Azərbaycan ilə Koreya arasında sürücülük vəsiqələrinin qarşılıqlı

 tanınması və dəyişdirilməsi haqqında saziş imzalanmışdır

 

Oktyabrın 23-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ramil Usubov nazirliyin funksional vəzifələri, mövcud kriminogen durum barədə qısa məlumat vermişdir.

O qeyd etmişdir ki, müstəqilliyin ilk illərində ölkəmizdəki gərgin ictimai-siyasi durum, Ermənistanın hərbi təcavüzü, ayrı-ayrı qruplara, şəxslərə məxsus silahlı dəstələrin hakimiyyət uğrunda mübarizəsi kriminogen duruma mənfi təsirini göstərmiş, həmin dövrdə cinayətkarlıq ən yüksək həddə çatmışdır.

Xüsusi qeyd olunmuşdur ki, yalnız xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, yorulmaz səyləri, onun rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə sabitlik, əmin-amanlıq bərpa edilmiş, kriminogen durum nəzarətə götürülmüşdür.

Ötən əsrin 90-cı illərinin ortalarından aparılan demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyindən söz açan nazir demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin,  beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Qeyd olunmuşdur ki, müasir tələblərə cavab verə bilən polis əməkdaşının formalaşdırılmasına böyük əhəmiyyət verilir. Bu baxımdan qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədi ilə son illər daxili işlər orqanlarının 3000-dən çox əməkdaşı BMT, Avropa Şurası, ATƏT  və digər beynəlxalq təşkilatların xətti ilə müxtəlif ölkələrdə təşkil olunmuş çoxsaylı forum, müşavirə, treninq, seminar və təlimlərdə iştirak etmişdir.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveriqeyri-qanuni miqrasiya ilə mübarizənin diqqət mərkəzində dayandığı, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyü vurğulanmışdır.

Hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq son illər əlaqələrimizin genişləndiyini, ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığının Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin diqqətinə çatdıran nazir, DİN-lər arasında birbaşa əlaqələr qurulmasının əhəmiyyətini, bu işdə rəhbərlik etdiyi qurumun maraqlı olduğunu bildirmişdir.

Ətraflı məlumata görə minnətdarlıq edən səfir Çoi Suk-İn  ölkəmizdəki dayanıqlı sabitlikdən, əmin-amanlığın nümunəvi qorunmasından məmnunluğunu ifadə etmiş, təhlükəsizliyin etibarlı təmini baxımından respublikamızın dünyada azsaylı dövlətlərdən biri olduğunu xüsusi vurğulamış, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün səylərini əsirgəməyəcəyini demişdir.

Görüşün sonunda nazir Ramil Usubov və səfir Çoi Suk-İn  "Azərbaycan Respublikasının hökuməti və Koreya Respublikasının hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş" imzalamışlar.

 

Azərbaycan.-2013.- 24 oktyabr.- S.2.