Prezident İlham Əliyev Braziliyanın Azərbaycandakı

səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Santyaqo Luis Bento Fernandes Alkasar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar oktyabrın 9-da keçirilən prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Diplomat paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin qurulmasının 20 ilinin başa çatdığını vurğulayan səfir əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlət başçısı Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Siyasi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi, kənd təsərrüfatı, biznes, turizm digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 24 oktyabr.- S.1.