Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizə və Azərbaycan xalqına Sinqapur xalqı adından və öz adımdan ən xoş arzularımı çatdırmaq istərdim.
Ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Siz Azərbaycan Respublikasının Sinqapura səfər edən ilk dövlət başçısı olmusunuz. Ötən ilin noyabrında Sinqapura rəsmi səfəriniz zamanı ölkələrimizin inkişafı və geniş əməkdaşlıq imkanları barədə səmərəli müzakirələrimiz olmuşdur. Məmnunluqla qeyd etmək istərdim ki, Sizin bu səfəriniz ölkələrimizin rəsmiləri arasındakı əməkdaşlığa yeni təkan vermişdir.
Qeyd etmək istərdim ki, Sinqapurun "Keppel Offshore & Marine" şirkəti Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə bu yaxınlarda Bakıda gəmiqayırma zavodunu istifadəyə vermişdir. Bu cür əməkdaşlıq ölkələrimiz arasında yüksək əlaqələrdən xəbər verir. Əminəm ki, bu əlaqələr xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha böyük ticarət və investisiya imkanları yaradacaqdır.
Zati-alinizə möhkəm cansağlığı və rifah, Azərbaycan Respublikasına və xalqına isə sülh, xoşbəxtlik arzu edirəm.
Dərin
ehtiramla,
Toni Tan Ken YAM,
Sinqapur Respublikasının Prezidenti
Azərbaycan.-2013.- 24 oktyabr.- S. 1.