlamışdır. R.Məmmədli bu proqramları sosial şəbəkələrdə, o cümlədən, İKT ilə bağlı saytlarda təqdim etmiş və dəstək qazanmışdır. Müəllifi olduğu "Caspian Security 2011" antivirus proqramı isə ona ilk dəfə İKT sahəsində fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığa yol açmışdır. Belə ki, MilliByte İnformasiya Texnologiyaları Mərkəzi onu işbirliyinə dəvət etmiş və burada o, həm seminarlara qatılmış, həm də təlim rəhbəri kimi çalışmışdır.
Ötən il isə R.Məmmədli daha bir təhlükəsizlik proqramı - "Fortune USB Security 2012" ilə diqqəti cəlb edə bilmişdir. Bu proqram barədə İKT-yə dair yerli və xarici saytlarda, o cümlədən, Azərbaycanın "Infocity" jurnalının saytında da məlumat verilmiş və proqram milli məhsul kimi təqdim olunmuşdur. Beynəlxalq SOFTPEDIA saytı isə həmin proqramı istismara yararlı hesab etmiş və buna təminat vermişdir.
Lakin bu da R.Məmmədlinin sonuncu uğuru deyil. Elə 2012-ci ildə
o, "Azercell Telekom MMC"-nin informasiya-kommunikasiya
texnologiyaları ilə
bağlı "Barama"
layihəsində iştirak
etmək hüququ qazanmışdır. Layihə çərçivəsində
o, mobil telefon vasitəsilə kompyuterin uzaq məsafədən idarə olunması üçün proqram təminatı yaratmışdır.
Qeyd edək ki, bu
proqramın köməyilə
istifadəçi öz
kompyuterində istənilən
məsafədən müxtəlif
əməliyyatları icra
etmək imkanı qazanır.
Bu il isə
R.Məmmədli Azərbaycanda
ilk dəfə keçirilən
Ümumdünya Startap
Müsabiqəsinə qatılmış,
informasiya texnologiyaları
sahəsində biznes layihəsini təqdim etmiş və müvafiq sertifikatla təltif olunmuşdur. Bundan başqa, ABŞ-ın
"Exoventure Associates" LLC şirkəti R.Məmmədlinin
kompyuterlərin uzaq məsafədən mobil telefonla idarə olunması layihəsinə
maraq göstərmiş
və bu layihənin genişləndirilməsi
işinə sərmayə
cəlb etmək barədə onunla razılığa gəlmişdir.
Əlbəttə, gənc istedadın daha böyük uğurları hələ qabaqdadır. İlk növbədə isə müvafiq ali təhsil almaq arzusundadır. Bu il Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında dövlət başçısının sərəncamı isə onun üçün əsl sürpriz olmuşdur. O, məhz bu ali məktəbə daxil olmaq, yüksək hazırlıqlı kadr kimi yetişmək və ölkəmizdə İKT-nin inkişafına öz töhfələrini vermək arzusundadır. Bu yolda biz də gənc istedada uğurlar diləyirik.
Bəhman
MİRZƏYEV,
Azərbaycan.-2013.- 23 oktyabr.- S.10.